adalet.az header logo
  • Bakı 20°C
07 May 2019 14:40
22232
ƏDƏBİYYAT
A- A+

Bəylər kəndinin Şəhid məzarları

Qarabağın dağlıq hissəsində eyni adlı silsilədən başlayan Qarqar çayının (uzunluğu 115 km) sağ sahilində yerləşən Şuşa rayonunun Malıbəyli kəndi bölgənin ən iri və məşhur yaşayış məntəqəsi olub. Belə ki, Qarabağ nahiyəsinin bir mərtəbəli Duma binası bu kənddə idi.

1905-1907-ci və 1918-1920-ci illərdə (eləcə də sonrakı dövrlərdə) bu ərazilərdə hay kilsə və daşnak silahlı qüvvələrinin yerli müsəlman-türk əhalisinə qarşı törətdikləri kütləvi qətliam-soyqırım faciələrinin izləri indiyədək bölgənin ayrı-ayrı yerlərində qalmaqdadır. Onlardan biri də Malıbəyli kəndidir. Bu kənddə 1918-ci ildə 150-200-ə qədər ev olub. Ətrafında hay-daşnak yuvalarının qurulduğu Harov, Dağdağan, Zarıslı, Şuşikənd, Çanaxçı kəndləri yerləşirdi ki, bütün faciələr də bu kəndlərin istiqamətindən edilən hücumlarla yaranırdı.

XIX əsrin sonlarında, XX əsrin əvvəllərində edilən bu cür qanlı olayların qarşısının alınmasında yerli özünümüdafiə dəstələrinin harayına çatan və bu savaşlarda Şəhid olmuş Qazax qəzasının igid döyüşçülərinin məzarları kənddən 1 km şimal tərəfdə yerləşən "Qazaxlar qəbirstanlığı”nda uyuyurdu.

1918-1920-ci illərdə mənfur düşmənin yerli və qonşu kəndlərin dinc əhalisinə yönəlik törətdiyi soyqırım faciələrinin qarşısının alınmasında Şəhid olmuş Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun heyət üzvlərinin 5 məzarı kəndin qədim məscidinin yanında idi. Yaxınlığında Duma binası yerləşirdi. Sonrakı illərdə bir neçə həyətyanı sahə tikilmişdi bu qəbirlərin ətrafında. Bu məzarların quzey yönündə Zahid Vilayət oğlu Hüseynovun, məscidin 50 metrliyində isə Bəhmən Əliyevin evi vardı. Malıbəyli kəndinin sakinləri ilə yanaşı, ətraf yerlərdən də gəlib bu məzarları ziyarət edirdilər. Baş daşalrında latın və ərəb əlifbası ilə yazılar, ay-ulduz nişanəsi həkk edilmişdi. Sinə daşları qonşu Quşçular kəndi yaxınlığındakı yataqdan gətirilmiş ağ mərmərdən ibarət idi. Ətraflarında tut, akasiya ağacları, gül kolları əkilmişdi.

Bu sayda Şəhid türk məzarları "Qazaxlar qəbirstanlığı”nda da var idi.

(Yazı Şuşa rayonu, Quşçular kənd sakini Allahverdi Balakişi oğlu Balakişiyevin (1953)

məlumatları əsasında hazırlanıb.)

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi