adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 May 2019 17:41
15035
ƏDƏBİYYAT
A- A+

Xalqın ulu öndərə məhəbbəti əbədidir



Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk növbədə qarşıda dayanan vəzifələr respublikanın suverenliyinin möhkəmləndirilməsi, daxildə ictimai-siyasi sabitliyin

yaradılması idi. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olanlar bütün məsələlərdə öz mənafeləri baxımından çıxış edir, kreslo, vəzifə üstündə mübarizə aparırdılar. Ölkənin taleyi haqqında, demək olar ki, düşünən belə yox idi. 1993-cü ildə Azərbaycanın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəni bürümüş xaosa, özbaşınalığa, siyasi qalmaqallara qarşı mübarizə dövrü başlandı. İlk növbədə Heydər Əliyevin siyasi uzaqgörənliyinin köməyi ilə ciddi tədbirlər görüldü, müstəqilliyimizə mane olan təhlükələr dəf olundu. Qısa müddətdə siyasi qalmaqallar aradan qaldırıldı. Ölkədə xalqın gecə-gündüz arzuladığı siyasi sabitlik böyük çətinliklərlə bərqərar olundu. Böyük dövlətçilik təcrübəsi olan Heydər Əliyev bütün çətinlikləri, ağırlıqları çiyinlərinə götürərək ölkəni məhv olmaq təhlükəsindən xilas etdi və Azərbaycanı böyük gələcəyin yoluna çıxartdı.

Artıq bu günkü Azərbaycan yeni Azərbaycandır. Azərbaycanda son illər ərzində həyatın bütün sahələrində aparılan islahatların, görülən böyük işlərin uğurlu nəticələri respublikanın tərəqqisinin stimullaşdırılması üçün kifayət qədər güclü potensialın yaranmasına səbəb olub. İndi bütün sahələrdə nəzərəçarpacaq irəliləyişlər müşahidə edilməkdədir və şübhəsiz ki, qazanılmış nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik siyasət və bu siyasətin bu gün möhtərəm dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin bir istiqaməti də azərbaycançılıq ideyalarının və milli -mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsidir. Bu isə səbəbsiz deyildir. Belə ki, azərbaycançılıq ideyalarının inkişafı, milli- mənəvi dəyərlərin yüksək səviyyədə qorunması böyük öndərimizin həmişə sadiq qaldığı prinsiplərdən biri olmuşdur. Heydər Əliyevin həyatı boyu uca tutduğu azərbaycançılıq ideologiyasının başlıca məqsədi müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsindən və xalqın mənlik şüurunun yüksəldilməsindən ibarət olmuşdur.

Milli ideologiya milli şüur kimi təcəssüm etdiyi üçün onun sosial bazasının formalaşması birbaşa iqtisadi dirçəlişlə bağlıdır. Odur ki, iqtisadi potensialın zəif olduğu ictimai mühitdə cəmiyyətin əqidə birliyi və mütəşəkkilliyini yaratmaq çətinləşir, şəxsi maraqlar milli mənafeləri üstələyir. Bu isə cəmiyyətin bütövləşməsi qarşısında çox ciddi maneəyə çevrilir.

İctimai şüurun bazasında milli şüurun yaradılması cəmiyyətin müstəqil, sərbəst və azad bir subyekt kimi formalaşmasında aparıcı amil olduğu üçün Heydər Əliyev Azərbaycan Respublikasının rəhbəri olduğu 1969-cu ildən başlayaraq ölkənin iqtisadi dirçəlişinə çox mühüm diqqət yetirdi. Sovet dövründə milli şüurun formalaşdırılmasının çox çətin problem olmasına baxmayaraq ümummilli liderimiz buna nail oldu. Müstəqillik dövründə isə milli şüurun formalaşdırılması üçün münbit şərait yarandı.

Heydər Əliyev hər bir azərbaycanlıya azərbaycançılıq təlqin etdi, ölkədə azərbaycançılıq iradəsinin bərqərar olmasına səbəb oldu. Məncə, bu, dahi şəxsiyyətin heç zaman unudulmayacaq tarixi xidmətlərindən biridir.

Otuz dörd ildən artıq müddətdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət, bir millət kimi tarixin sınaqlarından çıxaran və dünya dövlətlər birliyinə qovuşduran ümummilli liderimiz Heydər Əliyev özünün güclü şəxsi keyfiyyətlərini geniş məkanda bir daha təsdiq edərək adını dünyanın məşhur dövlət xadimlərinin sırasına yazdı. Hələ sağ ikən xalqı qarşısında misilsiz xidmətləri ilə canlı əfsanəyə çevrilmiş və millətin mənəvi atası səviyyəsinə yüksəlmiş Heydər Əliyev fenomeninə maraq və hörmət günbəgün daha da artır, onun mahir idarəçilik istedadı bəşəri mədəniyyətin tərkib hissəsinə çevrilib.

Müasir Azərbaycanın tarixinin böyük bir hissəsi şöhrətli siyasi şəxsiyyət, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. O, respublikamızda başqaları kimi rəhbərlik etməyib. Ölkəsinin inkişafı, problemləri qayğısına qalıb. Xalqın şərəfini uca tutub. Ziyalılarımızı imperiya maşının caynağından qoruyub. Elmi, təhsili inkişaf etdirib. Bütün sahələrdə milli kadrlarımız hazırlanması işinə xüsusi diqqət və qayğı göstərib. Və ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə elə böyük problemləri həll edib ki, onu yarım əsrə güclə həll etmək olardı. Bunlar müdrikliyin, xalqa, Vətənə sevginin bəhrəsi idi.

Heydər Əliyev müdrik şəxsiyyət idi. Onun şəxsi nüfuzu sayəsində ölkəmizin dünya dövlətləri arasında nüfuzu da yüksəldi. Heydər Əliyevin nadir siyasi zəkası və təcrübəsi sayəsində Azərbaycan Respublikası güclü iqtisadiyyatlı, güclü ordulu, qanunların aliliyi təmin olunan bir dövlətə çevrildi.

Ümummilli liderimiz həmişə xalqın istək və arzularını ifadə edib, onların həyatda əksini tapmasına çalışıb. Bütün şüurlu həyatını buna həsr edib. Azadlıq, müstəqillik, demokratik cəmiyyət, hüquq bərabərliyi daim xalqımızın amalı olub. Bu amalı böyük azərbaycanlı Heydər Əliyev həyatda gerçəkləşdirdi və dünyaya sübut etdi ki, Azərbaycan xalqı qədim, zəngin mədəniyyətinə malik, demokratik ruhlu, müdrik xalqdır. Bu xalq dünyanın inkişafına həmişə böyük töhfələr verib, bundan sonra da verəcəkdir. Böyük öndərimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ideyaları böyük uzaqgörənliklə, peşəkarlıqla genişləndirir, xalqına, Vətəninə xidmətə yönəldir. Çünki xalqın da, rəhbərinin də amalı birdir. Xalq Heydər Əliyev ideyalarına tapınıb, ölkənin gələcəyinin bu ideyalarda olduğuna Heydər Əliyev strategiyasına necə bağlı olduğunu çox gözəl qeyd edib: «Azərbaycan xalqı Heydər Əliyevə yalnız bir prezident kimi deyil, Azərbaycanın müasir inkişafına güclü təsiri olan bir şəxsiyyət, bütün həyatını xalqın inkişafına sərf etmiş bir insan kimi münasibət bəsləyir.» Aradan çox-çox zamanlar ötəcək, lakin Azərbaycan xalqının böyük öndər Heydər Əliyevə məhəbbət və ehtiramı bir damla belə əksilməyəcək. Çünki Xalqın ulu öndərə məhəbbəti əbədidir.

Aydın Abbasov

"Azərsu” ASC-də İstehsalat Departamentinin rəisi

2-ci dərəcəli "Əmək” ordenli və "Tərəqqi” medalı