adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 May 2019 17:23
27997
ƏDƏBİYYAT
A- A+

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər

Yetmiş illik yasaqdan və təhriflərdən sonra yaxın milli tariximizin böyük həqiqəti-Demokratik Respublikanın həyata keçiridiyi, gördüyü işlər aşkar təhlilini, bu təhlildə Cumhuriyyətin ibrət dərsləri öz həqiqi ifadəsini tapmadı. Ötən yetmiş ildə tarix də, publisistika da, ədəbiyyat da xalqa öz tarixi barədə tam həqiqəti söyləməyib. Əksinə, təhrif edilmiş milli tarix təlqin edib və saxta millətlərarası tarixdən söhbət açıb. Bədnam "Bakı kommunası” və Demokratik Respublika dövrünün səhv təlimi təlqin olunub və bütövlükdə burjua mədəniyyəti dövrümüzün şikəst və naqis tarixi kimi təlqin olunub. Yetmiş ilin qürubunda SSRİ xalqlarının üzünə açılan azadlıq qapıları da xalqımızın üzünə qanla açıldı, yenidənqurma yerindəvurmaya "yaşıl işıqlar” yandırdı və mərkəzin əli ilə Qarabağ "hərraca” çıxarıldı: Kim daha çox "sədaqətlidir”, kim daha çox "şırmana” bilər”. Və bütün bunlar xalqın qanı və canı bahasına, itirilən torpaqların və tarmar edilərək yandırılan evlərin "işığında”, həm də bütün dünyanın gözü qarşısında edildi. Elə bil SSRİ-də başlayan aşkarlıq da tərəfgirlik elədi: Azərbaycana gələn yolda ləngidi və gecikdi. Tariximiz və tarixi taleyimiz barədə həqiqətləri gündəmə daşımaq, "nəzəri”,” elmi yalanların”, "neqativ yaddaş”ın bütün miqyası və ölçülərinin aşkarlanması üçün tariximiz, publisistikamız yenə də səbr və təmkin göstərmək zorunda qaldı və bir qərinəlik yol qət etməli oldu.

Yetmiş ildə ədəbiyyatımızda və publisistikamızda "qılınc oynadan” "sosializm realizmi” metodunun oynadığı rolu, yerinə yetirdiyi sosial-tarixi missiyanı və sifarişi tariximizdə "sosialist yalanı metodu” böyük canfəşanlıqla yerinə yetirdi.

Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra bizdə də rəsmi elm qəddini düzəldir, ittifaqın "drijor çubuğu”ndan yaxasını qurtarır və yavaş-yavaş təlimat, instruksiyadan bir az o yana boylanmağa başlayır. Xalqın ağrı və acısına, sevinc və kədərinə yox, bürokratiya və bürokratizm ambisiyasına xidmət edən düşüncə dövrü arxada qalır.

Uca səslə demək lazımdır ki, yeni hakimiyyət Azərbaycan Cümhuriyyətinin milli dirçəliş aktı kimi etiraf və bayram olunması barədə tarixi fərman imzaladı, Demokratik Respublikanın rəsmi rəmzlərini-gerbini, bayrağını milli sərvət elan etdi. Həmçinin Demokratik Respublikanın milli-mənəvi intibah və dövlət quruculuğu təcrübəsini real və fəal sərvətə çevirməyi bir vəzifə olaraq humanitar nəzəri fikrin qarşısında qoydu. Bununla da Demokratik Respublikanın təşəkkül və süqutunu şərtləndirən gerçəklər silsiləsini doğru- düzgün şərh etmək imkanı yaranır. Biz bu imkanlardan dolğun şəkildə yararlandıqmı? Cümhuriyyət barədə həqiqətləri axıra qədər-yalanlı və təhrifli şəkildə söylənilənləri, yaxın milli tariximizin tədqiqində subyektiv, konyuktur, əyintili mərhələləri bu günümüzün "stolunun üstünə” gətirə bildikmi? Bunlar haqqında bir qədər sonra.

Aparılan tədqiqatlarda vicdani, mənəvi müasirlikdən danışmasaq da, ideya müasirliyindən danışırıq, ancaq bu da tam, şəffaf deyil. Beyimizə və qollarımıza vurulan buxov və "qandallar” açılandan sonra da Demokratik Respublikaya münasibətdə bir sıra yazılar elmi əxlaq və mənəvi vicdan təravətini özündə ehtiva edə və müasir görünə bilmir.

Burda C.Məmmədquluzadənin "Ölülər” komediyasında Şeyx Nəsrullahın qəbristanlıqda ölüləri diriltmə səhnəsi gözlərim önündə sərgilənir. Heç kim ölüsünün dirilməyini istəmir, günahlarını etiraf etmək əvəzinə, vaxt alıb düşünməyə gedir. Bir sıra qələm sahibləri də gözləmə mövqeyində səngərlənib "bəlkə də qaytardılar” xofu altında pas atmış qələmlərinə xırda-xırda "qulluq” buyururdular.

Böyük ədəbiyyatşünas alim Yaşar Qarayev yazırdı: "Elə günahlar var ki, onlara bəlkə də 1937-də bəraət vermək olardı, amma 1980-da, 90-da bu mümkün deyil. Müqəddəs yaddaşa, doğma anaya, ana Azərbaycana silah və əl qaldırmaq günah sayılır, mən yaddaşa "qələm qaldırmağı” da anaya silah və əl qaldırmaq kimi xətaların sırasına daxil edirəm”.

Total inkar mövqeyi Cümhuriyyətə münasibətdə onsuz da əvvəllər kifayət qədər olmuşdur. Demokratik Respublikanın tədqiqində bu vaxta qədərki əyintilərə cavab kimi əks ifrata varsaq, hamılıqla və kütləvi eyforiyaya yol versək, bu da yenə birtərəfliliyə söykənmək olardı. Bunun üçün də Cümhuriyyətin 23 ayda keçdiyi tarixi, ictimai-siyasi yolu, onun süqutunu şərtləndirən daxili-subyektiv məqamlarla yanaşı, xarici obyektiv səbəbləri də açıq təhlilə cəlb etmək lazımdır. Bizcə, bu, əsl elmi yoldur.


"Azərbaycan” qəzeyinin baş redaktoru, Millət vəkili Bəxtiyar Sadıqov "Azərbaycan” qəzetinin 15 yanvar 2017-ci il tarixli sayında yazırdı:

"Təəssüf ki, "Azərbaycan”ın ("Azərbaycan” qəzetinin-R.O.)Cümhuriyyət dövründə nəşr edilmiş 443 nömrəsi bu gün də hamı üçün əlçatan deyildir. Hətta redaksiyamızın bütün cəhdlərində Azərbaycandakı bütün arxivlərə, respublika Mədəniyyət nazirliyinə, M.F.Axundov adına Milli Kitabxanaya, Rusiyadakı Azərbaycan Diasporunun bəzi tanınmış üzvlərinə (Eşitdiyimizə görə Moskva və Sankt-Peterburq şəhərlərindəki mərkəzi kitabxanalarda "Azərbaycan” qəzetinin bütün nüsxələri tam halda saxlanılır) dönə-dönə müraciətlərinə baxmayaraq indiyədək həmin 443 nömrənin kserosurətini əldə edə bilməmişik...”

SSRİ-nin mövcudluğu, "vahid dövlət” və "vahid xalq” ideologiyasının hegemonluğu və bu ideologiyanın tüğyan etdiyi bir dönəmdə Azərbaycanın müstəqil dövlət kimi varlığı, eləcə də Azərbaycan Parlamentinin 17 aylıq fəaliyyəti dövrü gizlədildiyi kimi, bu barədə danışmaq və yazmaq da qırmızı imperiyanın tələb və təkidi ilə qadağan edilir, digər mətbu vasitələr kimi, Azərbaycanın Demokratik Cümhuriyyəti dövrü haqqında müfəssəl və dolğun informasiya mənbəyi sayılan "Azərbaycan” qəzeti də "qadağa” qrifi ilə arxivlərin gizlinlərinə atılaraq qaranlıqlara məhkum edilmişdi.

Etiraf etməyə məcburuq ki, qədim hun və uzaq Manna haqqında bildiklərimiz daha çox olduğu halda, ən yaxın tariximiz olan Azərbaycan Cümhuriyyəti haqqında məlumat və bilgilərimiz labirintə söykənir. Başqa bir rakusdan məsələyə yön alsaq görərik ki, biz Cümhuriyyətin süqutundan sonra, əslində Demokratik Cümhuriyyət haqqında heç qeyri-sterotip fərdi baxış, orjinal milli təlim də yaratmamışıq . Əgər sovetlər dönəmində də Azərbaycanın milli dövlət quruculuğu barədə formalaşan elmi fikir vulqar erməni millətçiliyinin tarixdə bəlli olan "konsepsiyasından” zərrəcə fərqlənmirdisə, onu necə "milli dövlətə dair milli təlim” saymaq olardı, bu mümkünmü? Əsla yox! Əvəzində isə M.Ə.Rəsulzadəni milli tarixdən və yaddaşdan silməklə, yeni azərbaycançılıq təliminin və Azərbaycan dövlət qurumunun təməldaşı rolunu Stalin irticasının adına yazmaqla məşğul olmuş, bunula da cümhuriyyəti qurama, saxta elan etmək üçün ən müasir erməni millətçiliyinə əlavə fürsətlər verməklə öz milli dövlətçilik tariximizin üzərinə öz əllərimizlə çox etibarlı bir qara tül-pərdə çəkmişik.

Yuxarıda da qeyd etdiyimiz kimi, ikinci dəfə müstəqillik qazandıqdan sonra da getdiyimiz yolun qarşısında "qramofanların” qurduqları "səngər” və "barrikadalar”dan azad sözü və səsi öz içində boğan və batıran qramofan zəngulələri eşidilməkdə idi. Ancaq müstəqilliyimizin bizə bəxş etdiyi azadlıq qatarı və bu qatardan yüksələn yeni həyat sevgisi və onun şirinliyi qramafon "səngər” və "barrikadaları”nı aşıb keçməkdədir.

Milli müstəqilliyin bərpasından ötən dövr ərzində bir sıra işlər görülsə də, ən fundamental iş Azərbaycan Xalq Cümhuriyyətinin mənbəşünaslığının yaradılması sahəsində görülən işlər oldu: Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında " 1998-ci il yanvarın 30-da tarixi Sərəncam imzaladı; bu sərəncamdan irəli gələrək Dövlət Komissiyası yaradıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi üzrə Dövlət Komissiyası və Baş Arxiv İdarəsi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti (1918-1998)” adlı 7 kitabdan ibarət sənədlər topluları (Bakı Dövlət Universitetinin müəllimi Səfər İbrahimovun rəhbərliyi və professor Seyidağa Onullahinin redaktorluğu ilə) nəşr edildi. Bu yeddi kitabdan yalnız iki cildi parlament hesabatları idi ki, Azərbaycan dilində buraxılan yeganə nəşr olmaqla, əsasən respublikanın arxiv fondlarında saxlanılan və qismən də "Azərbaycan” qəzetində dərc olunmuş parlament iclaslarının protokolları və stenoqrafik hesabatları əsasında hazırlanmış, kiril əlifbasında çap olunmuş və müstəqilliyimizin bərpasından sonra keçən bütün dövr ərzində həmin mövzuya həsr olunmuş yeganə tarixi mənbə olaraq qalırdı.

"Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)” adlı 7 kitabdan ibarət sənədlər topluları AXC Parlamenti və Hökumətinin qəbul etdiyi qanunlar və qərarlarını əks etdirən- "Qanunverici aktlar” (rus dilində), həmçinin "Xarici siyasət”ə(rus dilində), "Azərbaycan ordusu”na (rus dilində), Azərbaycan Parlamentinə (iki cild Azərbaycan dilində, bir cild rus dilində) və AXC xadimi Fətəli xan Xoyskinin fəaliyyətinə (rus dilində) dair sənədlərdən ibarətdir ki, onların da 5-i rus dilində, 2-si isə Azərbaycan dilində nəşr olunmuşdur.

Demokratik Cümhuriyyət dövrünün daha mükəmməl, realist, analtik təhlili olan kitab şübhəsiz "Azərbaycan” qəzetində ”Parlament hesabatları və şərhlər (noyabr 1918-aprel 1920) " (üç cilddə) kitabıdır.

Bizə elə gəlir ki, cəmiyyətdə, ictimai və mənəvi həyatda Şirməmməd Hüseynovun toxunmadığı mətləb qalmayıb. Hamısına da eyni peşəkar qələmi ilə məslək və əqidəsinin işığında güzgü tutub, öz daxilində xalqa, millətə məhəbbətini, çox iti, ayıq və oyaq tənqidi münasibətini də cəm edib.

Üzərini duman almış social-mənəvi ekalogiyanın insanları çaş-baş saldığı bir vaxtda əyri və ifratlardan azad, "korlanmamış”, ekaloji cəhətdən təmiz nəzəri fikrin klassiklərin yaradıcılığında qorunub saxlanıldığını da Şirməmməd müəllim gördü və onları nəşr etdirməklə təkrar xalqın istifadəsinə-dövriyyəyə qaytardı.

Böyük demokrat Cəlil Məmmədquluzadə Cümhuriyyət hökuməti haqqında düşüncələrini belə açıqlayırdı:

"Cümhuriyyət elə bir hökumətə deyilir ki, orada məmləkətin idarəsi camaatın, xalqın öz öhdəsində və ixtiyarındadır və vicdan azadlığı, yığıncaq azadlığı, birləşmək azadlığı, söz azadlığı, mətbuat azadlığı, siyasi firqələr düzəltmək azadlığı, şəxsiyyət azadlığı, qanun qarşısında bərabərlik , seçki üsulunda həmrəylik və bərabərlik və müstəqillik, gizli səsvermə prinsipləri cümhuriyyət quruluşunda əsas olmalıdır”.

Bunlar bu gün Şirməmməd Hüseynovun gündəmə daşıdığı problemlər sırasındadır ki, onlar da üçcildlikdə mükəmməl açıqlanır.

Xalqın tarixi və taleyi probleminə Mirzə Fətəlinin social-fəlsəfi baxımdan vüsətli, qlobal miqyasda nəzər saldığını, onu düşünülmüş, hərtərəfli, doktrinal bir fikir və fəaliyyət proqramı şəklində, özü də cəmiyyət, ölkə çərçivəsində irəli sürdüyünü Şirməmməd Hüseynov isbatlayır.

Bu gün milli vicdanımız qarşısında tam səmimiyyət ilə etiraf etməliyik ki, Şirməmməd Hüseynov "Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918-aprel 1920)” kitabını (3 cilddə) çap etdirməklə öz əlimizlə milli dövlətçilik tariximizin üzərinə çəkdiyimiz qara tülü-pərdəni tarixin zibilliyinə atdı. Həm də Şirməmməd müəllim "Azərbaycan” qəzetinin Cümhuriyyət dövründəki bənzərsiz və təkrarsız xidmətlərini sərgiləyərək Demokratik Cümhuriyyətin milli dövlət quruculuğundakı taleyüklü fəaliyyətini, onun süqutunun daxili və xarici, obyektiv və subyektiv səbəblərini bütün Azərbaycansevərlərə, Azərbaycan ziyalısına və bütün "Azərbaycan” oxucusuna çatdırdı.

Əlbəttə, biz bu kitab haqqında, onun əhəmiyyəti, məqsəd və vəzifələri, tarixi dəyəri, siqləti və məziyyətləri haqqında danışacağıq. Ancaq elə buradaca ürəyimizi deşən bir fikri səsləndirmək istəyirik. Əlbəttə, heç şübhəsizdir ki, Şirməmməd Hüseynovun bir pedaqoq kimi, bir tədqiqatçı alim kimi, bir cəfakeş, tərəfsiz jurnalist kimi, bir ziyalı vətəndaş kimi, məsləkində və əqidəsində dönməz, sınaqlardan çıxmış dost, mehriban rəfiq, böyük bir tarixi dövrü və gerçəkliyi bir cümləsində eyham, mimika və jestlərin təmasında közələyib dəyər verən natiq kimi, həmişəsevər ailə başçısı kimi nəinki doğma Azərbaycanda, bütöv türk dünyasında bir nümunə olduğunu söyləsəm, səhv etmərəm, onu tanıyan hər kəs bizim fikirlərimizi dəstəkləyər. Nəinki onun fəaliyyəti, özü bir nümunədir, vətənsevərliyin etalonudur. Ancaq burada demək istədiyimiz odur ki, Şirməmməd Hüseynovun çap etdirdiyi "Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918-aprel 1920)” kitabı ( 3 cilddə) onun şah əsəridir, yaradıcılığının zirvəsidir. Tarixi gerçəklikləri, faktları və hadisələri arxivlərin "kodlaşdırılmış” gizlinlərindən tapıb üzə çıxarmaq, onların üzərindəki "yasaq tozu”nu silib qarşılıqlı əlaqə və bağlılıq, tarixilik və müasirlik kontekstində öyrənmək, tarixi gerçəkliyi zərurətdən doğan həqiqəti olduğu kimi yazmaq və onu çap etdirmək sizə o qədər də sadə və asan gəlməsin. Bu dövlət qayğısı və dəstəyinə söykənməklə Akademiyanın bir institutunun uzun illərə gerçəkləşdirə, görə biləcəyi bir iş olduğunu da söyləsəm, məni qınamazlar. Ancaq Şirməmməd müəllim bütün bu işi təkbaşına vətəndaş yanğısının və sevgisinin işığında, həm də öz maddi vəsaiti hesabına görüb. "Bir çox insanlar tanıyıram ki, hətta imkanları, övladlarının vəzifə gəlirləri ən yüksək formada olsa da , bu təqaüdü (Prezident təqaüdü-R.O.) alırlar. Cəmiyyətə, millətə verdikləri, üç badam bir qozdan artıq deyil. Bi kişiyə, yəni Şirməmməd müəllimə həmin təqaüdün beş qatını, on qatını da versən halaldır, bu cür fədakarlıq nümunəsinin adını hansı bənzətmə ilə təqdim etməyə həqiqətən də çətinlik çəkirəm. Danışdıqca aydın, diri, modern təfəkkürünə heyran qalırsan. Qeyd edim ki, tarixə, dəyərlərə baxışlarımız əsasən üst-üstə düşür və bu yeni düşüncəni arıq vücüdunda daşıyan dəyərli bir azərbaycanlını görəndə bizi nadanlıqları ilə işimizdən ayıran bir çox əzbərçi və vətənşivənçi məxluqlara ürəyim acıyır. Bu kişi əsl cümhuriyyət tarixini ortaya qoyur, gedib külli miqdarda dövlət vəsaiti hesabına təhrif olunmuş iki cildlik Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyası nəşr etdirmir. Bu kişi böyük Məhəmməd Əmin bəyi süar olaraq təqdim etmir, əməl olaraq, əsər olaraq təqdim edir. Üzeyir bəyi də, Zərdabini də, başqa millət fədailərini də eləcə…” (Fazil Mustafa millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru, "Şərq” qəzeti, 15 noyabr 2016).

Akademik, millət vəkili Nizami Cəfərov isə "525-ci qəzet”in 29 noyabr 2016-cı il tarixli nömrəsində professor Şirməmməd Hüseynova ünvanladığı açıq məktubunda belə yazır:

"Hörmətli Şirməmməd müəllim!

Sizin "Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel 1920)” kitabınızın nəşr olunmuş hər iki cildini (Bakı, 2015-2016) (o vaxt hələ üçüncü cildnəşr olunmamışdı-R.Orsər) əvvəldən sonacan cümləbəcümlə oxudum. Və əminliklə deyə bilərəm ki, bu hər şeydən əvvəl, kifayət qədər mükəmməl bir mətnşünaslıq işidir; ikincisi, eyni dərəcədə mükəmməl bir yazıçı-jurnalist işidir; üçüncüsü (və ən başlıcası) isə böyük bir vətəndaşlıq işidir ki, hər cür təqdirə layiqdir.”

Burda bir haşiəyə çıxmaq istəyirəm.

Böyük ədəbiyyatşünas Yaşar Qarayev "Tarix yaxından və uzaqdan” əsərində yazırdı:"Bizim ədəbiyyatda ağlın dastanına zirvə -Nizamidir; eşqin və qəmin faciəsinə meyar-Füzulidir; qeyrətin ağrısına, namus yanğısına timsal-Sabirdir; həm eşq, həm ağıl, həm də qeyrət üçün borcun, cavabdehliyin ölçüsünə əmsal-Cəlil Məmmədquluzadədir!...”

Demokratik Cümhuriyyətə, onun qurucularına, Milli mətbuata xalqın inkişafı və onun işıqlı gələcəyi üçün ömürlərini şam kimi əridənlərə diqqət və sevginin, varislik və qədrşünaslığın məhək daşı və simvolu Şirməmməd Hüseynovdur.

Milli –mənəvi və əxlaqi tərəqqimizdə müstəsna xidmətləri olan, indiki mqstəqil Azərbaycanımızın da mənəvi memarları Axundovlara və Zərdabilərə, Əlibəylərə və Ağaoğlulara, Sabirlərə və Cavidlərə, Nərimanovlara və Üzeyir bəylərə, Vurğunlara və Vahabzadələrə Şirməmməd Hüseynov sevgisindən böyük, ardıcıl və təmənnasız sevgi də tanımıram və onu tapmaq da çox çətindir.

O, bir jurnalist, publicist, tədqiqatçı alim kimi də əsl söz adamı-sözün öz adamı kimi düz sözə tapınıb, düz sözə sığınıb və həmişə də düz söz danışıb.

Yaşar Qarayev yazırdı: "… mənəvi mehvərdə, əxlaqla ovqatda "yer tərpənməsi” (zəlzələ) baş verəndə meyar və dəyərlərin səhmanı və nizamı da dağılır. Başla ayağın (papaqla çarığın) yeri dəyişəndə də loğmanla nadanın, bəylə gədanın bir –biri ilə yeri səhv düşür: çörəyi dizi üstə, namusu isə vəzifə kreslosunun üstündə olanlar "söz sahibi olurlar”. Yenə bir haşiyə.

Adamlar və kreslolar bir tərəfdə qalsın, bir yandan da sözlərin yaddaşı itir, sözlərin mənası, sırası, yeri (işlənmə dairəsi və məqamı da bir yandan) səhv düşür. Üç sözü gündəmə gətirək, onların gözlərinin içinə baxıb da əsl həqiqəti söyləyək: "demokratiya”, "azadlıq”, "müstəqillik”. Artıq həmin sözlərin təkcə şərti məcazi mənası qalıb. Konfutsi yazırdı ki, "Sözlər öz mənasını itirəndə isə xalq azadlığını itirir”. Bu bir su saflığı qədər hər kəsə aydındır ki, sözün azadlığı-onun öz dəqiq mənasını ilahi qüdrətindən aldığı çaları tam və sərbəst daşıya bilməsindədir. Hər söz gərək öz mənasında, öz kökü üstündə zühur edə, işlənə bilsin. Bəli, "azadlıq” sözü də məhz bu mənada öz azadlığını itirmiş sözlər sırasında özünə yer almışdır. Ancaq müxtəlif qüvvələr öz azadlıqlarının məstliyində və xumarında onu istədiyi şəkildə, istədiyi məqamda istifadə edə bilir. Hər söz kimi hər kəs də gərək hərəsi öz sahəsində, hərə öz işi ilə məşğul olsun.

Şirməmməd Hüseynov həmişə sinəsini qabağa verir. Ömrünün onuncu onilliyində Məhəmməd Əminə, Üzeyir bəyə, Həsən bəy Zərdabiyə, Cəlil Məmmədquluzadəyə, Ömər Faiqə, Əli bəy Hüseynzadəyə, Əhməd Ağaoğluna və başqalarının sözünə nə qədər ehtiyacımızın olduğu qənaətinə gəlir, üçcildliyi oxucuların ixtiyarına verir. Bu ölməzlərin fikir və düşüncələrini bu günkü və gələcək nəsillərə çatdırır.

Yenə Şirməmməd Hüsynov irəli çıxır, haqq sözə yiyə durur.

Sözün öz adamı kimi onun harayına çatır, sözü öz ampulasında- öz dəqiq mənasında, ilahidən, qüdrətdən aldığı çalarda canı, qanı və qələmi ilə xalqının yaddaşına yönəldir, düz sözü meydana çəkir və düz sözə qulluq göstərir. Çünki Şirməmməd müəllim sözün öz adamıdır.

Akademik Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov yazır: "Hər bir istedadlı insan, hər bir güclü yaradıcı ömür möhləti boyu hansısa şah əsərini yaradır. Bu onun gənclik illərində də baş verə bilər, ahıllığında da, ixtiyar sinnində də.

Zəka, ilham sahibinin yaradıcılıq yolu uzun da çəkə, onun şah əsərinin ortaya çıxması həyatının erkən çağına da, yolun ortasına da təsadüf edə bilər, yaxud arzulanan şah əsərin ömrün sonlarına doğru təcrübələrin yekunu kimi meydana gəlməsi də mümkündür.

Şirməmməd müəllim şərəfli ömür yaşayıb, çox layiqli bir alim, xoşbəxt bir müəllim həyatı sürüb və onun yetirmələri, tələbələri Azərbaycan boyuncadır.

Şirməmməd müəllim örnək sayılası ailə başçısı ömrü yaşamaqdadır, Azərbaycana çox dəyərli balalar bağışlayıb.

Və ilk gəncliyindən əli qələmli olub, usanmadan işləyib, bolluca məqalələr, kitablar yazıb. Amma Şirməmməd müəllimin ömrünün, düşünürəm ki, şah əsəri bu üç kitabdır. Hərçənd, Şirməmməd müəllimin doğruluğu və sanbalına, çəkisinə, dəyərinə görə elə bu üçcildliyə bərabər tutulası Məhəmməd Əmin Rəsulzadənin əsərlərindən ibarət cildləri də var. Amma bu üçcildliyin sanbalı, məna yükü, mahiyyəti tamam başqadır” ( "525-ci qəzet”, 4 noyabr 2017-ci il)

İndi gələk əsl mətləb üstünə. Yuxarıda da qeyd etmişdik ki, bütün keçən dövr ərzində Azərbaycan Xalq Cümhuriyyətinin mənbəşünaslığı sahəsində yeganə tarixi mənbə 2 cildlik "AXC Parlament” kitablarıdır. Bu tarixi hadisədən iki on illiyə yaxın vaxt axarında yorulmaz tədqiqatçı alim professor Şirməmməd Hüseynovun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tarixinə dair son dərəcə qiymətli mənbə sayılan üçcildliyi işıq üzü gördü.

Bəs eyni məqsədə yönəlik, eyni mənbədən qaynaqlanan bu iki nəşr bir-birini təkarlamır ki?

Birbaşa deyirik, əsla yox!

Tarix elmləri doktoru, profesor Solmaz Rüstəmova-Tohidi yazır: "... yeni kitab (Şirməmməd Hüseynovun üçcildliyi-R.O.) bir sıra cəhətlərinə görə 1998-ci ildə buraxılmış 2 cildlik AXC Parlament hesabatları nəşrlərindən fərqlənir. İlk növbədə, latın qrafikasında dərc olunmaqla həmin sənədlərin ən geniş miqyasda müasir və gələcək azərbaycanlı oxucular tərəfindən asan oxunmasını və anlaşılmasını mümkün edir.

Daha sonra, Azərbaycan parlamentinin çoxşaxəli, canlı və eyni zamanda gərgin fəaliyyəti müxtəlif siyasi qüvvələri və maraqları təmsil edən Parlament fraksiyalarının, parlament komissiyalarının və ayrı-ayrı millət vəkillərinin işi, hökumət başçıları və nazirlərlə Parlament arasında münasibətlər və s. məsələlərə dair tarixi bir mənbə olmaqla yanaşı, bu kitab digər bir funksiya da daşıyır. Belə ki, Qanunvericilik orqanı kimi Parlamentin mahiyyəti və əhəmiyyəti, Azərbaycanda parlamentarizm ənənələrinin tarixi artıq öz işinə başlamış Məclisi-Məbusanın fəaliyyətinin mütəmadi olaraq Azərbaycan cəmiyyətinə çatdırılması, bu fəaliyyətin geniş ictimaiyyətdə oyatdığı təəssürat və b. bu kimi məsələlərin öyrənilməsi baxımından "Azərbaycan” qəzetində dərc edilmiş yazılar, rəsmi sənədlər, elanlar və nəhayət , müəllif məqalələri heç də Parlament iclaslarının stenoqramlarından az əhəmiyyət kəsb etmir” ("Azərbaycan” qəzeti, 4 mart 2016-cı il)

Bu yerdə bir sıra məqamlara (özü də kəskin fərqli məqamlara) diqqət çəkməyi münasib bildim.

1998-ci ildə Məclisi-Məbusanın stenoqramları çap olunub. Böyük zəhmət və dövlət vəsaiti sərf olunub. Biz bunu alqışlayırıq.

"Görülən işdən gül iyi gələr”- deyiblər. İrəliyə doğru atılan hər bir addım yeni müjdələrin xəbərçisi olduğu fikrini də qəbul edirik.

1998-ci ildə Məclisi-Məbusanın stenoqramları həm Azərbaycan, həm də rus dilində çap olunub. Hər iki kitab yarımçıq səciyyə daşıyır. Eyni zamanda cildlərin hazırlanmasında tərtib xətalarına yol verilmişdir ki, həmin nəşrdə azərbaycanca cilddə yalnız azərbaycan dilində olan çıxışlar verilib, rusca nəşrdə isə rus dilində edilən çıxışlar yer alıb. Deməli, hər iki kitab-azərbaycanca cildi də, rusca cildi də natamamdır, yarımçıqdır.

2 cildlik stenoqramlardakı kobud qüsurları oxuyanda belə təsəvvür yaranır ki, həmin materialların çoxunu heç redaktor kimi Seyidağa Onullahi də oxumayıb. Nəşrdə elə səhvlərə təsadüf edilir ki, o səhvlərin orta əsrlər tarixi üzrə sayılıb-seçilən mütəxəssis olan professor Seyidağa müəllimin nəzər-diqqətindən qaçmağına adamın inanmağı gəlmir.

1998-ci ildə nəşr edilmiş 2 cildlik parlament hesabatları kiril əlifbasında çap edilmişdir. Materialları nəşrə Bakı Dövlət Universitetinin müəllimi Səfər İbrahimov hazırlamış, yəni mətnləri ərəb əlifbasından kirilə köçürməklə işini sonlamışdır.

Protokollarla tanışlıq da göstərir ki, Məclisi-Məbusanda danışanların buraxdığı müəyyən üslubi səhvləri əlüstü islah edən stenoqrafistin-tezyazarın da yazılarında yanlışlıqlar az deyil. Həm də nəzərə alsaq ki, Parlamentdə 10 nəfər stenoqrafçı-6-sı Azərbaycan, 4-ü isə rus dilində-işləmiş (heç şübhəsiz ki, bu 10 nəfər stenoqrafistin ustalığı, peşəkarlığı və ümumi hazırlığı eyni olmamışdır), daha sonra parlament katibləri stenoqrafik yazılar üzərində düzəlişlər aparmış (müəyyən təhriflərə yol vermiş) və nəhayət, hesabatların üzü köçürülmüş variantları hazırlanmışdır.

1998-ci il nəşrində bəzən mətnlərdəki uyğunsuzluqlar-ayrı-ayrı sözlərin səhv oxunuşu da yer almışdır. "Parlament” kitabının mətnlərində saysız naqisliklər: bütöv cümlələrin, yaxud sətirlərin nəzərdən qaçırılması, ayrı-ayrı söz və ifadələrin düzgün oxunmaması səbəbindən tamamilə əks mənalar alınması, leksik, fonetik qüsurlar, fars, ərəb mənşəli sözlərin müasir sözlərlə əvəz olunması, eyni zamanda mənbəşünaslıq baxımından yolverilməz olan bir sıra redaktələr və s. kitabın sanbalına xələl gətirməklə onların üstünə kölgə salırdı.

Tarix elmləri doktoru professor Solmaz Rüstəmova-Tohidi "Azərbaycan” qəzetinin 4 mart 2016-cı il tarixli sayında dərc edilmiş "Millətimiz özünü göstərəcəkdir! Azərbaycan parlamentinin tarixinə dair qiymətli kitab” adlı dəyərli məqaləsində yazır: "... bir peşəkar arxivist-tarixçi kimi Şirməmməd Hüseynovun eyni zamanda iki iş gördüyünü üzə çıxarır. Belə ki, öz kitabı üzərində işləyərkən Şirməmməd müəllim "Parlament” kitabında rastlaşdığı qüsurların üstündən keçməyərək, həmin mətnlərin üzərində köhnə əlifbanı və o dövrün dil-üslub xüsusiyyətlərini dərindən bilən təcrübəli bir redaktor işi görüb”.

Şirməmməd Hüseynovun kitabında-üçcildliyində istər "Azərbaycan” qəzetinin müəllif yazılarının, istərsə də Parlament iclaslarında çıxış etmiş millət vəkillərinin nitqlərinin dil-üslub xüsusiyyətləri olduğu kimi qorunub saxlanılmışdır.

Hər yazının sonunda müəlliflərin mətndə işlətdikləri ərəb-fars mənşəli sözlərin lüğətini vermişdir.

1998-ci ildə buraxılmış 2 cildlik AXC Parlament hesabatları nəşrlərindən fərqli olaraq, Azərbaycan tarixinin əvəzsiz bilicisi, neçə-neçə jurnalist və alimlər nəslinin güvən yeri, mətnşünas Şirməmməd Hüseynovun üçcildliyi latın qrafikasında dərc olunmuş, həmin sənədlərin ən geniş ölçüdə çağdaş və gələcək azərbaycanlı oxucular tərəfindən asan oxunması və başa düşülməsi-anlaşılması təmin olunmuşdur.

Üçcildlik Azərbaycan parlamentinin çoxşaxəli və çoxsahəli, canlı, həm də gərgin fəaliyyəti haqqında ən doğru-dürüst məlumatların ötürücüsünə çevrilir.

Parlamentdə təmsil olunan müxtəlif siyasi qüvvələri və maraqları təmsil edən Parlament fraksiyalarının, parlament komissiyalarının, eyni zamanda ayrı-ayrı millət vəkillərinin işi, fəaliyyəti, onların parlament iclaslarındakı çıxışları və mövqelərini öyrənmək baxımından əvəzsiz mənbə olduğunu isbatlayır. Bu kitablar hökumət başçıları və nazirlərlə Parlament arasındakı münasibətləri öyrənmək baxımından da ən qiymətli mənbə rolunu oynayır.

Akademik Nizami Cəfərov "525 –ci qəzet”in 29 noyabr 2016-cı il tarixli sayında dərc etdirdiyi "Professor Şirməmməd Hüseynova açıq məktub”unda yazır: "Sizin kitabınızda hesabatlar və şərhlər elə məharətlə düzülmüşdür ki, sanki milli istiqlal mövzusunda sənədli roman-epopeya oxuyursan... Hadisələr, mübahisələr, münaqişələr bir süjet ətrafında cərəyan edərək dövrün canlı mənzərəsini yaradır. Müxtəlif firqələr, millət vəkilləri, hökumət üzvləri barədə yaranan təsəvvürlər yalnız tarixi yox, həm də bədiidir. Və ona görə də bu əsər "Stenoqrafik hesabat”, yaxud tərtib janrının hüdudlarına qətiyyən sığmır desəm, görünür elə də ciddi səhv etmərəm”.

Qanunvericilik orqanı kimi Parlamentin mahiyyəti və əhəmiyyəti, Azərbaycanda parlamentarizm ənənələrinin tarixi, Məclisi Məbusanın fəaliyyətinin ardıcıl və sistemli şəkildə çatdırılması baxımından "Azərbaycan” qəzetində dərc edilmiş yazılar, rəsmi sənədlər, elanlar və nəhayət müəllif məqalələri də Parlament iclaslarının stenoqramları ilə üzv vəhdətdə üçcildliyə daxil edilməsi bu triadanın əhəmiyyət və dəyərini, onun tarixi və mənəvi sanbalını iki qat artırır.

Üçcildlik Azərbaycan Parlamentinin açılması hadisəsini ümumxalq bayramı səviyyəsində qəbul edildiyini, "Azərbaycan” qəzetinin istər xalqın bu hadisəyə münasibətini, istərsə də parlamentin açılışının təntənəsini öz səhifələrində geniş şəkildə əks etdirir ki, bunlar 1998-ci ildə buraxılmış 2 cildlik AXC Parlament hesabatları nəşrlərində yoxdur. "Şərhlər” ifadəsi altında nəzərdə tutulan müxtəlif məzmunlu və ünvanlı müəllif yazıları xülasələr, hətta felyetonlar ilk dəfə olaraq üç cildlikdə Azərbaycan oxucularına çatdırılır.

Hər kəsə bəllidir ki, tekstoloqlar da stenoqraflar kimi mətnə soyuqqanlı və ehtirassız yanaşırlar. Ancaq Şirməmməd müəllimin triadasını-"Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər”ini oxuyanda heyrətə gəlirsən. Ona görə ki, bu kitablarda tədqiq olunan mövzuya dərindən və miqyaslı bələdliklə yanaşı qədirşünaslıqla yüksək ümumiləşdirməyə gətirib çıxaran vətəndaş sevgisi, milli bir ehtiras və milli kökə bağlılıq vardır ki, dərhal oxucunu düşünməyə, düzgün nəticə çıxarmağa, haqqa tapnmağa səfərbər edir. Oxucunun qavrayışına müsbət impulslar ötürür.

Kitablarda verilmiş Azərbaycan Məclisi-Məbusanının, eyni zamanda Parlamanının təntənəli açılışı, təmiz olduğu qədər də böyük arzu və istəklərdən, ümidlərdən yaranan ilk və hərtərəfli nitqləri, Cümhuriyyətin bütün regionlarından gələn, sevinc və sevgi dolu təbrik məktublarını bu gün də yüksək həssaslıq və həyacanla oxuyursan. Hər bir çıxış, söylənən nitq oxucunu Parlamanda keçən qaynar və qızğın müzakirələrə ekskurs etməsinə bələdçilik edir.

Yeni hökumətin təşkil edildiyi iclasda baş nazir Fətəli xan Xoyski gurultulu və sürəkli alqışlarla qarşılanan tarixi və öz məntiqli çıxışı, tarixi xəbərdarlığı ilə yaddaşlara hakim kəsilir: "... hökumət qarşısında duran məsələlərin ən mühümmü istiqlalımızı müdafiə məsələsidir. Məmləkətin hər guşəsindən, millət içindən gəlmiş siz məbuslar da bu fikirdəsininz, bütün millətin zehnini hamıdan artıq işğal edən bu məsələdir. Hökumət isə bu məsələyi gözlərinin bəbəyi kimi qoruyacaqdır...”

Həmin iclasda söz alan M.Ə.Rəsulzadə ölkədə həm daxili, həm də xarici vəziyyətin ağır olduğunu məbusların diqqətinə çatdırdıqdan sonra qan və can yanğısıyla deyir: " Fəqət biz göz bəbəği kibi müdafiə olunacaq istiqlaliyyətimizin hər fitnəyə qarşı müdafiə olunacağını ümid edirəm. Bu əzmdə yalnız bir hökumət degildir. Bütün millət bu əzmdədir. Bu gün bizim istiqlalımızı tanımaq istəməyənlər həqiqi demokrat degildirlər...”

Siyasi-ideoloji mübarizənin təcrübəli və yenilməz cəngavəri Əhməd bəy Ağaoğlunun döyüşkən səsi gəlir: "Möhtərəm əfəndilər! Bəndən əvvəlki natiq, möhtərəm rəfiqim hökumət həqqində pək həssas, pək sıcaq bir nitq irad etdi ki, möhtəviyyatına şərik oluyoram. Fəqət onunla bənim aramızda bir fərq var ki, onun atəşi çox, bənim atəşim sönmüş, o, gəncdir, mən ixtiyar. Onun bir az göylərdə gəzməyə həqqi var. Bən isə yeri görməyə məcburam”.

Əhməd bəy Ağaoğlu sözünə davam edərək deyir: "Hökumətin bəyannaməsində söylədiyi Azərbaycan istiqlalı bizim həpimizin əfzəli-amalımızdır. Hər bir kəndi şərəfini, kəndi amalını bilən azərbaycanlı bunu duymalı və bu yolda olmalıdır (Alqışlar). Lakin bu amalın ölməməsi və onun qövldən-felə gəlməsi üçün birinci amil belə hökumət kəndisidir... Gecə qaranlıq, fırtınalar oluyor, biz də bir taxta para kibi fırtına içində yuvarlanıyoruz... Bu taxt paranın üzərində iki milyonluq Azərbaycan, onun şərəfli, qadınları və cocuqları bulunuyor. Bunları xilas etməklə böyük bir vəzifə ifa etmiş oluyoruz...”

Natiqlər və çıxışçılar bir-birini əvəz edir, səslər və simalar dəyişir. Dəyişməyən Azərbaycanın istiqlalı məsələsidir. Məbusanların, iclasa dəvətlilərin, iştirakçı qonaqların çıxış və simaları gözlərin önündə canlanır. Kimin kim olduğunu, hansı mənsəbə, nəyə qulluq və xidmət göstərdiyini özün görür, duyur və tanıyırsan. 70 illik sovet yalanının bizi hansı oyunlara saldığını, hansı "havalara” oynatdığını görürsən və heyrət içində təəccüblənirsən.

Üzeyir Hacıbəylinin "Azərbaycan” qəzetinin 7 dekabr 1918-ci il tarixli 58-ci sayında dərc olunmuş "Tarixi günümüz” adlı məqaləsində oxuyuruq: "İstiqlalımızın felən yürüdülməsinə qarşı bu günkü cahan zorluları tərəfindən məmaniətlər göstərilmiyorsa da, qəbuluna da hələ qol qoyanlar yoxdur. Məsələnin həlli, istiqlalımızın rədd və ya qəbulu gələcək sülh konfransının baxacaq işlərindəndir...”

Müəllif fikrini davam və inkişaf etdirərək yazır: "Bir tərəfdən dəxi Türk-Azərbaycan Cümhuriyyətində vətəndaşcasına yaşamaq, asayiş və istirahətimizin təmini yolunda əl-ələ verib çalışmağa dəvət etdiyimiz qeyri-müsəlmanlar arasında öylələri tapıldı ki, uzatdığımız ələ arxalarını çevirib parlamanımızı və hətta Cümhuriyyətimizi belə "namüssəm” ədd edərək istiqlalımıza qarşı bədxah olduqlarını indidən bildirdilər. Bunların içində hətta "baykot” sözünün istemalı kimi qabalıq və nəzakətsizlik göstərənlər də olmadı deyil...”

Məclisi-Məbusanın birinci iclasında hökumətin bəyənnaməsinə "İttihad” partiyasının nümayəndəsi doktor Qara bəy Qarabəylinin münasibəti və çıxışı milli istiqlalımızı həzm və qəbul edə bilməyənlərlə heç nəyi ilə fərqlənmir. O, "İttihad”ın mövqeyini belə ərz etmişdi: "Şimdi biz etimadnaməmizi cibimizə qoyub saxlıyoruz. Nə vəqt hökumət layiqli olduğunu göstərərsə, biz də o vəqt etimadımızı bəyan edəriz.”

Ümumilikdə isə Cümhuriyyət parlamentinin iclaslarında gedən mükalimələri oxuduqca doğma xalqının böyük şəxsiyyətlərinin xarakter, milli mübarizə əzmi, mürəkkəb beynəlxalq hadisələrdən baş çıxarmaq, düzgün, həm də bəşəri seçim etmək, onları ardıcıl, ümumbəşəri dəyərlərlə həyata keçirmək istedadı ilə təkrar-təkrar qürrələnirsən.

Üçcildlikdə toplanmış materialları oxuduqca ruhun, hissin, düşüncələrin diksinir. Sözsüz ki, Şirməmməd müəllimin fədakarlığının və yuxusuz gecələrinin işığında.

Triadaya üç və ya bir neçə iclasdan sonra dahi Üzeyir Hacıbəylinin şərh-təəssüratları daxil edilmişdir ki, bunlar da bir-birini tamamlamaqla doğru-düzgün nəticələrə yön verir. Üzeyir Hacıbəylinin həmin şərh və təəssüratları bir xalq müdrikinin hadisələrə reaksiyası olmaqla, həm də düzgün istiqamət göstərmək istəyindən irəli gəlir ki, bunun eyni zamanda "Azərbaycan” qəzetinin məramı da olduğunu təsdiqləyir.

Akademik Nizami Cəfərov yuxarıda xatırlatdığımız "Professor Şirməmməd Hüseynova açıq məktub”unda yazır: "Mən heç şübhə etmirəm ki, sizin kitabınızın bir qəhrəmanı Cümhuriyyət Parlamentidirsə, digər qəhrəmanı onun qeyri-rəsmi orqanı "Azərbaycan” qəzetidir və bunu kitabınızın ikinci cildinin "Ön söz”ündə özünüz də aydın bir şəkildə göstərmiş, M.Ə.Rəsulzadənin aşağıdakı fikrini xatırlatmısınız:

"Azərbaycan” mühərrirləri böyük bir xülus və safiyyətlə əllərində tutduqları qələm ilə ancaq bir hədəf və bir qayəyi gözlərinin önündə bulundurmuşlardır ki, o da məmləkətin səlaməti, millətin hürriyyəti-siyasiyyəsi, fikri-istiqlaliyyətin qüvvətlənməsidir.

Bu üç şüar bittəb bu gün əfradi-millət arasında söylənib təkrar edilməkdə və mətbuat isə bunu tərbiyə eləməkdədir”.

Milli Məslisin Mədəniyyət Komitəsinin sədri akademik Rafael Hüseynov "Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918-aprel 1920)” kitabının III cildinin təqdimat mərasimindəki çıxışında çox haqlı və yerində sual verməklə cavabını da özü verir:

"Bəs o stenoqramlarla (2 cildlikdəki-R.O) "Azərbaycan” qəzetində dərc edilən hesabatların mənası və dəyəri büsbütün başqadır. Bunlar hamısı Məhəmməd Əmin və Üzeyir bəylərin redaktə süzgəcindən keçərək dərc olunub.

Natiq sözünə davam edərək əsl mətləb üstünə gəlir: "...Qəfildən qarşımıza bu məsələlər və mətləblərlə həmahəng gələn, heç parlamentdə olmayan Fərhad Ağazadənin məqaləsi çıxır və sanki həqiqətlərə əlavə bir pəncərə taybatay açılır. Ya Məhəmməd Əmin Rəsulzadənin özünün, yaxud Üzeyir bəy Hacıbəylinin parlament divarları arasında səslənmiş, müstəqil məqalə kimi işıq üzü görmüş yazıları parlament hesabatları konteksinə qovuşur, həmin andaca mətnin ahəngi, ritmi dəyişir, yeni məna qatları ortaya çıxır, xeyli qaranlıq suallara aydınlıq gəlir. " ("525-ci qəzet”, 4 noyabr 2017-ci il).

Fikrimizcə, Şirməməd Hüseynov "Parlament hesabatları” triadasını geniş oxucu auditoriyasına təqdim etməklə bir böyük institutun, elmi mərkəzin görə biləcəyi işi o dövrün hadisələrinə, ayrı-ayrı şəxsiyyətlərinin əqidəsinə, qələminə, düşüncə tərzinə dərindən bələdliklə müqayisəsiz səriştə və vurğunluqla yerinə yetirmişdir. Düşünürəm ki, şərəfli istiqlal tariximizə adının fəxri siyahıya daxil edilməsi üçün Şirməmməd müəllimin bu triadaya çox səxavətlə qatdığı gözlərinin nuru və sərf etdiyi "ürək yağı” yetərlidir.

Şirməmməd müəllimin "Parlament hesabatları”nda tarixi gerçəklər əyaniliyin güzgüsündə düzgülənir və fokslaşır.

"Milli yaddaş daşıyıcısı, bir mənəviyyat körpüsü, Azərbaycanın dünəniylə indisi, istiqlalımızın qaynaqları ilə bu gün arasındakı körpü” (akademik Rafael Hüseynov)- Şirməmməd müəllim "Parlament hesabatları”nı nəşr etdirməklə bir sıra tarixi gerçəklikləri şölələndirməklə həqiqiətin zühurunu da təmin elədi.

Şirməmməd müəllimin təqdimatında bu yazıları oxuduqca qeyri-ixtiyari olaraq tarixə ekskurs edir, o məşəqqətli illərin axarında müqəddəslərimizin hansı şəraitdə necə mübarizə apardıqlarını, hansı keçilməzlərdən keçdiklərini görürsən. Parlament iclaslarının səlnaməsindən hər kəsin milli istiqlalımızın və müstəqilliyimizin mücahidlərinin də, onların əleyhdarlarının da səsini eşidir, hətta üz ifadələrini də görürsən və özün üçcildliyin bələdçiliyi ilə bu günümüzdə eşidir, duyur və anlayırsan ki, millət olaraq, hansı "dağlardan” aşmışıq, hansı yarğanlardan, hansı "dərələrdən” hansı "körpülərdən” keçmişik. Vətən tarixində millətin, yurdun, el-obanın tarixi taleyinə münasibətdə bir-birinə əks qütblərdə kimlər qərar tutub, istiqlal yolumuzda hansı mübarizələrdən keçib gəlmişik, hansı toqquşmalar, çarpışmalar və hansı təzadlı baxışlar olub.

Bu kitabları oxuduqca bugünkü istiqlalımızın, yenidən qazandığımız bu müstəqilliyimizin təməlində hansı barışmaz mübarizələrin dayandığını, hansı dramatik ayların, günlərin, saatların, dəqiqələrin biri-brini əvəzlədiyini də görürsən və yəqin edirsən ki, onlar olmasaydı, bu dövlət də olmazdı. Heç şübhəsi yoxdur ki, o müqəddəslərimiz Azərbaycan istiqlalını elan etməsəydilər, bir il on bir ay yaşayacaq müstəqil dövlətimizi qurmasaydılar, keçmiş SSRİ-nin tərkibində nə Azərbaycan Sovet Respublikası olmayacaqdı nə də biz 1998-ci ilin 18 oktyabrında dövlət müstəqilliyimizi yenidən elan edə bilməyəcəkdik.

Xalqlar həbsxanası-SSRİ dağılanda onun tərkibindən müstəqil dövlət kimi çıxmağımızın təməldaşları da onlar və onların ideyaları olmuşdur.

Şirməmməd Hüseynovun üçcildliyindən aldığımız ilk və ən böyük dərs budur. Bizcə Şirməmməd müəllimin də ilk öncə gəldiyi qənaət, oxucularına təlqin etmək istədiyi budur ki, bizim bu gün müstəqil dövlətimiz varsa, buna görə o qurucu insanlara, müstəqilliyimizə və onun daha da möhkəmlənməsinə sinələrini sipər edərək gözbəbəyi kimi qoruyanlara, onu təmənnaısz məhəbbət və sevgiylə sabahlara daşıyanlara borcluyuq. Hər an buna səfərbər olmalıyıq.

Şirməmməd müəllimin "Parlament hesabatları”nın cildlərindən əldə etdiyimiz ikinci ən böyük dərs xalq üçün, tarix üçün gərəkli, xalqa, millətə xidmət edəcək yaxşı qəzeti-mətbuat orqanını necə buraxmaq olar sualına "Azərbaycan” adlı qəzetin nümunəsində gəldiyi qənaətlər və onun səhifələrində dərc olunan materialların bu günümüz üçün də aktuallığını qoruyub saxladığını, bu yöndə də "Azərbaycan” qəzetinin bir nümunə olduğunu təlqin etməsidir.

Böyük müəllim, fədakar, yorulmaz tədqiqatçı alim Şirməmməd Hüseynov üçcildlikdə "Azərbaycan” qəzetinin XX əsrin əvvəllərindəki (noyabr 1918-aprel 1920) fəaliyyətinə işıq tutaraq üstündən zamanlar keçəndən sonra da salnamə sayılacaq, tarixin bərpa olunması üçün mənbəyə çevriləcək, saralıb solsa da mahiyyətcə köhnəlməyəcək, yeni çağdaş zamanla da ünsiyyətə girə biləcək qəzet və jurnalın necə olmağını göstərir və sanki tribunadan, özünəməxsus alicənablıq, bir qədər də kədər və qınaqqarışıq səslənir: "Maraqlananlar üçün faydasız olmaz”.

Bu dördcə kəlmə söz əsl oxucuda yaddaş effekti yaradır və Şirməmməd müəllim tələbələrinə, həm də oxucularına səslənir ki, qələm götürüb qəzet, jurnal buraxanda bir an da olsun zamanı gələnə qədər hər suala cavab tələb edən tarix qarşısında məsuliyyətinizi unutmayasınız. Necə ki, bunu Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Ceyhun bəy Hacıbəyli "Azərbaycan” qəzetinin səhifələrində vətən, millət sevgisinin işığında ürəklərinin atəşi ilə etmişlər.

Bütün varlığı ilə Vətən işığına çevrilən Şirməmməd Hüseynov Azərbaycanda Əbdülkərim Əlizadənin, Tahir Məhərrəmovun, Məmmədağa Sultanovun, Nəsrəddin Qarayevin, Əbülfəz Rəhimovun, Qulam Məmmədlinin, Əziz Mirəhmədovun və bir sıra başqalarının yaratdıqları mətnşünaslıq məktəbinin səngiməkdə olan ocağını gurlandırdı, bu ocağa yeni atəş, yeni işıq mənbəyi verməklə bu üçcildliklə nadir mətnşünaslıq abidəsini yaratdı və çox vaxtında Vətən, xalq, millət, azadlıq və istiqlalsevərlərə ərmağan etdi.

Bu üçcildliyin ən ümdə təlqinlərindən biri Şirməmməd Hüseynovun Azərbaycan tarixinə, Azərbaycan millətinə, istiqlalımıza, istiqlalımız yolunda canlarını belə əsirgəməyən qurucu babalarımıza, onların əqidəsinə, mübarizə yoluna, inam və imanlarına, böyük kişilərin ruhuna olan sədaqətin, ehtiram və etibarın təcəssümü, bir də onun təntənəsidir.

Şübhə etmirik ki, bu üçcildliyin təməlində və onun nüvəsində bütün yaşlarında Şirməmməd müəllimin azadlığa təşnə ürəyini döyündürən böyük EŞQ dayanır. Bu gün də onu yaşadan, gənclik ehtirası ilə çalışdıran elə o böyük EŞQ-dir. Tanıdığımiz qədərincə o, əlinə qələm alıb nə bir söz yazıb, nə də bir söz deyib.

Və hərdən mənə elə gəlir ki,millətimin Şirməmməd müəllimi-istiqlal aşiqi Vətən, xalq sevgisinin, böyük EŞQ-in yeriyən canlı abidəsidir.

Böyük yaradan Şirməmməd müəllimi xalqımıza bəxş edib ki, yurddaşları, vətənsevərlər, istiqlalpərvərlər onun bu nümunəsindən yararlansınlar və onun məktəbinin işığını daha da gurlandırsınlar.

Ramiz Orsər