adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 May 2019 13:07
24515
GÜNDƏM
A- A+

Faiq QİSMƏTOĞLU: HARDAN BAŞLANIR VƏTƏN?!

Yəqin bu suala birmənalı cavab vermək o qədər də asan deyil. Vətənin hardan başlanmasını və harda qurtarmasını onun hər bir vətəndaşı, hər bir sakini, hər bir insanı bilməlidir. Biri deyir vətən sərhəddən başlanır, biri deyir vətən evimizdən başlanır, biri də deyir ki, vətən öz kəndindən başlanır.

Təbii ki, hərənin vətənə öz yanaşma tərzi var. Ancaq mənim fikrimcə, vətən bağçadan və məktəbdən başlanır. Çünki bağçada və məktəbdə hər bir şagirdə, hər bir uşağa vətənpərvərlik tərbiyəsi, vətəni sevmək məhəbbəti aşılanır.

Füzuli rayonunda da zamanından və məkanından asılı olmayaraq, vətən məhfumu həmişə önə çəkilib. Məktəblərdə bu sevgi, bu məhəbbət şagirdlərə hərtərəfli öyrədilir. Rayonun nümunəvi təhsil ocaqlarından sayılan Horadiz şəhər Mahir Səfərov adına 1 nömrəli tam orta məktəbində də şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2018-2019-cu dərs ilində tam orta məktəbin fəaliyyəti qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə, ilk növbədə ümumtəsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli əmrinin icrasına yönəldilib. Birmənalı olaraq, təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir texnolıogiyaların məktəbə gətirilməsi xüsusi diqqətdə saxlanılır. Kollektivdə yüksək nizam-intizam, işə yaradıcı münasibət və eyni zamanda təhsildə müasir metodlarının tətbiqinə böyük önəm verilir. "Açıq dərs”lərin keçirilməsinə, müəllimlərin öz təcrübələrini artırmasına, bununla yanaşı, hər bir şagirdlə fərdi yanaşma tərzinə üstünlük verilməsi bir anda yaddan çıxmayıb.

Əlbəttə, bu gün şagirdlərin elmə, biliyə marağı bütün pedoqoji kollektivləri dərindən düşündürür. Bununla yanaşı, hər bir şagirdin vətənpərvərlik ruhunda yetişdirilməsi və tərbiyə edilməsi xüsusi önəm kəsb edir. Birmənalı olaraq demək olar ki, 1 nömrəli tam orta məktəbdə bu problemlər öz müsbət həllini tapıb. Məhz bunun nəticəsidir ki, rayonun 11 şagirdi fənn olimpiadasında iştirak etmək hüququ əldə edib. Ötən il məktəbi bitirən 18 məzundan 11-i ali məktəbə qəbul olub. O məzunlardan biri 600-dən çox, 3-ü isə 500-dən artıq bal toplayıb.

Bir qayda olaraq təhsil müəssisəsində "Uşaq hüquqları aylığı”, "Uşaq nağıllarında hüquqlar” mövzusunda müsabiqələr keçirilib. Məktəbin V və XI sinif şagirdlərinin iştirakı ilə "Mənim hüquqlarım” mövzusunda keçirilən tədbir böyük maraqla qarşılanıb. Eyni zamanda, Horadiz şəhər Qəhrəmanlar Parkında IX-XI sinif şagirdlərinə "Mərdlik dərsi” keçirilib. Bütün bunlar onu deməyə əsas verir ki, məktəblilərimiz vətənpərvərlik və qəhrəmanlıq ruhunda yetişdirilirlər.

Bu gün 1 nömrəli tam orta məktəbdə 412 şagird təhsil alır. Onların təlim-tərbiyəsilə 35 müəllim məşğul olur. Birmənalı olaraq məktəbdə yaranmış mənəvi-psixoloji mühit çox sağlamdır. Yəni istər müəllimlərin, istərsə də şagirdlərin hüquq və vəzifələri məktəb direktoru, təcrübəli pedaqoq və "Əməkdar müəllim” Hafiz Tahirov tərəfindən yüksək səviyyədə qorunur. Məktəb-valideyn-şagird münasibətləri müasir tələblər səviyyəsində icra edilir. Başqa sözlə demiş olsaq, məktəblə valideynlər arasında sıx səmimi münasibətlər yaranıb.

Kollektivdə öz ixtisasını gözəl bilən, təcrübəli, bilikli, savadlı pedaqoqlar var. Lalə Hacıyeva, Samir Əliyev, Lamiyə Gözəlova, Zülfiyyə İsmayılova məhz belə sevilən müəllimlərdəndilər. Lalə Hacıyeva 1 nömrəli tam orta məktəbdə direktorun təlim-tərbiyə işləri üzrə müavini vəzifəsində çalışır. O, uzun illərdir bu vəzifəni şərəflə, məsuliyyətlə yerinə yetirir. Keçirilən kütləvi tədbirlərin təşkilatçısı və icraçısıdır. O qədər səmimi, o qədər gözəl ziyalıdır ki, məktəbdə çalışan müəllimlər onu öz doğması kimi tanıyır. Dərdini-sərini onunla bölüşür və Lalə xanımdan məsləhət alırlar. Təbii ki, bu cür pedaqoqlar tək müəllimlər tərəfindən deyil, həm də şagirdlər və onların valideynləri tərəfindən sevilirlər.

Məktəbdə "kiçik akademiya” fəzliyyət göstərir. Və bu "kiçik akademiya” da şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə hesablanıb. Bu günlərdə həmin "kiçik akademiya”nın möhtəşəm bir tədbiri olub. Tədbirdə rayon Təhsil Şöbəsinin məsul şəxsləri və digər nümayəndələr iştirak edib. Giriş sözü ilə məktəbin direktoru Hafiz Tahirov çıxış edib. Sonra isə məruzələr səslənib. "Füzuli-vətənim mənim” mövzusunda IX sinif Nərmin Sadiqli, elmi rəhbəri Hafiz Tahirov, "Füzuli rayonunun tarixi abidələri” məruzəçi VIII sinif şagirdi Murad İbrahimoğlu, elmi rəhbər İbrahim İsmayılov, "Şeyx İbrahim türbəsi”, məruzəçi Ləman Yaqubova, elmi rəhbər Ceyhunə Səfərəliyeva, "Füzuli rayonunun faunası” məruzəçi IX sinif şagirdi Nərmin İsmayılova, elmi rəhbər İlahə Cəlilzadə, "Füzuli rayonunun florası” məruzəçi IX sinif şagirdi Kəmalə Bayramlı, elmi rəhbər Rüxsarə Mirhəşimova, "Rayonumuzun faydalı qazıntıları” məruzəçi IX sinif şagirdi Zəhra Mirzəyeva, elmi rəhbər Samir Əliyev, "Aparın məni dağlara” (Əşrəf Veysəllinin yaradıcılığında vətən mövzusu), məruzəçi VII sinif şagirdi Jalə Abdulla, elmi rəhbər Gülnarə Hüseynova, Sabir Arazlı Özgünün "Bir ömrün kədərini yaşayan gözləri” məruzəçi VIII sinif şagirdi Elnur Vəlizadə, elmi rəhbər Aysel Zeynalova, "Vətənin layiqli vətəndaşı” (Vaqif Bəhmənlinin yaradıcılığına bir baxış), məruzəçi VII sinif şagirdi Orxan Nizamlı, elmi rəhbər Dürdanə Babayeva, "Mahmud Qacar – torpağa bağlı şairdir”, məruzəçi IX sinif şagirdi Fizzə Abdullayeva, elmi rəhbər Püstə Əsədova.

Vətəni bax belə gənclərimizə sevdirmək lazımdır. Yəni vətən hər bir insan üçün öz elindən, öz obasından, öz kəndindən və öz cığırından başlayır. Öz elini, öz obasını, öz cığırını tanımayan gənc heç vaxt vətəninin aranını, dağını, qədim abidəsini, bir sözlə, keçmişini və bu gününü tanıya bilməz. Bu mənada Füzuli rayonundakı Horadiz şəhər Mahir Səfərov adına 1 nömrəli tam orta məktəbin pedoqoji kollektivinin atdığı addımlar çox uğurludur. Bu addımların gələcəkdə daha möhkəm olmasını arzulayırıq.