adalet.az header logo
  • Bakı 12°C
07 May 2019 14:37
20696
ƏDƏBİYYAT
A- A+

65 illik ömür növrağı

Səmədağa Surxayevin ömür yolundan sətirlər

"Bir adamın qiyməti onun elmi,biliyi qədərdir”.

(Məhəmməd peyğəmbər)

Bu gəldi-gedər dünyaya göz açırıq və sonu bilinməyən, bəzən zirvəyə, bəzən də uçuruma aparan ömür yollarında addımlayır,bitib-tükənməyən arzularla yaşayırıq. Çətinliklərə sinə gərərək, daşlı-kəsəkli,enişli-yoxuşlu cığırlardan başlanan çətin yolları qət edənlər zirvələrə qalxıb arzularına çatırlar. Belə yolun yolçuları vətənin tərəqqisinə, millətinin maariflənməsinə xidmət edən xeyirxah işləri, mütərəqqi əməlləri ilə onu tanıyanlar tərəfindən seçilərək sayılır, böyük nüfuz sahibi kimi hörmət qazanırlar. Belə insanlardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının "Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasının dosenti Surxayev Səmədağa Məmmədli oğlunun maraqlı və ləyaqətli ömür yolundan söz açmaq istəyirik.

Səmədağa Surxayev 1954-cü ildə Quba rayonun Xınalıq kəndində anadan olmuşdur. 1971-ci ildə Xınalıq kənd səkkizillik, 1973-cü ildə Qırmızı Qəsəbə orta məktəbini bitirərək əskəri xidmətə yollanmışdır. 1975-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra bir müddət Bakı mebel kombinatında çalışmışdır. Elmə həvəs göstərən S.Surxayev 1977-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Hazırda Azərbaycan Dövlət Aqrar Universiteti adlanır) Zoomühəndislik fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Bəzi üstünlüklərini- təhsildə fərqlənməsini,intizamlı və savadlı olmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyinin təyinatı əsasında elə həmin institutun "Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi” kafedrasına müəllim təyin olunur. S.Surxayev bir müddət kafedrada assistent vəzifəsində açlışmaqla bərabər elmi iş götürərək dissertant kimi tədqiqat işləri də aparmışdır.

1989-cu ildə Səmədağa müəllim "Murrah camış cinsinin və onun Qafqaz camışları ilə mələzlərinin bioloji təsərrüfat xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, işlədiyi müddətdə respublika və xarici ölkə jurnallarında 100-ə yaxın elmi məqaləsini çap etdirmiş, tədrislə bağlı 5 metodik vəsait, 7 fənn proqramı, 4 dərs vəsaiti, bir dərslik, bir monoqrafiya və heyvandarlığın müxtəlif sahələrinin inkişafı ilə əlaqədar 8 elmi tövsiyəni tələbələrin istifadəsinə vermiş və 2 səmərələşdirici təklifi istehsalata tətbiq etdirmişdir. O,uzun müddət elmi, elmi-pedaqoji fəaliyyəti ilə məşğul olmuş və 1993-cü ildə dosent vəzifəsinə seçilmişdir. Namizədlik elmi işini davam etdirərək "Azərbaycan camışının murrah camış cinsi əsasında təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiya işini yekunlaşdırmış və müdafiəyə təqdim etmişdir. Elmi işin nəticələri hər il fakültə elmi konfranslarında aprobasiya olunmuşdur.

S.Surxayev "Xəzdərili vəhşi heyvanlar” (Bakı, "Nərgiz” nəşriyyatı, 2000) adlı dərsliyin, Azərbaycan camış cinsinin bioloji təsərrüfat xüsusiyyətləri, genetik seleksiya üsulları ilə qiymətləndirilməsi və təkmilləşdirilməsi yolları”(Bakı, "Elm”, 2000) adlı monoqrafiyanın, "Maldarlıqda ət məhsuldarlığının yüksəldilməsi və qiymətləndirilməsi” (Bakı,1992) və "Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üsulları” (Gəncə, 2009) kimi dərs vəsaitlərinin, "İnək və düyələrin süni mayalandırılması” (Gəncə, 2004), "Arıçılıq” (Gəncə, 2004) və "Süd istehsalının texnologiyası” (Gəncə, 2004) kimi fermerlər üçün vəsaitlərin, çoxlu elmi-nəzəri publisistik məqalənin müəllifidir.

Səmədağa müəllimin təqribi hesablamalara görə ötən bu 37 ildə ali təhsil verdiyi tələbələrin sayı 10 mindən çoxdur. Bu, fədakar bir insan ömrünün sərf etdiyi əməyin görünən tərəflərindəndir.

Bəli, o özünün elmdən,bəşəri-milli kamal xəzinəsindən əldə etdiklərini gənclərə səxavətlə,təmənnasız öyrədən,onları vətəndaş,şəxsiyyət,ziyalı kimi formalaşdırmağa çalışan xoşbəxt bir insan hesab edir.

Səmədağa müəllim uzun illərdir ki, mülkü müdafiə və tibbi biliklərin əsasları, həyat bilgisi, uşaq anatomiyası və fiziologiyası,ekologiya və təbiətdən səmərəli istifadə sahələrində axtarışlar aparır, bu fənlərin tədrisinin elmi-metodiki cəhətdən daha yaxşı təşkili problemləri, xüsusilə təlim metodları,qavramanın didaktik-psixoloji aspektləri, dərslərin səmərəli təşkili və s. onun maraq göstərdiyi, araşdırdığı məsələlərdəndir.

Daim arayıb-axtaran, yüksəlişin, inkişafın yolunu yalnız elmi araşdırmalarda görən Səmədağa müəllim 1989,1990,1991,1992 və 1994-cü illərdə Orenburqda, Alma-ata və Bişkekdə, Ümimittifaq konfranslarının, 1991-ci ildə Bolqarıstanın Varna şəhərində Beynəlxalq camışçılıq, 2003-cü ildə Gəncə şəhərində beynəlxalq Gəncə - Kars baytarlıq simpoziumlarının iştirakçısı olmuşdur.

Səmədağa Surxayevə görə müəllim təkcə yeni təlim texnologiyalarını mənimsəməməli və onları öz işində tətbiq etməklə kifayətlənməməlidir. O, daim tədqiqatçı, yaradıcı və ən başlıcası öz peşəsinin, tədris etdiyi fənlərin gözəlliklərini, incəliklərini tələbələrə çatdırmaqla həmin fənlərə qarşı onlarda maraq yaratmalıdır. Odur ki, Səmədağa müəllim dərslərdə görkəmli alimlərin tədris etdiyi fənlərlə bağlı fikrlərindən fənlərarası inteqrasiyadan, tədris resurslarından,əlavə ədəbiyyatdan və s. istifadə edir. Bu halda tələbələr yorulmur, dərs daha fəal keçir.

Səmədağa müəllim Çin mütəfəkkiri Konfutsinin bir fikrini öz fəaliyyətində əsas götürür :alicənab müəllim şagirdi öyrədəndə və tərbiyə edəndə onu irəliyə aparır, arxasınca dartmır, onda maraq oyadır, məcbur etmir, ona yol göstərir, lakin yolu sərbəst getməyə imkan verir. Nə qədər ki, o tələblərdə maraq oyadır, təsvir etmir, deməli, tələbənin bilik qazanması asanlaşır. Nə qədər ki, o şagirdə yol açır,deməli ona düşünmək imkanı verir. Müəllimlə tələbə arasında müstəqilliyin yaranması, tələbəyə bilik qazanmanın aşılanması və düşünmək imkanının verilməsi,- məhz bunlar müəllimlik məharətidir”.

Səmədağa Surxayev uzun müddət ali məktəblərdə kadr hazırlığında fəal iştirak etdiyinə və səmərəli yaradıcı fəaliyyətinə görə 7 may 2010-cu il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdir.

Səmədağa müəllim, xalqa,vətənə fədakar xidmətinizlə, cəmiyyət üçün saysız-hesabsız faydalı vətəndaşlar yetişdirməyinizlə, nəsillərə örnək ola biləcək nümunəvi pedaqoji fəaliyyətinizlə digər başqa, həm də daha böyük mükafatlara iayiqsiniz. Əziz dost, xoşbəxtliyiniz ondadır ki, əsl mükafatınız xalqdan, el-obadan, respublikanın ayrı-ayrı təsərrüfatlarında çalışan yetirmələrinizdən gəlir. Sizə olan hörmət və məhəbbətdən böyük mükafat nə ola bilər?...

Bu gün Səmədağa müəllim həm də gözəl ailə başçısı kimi böyük qürur hissi keçirir. O, ömür-gün yoldaşı Nicabət xanımla iki qız və bir oğul övladı böyüdüb ərsəyə çatdırmış, onları ev-eşik sahibi etmişdir. Böyük qızı Könül xanım Müəllimlər İnstitutunun Gəncə filialını ibtidai sinif müəllimi ixtisası üzrə bitirərək hazırda Quba rayonun Qaraçay kənd tam orta məktəbində işləyir. Oğlu Ramin Gəncə Aqrar İnstitutunu "Yer quruluşu və torpaq kadastrı” ixtisası üzrə bitirib. Hazırda 5 saylı Xaçmaz layihə Tədqiqat İdarəsində sahə rəisi vəzifəsində çalışır.

Sonbeşik qızı Ramilə xanım isə Gəncə musiqi kollecinin məzunudur və hazırda Qaraçay kəndində yaşayır. Evdar qadındır. Səmədağa müəllim həm də gözəl-göyçək 6 nəvə babasıdır. Onlar babalarının şərəfli ömür yolunun davamçıları olacaqdır.

65 yaş nədir ki, Səmədağa müəllim! Fəqət dönüb geri baxanda zəngin elmi-pedaqoji fəaliyyət məqalə və məruzələr, dostlar və tanışlar, tədrisin təbliği ilə bağlı bitib-tükənməyən çıxışlar və s. Ümumən, hər saatı, hər səhifəsi yaradıcılıqla dolu bir ömür görünür və fikirləşirsən ki, yaşanmış ömrə dəyər. İnsanlıq vəzifələri də bizcə, Səmədağa müəllim tərəfindən yerinə yetirilmişdir.

Mən Səmədağa müəllimdən gələcək planları, arzu və istəkləri haqqında məlumat verməyini xahiş etdim. O dedi :

- Mən xoşbəxtəm, ona görə xoşbəxtəm ki, ömrümün işgüzar çağlarını ulu öndərimiz Heydər Əliyevin quraraq bizə miras qoyduğu müstəqil Azərbaycan Respublikasında yaşayır və onun daha da inkişaf edib dünya ölkələri arasında layiqli yer tutmasına xidmət edirəm. Ümummilli liderimizin müdrik və tarixi siyasətini bu gün ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında işləmək məsuliyyətli olduğu qədər də xoşdur və şərəflidir. Bu günə qədər vətənimizin çiçəklənməsi, xalqımızın maariflənməsi və tərəqqisi naminə əlimdən gələni əsirgəməmişəm və bundan sonra da millətimə xidmət edəcəyəm.

Bəli, biz də, öz növbəmizdə dostumuz,qardaşımız, həmkarımız Səmədağa müəllimə uzun ömür, cansağlığı,həmişə zirvə yüksəkliyi və hər zaman pirani müdrikliyi arzulayırıq.

İnsan da əzizdir,alim də əziz,

Həm insan, həm alim doğuldunuz Siz.

Şixəmməd Seyidməmmədov,

Azərbaycan Yazıçılar Birliyinin üzvi, "Araz” və

"Qızıl qələm” mükafatları laureatı.