adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 May 2019 13:16
8828
GÜNDƏM
A- A+

Azərbaycanda vergi ödəyicilərinin sayı 1 milyonu keçdi

Bu il mayın 1-nə olan məlumatlara görə, Azərbaycanda qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu keçib.

Bunu Nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, bu ilin ilk dörd ayında qeydiyyata alınanlarla birgə vergi ödəyicilərinin sayı 1 002 865-ə çatıb.

Bu göstəricinin artmasına ötən ilin sonunda qanunvericilikdə edilən dəyişikliklərin müsbət təsiri var: "2019-cu ilin yanvar-aprel ayları ərzində qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı 36 558 olub. Onlardan 4 584-ü hüquqi şəxslər, 31 974-ü isə fiziki şəxslərdir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayında 32,4% artım müşahidə edilir. Ötən il yanvar-aprel aylarında 27 602 vergi ödəyicisi qeydiyyata alınıb. Qanunvericilikdə edilən dəyişikliklər, biznes mühitinin yaxşılaşması istiqamətində atılan addımlar vergi ödəyicilərinin sayına təsir edib".

Ə. Məmmədov qeyd edib ki, bu ilin yanvar-aprel aylarında qeydiyyatdan keçən 4 427 kommersiya-hüquqi şəxsin 70,6%-i elektron qaydada qeydiyyata alınıb. Cari ilin ilk dörd ayında qeydiyyatdan keçən vergi ödəyicilərinin 20 021-i və ya 54,8%-i regionların payına düşür.(ONA)