adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 May 2019 17:31
35651
İDMAN
A- A+

12 yaşlı Ənbalanın idman uğurları

Şərq döyüş növlərindən biri olan "Taekvondo”nun vətəni Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası sayılır. İdmanın başqa növlərindən fərqli olaraq bu oyunda ayaqla endirilən zərbələr həddindən artıq yer tutur. Faizlə götürsək, taekvon- dodakı zərbələrin 80 faizi ayaqla endirilir.

Quba rayonun Dağlı kənd tam orta məktəbində də bu oyuna maraq göstərənlər çoxdur. Onlardan biri də VI "B” sinif şagirdi Ənbala Malıbəyovdur.

Ə.Malıbəyovun cəmi 12 yaşı var. Dərslərindən həmişə "4” və "5” qiymətlər alır. Şən, çevik, mehriban, həmişə deyib-gülən bu oğlanı məktəbdə hamı güclü taekvon-doçu kimi də tanıyırlar.

Ə.Malıbəyov hələ 8 yaşından Quba İqtisad Kollecində yerləşən taekvon-do məşq qrupuna qəbul olaraq bu oyunun sirlərini öyrənməyə başlamışdır. Təcrübəli məşqçi Tural Vəlibəyovdan dərs alan balaca Ənbala həmişə valideynlərinin və onu sevənlərin arzularını gerçəkləşdirməyə çalışmış və əksər halda buna nail olmuşdur.

Balaca idmançının uğurları az deyil, o, 2015-ci ildən bu günə kimi Qubada, Qusarda,Xaçmazda,Bakı şəhərində Taekvon-do üzrə keçirilmiş yoldaşlıq görüşlərində, açıq zona birinciliklərində, "20 Yanvar” şəhidlərinin xatirəsi, Ümummilli lider H.Əliyevin anadan olmasının ildönümləri, 12 Noyabr Konstitusiya Günü kimi tədbirlərə həsr olunmuş yarışlarda səkkiz dəfə I, doqquz dəfə II, dörd dəfə III yer tutmuş və müxtəlif təşkilatların – Quba UGİM-nin, Xaçmaz rayon Gİİ-nin, Qusar rayon Gənclər və İdman İdarəsinin, "Şahdağ”- Qusar Taekvon-do idman klubunun, "Fateh” və "İmid” Taekvon-do klublarının, Qubanın "Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı İctimai birliyinin, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin rəhbərləri tərəfindən "Diplomlara”, "Fəxri fərman”lara və "Sertifikat”lara layiq görülmüşdür.

Ənbalanın təhsil aldığı Dağlı kənd tam orta məktəbinin direktoru Niyazi Rzayev deyir :

- Ümidvarıq ki, həm təhsildə, həm də idmanın Taekvon-do növündə böyük uğurlar qazanan Ənbala Malıbəyov bundan sonra da hamını sevindirəcək, hər bir yarışdan qələbə ilə qayıdacaq.

Şixəmməd

Seyidməmmədov

Dilimizin saflığını qoruyaq

"Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir... Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir...”

Heydər Əliyev

Mənim dilim-

Tarix yolum, ömür yolum!

Mənim dilim –

Bakım,Təbrizim,İstanbulum,

Anadolum!...

Duruluğu –

Bulaqlardan alıb bu dil.

Qürurunu –

Şah dağlardan alıb bu dil !

Mənim dilim - ən uludur, -

Ulu türkün özü kimi.

Mənim dilim dupdurudur, -

Atatürkün gözü kimi...

Quba rayon Dağlı kənd tam orta məktəbin bayramsayağı bəzədilmiş geniş akt zalında "Dilimizin saflığını qoruyaq” mövzusunda tədbir Dövlət himninin səsləndirilməsi və sair Əmir Pəhləvanın bir bəndi yuxarıda dərc olunmuş şeirin bədii oxunuşu ilə başlandı.

Tədbirin aparıcıları olan məktəbin X sinif şagirdləri Nəzrin Ağaliyeva və Aynur Məmmədova tədbir iştirakçılarını salamladıqdan sonra çıxış üçün sözü məktəbin dil-ədəbiyyat müəllimi İlkin İsmayılova verdi. İlkin müəllim qeyd etdi ki, insanın bütün həyatı dillə bağlıdır, dil insanlara həmişə və hər yerdə xidmət göstərən ecazkar bir vasitədir. Dil fikrin ən incə cəhətlərini, qəlbin ən dərin hisslərini ifadə edə bilir. Onu uzun əsrlər boyu xalq yaratmış, inkişaf etdirmiş və nəsildən-nəslə çatdırmışdır. Bizim vəzifəmiz bu qiymətli töhfəni qorumaq, zənginləşdirmək və gələcək nəsillərə ərməğan etməkdir. Gəlin daima dilimizə sahiblənək, onun saflığı, toxunulmazlığı uğrunda mübarizə aparaq, axı o bizə ata- babalarımızdan miras qalmış milli sərvətimizdir.

Daha sonra məktəbin coğrafiya müəllimi- Azərbaycan Yazıçılar Birliyinin üzvi, "Araz” və "Qızıl qələm” media mükafatları laureatı Şixəmməd Seyidməmmədov dilimizin işığına toplaşanların diqqətinə çatdırdı ki, ana dilimiz varlığımız, bütövlüyümüzdür. Kim bu dilə xor baxır, başqa dili öyrənir, öz dilini unudursa, ona yalnız nankor adı vermək olar. Biz başqa dilləri də öyrənməliyik, ancaq dilimizi qeyrətimiz qədər qorumalıyıq. Belə bir atalar sözü var: "Dilini bilməyən anasını tanımaz”. Azərbaycan dili Azərbaycan xalqının milli sərvətidir. Biz onu yad ünsürlərdən qurtarmalı, onun təmizliyini göz bəbəyimiz kimi qorumalıyıq. Xalq şairi Rəsul Rza dilin təmizliyi haqqında demişdir :

Dili qiymətdən salar

Ucuz söz,hiylə,böhtan.

Elə saxla dilini,

Nə dil səndən utansın,

Nə sən dilindən utan.

Tədbirdə XI”B” sinif şagirdləri Fədayə Heydərova və Yetər Poladova, IX sinif şagirdləri Nərmin və Aysel Ağaliyevalar, Aydan Şükürova, VII”A” sinif şagirdləri Zülhiccə Cəbrayılova,Zöhrə Bəkmirzəyeva,Nurcan Atayeva, Günay Əliməmmədova və Səbinə Vəlimuradova görkəmli şairlərimizin dilimizə, onun saflığının qorunmasına həsr etdikləri şeirlərini dilə gətirdi, V”A” sinif şagirdləri "Yaşa Azərbaycan” mahnısını ifa etdilər. VII”A” sinif şagirdləri Kənan Kərimov, Fərid Eyvazov, Yaşar Həsənov, Azər Niftəliyev və Akşin Məmmədovun hazırladıqları "Ədalətli hökmdar səhnəciyi də tamaşaçılarda xoş ovqat yaratdı. Daha sonra əllərində "vilka” yox, "çəngəl”, "çaşka” yox, "fincan”,”papa” yox, "ata”, "mama” yox, "ana” sözləri yazılmış vərəqlər olan şagirdlər zala daxil oldular və onları yelləndirərək "Ana dilim” mahnısını oxudular.

Sonda : "Bəli, illərin, əsrlərin sınağından çıxmış dilimiz çox məhrumiyyətlərə tuş gəlmişdir. Qəhrəman dilimiz əyilməyib, yenilməyib, özgə hakimli,özgə dinli olmuşuq, ancaq özgə dilli olmamışıq, özgə dil qəbul etməmişik. Dəfələrlə paralanıb, parçalanıb, qanına qəltan olmuşuq, amma dilimiz öz gözəlliyini, öz zənginliyini qoruyub saxlayıb”- deyərək tədbiri yekunlaşdıran məktəbin direktoru Niyazi Rzayev belə bir gözəl, çox dəyərli tədbirin hazırlanmasında əməyi olan azərbaycan dili müəllimləri İlkin İsmayılov, Mayis Seyidməmmədov, Əməkdar müəllim Ülkər Şıxməmmədova, ibtidai sinif müəllimi Sveta Şükürova, məktəbin laborantı Lətafət Rzayeva və şagirdlərə minətdarlığını bildirdi, bütün kollektivə təhsildə nailiyyətlər arzuladı. O həmçinin rayon tədbirlərində öncül yer tutmuş VIII”B” sinif şagirdi Ziyarət Əliyevaya və V”A” sinif şagirdi Nəsibə Niftəliyevaya Quba rayon Təhsil Şöbəsinin "Fəxri fərman”larını təqdim etdi.

Beləliklə, tədbir sona çatdı və iştirakçılar xatirə şəkli çəkdirdilər.

Ş.Seyidməmmədov,

Quba rayonu, Dağlı kənd

tam orta məktəbinin müəllimi