Yol Üstündə Qəsr - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
90154 | 2019-05-17 09:27

(I hissə burada)

 

(II hissə)

 

Mən orda zilləmişdim gözümü hüquq heykəlinə. İndi isə sizi bir az əvvələ aparmaq istəyirəm. Hüquqa gələnə qədər olanları demək. Sonra bir qərara gələrik.

Gedək Respublika meydanına. Sözə bax eee –Respublika... Avropalılar üçün əyyami-qədimdən doğma sözdü Respublika. Respublika – idarəetmə forması. İctimai iş anlamı verən idarəetmə forması. Antik dövrlərdən mövcud idarəetmə. Və bu forma qullara aid deyilmiş. Azad insanların respublikasıymış. İnkişaf mərhələlərin keçə-keçə gəlib bu günə çıxıblar... Dünyada mövcud olan 200 dövlətin 129-u rəsmi olaraq respublika sayılır. Bəşəriyyət kef eləyir... Günümüzün respublikalarının ümdə əlaməti nədi? Təbii ki seçki...

Qayıdaq Strasburqun ictimai iş meydanına. Böyükdü, dairəvi formasıyla sanki ətrafda yerləşən hər şeyi qucaqlayır. Binaları da, ağacları da, çəməndəki gül-çiçəyi də. Prussiya kralı I Vilhelm (o vaxt Strasburq almanların imiş) meydanın şəhərdə ən böyük və fərqli görkəmdə olmağını arzu edib, nail də olub buna. Yeni tikilən sahələrlə şəhərin köhnə hissəsini də birləşdirib. Maraqlı da alınıb –avropalıların monarxları da zövqlü olublar...

Beş bina ilə əhatə olunub meydan – Reyn sarayı, Dövlət Universiteti kitabxanası, Dövlət teatrı, Bələdiyyə binası və Vergi idarəsi. Sonuncu iki bina əkizdi – yəni eynidi.

Turistləri mütləq bura gətirirlər. Avtobusdan meydana enəndə heç bilmədim hansı tərəfə baxım, amma qəribədir, nəzərlərimi bir az aralıda tramvay dartdı özünə. İndi bizə ekzotika kimi görünən tramvay... Eh, bir zamanlar bizim şəhərimizdə də bu nəqliyyatdan vardı... Vaxt az idi deyin, xatirələri uzun-uzadı seyr etməyə imkan olmadı. Saraylara da baxmalıydım axı...

Antik klassik üslubun, renessansın, barokkonun birlikdə təqdim olunduğu Reyn sarayı. Kral üçün tikilib. Krallara layiq tikilib. İndi isə burda mədəniyyət və gəmiçilik idarəsi yerləşir. "Sehrli xalat” filmi yadıma düşdü – xan sarayı, pionerlər sarayı. İndi də əksinə...

 

Strasburq kitabxanası unikal və nadir kitabları cəmləşdirib özündə. Parisdən sonra ikinci sayılır. Fasadında isə yazıçılar və müqəddəslər birlikdə təsvir olunub. Nə demək istəyirlər, görən?

Bələdiyyə və Vergi idarəsi isə yəqin bütün dünyada bu kimi idarələrdə nəylə məşğul olurlarsa, o işi görür. Xüsusi dayanmayım. Çünki vurğu edəcəyim maraqlı bir monument var burda, meydanın mərkəzində.

 

***
 
Birinci Dünya Müharibəsində həlak olanların abidəsi. Strasburq, Elzas bölgəsi həmin müharibənin tam mərkəzində olub, qaynar nöqtəsi sayılıb. Həm almanlar, həm fransızlar tərəfindən savaşmağa məcbur olublar. Və 1936-cı ildə şəhər idarəçiləri əhaliyə müraciət edərək yardım istəyiblər memorialın hazırlanmasına. İanə yığılıb müharibədə əzizlərini itirən insanlardan. 50 frankdan tutmuş 50000 franka qədər pul verən olub. Sonradan bu siyahını dərc edirlər.

 

"Canından keçənlərimiz” yazılıb monumentin üstündə... Ana can verən iki oğlunu bağrına basıb. Biri fransız, biri almandı övladları. Hər ikisi uniformasızdı, fərqlənməsinlər deyə. Əl-ələ verib ölürlər, biri Fransaya, biri Almaniya tərəfə baxır. Uğrunda öldükləri torpaqlara. Ana isə öz dərdini belə bölüşür insanlarla. Kilsə ikonoqrafiyasında rast gəlinən ağı – pieta janrı. Məryəm ananın iki oğlu var burda. Fərq eləmir, müharibələrdə saysız-hesabsız analar və oğullar olub. Bu ağı onların hamısına deyilir...

Çökdüm oturdum daşın üstünə. Məryəm ananın göz yaşları... Doğma kədərdi. Belə ağılardan o qədər deyilib ki bizim evlərdə...

 

***
Uzaqlaşırıq Respublika meydanından. İndi şəhərin lap köhnə tərəfinə gedirik. Gid deyir ki, gəzintimizin əsas hissəsi hələ irəlidədi.

 

Avtobus bizi dar bir küçədə düşürür. Gidin dalınca qaçaraq özümüzü çatdırırıq gedəcəyimiz yerə. Və qarşımızda xudmani bir meydanın panoramı açılır. Ortada illərin yaşıllaşdırdığı (yaşlandırdığı yox haa) bir kişi dayanıb. Yəni heykəl. Yəni düzəldildiyi metalın yaşıllığın deyirəm. Korroziyaya uğrayıb. Əlində də kağız vərəqi tutub. Kimdi, görən? Avropada o qədər heykəl var ki, aman vermirlər adama, kimin kim olduğunu yadda saxlamaq da olmur. Birdən Qutenberq adını eşidirəm – nə Qutenberq? Gəlib bizə çörək verən kişinin yanına çıxmışıq? İlk mətbəəni quran-yaradan kişi. Mən onun alman olduğun bilirdim, amma burda qarşıma çıxacağı heç ağlıma gəlməzdi. Gid məlumat verir – əvvəllər burda yaşıl bazar olub. Qədirbilən şəhər vətəndaşları kitab çapının 400 illiyi münasibəti ilə 1840-cı ildə burda qürur duyduqları vətəndaşlarını ucaldıblar. Mətbəə dəzgahı da arxasında. Əlindəki vərəqdə də Bibliyadan gəlmə deyim – İŞIQ OLSUN!!!

İndi də mən bildiklərimdən danışım bir az...

Strasburqun mərkəzində Qutenberqə heykəl qoyulması ideoloji-siyasi məsələ idi. Ona Martin Lüterin sələfi kimi baxırdılar. Protestantizm ideyalarının yayılmasına xidmət edən biri kimi yanaşırdılar. XV əsrin axırlarında Strasburqda 16 min əhaliyə 10 mətbəə düşürdü. Kitab demək –etiraz demək idi. Faktiki Qutenberq şəhəri kitab paytaxtına çevirə bilmişdi. Hətta heykəl üçün yer seçiləndə protestant kilsəsi Müqəddəs Fomanın yaxınlığında dayanmışdılar. Üzü Strasburq məbədinə baxan (katolisizmi simvolizə edən) Qutenberq sanki "mən sizin hakimiyyətinizi darmadağın etdim”- deyir. Yəni heykəlin müəllifi belə demək istəyir – mətbuat, söz azadlığı kilsənin təsirini yoxa endirəcək. Nəzərə alsaq ki, həmin dövr Fransada senzuranın gücləndiyi, mətbuat üzərində basqının gücləndiyi dövr idi, satirik- siyasi sözün çəkisi artırdı. Yəni sətiraltı deyilən sözün. Mətbuat müxalif düşüncəli respublikaçıların əlində güclü silaha çevrilirdi. Heykəlin müəllifi David d’Anje də o sıradan idi. Düşündüklərini Qutenberq vasitəsi ilə dilə gətirirdi. (Allahım, onlar söz azadlığı uğrunda döyüşəndə, biz heç bilmirdik mətbuat nədi...)

Abidənin postamenti dörd tərəfdən barelyeflərlə əhatə olunub. Dünyanın dörd qitəsi əks olunub kitabla bağlı illüstrasiyalarda. Avropanı təsvir edəndə müəllif çətinliklərlə üzləşir. Martin Lüterin fiquru katoliklərin kəskin etirazına səbəb olur. Dəyişməyə məcbur olur. Dekart, Rotterdamlı Erazm, Kornel, Russo, Şiller, Kopernikin fiqurları bəzəyir indi barelyefi. Daha neytral fiqurlar. Asiyanı Osmanlı sultanı, Çin imperatoru, hind filosofu, fransız şərqşünası və sairə. Afrikanı sadə afrikalılardan başqa avropalı filantroplar, keşişlər və sairə... Amerikanı – yeni torpağı isə əlində İstiqlaliyyət bəyannaməsini saxlamış Franklin, Vaşinqton, Lafayet, Cefferson təmsil edir. Solda isə hinduların əlindən tutmuş Bolivar görünür. Belə bir maraqlı kompozisiya yəni... Olub-keçənləri özündə ehtiva edən, mahiyyətini bildirən.

Abidənin açılışı münasibəti ilə şəhərdə 3 gün bayram olunur. Xalq gəzintiləri...

Belə uzun-uzadı Qutenberq söhbəti yormasın sizi. Avropanın irəli addımlarının gücü elmdədi. Tarixin bütün dönəmlərində mübarizə aparıblar gələcəkləri üçün. O, kitabı simvolizə edib – Maynts, Vyana, Frankfurt-Mayn şəhərlərində heykəli var. Deməli, onun özü raritetdi Avropa üçün...

Uşaq vaxtı bir sovet filminə baxmışdım. İnqilabın qızğın vaxtlarıdı Rusiyada. Gizli polisin rəisi Avropaya gedən dostundan xahiş edir ki, görsə-eləsə ilk mətbəəni yaradan adamın heykəlinə tüpürsün. Gizli mətbəələrdə çap olunan vərəqələr çar hakimiyyətini laxlatdı. Yəni zarafat olsa da – mənası dərindi. Mətbəə, qəzet çox qaranlıqları gün üzünə çıxarır...

Meydanın hər tərəfində qızğın küçə ticarəti var. Şəhərin şəkilləri, çantalar, dondurma, suvenirlər... Bir az aralıda isə balacalar karuseldə fırlanırlar. Özü də bu karusel lap köhnə vaxtların karuselidi...

Avropanı nə qədər gəzsən də hər zaman "görməmiş” qalırsan. Hər zaman yenidi. Hər zaman kəşflərin olacaq.

Bir tini keçib yeni meydana çıxanda elə bir mənzərə açılır ki... Nəfəsim kəsilir az qala...

(Ardı var)

 

 

 

 

 

 

TƏQVİM / ARXİV