adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
02 May 2019 18:15
21006
ƏDƏBİYYAT
A- A+

Mənsur şeirlər

...Bulud olmaq istəyirəm, bir az tutqun, bir az susqun ürəyimdə diləyim var. Kövrəklikdə dağ çiçəyi, zəriflikdə gül ləçəyi rayihəli muradım var. Lal könlümün sükutuna haray salan, mürgüləyən duyğuları diksindirib oyandıran, dağ seli tək coşub-daşan bir arzum var: bulud olmaq istəyirəm!

Bulud olmaq istəyirəm. Dünyamızın məşəlini pünhan edən, yerlə göyün arasında rübənd olan, maviliyə topa-topa naxış salan pəmbə bulud. Al günəşin şəfəqləri işıq salsın, nur çiləsin cəmalıma. Minçalarlı əlvan dona, zər libasa bürünüm qoy. Bu işvədən, bu qəmzədən sevdalansın qoy asiman. Sevgisinin atəşindən qoy sinəmdə şimşək çaxsın, naxışlanan qövsi-qüzeh kəmərimi taxım belə. Bu coşqudan mehirlənən rüzgarların təmasından sığallanım, tumarlanım, xumarlanım; kövrəlib qoy, axım elə, axım belə. Yer üzünün sevgi dolu baxışından suya həsrət torpaqların cadar-cadar "naxış"ından bitab olum. Tab etməyim suya təşnə olanların hicran saçan o həsrətli baxışına. Qəhərlənim, qüssələnim, kədərimdən coşub daşım, dönüm leysan yağışına...

Bulud olmaq istəyirəm; dünyamızın həyat rəmzi yaşılına can bəxş edən, bərəkətə simvol olan gur damlalı, nur damlalı yağmurlara dönən bulud. Qoy ələnim yer üzündə bağrı yanıq çəmənlərə, düzənlərə, təşnə olan ormanlara, quraqlıqdan rəngi solan dağ döşündə yamaclara... Ülfətimdən otun, kolun bitsin qəmi, boynu bükük gül-çiçəyin solğun-solğun qönçələri pardaqlanıb ətir saçsın... Qoy çilənim bağça-bağın gülsün üzü, bərəkəti könül açsın... Aşıb daşsın tarlaların bəhər-barı, zəmilərin artsın varı.

İstəyirəm bulud olub sel gətirən, çay daşıran leysan kimi yağa biləm. Ağ işıqlı dünyamızın siyah rəngli yönlərini-viran olan yurdlardakı külə dönən ocaqların, can yaxılan, qanlar axan torpaqların, kir-pasını yuyub silim. Elə yağam od ələyən, alov saçan, canlar yaxan müharibə ocaqları sönər olsun. Qərib olub yurd-yuvasız səfil olan ellər geri dönər olsun; ocaq çatsın... Mərmilərin, güllələrin kül etdiyi torpaqlarda çiçək açsın.

Bulud olmaq istəyirəm. Ürəklərdə rişə atan ədavəti, qəzəb-kini, ömürlərə xallar salan qara günü, könüllərdə köynək olan ahı, ünü yuya bilmək istəyirəm. Yer üzünün paklığını, saflığını, xoş günlərin ağlığını duya bilmək istəyirəm

Bulud olmaq istəyirəm. Bu arzumun gerçəyinə umud olmaq istəyirəm!!!

Ümid könül çırağıdır

Ümid dilək toxumudur. Ümid arzu rişəsidir; pöhrələyər, yaşıl-yaşıl budaqları şaxələnər, qönçə tutar, çiçək açar...

Muradın da, istəyin də söykək yeri, istinadı ümid olar. O, məlhəmdi ürəklərdə qövr eləyən qəm-kədərə, dər-ələmə! Açılmayan düyünlərə, düzəlməyən müşküllərə açardı o! Soyuq qəlbi isindirən, buz bağlayan duyğulara can bəxş edən qığılcımdı. Can evinin alovudur, atəşidir, közüdür o.

Ümid qəlbin ocağıdır!

Ümid könül çırağıdır!

Zülmət çökən ürəklərdə şəfəq saçar, nur çiləyər, arzu-dilək yollarına işıq olar. Fırtınalı, qasırğalı duyğulara mayakdır o. Arzu, istək hücrəsinə dirəkdir o, dayaqdır o. Könlümüzdə əlvan-əlvan qönçələyən neçə-neçə ümid yaşar; kövrəklikdə, təravətdə gül ləçəyi... Ümid də var, daşda bitən xoş ətrli dağ çiçəyi rayihəli...

Ayrılığın fərağına, nisgilinə, qübarına məlhəm olan ümidələr var içimizdə; Yurd ünvanlı, Vətən dadlı, Araz adlı... Əsir qalan, girov olan neçə-neçə yurd ünvanlı... Əli yalın, qolu bağlı, yolu daşlı, gözü yaşlı olsa belə, ana torpaq sevgimizdən yaşıl-yaşıl boy artmada, şaxələnib ucalmada.

Qəzəbindən, nifrətindən alov saçan ümidlər var könlümüzdə qaysaq tutmaz yara olan qara baxtlı Qarabağda od saçacaq... Yadellilər tapdağında inildəyən torpaqlara, xiffətindən ocaq daşı çat-çat olan obalara, oymaqlara, gül yerinə tikan bitən, cığırları koldan itən yamaclara, yaylaqlara yol açacaq... O ümidlər sinəmizdə çalın-çarpaz yara açan Xocalının intiqamın qiyamətə qoymayacaq... Xan oylağı Şuşamızda xarıbülbül solmayacaq... Oğuzların əmanəti yurd yerləri yad əllərdə qalmayacaq.

...Könlümüzdə inam, iman işığında havalanan ümidlər var "Cəngi" üstə köklənərək zəfər marşı çalacaqdır. Bu zəfərin səs-sədası Oğuz yurdu Zəngəzurun, Dərələyəz, İrəvanın, Göyçəmizin səmasına xoş müjdələr yayacaqdır...

...Ümid inam ocağıdır!

...Ümid könül çırağıdır!


Adilə Səfərova,

Əməkdar mədəniyyət işçisi