adalet.az header logo
  • Bakı 13°C

HANSI KiŞiNiN DUXU çATAR Ki,

AQİL ABBAS
28338 | 2009-10-24 03:14
"Yeni Müsavat" qəzetini bu qədər sadəlövh bilməzdim. Dünənki sayında Həsənqulunun da bildiyi məlum bir həqiqəti sensasiya kimi təqdim edib: "ABŞ-ın himayəsi ilə narkotik qaçaqçılığı". Və bunu manşetinə daşıyıb.
   
   Və qəzet "Nyu-York tayms" qəzetinə və "CBS-news" kanalının internet portalına istinadən yazır ki, Əfqanıstanın qurama prezidentinin (qurama bizim ifadədi) qardaşı Əhməd Vəli Kərzayi Əfqanıstanın heroin kralı kimi tanınır və Amerika Mərkəzi Kəşfiyyat İdarəsindən maaş alır.
   
   Dostlar, ABŞ-ın icazəsi olmadan dünyanın heç bir ölkəsində heç kimin duxu çatmaz ki, narkoticarətlə məşğul olsun.
   
   Dostlar, uzaydan yerdəki kibrit çöpünün yanıb-yanmadığını müəyyən eləyən ABŞ-ın icazəsi olmadan Somali dəniz quldurları hansısa bir gəmini qaçıramı bilər?!
   
   Necə ki, qardaşımız Türkiyə ABŞ-ın icazəsi olmadan İraqın cənubundakı PKK terrorçularına Allahın iki gülləsini ata bilmir. ABŞ da Türkiyəyə icazə verməmişdən əvvəl İraqın şimalındakı PKK-çılara yerlərini dəyişdirdir, sonra boş PKK yuvalarını Türkiyəyə nişan verir, qardaşlarımız da boş yuvalara milyonlarla dollarlıq mərmi göndərirlər.
   
   Dostlar, bir məlumat da biz sizə verək. Dünyanın bir nömrəli terrorçusu Bin Laden hələ də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən maaşını alır. Bildiyiniz kimi, nəsli də, qohum-əqrəbaları da ABŞ-da yağ içində böyrək kimi bəslənilir.
   
   Biz özümüz də ABŞ-dan qorxuruq. Odur ey, İranın və Türkiyənin səfirlərinə bir bayraq məsələsi ilə əlaqədar nota verən Elmar Məmmədyarov xalqımızı üsyana təhrik edərək birbaşa Azərbaycanın daxili işlərinə qarışan ABŞ-ın vitse-prezidenti Cozef Baydenin bu sərsəmləməsinə görə ABŞ səfirinə nota vermədi.
   
   Və görəsən, bizim Xarici İşlər Nazirliyimizdə çalışanlar sizin 27 oktyabr nömrəsində Cozef Baydenin bəyanatı ilə bağlı "Azərbaycan iqtidarına təzyiq və təhdidlər başlayıb" adlı ciddi yazınızı oxuyublarmı? Təbii ki, oxumayıblar, oxusaydılar bir ciddi nəticə çıxarardılar və biz də bunu bilərdik.
   
   

TƏQVİM / ARXİV