adalet.az header logo
  • Bakı 18°C
03 May 2019 17:37
43399
ƏDƏBİYYAT
A- A+

BİR ŞEİRİN TARİXÇƏSİ VƏ S.

Əbədiyaşar Bəxtiyar Vahabzadə özünün "İstiqlal"ında (Bakı, 1999, səh.69) yazırdı: "Mənim rejimə qarşı yazdığım bir sıra əsərlərin, o cümlədən "Bağışlayın, səhv olub", "Mərziyə", "Ləyaqət", "Dan yeri" və s.-in səbəbkarı Şirməmməd müəllim olmuşdur. Daha doğrusu, mövzunu o seçmişdir". Təkcə bunlarınmı? Əlbəttə, yox!

"Əqidə və məsləki poladdan” "Tanrının bizə bəxş etdiyi insan" sərlövhəli yazılarımda iki böyük şəxsiyyətin-Xalq şairi Bəxtiyar Vahabzadənin və millət, xalq aşiqi Şirməmməd Hüseynovun əqidə və məslək dostluğundan söhbət açmış, unudulmaz şairin yaradıcılığında cəfakeş müəllim, publisist və tədqiqatçı alimin yeri və rolundan bəhs etmişdim. Dübarə xatırlatma etmək istəyirəm ki, o məşhur "Gülüstan" poemasının ideyasını və mövzusunu ömür yollarının 50 ildən çoxunu bir yerdə-bərabər addımlayan əqidə və məslək fədaisi Şirməmməd Hüseynov vermişdi. "Gülüstan"dan sonra güclü təzyiqlərə məruz qalan Bəxtiyar Vahabzadə yuxarıların bu təzyiqindən qurtarmaq üçün "Leninlə söhbət" poemasını da Şirməmməd Hüseynovun məsləhəti ilə yazmış, hətta fəsillərin başlığında Lenindən gətirdiyi sitatları da, onların şərhini də o təqdim etmişdir.

Şirməmməd müəllimin elə həmin poema ilə bağlı xatırlamalarından:

"Bu poemaya münasibət birmənalı olmadı. Əsər hissə-hissə çap olundu Sonradan gördülər ki, Bəxtiyar dolayısı ilə rejimin özünü ifşa edib. Necə deyərlər, onları aldadıb".

Bəxtiyar Vahabzadə Şirməmməd müəllimin insani keyfiyyətlərindən məqalə və məktublarında da dönə-dönə bəhs etmişdir. Böyük şair bir ömür boyu dostluq etdiyi, məsləhət və tövsiyələrindən bəhrələndiyi Şirməmməd Hüseynovu təkcə fikir, düşüncə və əqidə yoldaşı kimi yox, onun təmizlik, paklıq və ziyalılıq nümunəsi olan fəaliyyətindən də bir sıra məqalə və məktublarında yüksək qiymətləndirilmişdir.

Ümumiyyətlə Şirməmməd müəllim bir vətəndaş kimi, bir ziyalı kimi, bir tədqiqatçı alim kimi çox ayıq-sayıq adamdır. Mütaliəsi geniş, eridusiyası güclü, fikir və düşüncələrində azad və səmimidir.

"Əkinçi" qəzetinin 29 fevral 1876-cı il tarixli dördüncü sayında Gəncəli Hacı Məhəmməd Sadiqin "Körpü sudan uzaq qalıb" adlı yazısı dərc olunub.

Məqaləni oxuyan Şirməmməd müəllimin ürəyi riqqətə gəlir, vəfalı qələminə və ilhamına sarılaraq 1992-ci ildə-"Əkinçi"də dərc olunmuş yazıdan 116 il sonra "Körpü sudan yenə də uzaqdır" adlı məqaləsini yazır.

Millət qayğılarını və onun o günlərdəki vəziyyətini müqayisə edərək bir vaxtlar intibahın və inkişafın Şərqdən başlandığını, İslam və böyük Türk dünyasının bəşər tərəqqisinin önündə getdiyini, onun yol göstərəni və ilhamvericisi olduğunu, lakin sonradan vəziyyətin dəyişdiyini, intibahın və yüksəlişin Şərqdən Qərbə keçdiyini dilə gətirir.

Hər iki yazının aktuallığı, bu günkü gün üçün də böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq onların nöqtə və vergülünə belə toxunmadan diqqətinizə təqdim edirəm.

Gəncəli Hacı Məhəmməd Sadiq

1876-KÖRPÜ SUDAN UZAQ QALIB

Neçə qisim qardaşlıq var. Onun iki qismindən danışaq. Əvvəl bəni-adəm və növi bəşərlik qardaşlıqdır ki, hamı kəs bir-birilə qardaşdırlar. Amma ixtilafi-əqaidə (əqidələrə) binaən firqə-firqə olub hər biri bir millət adlanıb, onların böyük icmasına dövlət deyilir və kiçik icmalar bir dövlətə tabe olmaq səbəbilə asudə olublar. Məgər Dəşti-Qıpçaq əhalisi və əgər onlar həm öz məsləhətlərinə binaən təfəkkür, təəggül (düşünmə) etsələr, onlara məlum olur ki, bir dövlətə tabe olalar, həm özləri asudə olurlar, həm başqa xalq onların azarından xilas olurdu və özləri özgəyə baxıb elmi-ədəb öyrənib tərəqqi tapardılar. Amma dövlətlər üçün iki məqam var: biri-məqami-cəng ki, onun təklifi (vəzifəsi) özgədir və biri məqami-sülh ki, ol vaxtda gərək hamı bir-birilə məhəbbət və doğruluq ilə rəftar etsinlər, ona binaən ki, insan məişət üçün bir-birinə möhtacdır, adamın işi adam ilə keçər və əgər doğruluq olmasa bir-birindən nəfbərdar ola bilməz. İkinci, millətin qardaşlığıdır. Bunlar gərək ziyadə qardaşlıq mərasimin müraat edib (gözləyib) məhəbbət, insaf və doğruluq ilə bir-birilə rəftar etsinlər. Hansı ki, aciz və miskinlər, gərək əl-ələ vermək ilə dolandırmaq. Amma bizim camaatda pul qazanmaq elmləri az olduğuna varlımız az və bibəzaətimiz (kasıblarımız) çoxdur və hamısının varlıqdan bir növ çeşmdaştı (ümid bəsləməyi) var. Zihaza (buna görə) az qardaşlar çox qardaşları dolandıra bilməz, ona binaən gərək varlılar insafı və varsızlar doğruluğu və insafı ortalığa qoyub, bir-birilə əl-ələ verib köməkləşib, dövlət qazanmaq təriqəsini (yolunu) tanımağa səy etsinlər, ta millət dövlətləri tərəqqi tapsın. Amma çifayda, bizim varlı, varsız, hər kəs öz haqqına razı olmamağına binaən bir-birinə inanmır. Belə də işlər yerdə qalır...

Amma milləti qardaşlar, bilin ki, körpü sudan uzaq qalıb, necə ki, sabiq ərz oldu, əql itib hər kəs bir təriq ilə özünə çıxıb: həmçinin kəmal da itib hər kəs özünə çıxır...

Əhsənül-Qəvaid.

("Əkinçi", №4, 24 fevral 1876).

Şirməmməd Hüseynov

1992- KÖRPÜ SUDAN YENƏ DƏ UZAQDIR.

Məktub müəllifinin "Körpü sudan uzaq qalıb" kəlamında çox böyük tarixi həqiqət, xəbərdarlıq və həyacan ehtiva olunmaqdadır. Vaxtilə tarixin inkişaf və təkamül yolu, bəşəri tərəqqinin məcrası Yaxın və Orta Şərqdən, bütövlükdə Məşriqdən keçirdi. Min illər ərzində hər bir müstəqil yaşamaq iqtidarında olan xalq öz zaman körpüsünü məhz bu məcraya uyğun qurmağa, dövrlə, tarixlə bir səmtdə addımlamağa, irəliləməyə səy və qeyrət göstərirdi.

Lakin fələyin çərxi istiqamətinin, bəşəri tərəqqinin zaman və məkanın dəyişdiyi qlobal qütbləşmə dövründə yeni körpülər salmaq hər xalqa müyəssər olmamışdır. Mühafizəkarlıq, keçmişlə öyünmək, elm və ictimai tərəqqiyə laqeydlik çox-çox ölkə və xalqları yeni məcradan kənarda saxlamış, cəhalət və zülmətə qərq etmişdir. Hacı Məhəmmədsadıq bundan qabaqkı məktublarının birində ürək ağrısı ilə haray çəkərək yazırdı: "Ey yapan! (ey dostlar!) Nə yatıbsız, oyanın, karvan getdi, biz qaldıq, əcəb bixəbəriik!", yaxud "dövləti eşşəklərə vermişik, neməti itlərə. Bəs biz dünyaya tamaşa etməyə gəlmişik?".

Müəllifin milləti vahid bir qardaşlıq toplumu kimi görməsi barədəki mülahizələri də diqqət veriləsi cəhətdir. Dövlətliləri "az qardaşlar", kasıbları "çox qardaşlar" kimi səciyyələndirən gəncəli soydaşımız hamını birliyə, "insaf və doğruluq ilə əl-ələ verib" "pul qazanmaq elmlərini öyrənməyə", "dövlət qazanmaq yolunu tapmağa" çağırırdı.

"Əkinçi"nin nəşrindən, bu məktubların işıq üzü görməsindən 116 illik bir dövr keçir. Dünya əsaslı surətdə dəyişməkdədir. Biz də dəyişirik. Amma etiraf edək ki, körpü sudan yenə də uzaqdadır. Tarixi bir həqiqət var ki, köhnə körpüləri yıxıb dağıtmaq çox-çox asandır. Əgər bu dəfə də "karvan getsə, biz qalsaq" aqibətimizin necə olacağını təsəvvür etmək çətindir. Bu gün isə üzümüzü gəncəli Hacı Məhəmmədsadıq kimi qeyrətli uzaqgörənlərə tutaraq deyirik ki, Allah sizə min rəhmət etsin, kişilər!"

Şirməmməd müəllimin bütöv təqdim etdiyim bu məqaləsi Araz niskilli, "Gülüstan" şairini bərk tutur, ilham pərisi o taylı, bu taylı vətən və millət fədaisinidilə gətirir.

Beləliklə də B. Vahabzadə dostunun məqaləsindən təsirlənərək eyni adla "Körpü sudan uzaq düşüb" şeirini yazır. Ömrünü harayda əritdiyini, səsinin eşidilmədiyini biri ikiyə parçalayan çayda üzə bilmədiyini və körpünün çaydan uzaq düşdüyünü dilə gətirən "Gülüstan" ağrılı şair yenə köhnə dostuna üz tutub xitab edir:

KÖRPÜ ÇAYDAN UZAQ DÜŞÜB

Köhnə dostum H.Şirməmməd müəllimə

Hələ toxum cücərməmiş,

Tarlamıza alaq düşüb.

Başımız da daz olalı,

Əlimizə daraq düşüb.

Xəyallarım - qanad-qanad,

Ətəyimdən dartdı həyat.

Dünənimə Dürat, Qırat,

Bu günümə ulaq düşüb.

Əlim üzüldü diləkdən,

Dilim yandı "gəl" deməkdən.

Öz haqqını gözləməkdən

Haqqın gözünə ağ düşüb.

Bu tayda sən, o tayda mən,

Üzəmmədim bu çayda mən.

Ömr əritdim harayda mən,

Körpü çaydan uzaq düşüb.

Dekabr, 1992

Şirməmməd Hüseynovun "Günay” qəzetinin 15 dekabr 2001-ci il tarixli nömrəsində dərc olunmuş "1986-cı il, 17 dekabr. Alma-Ata hadisələri. Bakıda əks-səda" adlı məqaləsində oxuyuruq: "Əvvəlcə 18 il dəbdəbəli həyat sürən, sinəsini qəhrəmanlıq nişanları, orden və medalları ilə bəzəyən, dünyada mövcud minik maşınlarını toplamaq azarkeşi kimi tanınan Brejnev, ardınca onun kürsüsünə yiyələnmiş, 1956-cı il macar hadisələrinin "qəhrəmanı", tanınmış çekist Andropov, qısa bir müddətdən sonra uzun illərin xəstəsi, yeni baş katib Çernenko dünyalarını dəyişdilər".

Bu təqdimatdakı istehzalı kinayəni duymamaq mümkünsüzdür. Və onun özünün də bu sistemdən az çəkmədiyini asanlıqla sezmək və anlamaq olar.

"... Belə bir mürəkkəb şəraitdə Mixail Qorbaçov hakimiyyətə gəldi. Yenidənqurma, aşkarlıq, iqtisadi islahatlar, antialkoqol kompaniyası, sosializmə insançılıq və demokratik səciyyə vermək və s. günün şüarlarına çevrildi. Qorbaçov da özündən əvvəlkilərin təcrübəsinə sadiq qalaraq dost və aşnalarını ətrafına yığmağa başladı.

1986-cı ilin dekabrında növbə Qazaxıstana, respublikaya uzun müddət başçılıq etmiş və qazaxların az-çox rəğbətini qazanmış D.Kunayevə çatdı. Qorbaçov qazax Kunayevin yerinə, rus Kolbini gətirdi. Bu vətənpərvər qazax gəncləri və ziyalılarının ciddi narazılıq və etirazına səbəb oldu. 1986-cı il dekabrın 17-də Alma-Atada- şəhərin baş meydanında böyük bir etiraz mitinqi toplandı. Mitinq vəhşicəsinə dağıdıldı. Yüzlərcə gənc həlak oldu, yaralandı, kütləvi həbslər, qarayaxmalar, böhtanlar və iftiralar başladı".

Şirməmməd Hüseynov dostlarına sovet imperiyasının sarsılmasının 1986-cı il dekabr ayının 17-də Alma-Ata etirazından başlandığını bildirir. Qazağıstanda Kunayevin yerinə rus çinovniki Kolbinin təyin olunmasına qazax millətinin etirazlarının imperiyanın sarsılmasının ilk xəbərçisi olduğunu söyləyirdi. Əqidə və məslək dostu Bəxtiyar Vahabzadə ilə görüşləri zamanı da dönə-dönə bu hadisələrin üzərinə qayıdıb, "İndi mən bu hadisələri qələmə ala bilən oğul istəyirəm"-deyə dostunu bu məsul və şərəfli missiyanı üzərinə götürməyə səsləyirdi.

Bəxtiyar Vahabzadə ona: "Sən mənim bir neçə əsərimin yaranması üçün əlimə tutalqa vermisən, indi bu hadisənin də qələmə alınması üçün əlimə bir dəstəvuz ver. Gör necə yazıram”.-deyəndə Şirməmməd müəllim əlini ciibinə salıb pasportunu çıxarır , verir dostuna və deyir:

-Alma-Ata hadisələri 1986-ci il dekabrın 17-də baş verib. Bax bu da mənim doğum günüm-dekabrın 17-si. Guya ki, sən bu şeiri mənim doğum günüm-münasibətilə yazırsan. Ancaq içində nə yazacaqsan, daha o sənin öz işindir!

Böyük şair də bu şeirin yaranma tarixçəsini izah edərək yazır:

-Bununla 17 dekabrda baş vermiş Alma-Ata hadisələrini qələmə almaq üçün ayağım altına qoyacağım dayağı tapdım. Həmin axşam "17 dekabr" adlı şeir yarandı.

Şeir belə başlayır.

ON YEDDİ DEKABR

Dostum Ş.Hüseynova

On yeddi dekabr...Sənin ad günün,

Hərənin bəxtinə bir ulduz düşür.

Həm də tapmacadır yolu hər ömrün,

Sönmüş bir ocağa birdən köz düşür.

Sabahı bu gündən görmək çox çətin,

Yatır kül altında bir od külçəsi.

Birinci pilləni atan nə bilsin

İkinci pillənin nədir müjdəsi.

Birinci bəndin birinci beyti əziz bir insanın doğum gününə (ad gününə) dost sözü kimi başlasa da, müəllif elə oxucusunu, birinci misradaca düşünməyə səfərbər olmasını istəyir. Yəni on yeddi dekabrdan sonra qoyulmuş üç nöqtə işıqfordakı qırmızı işığın funksiyasını öz üzərinə götürür və nöqtələrin yerinə yazılası olan və yazılmayan tarixi və ya sözü düşünməyə səsləyir. İkinci misrada isə nostalji hisslər aşılayır, bütün ömürlərin tapmaca olduğunu (ağacın, yarpağın, insanın ömrü olduğu kimi, bir iqtisadi formasiyanın, cəmiyyətin və ya imperiyaların da ömrü var və sona yetir) söyləyir, sönmüş ocaqların da birdən közərməsini dilə gətirərək, oxucunu xəbərdar edir, kül altındakı od külçəsi birdən alova da çevrilə bilər.

Böyük sənətkar üçüncü bənddə Şirməmməd müəllimə "qardaş” deyib xitab edərək "yatmış beyinlərə laylay çalaraq",-onlara əlavə qıcıq vermədən addım-addım (şeirində misra-misra) mətləbə yaxınlaşır.

Birinci pillədə görmüşdünmü sən

Bu gün yetişdiyin mənzili, qardaş?

Gəl, gəl, alqışlayaq biz əvvəlcədən

Üzümüzə gələn hər ili, qardaş.

İllər yaxşı gəlir biri-birindən

Küllər çözələnir od hənirindən.

İllərin bir-birindən yaxşı gəldiyini, onun hənirindən küllərin çözələndiyini (Alma-Atadakı baş meydana qazax gənclərinin axışında, onların qanının axıdılmasında) milli dərkin oyanışını görən şair, yetişdikləri mənzil başında gələcək hər ili əvvəlcədən alqışlamağa çağırır. Eyni zamada həm özlərinin, həm də dərddaşlarının bir çox mətləblərdən hali olmadıqlarını deyir:

Biz hardan biləydik iyirmi yaşında

Ömrün hələ altmış düşərgəsi var.

İndi də nə bilək elçi daşında

Oturan elçinin nə müjdəsi var.

Gah olur, həsrətlə umduğumuzun

Görürük həyatda tərsini, qardaş,

Gah da gözümüzə ələnən tozun

Zaman özü verir dərsini, qardaş.

Bəzən yolda qalır gözlədiyimiz,

Gözlənməyən yerdən bəzən köz çıxır.

Bəzən qazananda uduzuruq biz,

Bəzən şərimizdən xeyrimiz çıxır.

Azadlığı kim istəmir ki! Ancaq xalqlar həbsxanasına çevrilən sovet imperiyası öz tərkibinə qatdığı xalqları nəinki kölə vəziyyətinə saldı, hətta onları cismani məhv etməkdən də çəkinmədi. 1990-cı ilin 20 Yanvar Bakı qırğını bu imperiyanın canavar xislətinə faciəli, ürəkləri dağlayan bir nümunə ola bilər.

Qazax xalqının üzüyola, dönməz bir xalq olduğunu zənn edən imperiya tərkibinə qatdığı xalqlarla necə istəsə rəftar edə bilər düşüncəsinə öz azadlıq hayqırtıları ilə nöqtə qoydu. Ulu şair də azadlıq və məslək etiqadına sığınaraq yazır ki, bəzən gözləntilərimiz yolda qalsa da, gözlənməyən yerdən köz çıxır. Şərin ağırlığı da heç kəsdə sübhə yaratmır. Ancaq bəzən şərdən də xeyir çıxır.

Şəkidə belə bir deyim var, şər iş düşəndə deyərlər: "Sayası düşsün!"

Lal axan çayların altında yerdən

Qaynayan suları görmürük, fəqət.

Qirır qolundakı zanciri birdən

Yatmış bildiyimiz bir kölə millət.

Vaxtın axarında sular durulur,

Gerçək gül açanda solur riyalar.

Bir anın içində uçub məhv olur,

Yüzillik, minillik imperiyalar.

Bəxtiyar Vahabzadənin qanını və canını risqə ataraq böyük uzaqgörənliklə söylədikləri çox keçmədi ki, öz təsdiqinə qovuşdu. Yəni vaxtın axarında sular durulmağa başlayanda gerçəklər də gül açdı, riyalar saralıb soldu-nəhayətdə 70 illik bir imperiya "yüz illik, min illik imperiyalar" kimi uçub dağılmaqla, məhvə məhkum oldu. "Yatmış bildiyimiz bir kölə millət"in oyanışı ilə qollardakı zəncirlər qırıldı və bununla da sovet imperiyasının çöküşü başlandı.

Bu gün dağlardakı dumanın, çənin,

Sabah gül açması bir himə bənddir.

Bu gün təşəxxüslə "mən", "mən" deyənin

Sabahkı taleyi kimə bəllidir?

Birinci pillədə görmüşdünmü sən

Bu gün yetişdiyin pilləni, qardaş?

Təbrik eyləyirəm elə indidən

Sabahkı gün ilə mən səni, qardaş!

Bəxtiyar Vahabzadə azadlığın, istiqlalın gələcəyi anonsunu verməklə, Şirməmməd müəllimə "qardaş, qardaş" deyə xitab etməklə, "sənin ad günün" söyləməklə qazdan ayıq olan imperiya nökərlərini aldadaraq "sabahkı gün ilə"-yəni azad günlərin, azadlıq və müstəqilliyin gələcəyi gün münasibətilə həm dostunu, həm də xalqları (azadlıq uğrunda canlarını belə əsirgəməyənləri) təbrik edir.

Budur bu şeiri dəridən-qabıqdan çıxaraq ciddi-cəhdlə əqidə və məslək qardaşına yazdıran Şirməmməd Hüseynovun uzaqgörənliyi, Bəxtiyar Vahabzadənin böyüklüyü, yenilməzliyi və bənzərsizliyi!

1986-cı ildə hələ SSRİ-nin bütün gücü ilə çalıb-çapdığı, sorgusuz-sualsız işgəncə və yerindəcə məhvetmə maşınının tam xodu ilə işlədiyi bir dönəmdə onun dağılacağını düşünmək, xəyaldan keçirmək belə mümkünsüz olduğu qədər də xülya idi.

Bəxtiyar müəllim isə buna özü inanmaqla, özgələri də inandırır, "bir gün dağlardakı dumanın, çənin, sabah gül açması bir himə bənddir" söyləyir, bu təbiət hadisəsini cəmiyyətlərin üzərinə köçürür.

Üç gün sonra "Kommunist" qəzetində çap olunan bu şeiri oxuyan bir neçə həmfikri, o cümlədən yaxın dostları Nurəddin Rzayev və Xudu Məmmədov gülə-gülə böyük şairdən soruşmuşlar:

"Şirməmməd müəllim doğurdan da 17 dekabrda anadan olub, yoxsa bu da sənin növbəti qalxanındır?" (B.Vahabzadə "İstiqlal", 1999, səh. 68-70)

Doğurdan da 17 dekabr Şirməmməd Hüseynovun doğum günüdür. Bu da 1986-cı ilin 17 dekabrında baş vermiş Alma-Ata hadisələrini qələmə almaq üçün böyük şairin söykəndiyi bəhanə olmuşdur.

Böyük Qazax şairi Oljas Süleymenov B.Vahabzadənin "17 dekabr" şeiri və Azərbaycan ziyalılarının qardaş qazax xalqı ilə həmrəyliyini alqışlayan xüsusi təşəkkür məktubu göndərmişdi. Məktubda deyilir: "Əziz müəllim! Qəzet vasitəsilə sizin məktubunuzu, uzaqgörən şeirinizi və Şirməmməd müəllimin ürəkdən gələn şərhini alıb oxuyanda çox sevindim. Bütün bunlar mənə 87-ci ilin noyabrındakı görüşümüzü xatırlatdı:

"Bir anın içində uçub məhv olur

Yüzillik, minillik imperiyalar".

Bu misralarınızı dəfələrlə təkrar oxudum. Qazax gənclərinin 1986-cı ildəki məğzi etibarilə SSRİ-də ilk demokratik aksiya olan dekabr etirazlarının əhəmiyyətini Sovet İttifaqında heç bir şair belə ucadan və aydınlıqla deməmişdi.

O vaxtdan çox sular axıb. Amma tarixi hadisələrin coşğun axarında belə alnında "birincilik" nişanəsi olanlar itib-batmır. Belə hadisələrə 86-cı ilin dekabr Alma-Atası kimi, 90-cı il Bakının yanvarı da aiddir.

Ümid edirəm ki, zamanın bu axarında sevincli, zəfərli günlər də qabarıq görünəcək.

Bir daha sizi, yaxınlarınızı, Şirməmməd müəllimi bərk-bərk bağrıma basıram.

Oljas Süleymenov, İtaliya, Roma, may 1999-cu il".

İndi dekabr hadisələrindən 33 il keçir. Qazax xalqı kimi Azərbaycan xalqı da istiqlalına qovuşmuş, müstəqillik həyatını yaşatmaqda, tarixi inkişafdadır.

Bir şeirin tarixçəsi haqqında söhbətimizə buradaca nöqtə qoymaq olardı. Ancaq söz-sənət adamlarının, şairlərimizin Şirməmməd Hüseynov şəxsiyyətinə olan sevgi, diqqət və marağını nəzərə alaraq, bir-iki məsələni də diqqətcil oxucuların nəzərinə çatdırmağı lazım bildim.

Əslən Ağdamın Sarıhacılı kəndindən olan, daha çox şair, publisist kimi tanınan Famil Mehdi Şirməmməd Hüseynovun yüksək dəyər verdiyi tələbələrindən olub, onun təklifi ilə universitetdə saxlanılıb. Şirməmməd müəllimin diqqət və qayğısı nəticəsində elmlər doktoru, professor elmi dərəcələrinə yiyələnib. Sonralar isə bu müəllim - tələbə münasibətləri əqidə və məslək dostluğuna çevrilib.

Şirməmməd Hüseynov "Sıralarımızdan bir alim, bir sənət fədaisi də getdi" sərlövhəli məqaləsində ("Günay" qəzeti, 4 noyabr, 2003) istəkli, istedadlı tələbəsi Famil Mehdini xatırlayaraq yazırdı: "Mən isə ən istəkli, ən istedadlı əqidə və məslək dostumu itirdim. F.Mehdini mən keçən əsrin 50-ci illərində tələbə ikən tanıdım. Həm də təkcə auditoriyada deyil, məcburi göndərdiyimiz pambıq yığımı zamanı tanıdım. Sadə, əməksevər, elmə, biliyə, öyrənməyə can atan, ləyaqət və mənliyini saxlamağı bacaran, sözündə və əməlində bütöv, ən əsası isə vətənini, millətini sonsuz məhəbbətlə sevən, onun yolunda hər cür fədakarlığa hazır olan bir gənc fədai kimi tanıdım, sevdim. Həm də 50 illik bir müddət ərzində onu bu müqəddəs yoldan, amaldan bir an belə sapınan görmədim".

Tanıdığım və bildiyim qədərincə Şirməmməd müəllim heç vaxt kiməsə xoş gəlmək üçün havayı söz deməyib. Famil Mehdi haqqında da həmçinin. Bunu tək bircə fakt da təsdiq edir. Famil Mehdi "Qurtar" adlı şeirində tanrı dərgahına üz tutaraq dilədiklərini əqidə və məsləkdaşı, sevimli müəllimi, "polad kimi sınmayan" insan Şirməmməd Hüseynovdan istəyir. Bu şeiri oxuyanda Şirməmməd müəllimin Famil Mehdiyə, onun bədii yaradıcılığına və əzmkar fəaliyyətinə təsir etdiyini duymamaq mümkün deyil. Bütün bunları da nəzərə alaraq "Yeni Müsavat" qəzetinin 17 fevral 2002-ci il tarixli 95 saylı nömrəsində dərc olunmuş həmin şeiri də oxucuların diqqətinə təqdim edirəm.

Şirməmməd müəllim demiş:"Maraqlananlar üçün faydasız olmaz".

QURTAR

Müəllimim, məslək və əqidə dostum professor

Şirməmməd Hüseynova

Tanrım, qurtar bizi, bu dərddən qurtar,

Dərdə dərd calayan namərddən qurtar.

Qurtar quzuları qurdun əlindən,

Qurtar doğmaları yadın əlindən,

Qoyma şahmar ilan çala ceyranı,

Namərd körpüsündən keçəni qurtar.

Aslan pəncəsindən bala ceyranı,

Quzğun caynağından cücəni qurtar.

Qurtar ki, qəssablar cərrahlaşmasın,

Cərrahlar çaşmasın cəlladlaşmasın.

Bu dünya şahiddir əzəldən bəri,

Dəryalar söndürmür ürək bişəndə.

Başlayır zamanın qara günləri,

Adilər seçilib dahiləşəndə,

Dahilər kiçilib adiləşəndə.

İblis meydan açır mələk donunda

Qış yazı bəyənmir, yer göyü saymır.

Dil ağızda yatmır, qılınc qınında,

Dar gözün, kor gözün gözləri doymur.

Nə sirr yox bir ömrün macərasında.

Hara ayaq bassa, orda dərd bitir,

Zalımçün cinayət məcəlləsində

Yalnız bir maddə var-əlli yeddidir.

Qurtar insanları belələrindən,

Qurtar öz nəfsinin kölələrindən.

Daş yağdır göylərdən qafatasına,

Əlilə açdığı bazar dağılmır.

Oğul gələ bilmir ata yasına,

Qızın göz yaşları məzara yağmır.

Pələng də əriyər dar bir qəfəsdə,

Yarsan ürəyində qoşa dağ olar.

Qılınclar altında mərmilər üstdə,

Nə qədər, nə qədər yaşamaq olar?!

Yox özgə güvəncim, arxam, dayağım,

Şəhər- dilim-dilim, kənd- bölük-bölük.

Yüz yerə, min yerə bölünən xalqın,

Qorxusu içində özündən böyük.

Tanrım, qurtar bizi, bu dərddən qurtar,

Dərdə dərd calayan namərddən qurtar.

Sənsən, yeri-göyü sənsən yaradan,

Qoru bəxtimizi, taleyimizi.

Bizi qurtarmasan sən bu bəladan,

Yeyib qurtararıq bir-birimizi.

2000-2001

Famil Mehdi

"Yeni Müsavat" qəzeti,

17 fevral 2002

Məncə, Şirməmməd müəllimdən dərs alan tələbəyə cəsarət də, ləyaqət də, sevgi də yaraşır, sevilmək də, unudulmamaq da... Bir də ona görə ki, onlar Şirməmməd Hüseynovun "Şinelin"dən çıxıblar.

Şirməmməd müəllim yuxarıda adını çəkdiyim məqaləsini belə tamamlayır:

"Famil Qarabağ həsrətilə dünyadan köçdü. Qarabağ harayı onun varlığına hakim kəsilmişdi. Famili düşünərkən vaxtilə Əhməd bəy Ağayevin milli müqəddəslərimizdən Həsən bəy Zərdabinin dəfn mərasimində dediyi sözlər yadıma düşür: "Dünyadan cümləmiz böyləcə gedəcəyiz! Heç bir şeyi aparmayacağız! Bizdən qalan fəqət o insanlıq, o öz millətimizə, öz taifəmizə və ümuminsaniyyət qulluq və xidmət qalacaq ki, əlan Həsən bəyin ruhunu bu qədər əziz və möhtərəm ediyor".

Millət fədaisi Famil Mehdi! Sənin ruhun bizim üçün həmişə əziz və möhtərəm olacaq".

"Günay" qəzeti, 40, 4/X.2003

Şirməmməd müəllim haqqında yazan hər bir qələm sahibi nə qədər bədii təsvir və ifadə vasitələri işlətsələr də yenə də nə isə yaddan çıxıb qalmış olur. Onun müəllimliyi də, publisistikası da, mətnşünaslığı da, tədqiqatçı alim axtarışları da, əvəzsiz sələflərə xələfliyi də, vətən, millət, xalq sevgisi də,... bir böyük VƏTƏNDAŞ sözünə sığsa da onun ömrü, fasiləsiz və çox səmərəli 75 illik fəaliyyəti məqalələr toplusuna, cild-cild kitablara sığan deyil. Bu söz adamı özü sözə sğıır, ancaq söz onu özündə olduğu və göründüyü kimi aça bilmir və s.

Fikrimi həssas duyğular şairi Dəmir Gədəbəylinin bir şeiri ilə bitirirəm.

ALİMLƏR USTADI

(85 yaşlı ustad Şirməmməd müəllimə)

Halaldan halalsan, təmizdən təmiz,

Bəllidir, milyonlar, yüzlər içində.

Vətənə, millətə eşqin bir dəniz,

Sözün də ucadır sözlər içində.

Mənim alim dostum, ustad qardaşım,

Mənalı, şərəfli bir yol keçmisən.

Yenilməz məsləkli könül sirdaşım,

Dəhşət dövranlarında düzlük seçmisən.

Xoşbəxt bağbanısan söz aləminin,

Kim deyir gülündən dərən olmayıb.

Düzlük ahəngindən öz aləminin,

Bir yol döndüyünü görən olmayıb.

Müdrik babaların yadigarısan,

Sənət çırağını gur yandırmısan.

Tarixi düz yazmaq deyildir asan,

Yazıb çoxlarını utandırmısan.

Qadir qələmində möcüzələr var,

Xalqına bağlısan cavanlığından.

Sənin zəhmətinlə neçə sənətkar,

Çıxıb arxivlərin qaranlığından.

Bu gün ad günündür, sevinir dostlar,

Alim ustadısan, el ağsaqqalı.

Vallah gözəl deyib şair Bəxtiyar,

Hədər ağartmadın, dostum saqqalı!.

Büllur məsləkinə heyran olduğum,

Vurgunam səndəki əzmə, cürətə.

Şərəfli ömründən ibrət aldığım,

Çoxdan qovuşmusan əbədiyyətə!

16.12.2009. Bakı

Səmimi şeirdir, on il bundan əvvəl yazılıb. Şirməmməd müəllimin xarakterini, onun portretini yaradır. Söz təfəkkür işığında Şirməmməd Hüseynov ucalığını sərgiləməyə ciddi-cəhdlə səy edir.

Ramiz Orsər