BAYRAQLARI BAYRAQ YAPAN üSTüNDƏKi KAN DEYiL, MiLLƏTDiR

AQİL ABBAS
174878 | 2009-10-29 02:03
Yüce şairimiz Mehmet Akifin:
   
   
   
   Bayraqları bayraq yapan üstündəki kandır
   
   Toprak - uğrunda ölən varsa Vatandır!
   
   
   
   Tanrıdan gələn bu deyiminə qarşı çıxmaq fikrində deyiləm. Şairlərin elə sözləri var ki, əslində bu Tanrı kəlamıdır, sadəcə olaraq Tanrı öz kəlamlarını bizə şairlər vasitəsilə çatdırır.
   
   Torpaq, həqiqətən uğrunda ölən varsa Vətəndir, amma bayrağın üstündəki qan həmişə onu bayraq eləmir. Çox millətlərin qanına boyanmış bayraqları bayraq ola bilməyib, ayaqlar altında tapdanıb və tapdalanmaqdadır. Məsələn,1 milyon 500 mindən artıq iraqlının qanına boyanmış bayraq bayraq ola bilmir. Belə getsə, heç ola bilməyəcək də. Çünki o bayrağı bayraq etmək üçün təkcə qan kifayət eləmir. Millətin qeyrəti, onların şərəfi, qüruru, bütünlüyü torpağına və Tanrısına sevgisi və özgürlüyü uğrunda son damla qanına qədər savaşması onun bayrağını bayraq edər. Necə ki, Mustafa Kamal Paşamız bütün dünya qarğa-quzğun kimi Türkiyənin üstünə düşəndə təslimçilik təklifi ilə bağlı söyləmişdi: "Bizim bu təklifləri qəbul etməkdən başqa çarəmiz yoxdur. Ya bu təklifi qəbul etməliyik, ya da hamımız şərəflə ölməliyik. Biz şərəflə ölməyi qərara aldıq". Və türk milləti ölümünə getdi, son damla qana getdi və o al sancağını göylərin sinəsinə taxdı.
   
   Yenə Mehmet Akfidən:
   
   Göylərin sinəsindəki o al sancaq,
   
   O benimdir, o benimdir, o benim millətimindir ancaq!
   
   
   
   Şükürlər olsun ki, bir millətin "göylərin sinəsinə sancılan iki al sancağı" ilə bağlı narahatçılığı başa çatdı. Qardaşları üz-üzə qoymaq istəyənlər, bir millətin iki dövlətini qarşı-qarşıya qoymaq istəyən dövlətlər o bayraqları göylərin sinəsindən qopara bilmədi.
   
   AKP hökumətinin öz millətinə sayğısızlıq göstərməsi milləti ayağa qaldırdı. Hökumətin Türk bayrağını (mən bayraqlarımızı ayırmıram) yalnız stadionda yasaq etməyə gücü çatdı. Amma Türkiyənin sokaklarında, millətin başı üzərində yasaq eləyə bilmədi. On minlərlə bayrağımız bütün Türkiyə boyu qaldırıldı. Ən yüksək yerlərə sancıldı, Türkiyə qaziləri bizim bayraqlarla sokaklara töküldü.
   
   AKP hökumətinin sayğısızlığına Azərbaycan hökumətinin adekvat addım atması nə qədər başa düşülən olsa da, yanlış idi. Çünki bizim bayrağa AKP sayğısızlıq göstərmişdi, yüce Türk milləti yox! Və Azərbaycanda da bayraqların endirilməsi birmənalı qarşılanmadı. Və Azərbaycan hökuməti də gördü ki, yüce Türk milləti bizim bayraqları necə bağrına basdı, necə başının üstünə qaldırdı və necə öpüb gözünün üstünə qoydu. Bu sevgiyə ehtiram əlaməti olaraq millətimizin ikinci bayrağı yenidən qaldırıldı.
   
   
   
   Göylərin sinəsindəki o al sancaq,
   
   O benimdir, o benimdir, o benim millətimindir ancaq!
   
   
   
   Bu bayraqları kimsə göylərin sinəsindən qopara bilməz. Bütün dünya dövlətləri yığışsa belə yenə qopara bilməz! Çünki o bayrağı qaldıran millət var, o bayrağın uğrunda son damla qanınadək savaşan millət var!
   
    O millət ki "min illərin gün işığı kimidir, nə qədər basdırsan yenə torpağın üstündə qalar" -Vaqif Bayatlı.
   
   Bəli, bayraqları bayraq edən qan deyil, millətdir! Və biz bunu gördük!
   
   Türk Türkü qorusun!

TƏQVİM / ARXİV