adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
08 May 2019 17:32
16839
ƏDƏBİYYAT
A- A+

O illərin xatirələri

Vəziyyət çox gərgin idi. Silahlı üsyan yolu ilə hakimiyyətə gəlmiş AXCP- Müsavat cütlüyü ölkəni idarə edə bilmirdi. Siyasi partiyaların nümayəndələri dövləti, xalqı düşdüyü bəladan, fəlakət burulğanından çıxarmaq, xilas etmək əvəzinə, bir-birini suçlayır, təqsirkar hesab edirdilər. Ayrı-ayrı qruplaşmaların, silahlı dəstələrin başçıları onların maymaqlığından, bacaqıqsızlığından istifadə edərək hakimiyyəti ələ almağa çalışırdılar. Milli Məclisin iclasları təhqir, hədyan, söyüş tamaşası səhnəsinə çevrilmişdi. Bütün bunları televiziya ekranlarından izləyən xalq ümidsizliyə qapılaraq, nə edəcəyini, sabahının necə olacağını bilmirdi. İstehsal müəssisələri, fabrik və zavodlar fəaliyyətini, demək olr ki, tamamilə dayandırmışdı. Kolxoz və sovxozlar sosializmin qalığı kimi ağına-bozuna baxmadan dağıdılıb talan edilirdi. Yenisi yaradılmadan köhnə nə vardısa, sökülüb dağıdılırdı. Bütün çirkab və çamuru keçmiş qurulişun üstünə atırdılar. Pafoslu çıxışlarla xalqa xoşbəxtlik gətirəcəklərini vəd edirdilər. "Qul əməyi” damğası vurularaq min bir əzab-əziyyətlə yetişdirilmiş pambığı tarlalardan yığmağa qoymurdular. Təsərrüfatların mal-mülkü, texnikası insafsızcasına qarət olunurdu. Bir çox rayonlarda mal-qara, texniki vasitələr Arazın o tayında saqqıza və digər lazımsız şeylərə, narkotik maddələrə dəyişdirilirdi. Bunların nəticəsi olaraq respublika əhalisi aclıqla üzləşməli olmuşdu. Bu kimi hallar hər bir vicdanlı adama, eyni zamanda partiya işində çalışmış mənə də çox pis təsir edirdi. Həmin vaxt "Belə gedə bilməz dünyanın işi” adlı şeirim yarandı.

Kimsəsiz, köməksiz indi döyülür,

Abırlı, həyalı yersiz söyülür.

Cahillər, nadanlar baxıb öyünür.

Sevinib gülən var indi kişmişi,

Belə gedə bilməz dünyanın işi.

Qurulan sökülür, olan talanır,

Şəhərlər, obalar oda qalanır.

Yaltaqlar, yalaqlar yenə yallanır.

Adam var oyunda düşübdür şeşi.

Belə gedə bilməz dünyanın işi.

Danışan çoxalıb xalqın adından,

Ayırmaq olmayır dostun yadından.

"Kişilər” də vardır, qalmır qadından,

Bilmirsən, erkəkdir, yoxsa ki dişi.

Belə gedə bilməz dünyanın işi.

Yaranır dəstələr, bölünür mllət,

Gün-gündən pis keçir, gətirir zillət.

Qənd-çaya pul çatmır, bahalaşır ət.

Çoxu unudubdur kababı, şişi.

Belə gedə bilməz dünyanın işi.

Düzü əzab çəkir, yalanından çox,

Öləni qeyrətli, qalanından çox.

Onun satanı var alanından çox.

Yüzündən işləyir onu, on beşi,

Belə gedə bilməz dünyanın işi.

Deyəsən, ağırdır götürülən yük,

Qaçır yük altından naxələf, dönük.

Tamah qılınc kimi, iştaha böyük.

Deyəsən, laxlayır öndəki dişi...

Belə gedə bilməz dünyanın işi.

Yaxşılar yaşayar, yaman atılar,

Neçə müəmmalı sirlər açılar.

Hər kəsi qəbrinə qoyan tapılar...

Çox çəkməz, görünər həmin o kişi –

Belə gedə bilməz dünyanın işi.

30 mart, 1992-ci il, Salyan şəhəri.

Bəli, belə bir kişi var idi. O, keçən əsrin 70 – 80-ci illərində respublikaya rəhbərlik etmişdi, Azərbaycan KP MK-nın birinci katibi olmuşdu. Ölkəsi, xalqı üçün yorulmaq bilmədən çalışmış, onu keçmiş SSRİ məkanında qabaqcıllar sırasına çxarmışdı. Bu dahi insan, böyük şəxsiyyət Heydər Əliyev idi. İşgüzarlığını, təşkilatçılığını görüb sovetlər ölkəsinin rəhbərliyi onu Moskvaya dəvət etmişdi. Bir neçə il sonra Sovet İttifaqı rəhbərliyində vəziyyət dəyişdi. Bacarığını, iradəsini görən M. Qorbaçov və onun erməni millətindən olan ətrafı öz çirkin planlarını həyata keçirmək üçün xalqımızın böyük oğlunu tutduğu vəzifədən uzaqlaşdırmaq məqsədilə bütün vasitələrdən istifadə etdilər. Əfsuslar olsun ki, sapı özümüzdən olan bəzi baltalar, dünyanın gediş-gəlişini anlamayan ünsürlər də bu işdə heç də ermənilərdən geridə qalmırdılar. Onlar Heydər Əliyevin Bakıya gəlməsini heç cür istəmirdilər. Səbəbi gün kimi aydın idi. Bu adamlar ulu öndərin xalq arasında hörmət və nüfuzunun böyük olduğunu bildikləri üçün belə edirdilər. Bu zaman doğma Naxçıvanı ona qucaq açdı. Ulu öndərin gəlişi erməniləri Naxçıvana hücum etmək fikrindən çəkindirdi.

Oxuduğunuz sətirləri yazarkən gözlərim önündən həmin günlər gəlib keçdi. Əhalinin gün-güzəranının pisləşməsi qalsın bir yana, rayonlarımız bir-birinin ardınca işğal olunur, hər gün rayonların hər birinə bir neçə şəhid gətirilirdi. Dəhşətlisi də o idi ki, hansısa rayonun hansısa ayda, gündə ermənilər tərəfindən işğal olunacağı barədə söz-söhbət gəzirdi və bu, düz çıxırdı.

1992-ci ilin aprel ayı idi. O zaman Salyan Rayon Mədəniyyət Şöbəsinin müdiri işləyən Əliqismət Lalayevin (indi o, Dövlət Akademik Musiqili Teatrının direktorudur) otağında oturub yaranan vəziyyətlə bağlı fikir mübadiləsi aparırdıq. Təzə yazdığım "O rəhbərə səs verirəm” adlı şeirimi və əvvəlində yazdığım sözləri ona oxudum, Naxçıvan Muxtar Respublikası Milli Məclisinin Sədri Heydər Əliyevə göndərmək istədiyimi bildirdim. Həmin məktub eyni ilə belə idi: "Düçar olduğumuz ağır vəziyyətdən qurtulmağımıza, Qarabağı erməni daşnaklarının caynağından xilas etməyə, respublikada əmin-amanlıq yaratmağa qadir olan, xalq arasında böyük hörmət və nüfuza malik Heydər Əlirza oğlu Əliyevi yenidən Azərbaycanın birinci şəxsi görmək arzusu ilə”.

Bölünmüşük neçə dəfə,

Döyülmüşük dəfə-dəfə.

Bunları da bilə-bilə,

Bunlar azmış kimi hələ,

Başlamışıq biz yenidən

Mahal-mahal, tayfa-tayfa

bölünməyə.

Bölünürük bölgə-bölgə,

dəstə-dəstə,

Bölünürük kürsü üstə,

rürbə üstə,

Bölünürük mənsəb üstə,

şöhrət üstə.

Axı niyə beynimizlə,

Ağlımızla, şüurumuzla

Düşünmürük, dərk etmirik:

Dəstə-dəstə bölünəndə,

Bölünməklə öyünəndə

Cılızlaşıb kiçilirik.

Qüvvəmizi, gücümüzü

itiririk.

Adidən də adi olan ,

Sadədən də sadə olan,

Cocuqlara bir nəsihət,

Böyüklərə ibrət olan,

"Ördək, balıq, xərçəng”

Adlı bir məsəli

salaq yada.

Hər birisi ayrı-ayrı,

Başqa-başqa tərəflərə

Dartdığından, çəkdiyindən

Bataqlıqdan çıxa bilmir

Batıb qalmış araba da.

Ağlımızı, gücümüzü

Biz bir yerə toplamasaq,

Bir hədəfə, bir nöqtəyə

düz vurmasaq,

Qurtuluşa ümid yoxdur,

güman yoxdur.

Su damcısı bir nöqtəyə

döyə-döyə

Dəlib keçir qayaların

sal daşını.

Su damcısı təpərində,

Qeyrətində, əməlində

barı olaq...

Bu milləti, məmləkəti

Dağılmaqdan, məhv olmaqdan

biz qoruyaq.

Əzizlərim, soydaşlarım,

qardaşlarım,

Görürsünüz, sərkərdəsiz,

başbilənsiz

İşlərimiz çox müşküldür.

Əzizim Ordubada,

Gəl gedək Ordubada.

Sərkərdə başsız olsa,

Gedəcək ordu bada.

Düşdüyü bu burulğandan,

Qurulmuş bu tələlərdən,

qurğulardan

Bu dövləti, bu milləti

Xilas etmək, önə keçmək,

başçı olmaq

Hər kişinin nə cürəti,

nə qüdrəti,

cəsarəti,

işi deyil.

Bunun üçün günəş kimi

alovlanan,

Məşəl kimi işıq saçan

ürək gərək.

Hər sözünün arxasında

dəmir məntiq,

Sonsuz arzu, dilək gərək.

Ən əsası, sözlə işin

Vəhdətindən mayalanan

əməl gərək.

Bu millətin istəyi nə?

Çıxarmağı o bacarsın

Öz xalqını bu zülmdən,

zəlalətdən.

Adamlar da, ürəklər də

Azad olsun qan qoxuyan

Ədavətdən, küdurətdən.

Kim kəsməyi bacarırsa

Qarabağı boğmaq üçün

Həm yaxından, həm

uzaqdan –

Avropadan, Okeanın

o tayından

uzadılan

Xain, xəbis o əlləri,

Rəhbərimiz qoy o olsun!

Kim bacarır həqiqəti,

Doğruluğu, dürüstlüyü

dirçəltməyi,

Kim istəyir yaltaqlığı,

Xəbisliyi, naqisliyi

dəfn etməyi,

Rəhbərimiz qoy o olsun!

Kim bacarır bu torpağa

səpələnmiş,

Laqeydlik, biganəlik,

rüşvətxorluq

Toxumunu çürütməyi,

Rəhbərimiz qoy o olsun!

Kim olmağı bacarırsa

bu millətin

Şah İsmayıl Xətayisi,

Atatürkü,

Kim apara biləcəksə

çiyinində

Azərbaycan adlı yükü,

Rəhbərimiz qoy o olsun!

Bəli, belə bir namizəd

Vardır, dostlar.

Çoxdandır ki, ürəyimdə,

beyinimdə

Təsdiqlənmiş bülletenlə

o insana –

Bu millətə sahib durub

Baş olacaq vətəndaşa

Səs verirəm.

Bu torpağa, insanlara

Zəhmət dolu, nemət dolu

Xoş günləri bəxş edəcək

Heydər adlı o ataya,

o rəhbərə

Səs verirəm.

25aprel 1992-ci il, Salyan şəhəri.

Azərbaycanın hər yerindən Naxşıvana – Muxtar Respublikanın Milli Məclisinə, Heydər Əliyevə saysız-hesabsız məktublar, teleqramlar göndərilirdi. Vətənpərvər ziyalılar özlərinə mənəvi borc bilərək xalqımızın böyük oğlunu görmək, görüşüb söhbət etmək üçün ziyarətinə gedirdilər. Məqsəd, məram isə bir idi: dağılmaq, məhv olmaq təhlükəsi qarşısında olan Azərbaycanı tezliklə xilas etmək. Ulu öndər çox fikirləşdi, düşünüb-daşındı. Dar gündə Vətənə lazım olduğunu yəqin etdi. Belə məqamda geri durmaq olmazdı.

1993-cü ilin iyun ayının 15-də Naxçıvandan Bakıya gəldi. İndi adını daşıyan hava limanında insanlar bu gəlişi böyük bir izdihamla qarşıladılar. Milli Məclisin iclasında yaşanan gərgin vəziyyət, Heydər Əliyevin Gəncə qiyamını yatırmaq üçün jurnalistləri də dəvət etməklə oraya getməsi, aparılan danışıqlar, yenidən Bakıya qayıdıb vəziyyəti ətraflı şəkildə təhlil etməsi, öz fikrini söyləməsi, Milli Məclisin Sədri seçilməsi, oktyabr ayında keçirilən pezident seçkilərində parlaq qələbə çalması və s. bu kimi acılı-şirinli xatirələr yaddaşımda yaşamaqdadır. Ulu öndər Prezident seçiləndən sonra ilk növbədə ölkədə sabitlik yaratmaq üçün düşünülmüş siyasət həyata keçirdi, cəbhədə atəşkəsə nail oldu, separatçı qüvvələrin kökünü kəsmək üçün qətiyyətli mübarizə tədbirləri gördü. Xarici sərmayədarlar respublikada yaranan qayda-qanunu görüb ölkəmizin iqtisadiyyatına vəsait yatırmaqdan çəkinmədilər. 1994-cü ilin payızında dünyanın ən nüfuzlu neft şirkətlərinin iştirakı ilə "Əsrin müqaviləsi” imzalandı. Ölkədə mərhələli şəkildə islahatlar həyata keçirildi.

İnam olan yerdə istədiyin məqsədə çatmaq mümkündür. Heydər Əliyevə ola inam, güvənc nəticəsində gənc müstəqil Azərbaycan dövlətinin möhkəm sütun təməlləri yarandı. 2003-cü ilin sonları və 2004-cü ildən ulu öndərin siyasi varisi İlham Əliyev tərəfindən bu bünövrə üzərində daxili və xarici siyasətimizin möhtəşəm abidələri ucaldıldı. Bu bir siyasət bu gün daha uğurlu şəkildə davam etməkdədir. Azərbaycan inkişaf edir, çiçəklənir, dünya dövlətləri arasında boy verir.

Seyran CAVADOV