Ağa Laçınlı: SƏMİMİYYƏT
Ümid
Durmuşam buludlar qaynaşan yerdə,
Döyür alaçalpo üzümə mənim.
Qışda qurşağıma qar çıxan yerdə
Yazda gül çıxacaq dizimə mənim...
Əllər
əllər yerin bəzəyi,
əllər göyün dirəyi
əllər həyat nəqqaşı,
əllər dosta pənahdır.
əllər yağıya qarşı
amansız bir silahdır.
insan ürəklə əgər
getsə zəfər çalmağa,
əllərin gücü yetər
dağı da qaldırmağa.
Cəsarət
Yaxşıdır ki, həyatda
Bir çətinə düşən tək,
Cəsarətli olmağa
Çağırır bizi ürək.
Təbiət cəsarətlə
Dəyişir fəsilləri;
Cəsarət azad etmiş
Qul olan nəsilləri.
İldırım şaxımağa
Çox da fikirləşməyir.
Sel dağları yarmasa,
Ümmanla birləşməyir.
Cəsarət cəbhələrdə
Doldurulmuş silaha,
Cəsarətlə ölənlər
Şöhrət olmuş sabaha.
Ürəyin sözü ilə
Gəlin oturub duraq;
Cəsarəti hər yerə
Özümüzlə aparaq.
***
Xeyirxah insanlardır
Nur paylayan aləmə,
Onların şöhrətini
Ucaltmaq istəyirəm.
Göydəki ulduzları
Almaq üçün əlimə.
Yerin dərin qatına
Kök atmaq istəyirəm.
SƏMİMİYYƏT
Ərk ilə evinə gəlmişəm, ay dost;
Görürəm, açıqdır qaşın-qabağın.
Komanı imarət bilmişəm, ay dost,
Nə gərək utanıb tər axıtmağın.
Səndən dünya malı ummayıram mən,
Sanma bəyənmirəm yavan loxmanı.
Doyursan qəlbimi səmimiyyətdən,
Bağrıma basaram kasıb daxmanı.
Sən danış səmimi, kiri səmimi,
Səmimiyyət qəlbin məhək daşıdır.
Söhbət olacaqsa qeyri-səmimi,
Dinib-danışmamaq daha yaxşıdır.
Dostum, doğrultmasa əməl niyyəti,
İnsan necə qalxar, necə ucalar?
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan geridə qalar.
Bir acı baxışdan sınmış ürəyi
Sağaldan o hansı şirin nemətdir?..
Dada gətirən də duzu, çörəyi,
Elə səmimiyyət, səmimiyyətdir.