adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
08 May 2019 17:27
16557
ƏDƏBİYYAT
A- A+

Sumqayıtda sənayenin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

Sumqayıt gənc şəhərdir. Bu şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir. Mən Sumqayıtda kimya sənayesinin yaranması və inkişaf etməsinə xidmət etmiş adamların fəaliyyətini yüksək qiymətləndirirəm.

Heydər Əliyev

Sumqayıt şəhərinin dinamik və tərəqqi dövrü kimi xarakterizə olunan 34 illik tarixi xalqımızın müdrik oğlu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sumqayıt şəhərinə və sumqayıtlılara diqqət və qayğısını əsirgəməyən dünya şöhrətli siyasətçi bu müddətdə 16 dəfə gənclik şəhərində olmuşdur ki, bu səfərlərində hər biri şəhərin tarixi salnaməsinin ən parlaq səhifələrini təşkil edir.

Heydər Əliyev və Sumqayıt. Bu sözlər çox böyük rəmzi məna daşıyır. Çünki Sumqayıtın əldə etdiyi hər bir uğurda onun rolu, zəhməti var. Rəhbərliyi dövründə vaxt tapıb 16 dəfə Sumqayıta gəlməsi ulu öndərin şəhərimizə və onun sakinlərinə olan məhəbbətinin, diqqətinin əyani ifadəsidir.




1976-cı il 3 aprel. AKMK-nın1 katibi Heydər Əliyev və SSRİ Nazirlər Soveti sədrinin I müavini

N. Tixonov (Sinrez Kauçuk) zavodunda

Mən 19 il Sumqayıt elektrik şəbəkəsinin rəisi "Azərikimya” Dövlət Şirkəti Prezidentinin müşaviri olmuşam. Ulu öndər ilk dəfə Sumqayıta 7 aprel 1971-ci ildə, son dəfə isə 3 aprel 2003- cü ildə gəlib. Onun görüşlərində iştirak etmişəm və kimya sənayesinin inkişafına necə qayğı göstərdiyinin şahidi olmuşam.

1993-cü ilin iyulunda xalqın təkidi ilə Respublikamıza hakimiyyətə qayıdan Heydər Əliyev bütün çətinliklərə sinə gərərək ölkədə dönüş yarada bildi. Yalnız bundan sonra Azərbaycanın daxilində sabitlik bərqərar oldu, ölkənin yeni inkişaf dövrünün başlanğıcı qoyuldu. Azərbaycanın dövlətçiliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlətlə xalqın birliyi təmin olundu. 1994-cü ilin mayında atəşkəs haqqında razılaşma əldə edildi. Həmin ilin sentyabrında "Əsrin müqaviləsi” neft kontraktı imzalandı. 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında dövlət çevrilişləri cəhdlərinin qarşısı alındı. 1996-cı il noyabrın 12-də müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi. Ölkəmiz Avropa şurasına qəbul olundu.

Bütün bunlarla yanaşı ölkədə sosial yönümlü islahatlar keçirilməyə başladı.

Səksəninci illəri kimyanın inkişafında mühüm mərhələ dövrü adlandırsaq səhv etmərik. Daha konkret desək kimya sənayesi özünün ikinci inkişaf mərhələsinə məhz bu dövrdə qədəm qoysa da, əslində bunun təməli hələ yetmişinci illərdə qoyulmuşdu. Belə ki, yetmişinci illərin ortalarında Azərbaycan KPMK-nin Birinci katibi Heydər Əliyev "Sintezkauçuk” zavoduna (indiki Etilen-Polietilen zavoduna) gələrək uEP-300” unikal bir qurğunun tikiləcəyi yeri müəyyən etdi. Sonralar SSRİ kimya Sənayevi Nazirliyindən bu qurğunun Sumqayıtda tikilməsinə maneələr olsa da Heydər Əliyev "EP-300” qurğusunun "Sintezkauçuk” zavodunda tikilməsinin mümkünlüyünü sübut etmişdir.

Ikinci dəfə yenidən hakimiyyətə qayıdan ulu öndər H. Əliyev son illərdə altı dəfə Sumqayıta gəlmişdir. 1998-cu il martın 24-də və 2001-ci il iyulun 7-də "Sintezkauçuk” zavodunda olmuş, "EP-300” kompleksində Buxar-generator qurğusunun özülünün qoyulması və istismara buraxılmasında iştirak etmişdir.

Məlum olduğu kimi hörmətli prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Azərkimya” Dövlət Şirkəti 2010-cu ilin aprel ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) birləşdirilmişdir və 2010-cu ilin aprel ayından Azərbaycan Neft-Kimya sənayesi özünün inkişaf dövrünə qədəm qoymuşdur. Artıq 9 ildir ki, Birliyin müəssisələrində məqsədyönlü və ardıcıl şəkildə geniş və səmərəli yenidənqurma, müasirləşdirmə işləri aparılır ki, bu da özünü kimyaçıların son dövrlərdə əldə etdiyi istehsalat nailiyyətlərində daha qabarıq şəkildə göstərir. İndi kimyaçıların çöhrələrində bir təbəssüm ümid var. Bu gün görülən tədbirlər bir daha göstərir ki, kimyaçıların gələcəyə inamı böyükdür. Eyni zamanda ARDNŞ-nin Sumqayıtda həyata keçirəcəyi layihələr yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.

Kimyaçılar başa düşürlər ki, ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin neft-kimya sənayesinin inkişafında gördüyü geniş miqyaslı işləri uğurla həyata keçirən ölkə rəhbəri cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət və qayğı göstərir.

Sumqayıt Kimya Sənaye Parkında açılan zavodlar bunun bariz nümunəsidir. Açılan bu zavodlarda 2000 dən çox fəhlə işləyir. Ölkə prezidenti ilham Əliyevin Bakı və onun ətraf ərazilərində, o cümlədən Sumqayıtda ekoloji vəziyyətin yaxşılaşdırılmasında yaşıllaşdırma tədbirlərinə xüsusi əhəmiyyət verməsi, ilk növbədə əhalinin sağlamlığını ön plana çəkməsi ölkə başçısının xalqa diqqət və qayğı göstərdiyini bir daha təsdiq edir.

Artıq 9-cu ildir ki, bilavasitə "Azərikimya” İstehsalat Birliyinin rəhbərliyi sayəsində müəssisələrinin ərazisində mütəmadi olaraq abadlıq və yaşıllaşdırma işləri aparılır ki, bu da kimyaçılar üçün ekoloji cəhətdən təmiz və sağlam iş şəraitinin yaradılmasına xidmət edir. Bu gün fərəhlə deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidenti, Milli məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanm "Hərəyə bir ağac əkək” təşəbbüsü respublikamızda xoş əks səda doğurmuş və yaşıllaşdırma işlərinin böyük vüsət almasına səbəb olmuşdur. Bu təşəbbüs "Azərikimya” İ.B-nin kimyaçıları tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. Ulu öndərin anadan olmasının 96-cı ildönümü şərəfinə hər həftənin şənbə günü iməcilik keçirilir. Sumqayıt-Quba magistral yolu boyunca "Sənaye zonası” deyilən uzunluğu 2600 metr, eni isə 30 metrdən artıq bir ərazidə meşə zolağı salınmışdır. Ərazilərdə 10 minlərlə şam, küknar, sərf, söyüd, iydə ağacları, müxtəlif növ gül kolları əkilmişdir və bu iş yenə də davam edir.

Ulu öndər Heydər Əliyev "Əsrin müqaviləsi”ni həyata keçirməklə Azərbaycanın tarixi salnaməsinin çox canlı və unudulmaz səhifələrini yaratdı. Heç bir şübhə yoxdur ki, dahi rəhbərin böyük ideyalarını uğurla həyata keçirərək davam etdirən dövlət rəhbərimiz İlham Əliyev XXI-əsrdə yeni neft-kimya kompleksinin yaradılmasına göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycanın kimya salnaməsinin daha parlaq səhifələrini yaradacaqdır.

Nəticə etibarı ilə ölkə kimyaçıları daha böyük nailiyyətlər əldə edərək, respublikamızın iqtisadi qüdrətini möhkəmləndirəcək, onun şöhrətini daha da artıracaqlar. Ulu öndərimizin anadan olmasının 96 illik yubileyini kimyaçılarımız əmək qələbələri ilə qarşılayırlar. Onlar bilirlər ki, kimya sənayesinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır.


İslam İslamov

Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, dosent, Prezident təqaüdçüsü, Respublikanın əməkdar mühəndisi