BU iL "DONUZ", GƏLƏN iL "EŞŞƏK QRiPi"

AQİL ABBAS
37657 | 2009-10-30 00:19
ABŞ başda olmaqla dünyanın super gücləri öz elmi laboratoriyalarında hər il dürlü-dürlü xəstəliklər yaradır, sonra bu xəstəlikləri ikinci və üçüncü dünya ölkələrində yayır. Bu xəstəliklər milyonlarla insanı şikəst edir, öldürür və sair və ilaxır. Əvvəllər təcrübələri heyvanlar üzərində aparırdılarsa, indi bu təcrübələri ikinci-üçüncü ölkələrin və özlərinin kiçik saydıqları xalqların üzərində aparırlar. Yəni belə dövlətlərin gözündə bizlər təcrübə dovşanından başqa bir şey deyilik.
   
   Mən nə ABŞ-a, nə də digər super güc dövlətlərə böhtan atmıram. Bunları Hollivudun və Avropa dövlətlərinin kinostudiyalarının çəkdiyi filmlərdə dəfələrlə görmüsünüz və onlarla belə filmin adını çəkmək olar. Bu böyük bir terrordu. Biri birbaşa insanlığın kökünü kəsən terrordu, biri də iqtisadi terror. Yəni bir ölkə ilə iqtisadi savaşda uduzduqlarını görən kimi dərhal bir xəstəlik kəşf edirlər və həmin ölkənin adı ilə bağlayıb dünyaya yayırlar. Dünyanın digər ölkələri də ehtiyatlanır, həmin ölkəyə gediş-gəliş dayanır, həmin ölkənin istehsal etdiyi mallara yasaq qoyulur və sair və ilaxır. Məsələn, "Çin tozu".
   
   Hər il də yeni bir xəstəlik ortaya atılır. "Çin tozu", ardınca "Sibir xorası", sonra "Quş qripi", indi də "Donuz qripi".
   
   Məsələn, keçən iki ildə "Quş qripi"ndən ən böyük zərbəni qardaş Türkiyə aldı. Həm dünyaya quş əti ixracı dayandırıldı, həm də Türkiyədə bütün toyuq-cücəni qırıb-qurtardılar. İndi qardaş Türkiyədə quş əti qırqovul ətindən defisit olub.
   
   Nə oldu "Çin tozu", nə oldu "Sibir xorası", nə oldu "Quş qripi"? Quşları sağaltdılarmı, peyvənd etdilərmi? Doktor Aybolitmi tapdılar? Bəs, niyə indi quşlar qrip olmur, niyə adamlar "Quş qripi"nə tutulmur?
   
   Və təbii ki, həmin xəstəlikləri icad eləyən super güclərin bu əməliyyatlarda qazandıqları paraları isə biz indən belə iyirmi il neft satsaq da qazana bilmərik.
   
   Onu da deyim ki, nə qədər ehtiyatlı olsalar da, bəzən çanaq öz başlarında da çatlayır. Məsələn, ABŞ-ın və Avropa dövlətlərinin Rusiyanı və bizim kimi dövlətləri çökdürmək üçün neftin qiymətini birdən-birə 100 dollar yendirərək yaratdıqları iqtisadi böhran öz başlarında çatladı. Rus xalqı onsuz da kasıb yaşamağa öyrənib, borşu var bəsidi. Amma özlərinin yağ içində böyrək kimi bəslənən əhalisi bu iqtisadi böhrandan daha çox əziyyət çəkdi və çəkir.
   
   İndi bir "Donuz qripi" yaradıblar və atıblar ortalığa. Yavaş-yavaş üzü bəri gəlir. Hazırda qardaş Türkiyənin "qonağıdı" və bu "qonaq" Türkiyəni nə duruma salıb, hər hansı bir Türkiyə telekanalına baxsanız şahidi olarsınız. Məktəblər bağlanıb, insanlar daha bir-birinə salam da vermirlər, bir-birindən iyrənirlər, xalq panik içindədi. Və kim də yıxılıb ölürsə, adını qoyurlar "Donuz qripi"ndən ölüb. Sonra məlum olur ki, yazığın ürəyi xəstə imiş. Hazırda Türkiyə ABŞ-a 40 milyon aşı (peyvənd) sifariş verib. Bu da neçə milyard dollar puldu. Onsuz da AKP hökumətinin səriştəsizliyi nəticəsində iqtisadi böhran içində çabalayan Türkiyəyə bu qədər pulun nə olduğunu başa düşmək çətin deyil. Amma bunun da bir problemi çıxıb, çünki Türkiyənin ağıllı tibb alimləri və həkimləri bildirirlər ki, bu peyvəndlər zərərlidi, insan bədənində başqa fəsadlar yaradır və sair və ilaxır. Əslində bunun içində bir həqiqət də var.
   
   Azərbaycanda da çox görkəmli alimlərimiz və həkimlərimiz var, yəqin ki, onlar da bu məsələyə ciddi yanaşacaqlar. Və Azərbaycana göndərilən peyvəndlər xüsusi laboratoriyalarda dəqiq öyrənildikdən sonra istifadəyə veriləcək. Tanrı eləsin bizə qismət olmasın, amma neyləmək olar, bizdən asılı deyil ha, göndərən it oğlu göndərib, artıq yoldadı. Naxçıvan sərhədindədi, üzü bəri gəlir.
   
   Mən dəfələrlə həm televiziya ekranlarından, həm də mətbuatdan müraciətlər etmişəm ki, xaricdən gələn ərzaq məhsullarına və sərinləşdirici içkilərə diqqətli olsunlar, mümkünsə istifadə etməsinlər. Çünki o içkilərin, o ərzaqların içində bizə hansı bəlaların göndərildiyini heç Tanrı da bilmir. Şeytanın əməllərindən Tanrının xəbəri olmur. Olsa dünya bu günə düşməzdi. Olsa dünyanı şeytanlar deyil, Tanrının özü idarə edərdi. Olsa insanlar şeytanın iradəsinə yox, Tanrının iradəsinə tabe olardı.
   
   Həmişə demişəm və yenə deyirəm. ABŞ-da bir kimsə toyuq budu yemir. Və həmin toyuq budlarını göndərirlər bizə. Hər hansı bir həkimdən soruşsanız deyər, ən çox xolestrin də toyuğun budundadı.
   
   Xarici ərzaq və sərinləşdirici içkilərin, eləcə də spirtli içkilərin Azərbaycanda doğurduğu fəsadları hər gün qəzetlərdə oxuya bilərsiniz. Nə qədər ki öz çörəyimizi, öz ərzağımızı yeyirdik, öz "Badamlı"mızı, öz "Sirab"ımızı içirdik, öz limonadımızı içirdik nə kimsə qızını zorlayırdı, bacısını zorlayırdı, anasını öldürürdü, atasını öldürürdü, qardaşını öldürürdü, körpəsini öldürürdü! Nə kimsə puldan ötrü (özü də 50-60 manatdan ötrü) dostunu öldürürdü, qonşusunu öldürürdü və sair və ilaxır. Hər gün intihar var. Nə oldu, qardaşım? Əvvəllər bir ildə iki intihar eşidərdik, bu intiharlar da sevgi üstündə olardı. Sözgəlişi, əvvəllər ölüm hadisələrinin də bir çoxu qız üstündə olardı. İndi Azərbaycanda elə bir kənd qalmayıb ki, orda intihar eləyən olmasın. Bu millət birdən-birə dəlimi oldu? Xeyr, bu milləti, özü də söhbət bizdən getmir, bizim kimi millətlərdən gedir, həmin o super güc dövlətlər və onlardan aldığımız o dediklərim bu həddə çatdırıb.
   
   Millət özü-özünü qorumalıdı, özünü qorumayan milləti Tanrı da qorumaz. Və bir də Tanrı elə işini-gücünü atıb təkcə bizimlə məşğul olmayır ki, bəlkə də bir milyard planeti var, milyardlarla da milləti var. Tanrı Tanrı yolunu tutan millətlərə kömək edər. Nə qədər məscid tiksək də, nə qədər dini qurumlar qeydiyyatdan keçirtsək də, nə qədər dini kitablar çap eləsək də, biz Tanrıdan bir o qədər uzaqlaşırıq.
   
   Bəli, "Donuz qripi" yoldadı. Bu il "Donuz qripi" ilidi. Bəs gələn il nə ili olacaq? Yəqin gələn il də "Eşşək qripi" ili olacaq.
   
   "Eşşək qripi" ilə bağlı lətifəni də bugünki nömrəmizdə oxuya bilərsiniz.

TƏQVİM / ARXİV