adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 May 2019 14:39
16416
ƏDƏBİYYAT
A- A+

Könlümün fəsilləri

Sən mənim yazımsan. Baharda ağaclar tumurcuq açar kimi mənim də bütün arzularım səninlə çiçək açır. Ən saf ümidlərim, ən təmiz xəyallarım sənə doğru qaçır. Sən mənim gözəlliyə qərq olmuş dünyamsan. Yaz ətirli nəfəsimsən, ömrümün bayram fəslisən.

Sən mənim günəşli yayımsan. Gözlərimin nuru, aydınlığımsan. Sonsuz dənizimsən. Açıq səmamsan.

Sən mənim rəngli payızımsan. Yarpaqlarını itirməkdən qorxduğumsan. Bəzən ildırımım, bəzən xəzan pıçıltımsan.

Sən mənim soyuq qışımsan. Titrətsən də könlümü, yağdırsan da qarını yenə eyni məhəbbətlə sevirəm səni. Səni duyuram təbiətin özü kimi "Mənim dörd mövsümüm”!

Sən yoxsan

Nə həyatımda, nə də bu dünyada

Sərin bir axşamda

Xəfif küləyin üzümə dəyişində

Hiss edirəm səni…

Baharın gözəlliyin duymağımda

Tumurcuqların ümidə bənzəyişində

Çiçəklərin ətrində, güllərin şehində

Hiss edirəm səni…

Və sənsizliyi…

Dənizin dalğaları kiminə sevinc

Kiminə əyləncə

Kiminə rahatlıq bəxş edir.

Mənə səni bəxş edir…

Ya da sənsizliyi…

Səmadakı təyyarələrin izləri

Kimini arzularına çatdırır

Kimini ünvanına.

Məni sənə aparır

Ya da sənsizliyə…

Qayıqların yelkənli olmağı

Güvən hissi yaradır.

Həm qayığı batmağa qoymaz

Həm də ona güvənən sərnişinin.

Mənsə kimə güvənəcəyimi bilmirəm.

Payızın xəzəli kiminə sevgi deməkdir.

Kiminə sadəcə xışıltı, kiminə hüzn.

Kiminə isə heç nə ifadə etmir.

Mən səni duyuram

Hər yarpağın yox olmağında

Incə-incə qırılıb ağacı tərk etməyi

Sənə olan ümidlərimin yox olmağına

Bənzəyir…

Yağışın hər damlası mənə

Səndən bəhs edir.

Üzümdəki damlanı silməməyim də

Buna nişanədir

Mənim əvəzimə ağlayan göylərə də

Təşəkkür edirəm.

Ən azından yalnız olmadığıma

Inandırır məni.

Qışın yarpaqsız ağacları

Mənim sənsiz halıma bənzəmirmi?

Sənsizlik bir ümmandır.

Boğulmadan üzürəm.

Ya da boğularaq…

Çox uzaqlara qədər beləcə getməyi

Gözə almışam…

Ya da gedə biləcəyim yerə qədər.

Yolumun adı

Yaşamaqla ölüm arasında…

Səninlə sənsizlik kimi…!

Şükranlıq

Mən bəlkə də belə sevməzdim həyatı, sevməyi anam öyrətməsəydi mənə. Bir dəfə də şikayət etmədi nədənsə - narazı olacağı səbəblər saysız-hesabsız olsa belə. Işığımız söndü tezliklə yanar dedi. Suyumuz kəsildi az keçməz gələr dedi. Şükranlıq dolu qəlbi ilə hər zaman nurlandırdı evimizi.

Payızın saralmış yarpağında da gözəllik axtarmağı, qar dənələrinin bizə bir ərmağan olmağına inanmağı, gülün ətrini, rəngini duymağı, tikanını görməməyi anam öyrətdi mənə.

Leysan yağdı göy üzündən yerdəki çirkinlikləri aparar dedi. Qaranlıq düşəndə ayla, ulduzların gözəlliyinə tamaşa etməyi öyrətdi mənə. Saçlarımı oxşayaraq oxuduğu nağıllara elə inandırdı ki, məni hələ də xeyrin şərə qalib gələcəyinə inanıram hər zaman.

Yaxşı insan olmağı elə öyrətdi ki, əslində yamanlıq nə deməkdir onu unutdum. Başqalarının sevincinə sevinməyi elə öyrətdi ki, öz sevincimə sevinməyi unutdum.

Anamlı dünya

Uşaqlıqda da sevincimi sevdiklərimlə bölüşürdüm. Kədərimi kimsənin bilməsini istəmirdim.

Doqquz yaşım olanda anam çətin əməliyyata getməli oldu. Biz də məcburi köçkün olduğumuz üçün xalamgildə qalırdıq. Əslində bilirdim sağollaşmalıyam anamla, amma ağlayacağıma əmin idim deyə həyətə düşdüm. Həm də vida səhnələrini sevə bilmədim heç cür.

Anamgil düşüb maşına minəndə gülə-gülə gedib öpdüm, sanki yarımçıq qalmış oyuna tələsirmiş kimi uşaqların yanına qayıtdım. Həm də çox istəyirdim bir də məndən ötrü narahat olmasın. Arxaya dönmədən ağlaya-ağlaya qayıtdım. Maşın gözdən itəndən sonra çəkildim bir kənara. Anamın yaylığın cibimdə gizlətmişdim. Onu qoxlayaraq ağladım saatlarla. Anamın gül ətrini duyaraq ağladım. Və həmin gün onu da anladım ki, anam yanımda olsaydı göz yaşımı silərdi…

Yaqubova Günel