adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2019 10:00
49748
MƏDƏNİYYƏT
A- A+

Kərim KƏRİMLİ: DAHİ BƏSTƏKAR ƏBƏDİYYƏTƏ QOVUŞDU

Milyonların sevimlisi, əvəzsiz Azərbaycan bəstəkarı, gözəl rəssam və misilsiz insan Arif Məlikov vəfat etdi.

Hamı bu xəbəri yaydı. Mən isə bir cümlə yazmışdım: "AZƏRBAYCANDA NƏHƏNG BİR DAĞ UÇDU!!!..."

Onun haqqında istənilən qədər yaza bilərdim. Ancaq hesab edirəm ki, ən adi vətəndaş, oxucu, Fb "sakini" belə onu yaxşı tanıyır və mənim əlavələrimə ehtiyacı yoxdur. Lakin, indi vaxtilə Arif müəllimin də iştirakçısı olduğu bir səhnədən riqqətə gəlib yazdığım və "100 həyat hekayəsi" silsiləsinə daxil etdiyim bir xatirə-hekayəmi onun artıq xatirəsinə ehtiram əlaməti kimi bölüşmək itəyirəm.
Vaxtı və həvəsi olan oxusun.

100 HƏYAT HEKAYƏSİ...

"...SİZƏ İŞĞALDAN AZAD OLUNMUŞ BÜTÖV RAYONA RƏHBƏRLİK ETMƏYİ ARZU EDİRƏM!”

Gördüm, eşitdim, yazdım…

…Qəfil zəng telefonun həmişəki səsindən fərqlənməsə də sanki bəd xəbər çatdırmağa tələsdiyini əvvəlcədən hiss elətdirməyə çalışaraq uladı. Barmağımla yaşıl düymənin təmasından dərhal sonra Səidə xanımın vərdiş etdiyim şən və şaqraq səsi bu dəfə nalə çəkdi:
- Kərim, Əyyub vəfat etdi!..
Hönkürtü ona nəinki daha nə isə deməyə, heç nəfəs almağa da imkan vermədi.
Qalxdıq.
Taksi İstiqlaliyyət küçəsinin Mərkəzi univermağa yaxın hissəsində yerləşən məşhur "Bəstəkarlar evi”nin qarşısında dayanan anda indiyədək beynimdən keçən minlərlə fikri bu binada yaşamış bir gözəl insan haqqında xoş, həzin və kövrək xatirələr əvəz etdi.
...Bu binanın həyətində üç yas mərasimində iştirak etmişdim. Birincisi 1992-ci ilin məşum işğal fəlakətindən sonrakı dəhşətli günlərimizə təsadüf etmişdi. Yaşının az olmasına baxmayaraq Şuşanın müdafiəsində igidliklə vuruşaraq, qəhrəmancasına həlak olmuş Hafiz Mustafayevin hüzr məclisi bu həyətdə təşkil edilmişdi. 15 yaşlı şəhidin meyitini Şuşanın işğalından 11 gün sonra Bakıda xəstəxananın "morq”undan tapmışdılar. Böyük bəstəkar və Böyük İnsan Süleyman Ələsgərov Şuşada qonşuları olan rəhmətlik Əli kişinin hətta Şuşanın ən ağır, sonuncu ölümcül dəqiqələrində belə heç kimin ciddi-cəhdinə baxmayaraq döyüşdən aralanmayan, evlərinin yaxınlığında yerləşən 1 nömrəli Şuşa Həbs evinin ətrafında gedən ən qanlı döyüşdə son nəfəsinə, son damla qanınadək vuruşaraq, bala şir kimi çarpışaraq canını Vətəninə fəda edən igid sonbeşiyinin dəfni ilə bağlı bütün məsələlərin çətinliyini öz üzərinə götürmüşdü. İgidi Şəhidlər Xiyabanında dəfn etdirmiş, yaşadığı binanın həyətində mağar qurdurmuş, ehsan verdirmiş, yas saxlamışdı. Rəhbərini, komandirini, kompasını, yurdunu, yurddaşını, qibləsini itirmiş şuşalılar, eləcə də Süleyman müəllimin bu xeyirxahlığından xəbər tutan başqa dost-tanış düz yeddi gün dəstə-dəstə bu mağara üz tutmuş, bir-birinə başsağlığı vermişdi.
...İkinci dəfə Süleyman müəllimin mələk xislətli həyat yoldaşı Ağgül xanımın, üçüncü dəfə isə özünün - İNSANLIQ nümunəsi olan Süleyman Ələsgərovun yasına, öz adına quraşdırılmış mağara gəlmiş, həmyerlilərimin dərdinə şərik olmuşdum.
...Bu isə, təəssüf ki, artıq dördüncü idi. Bu dəfə bəstəkarın oğlu, Şuşa camaatının sevimlisi Əyyub Ələsgərov bu vəfasız və səfasız həyata vida demişdi.
...Həyətdə insanlar burum-burum burulurdu. Hadisədən xəbər tutan adamlar buraya axışmışdı. İynə atsan yerə düşməzdi. Bəd xəbəri alarkən bir masa arxasında oturduğumuz dostlarım Adil və Elşənlə birlikdə elə taksidən düşən kimi dərhal adamların arası ilə özümüzə yol açaraq mağara yaxınlaşmağa cəhd elədik. Binanın matəmə düçar olmuş mənzilinin yerləşdiyi "blok”un lap ağzına qədər irəliləyə bildik. Buradan o yana yol "yox idi”.
Hüzn içində olan adamların havada gəzən baxışları bir-birini elə havadaca tapır, ağır bir göz qırpımı ilə salamlaşırdı. Sükutun simfoniyası dəhşətli, fırtınalı bir musiqi kimi "səslənirdi”.
Elə bu zaman dövrümüzün dahi bəstəkarı, şəxsiyyət və istedadın parlaq, sönməz və ölməz nümunəsi Arif Məlikov "blok”un ağzında göründü. Bəstəkar içəridən çıxırdı və qalın, sıx, keçilməz adam "meşəsi”nin qırağında dayandı. Əlini boy-buxununa, qamətinə görə yarımpaltonu xatırladan paltosunun yan cibinə salıb siqaret çıxartdı. Yandırıb, dərin bir qullab aldıqdan sonra qucağında hüznlü insanların baxışlarının tapışıb-görüşdüyü havaya bir buğum tüstü buraxmağıyla siqaretdən azad əliylə kepkasını azacıq qaldırıb, onun yerini dahi başında rahatlaması bir oldu. Gözlərini qıyıb hüznlü baxışların görüş-salamlaşma yeri olan havada artıq dağılışıb-seyrəlməkdə olan tüstü topasının arxasınca baxdı. Bəlkə də havadakı baxışlara, onların necə ağlamsınaraq salamlaşmasına, yaxud da dərdli adamların o kədərli baxışları havada bir-birini tapıb qucaqlaşmağa göndərən gözlərinə baxırdı. Ola bilsin, heç, ümumiyyətlə, kiməsə, nəyəsə baxmır, nəzərləri səmada, adamların qəmli çöhrələrində olsa da fikri-xəyalı bəstəkar dostu, həmkarı, Süleyman müəllimin və onun dünyanı vaxtsız tərk etmiş oğlunun yanındaydı.
...Elə bu zaman gözlənilməz olduğu qədər də "gözlənilən” bir hadisə baş verdi. Yasa gələn və həyətdə ayaq üstə dayanan adamlardan biri qəflətən yerindən qopub bəstəkara tərəf "yomalandı”. İnsan hərəkəti üçün qeyri-adi səslənən bu ifadəni, özü də "yumalandı” deyil, "yomalandı” (birinci daha zərif çıxardı) kimi söyləməyimin səbəbi odur ki, həmin şəxsin ölçüləri insanda qəribə maraq yaradırdı. Elə ilk andaca görünürdü ki, bu adam güc-bəla ilə tapdığı paltara uyğun kəmər tapmaqda da həmişə çətinlik çəkir. Diametri təxminən metr yarım olan qeyri-standart, yeridikcə qəribə fırlanma təsiri bağışlayan ortasının və çox güman ki, uzanılı olduğu hallarda xüsusi "mühəndis qurğusunun” vasitəsi ilə və ya başqa insanların köməyi ilə yerini dəyişdirə bildiyi, silkələnən və yırğalanan iri qarnının hərəkətləri həyat fəaiyyəti fırlanmaqdan və çalxanmaqdan ibarət olan nəhəng kirkirənin və iri nehrənin hərəkətlərini xatırladırdı. Başı isə bütün tərəfləri bir-birinə bərabər olan kubşəkilli dəmir-beton kərpicə bənzəyirdi. Hələ bəstəkara çatmağa bir neçə addım qalmışdan iri, kobud və ətli əllərini qarşısında qoşalayaraq irəli uzatdı və ətrafdakıların, yəni yas yerinə toplaşmış hüznlü adamların eşidə biləcəyi bir səslə:
- Baayy, Arif müəllim, salam, xoş gördük, nətərsən, - deyə əvvəlcə bəstəkarın qeyri-ixtiyari azacıq irəliyə tərpənən əlini ikiəlli sıxdı, sonra isə əlini buraxaraq öz qabarit ölçülərinə uyğun gəlməyən şivərək bir hərəkətlə onun boynunu qucaqlayıb, o üzündən, bu üzündən öpdü.
Demək olar ki, qımıldanmayan bəstəkar astaca:
- Sağ olun, sağ olun... – deyə cavab verdi.
Yoğun adamın əlləri bəstəkarın çiyinlərindən qollarına, oradan əllərinə doğru sürüşəndə Arif Məlikov barmaqları arasında siqaret tutduğu əlini bir az kənara çəkməklə bir az da yuxarı qaldırdı. Buna baxmayaraq mehribanlıq göstərən şəxs onun siqaretsiz əlindən və siqaret olan əlinin də biləyindən tutub yüngülcə özünə tərəf çəkdi. Silkələyə-silkələyə təkrar elədi:
- Nətərsən, Arif müəllim, sənin qadan alım!
Bəstəkarın mövqeyi dəyişməmişdi:
- Sağ olun, sağ olun...
Bu soyuqluq "can yandıran” adama təsir etməyə bilməzdi:
- Dəən tanımadın... – təəccüblə soruşdu.
- Vallah, çöhrəniz tanış gəlir, amma...
- Nətəri yanı? Mən ... icra başçısıyam.
- Aaa, - bəstəkar həvəssiz reaksiya verdi.
Başçı yenə də ona tərəf əyildi, sağ qolunu bəstəkarın boynuna dolayıb, sol qulağına pıçıldadı:
-..., mən həmin adamam... - indiyə qədər dediklərini çox adam eşitsə də, çox yaxınlığımda dayandıqlarından pıçıltı ilə deyilənləri deyəsən təkcə mən eşidirdim.
Başçı sözünü qurtarıb, ağzını bəstəkarın qulağından, "kub şəkilli dəmir-beton" başını isə başından araladı. Yarım addım geri çəkilib xeyli məmnun halda gülümsəyərək bəstəkarın işıqlı, işıqlı olduğu qədər də qüssəli üzünə baxdı:
- Həə...
Yekəxanalıq və nadanlıq onun bütün görkəmindən axıb tökülürdü.
Dahi bəstəkar böyük ömrünün ən mənasız anlarını yaşayırmış kimi, böyük ömründə dünyanın ən mənasız, arsız və yararsız adamına qulaq asırmış kimi və eşitdiyi, özü də belə bir məqamda eşitdiyi qaxıncdan qarşısındakı adamın duzsuzluğuna görə peşimanlıq hissini zərrənin mində biri qədər biruzə verən bir səslə:
- Mən Sizə işğaldan azad olunmuş bütöv rayona rəhbərlik etməyi arzu edirəm, - deyə cavab verdi.
- Bəli, bəli, çox sağ olun... Möhtərəm prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət artıq öz bəhrəsini verir. Çox çəkməz, Siz də bu arzuya çatarsınız, mən də, - dedi. Sanki bunu dəfələrlə üzünə oxuyub əzbərləmişdi.
...Arif Məlikov siqaretə sonuncu qullabını vurmuşdu. Nəzərləri "kərpic" başın üzərindən keçərək harasa başqa yerə zillənmişdi. Bütün görkəmindən hiss olunurdu ki, başçı artıq onun üçün "burada deyil”.
Deyəsən kirkirə və nehrə "qurğusu”nun üzərinə adi adamlarda "boğaz”, "boyun” adlanan, vəzifəli şəxs kimi taxmaq üçün qalstuk tapmaqda da çətinlik çəkdiyi aşkar görünən, "pendir motalı”na bənzəyən əza vasitəsilə "kub şəkilli kərpic” başın birləşdirilməsindən əmələ gələn vücud da artıq bəstəkarın yanından "yox olduğunu” hiss etdi və gələrkən ifa etdiyi eyni fırlanma, çalxalanma-yırğalanma hərəkəti ilə də yomalanıb əvvəlki yerinə qayıtdı.
Bu dəfəki "yomalanma” bir az da "maladan yıxılmış kirvə”nin yerişinə bənzəyirdi.
...Bir müddət sonra mətbuatda yayılan prezident fərmanı mürəkkəb "qurğunun” işğaldan azad edilmiş, bütöv rayona rəhbərlik edib-etməyəcəyinə aydınlıq gətirdi.
O "qurğu” artıq icra başçısı deyildi...