adalet.az header logo
  • Bakı 13°C
09 May 2019 12:27
37368
ƏDƏBİYYAT
A- A+

Bioqrafik faciəvi eşq ayini - Anar Burcəliyev yazır

Bu günlərdə Gəncə Dövlət Dram Teatrının səhnəsində Respublikanın əməkdar mədəniyyət işçisi, şairə-dramaturq Xəzangülün "Xərabət gözəli” adlı bioqrafik faciəvi eşq ayini üslubunda yazılan yeni pyesi ictimaiyyətə təqdim olunub. Pyes XII əsrdə yaşayıb yaradan, mənşəcə Azərbaycan türklərindən sayılan şairə, sufi Əxi təriqətinin üzvü kimi tanınan Məhsəti Gəncəvinin həyat və fəaliyyətinə həsr olunub.

Pyesdə cərəyan edən hadisələr XII əsrdə Gəncədə sufi Əxi təriqətinin yaranması və təbliği ilə bağlı hadisələr fonunda baş verir. Həmçinin müəllif tərəfindən bu dövrdə Məhsəti Gəncəvinin şəhər xurafatçıları tərəfindən bir çox təziqlərə məruz qalması, Gəncə Xətibinin ona qarşı amansız davranışı, Xətibin oğlu ilə olan eşq macərası pyesdə ön plana çəkilir.

Məlumdur ki, XI əsrin sonları XII əsrin əvvəllərində yaşayan böyük Azərbaycan şairəsi kimi tanınan Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi kimi yaddaşlarda yaşayır. Qeyd etmək lazımdır ki, o, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, görkəmli qadın musiqiçimiz olmaqla yanaşı tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənib. Rəvayətlərə əsasən o, Gəncənin Xərabat məhəlləsində yaşayıb, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirib. Onun şerlərində şərab və eşq duyğusu tərənnüm olunub. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məhşurdur.Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulub və ömrünün sonuna qədər burada yaşayıb. Onun əsl adı Mənicə olub. Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürüb. Tarixi araşdırmalar göstərir ki, həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayətlər məlumdur. Bütün bu sadalananlar isə pyesin müəllifi olan şairə-dramaturq Xəzangül tərəfindən çox dəqiqliklə təsvir edilib. Müəllif ilk öncə bu pyesi qələmə alarkən Məhsəti Gəncəvinin yaşadığı dövrü dəqiqliklə araşdıraraq öyrənməyə müvəffəq olaraq, tarixi bir üslubda maraqlı bir pyesin sujet xəttini qələmə ala bilib.


Pərdə açılarkən ilk hadisələrdən bəlli olur ki, bir ilahiyyat aliminin qızı dünyaya gələrkən uşağın taleyinə baxan münəccimlər onun böyük gələcəyindən, xalqın rəğbət və məhəbbətini qazanacağından xəbər veriblər. Həmçinin məlum olub ki, qızın taleyi nə zamansa xərabatla yəni içki içilən yer, meyxanalarla bağlı olacaq. Buna görə də Ənvər ata qızını tərbiyə olunmaq üçün dini məktəbə verib. On səkkiz yaşına qədər burada oxuyan qız Quranı tam olaraq mənimsəyib və artıq imtahan verməyə hazırdır. Xalq artisti Məmmədəli Balayevin ifasında Ənvər ata obrazı dövrünün ziyalısı həmçinin böyük elm sahibi və ağsaqqalı kimi təqdim olunur. Aktyorun ifasında eləcə də qızının böyük çətinliklər hesabına xərabətdə sufi Əxi təriqətinin təbliği və geniş formada yayılması istiqamətində görəcəyi işlərin ağırlığı göstərilir.Məmmədəli Balayev bu obrazın mahiyyət etibarı ilə tamaşaçıya çatdırılması üçün bir səhnə ustası olaraq rejissor traktofkasına uyğun olaraq uğurla ifasına nail ola bilib.

Tamaşada Məhsəti Gəncəvi obrazı gənc aktrisa Günay Cabbarovaya həvalə olunub. Əslindəaktrisanı mən Gəncə Dövlət Dram Teatrının səhnəsində bir neçə uğurlu obrazları ilə tanımışam. Xatırladım ki, gənc aktrisa Gəncə Dövlət Dram Teatrının "İkinci nəfəs” Teatr studiyasının yetirməsidir. Aktrisa səhnədə ifası ilə Məhsəti Gəncəvi obrazını təmkinli, qəbul etdiyi qərarların düşünülən bir formada dərki və obrazın mahiyyət etibarı ilə dəqiq ştrixlərlə təqdim olunmasına müəffəq ola bilib.Mənicə yəni Məhsəti yaxşı təhsil alaraq müqəddəs Quranı kamil bir formada mənimsəyib. Pyesdə cərəyan edən hadisələrdən məlum olur ki, artıq iyirmi yaşında Məhsəti öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müsəlman dünyasının bir çox ölkələrində nüfuz və rəğbət qazanıb. Xərabatda Məhsətinin səsini dinləmək üçün uzaqdan-yaxından həm əyanlar, həm də tacirlər Gəncəyə gəlirlər. Bu minvalla Gəncə şahı adlandırılan şəhər hakimi də(aktyor Samir Abbasov)Məhsətinin səsinin vurğunu olub. Məhz buna görə də onu tez-tez saraya dəvət edir. Növbəti ziyafətlərin birində şah sabahkı görüşün şərtlərini söyləməklə ona xəbər göndərir. Gecikən cərimə olaraq şərab içməlidir. İş elə gətirir ki, Məhsəti bu dəvətə gecikir. O, şərtə tabe olur və sonda cəsarətli addımı üçün Gəncə Xətibinin təziqi ilə üzləşir. Bütün bu sadalananlar gənc aktrisa Günay Cabbarovanın ifasında daha dəqiq və dolğun bir formada təqdim olunur.

Tamaşada maraqla izlənilən obrazlardan biri də gənc aktyor Ruslan Hüseynovun ifasında Əmir Əhməd obrazıdır. Gəncə Xətibinin oğlu olan Əmir Əhməd məhəllələrin birindən keçəndə musiqi sədaları eşidir və öyrənir ki, bura Xərabatdır. O, burada Məhsəti ilə tanış olur. Gənclər ilk görüşdən bir-birinə aşiq olur və rübailərlə şerləşirlər. Müəllif ideyasına həmçinin rejissor traktofkasına uyğun olaraq gənc aktyor Ruslan Hüseynov səhnədə çox sərbəst və ideya baxımından obrazın tam bir formada təqdiminə çalışaraq, tamaşa boyu maraqla izlənilir. Aktyorun ifasında Əmir Əhməd özünü olduqca bacarıqlı və istedadlı bir gənc kimi göstərməklə kamil bir şəxsiyyət olaraq təqdim olunur.

Oğlunun Xərabətə getdiyini və orada Məhsəti ilə tanışlığından xəbər tutan Gəncə Xətibi bundan çox qəzəblənir. Hətta qəzəbini söndürmək üçün onu zindana saldıraraq şallaqla cəzalandırır. Buna baxmayaraq oğlu Əmir Əhməd dediyindən dönmür və təkbaşına Xərabata, Məhsətinin yanına gedəcəyini bildirir.Əmir Əhmədi zindandan xilas etmək üçün Məhsəti buraya gəlir. Bu zaman isə Gəncə Xətibi Məhsətinin Gəncəni tərk etməsini tələb edir. Məhsəti Əmir Əhmədin azad olunması üçün bu təklifi qəbul edir. Aktyor Mətləb Təhmazinin ifasında Gəncə Xətibi obrazı qəddar və əzazil eləcə də Xərabətin qatı düşməni olaraq təqdim olunur.

Müəllif Xəzangül qələmə aldığı "Xərabət gözəli” pyesində cərəyan edən hadisələri daha dolğun və maraqlı ştrixlərlə göstərməyə müvəffəq ola bilib. Belə ki, Məhsəti Gəncə Xətibinin tələbi ilə Məşhəd şəhərininBələx məntəqəsinə gedir. Onun gəlişi şərəfinə Bələxin və bütün Xorasanın şairləri buraya yığışır. Şer yarışı başlanır. Məhsəti poetik tapmaca söyləyir. Heç kim onu aça bilmir. Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur və tapmacanın cavabını gözəl bir şerlə cavablandırır. Bu zaman məlum olur ki, bu şəxs Əmir Əhməddir. Əmir Əhməd atası Gəncə Xətibinin çox ağır xəstə olması xəbərini Məhsətiyə bildirməklə onun təkidlə Gəncəyə qayıtmasını istəyir. Məhsəti bu təklifi qəbul edərək Əmir Əhmədlə yenidən Gəncəyə qayıdır. Gəncə Xətibi onlara xeyir-dua verir və dünyasını dəyişir. Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi olur. Bir müddət sonra o, özü də vəfat edir. Onun vəfatı xəbəri Məhsətiyə çox ağır təsir edir və bu itgi ilə barışa bilmir. Bütün bu sadalananlar tamaşa boyu Məhsəti Gəncəvinin həyat tərzinin formalaşması və yaşam tərzindən xəbər verməklə maraqla izlənilir. Müəllif Xəzangül bu sadalanan faktlara böyük ustalıqla yanaşaraq bir daha Məhsəti Gəncəvinin həyatını tam olaraq tamaşaçılara təqdim etməyə müvəffəq ola bilir.

Müəllif tərəfindən təqdim olunan pyes olduqca əyləndirici bir dillə yazılıb desəm səhv etmərəm. Düzdür, onun dildən-dilə keçən hər bir hekayəti səhnədə maraqla baxılır. Ancaq burada deyilənlərin hamısı inandırıcı da deyil. Hadisələr cərəyan etdikcə tamaşaçı sanki nəyinsə axıracan deyilmədiyini hiss edir. Belə bir təəssürat da yaranır ki, müəllifXəzangül bir sıra tərcümeyi-hal faktlarını bilərəkdən gizlədir, bunun əvəzində isə yalnız həmin dövrdə yaşayanların anlayacağı işarələrlə danışır.Bu da müəllifin məhz Məhsəti Gəncəvinin yaşadığı dövrü və zamanı tam dəqiqliyi ilə araşdırmasından və öyrənməsindən irəli gəldiyi məntiqini təsdiq edir.

Gəncə şahı və Cahan pəhləvan obrazlarında aktyor Samir Abbasovun, Nizami Gəncəvi obrazında aktyor Rəşad Hüseynovun, Əbül Üla Gəncəvi obrazında aktyor Emil Salmanovun, Raziyə Gəncəvi obrazında aktrisa Sevinc Hüseynovanın, Səti Gəncəvi obrazında Könül Kazımovanın və Alim obrazında aktyor Vasif İsmayılovun da ifalarısəhnədə maraqla izlənilir.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur. Rejissor traktofkasına görə tamaşanın əsas qayəsi olaraq Sufilərin dünyagörüşünün insan həyatının ali məqsədi olaraq Allaha məhəbbət olması əsas götürülməklə önə çəkilir.Bu ideyaya görə Allaha mistik məhəbbət vasitəsilə müəyyən vəziyyətdə-ekstazda (yəni hal) ona qovuşmaq, sonra isə onda ərimək də mümkündür. Bu hala çatmaq isə yalnız mütəmadi məşğələlər keçən, sufi şerlərini ritmik musiqi altında dinləyən bəzən rəqslərlə də müşaiyət olunan bu mərasimi "səma” rəqsi kimi adlandıraraq təriqət nümayəndəsinə nəsib ola bilməsidir. Tamaşa boyu müəllif ideyasına görə rejissor traktofkasında sırf sufi şerlərində Allahın dərkinə göstərilən əhdlər məhəbbətlə eyniləşdirilir, Allahın özü dost, yar adlandırılır. Sufi ya aşiqə, yaxud rində yəni əyyaşa bənzədilir. Həmin terminologiyaya görə, sufinin ekstaz vəziyyəti meylə sərməst olmaq, təriqət nümayəndələrinin cəmləşdikləri yersə xarabət, meyxanə adlandırılır. Sufilərin əksəriyyəti məscid əvəzinə öz toplantılarına gedir, hədislər oxumağı xərabatda şerlər dinləmək, şərqilər söyləmək və rəqs etməklə əvəzləyirlər. Bütün bu sadalananlar tamaşa boyu quruluşçu rejissor Elşad Əhmədov tərəfindən səhnə traktofkasında tam olaraq açılır və tamaşaçıya bu haqda daha dolğun məlumat verilir.Quruluşçu rejissor Elşad Əhmədovun səhnə traktofkası həm də tamaşaçının anlayacağı dərəcədə dəqiq və sadədir. O, fikir və düşüncələrini aktyor ifası ilə həmahəng tərzdə qurmaqla maraqla izlənilməsinə nail ola bilir.

Tamaşanın quruluşçu rəssamı, teatrın baş rəssamı Vahab Cəfərovdur. Rəssam maraqlı bir ideyanı tamaşa boyu öz tərtibatında təqdim edə bilib. Belə ki, yeddi qapının səhnədə təqdimi müqəddəs Quranın səmanın yeddi qatından nazil olması və göylə-yerin yeddi səddən ibarət olmasına dəlalət edərək ağ rəngdə təqdim olunur. Bu da müəllif ideyasının və rejissor traktofkasının tam olaraq açılmasına xidmət edir. Hətta Gəncədə baş verən zəlzələdən sonra bu yeddi qapının Gəncə ziyalıları tərəfindən yenidən ucaldılaraq qaldırılması yerlə göy arasında səmavi bir qüdrətin, varlığın mövcudluğunu göstərir. Rəssam Vahab Cəfərov səhnə tərtibatında sadə predmet vasitələrinin təqdimi ilə ideyanın bədii cəhətdən açılmasına nail ola bilib.

Tamaşanın musiqi tərtibatı isə Ziyad Abbasova aiddir. Musiqi tərtibatı isə hadisələrin cərəyanında maraqla dinlənilir. Səssiz və sakit tempdə təqdim olunan musiqi parçaları öz seçimində uğurlu səhnə quruluşuna zəmin yarada bilir.

Nəticə etibarı ilə Respublikanın əməkdar mədəniyyət işçisi, şairə-dramaturq Xəzangülün "Xərabət gözəli” adlı bioqrafik faciəvi eşq ayini üslubunda yazılan yeni pyesi məhz Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri və öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu şerləri ilə Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynadığının təsdiqini göstərir. Yeni təqdim olunan bu tamaşa Gəncə Dövlət Dram Teatrının repertuar zənginliyinin qorunub saxlanılması baxımından təqdirə layiqdir və Məhsəti Gəncəvinin 930 illik yubileyi ərəfəsində şairənin xatirəsinə böyük ehtiramın tərənnümüdür.

Anar Burcəliyev

Teatrşünas