adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 May 2019 18:10
30562
ƏDƏBİYYAT
A- A+

Görkəmli alim, böyük vətəndaş, unudulmaz insan...

Belə bir deyim var ki, zaman bütün yaraları sağaldır. Çox təəssüf ki, bu heç də hər zaman baş vermir. Elə insalar var ki, onlar sanki qaranlıqda parlaq bir şam kimi şölələnib şəfəq saçırlar. Bu şamın qəflətən sönməyi çox ağrılı olur... Elə bil belə şamlardan biri də hər bir cəhətcə seçilən, nümunə olan-qözəl alim, böyük vətəndaş, adil və sevən ailə başçısı, 3 il öncə öz xidməti vəzifəsini yerinə yetirən zaman avtomobil qəzası nəticəsində faciəli surətdə həlak olmuş Adışirin Ələkbərov idi. O ölkəmizin ən dəyərli sərvəti olan su ehtiyatlarının aşkar olunması, öyrənilməsi və istifadəyə verilməsi yolunda şox böyük əmək sərf etmiş məşhur alim- hidrogeoloq, vətənimizə bütün canı ilə, qəlbi ilə, fədakarlıqla xidmət edən bir insan idi. Hidrogeoloqların Beynəlxalq Asossiasiyası, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyası, Dünya Su Şurası kimi nüfuzlu təşkilatların üzvü idi, geologiya-mineralogiya elmləri doktoru, professor idi...



A. Ələkbərov, 25 noyabr 1955-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1976-cı ildə keçmiş Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsini bitirərək dağ mühəndisi-hidrogeoloq ixtisasına yiyələnmiş və təyinatla Azərbaycan SSR Nazirlər Soveti yanında Geologiya İdarəsinə işləməyə göndərilmişdir. Hidrogeologiya Ekspedisiyasınin çöl partiyalarından birində böyük texnik hidrogeoloq vəzifəsində işə qəbul edilmiş, nəzəri biliyi və işgüzarlığı sayəsində tezliklə baş hidrogeoloq və hidrogeoloji kəşfiyyat partiyasının rəisi vəzifələrində işləmişdir.

Ölkəmizin yeraltı su ehtiyatlarının öyrənilməsi kimi vacib, dövlət əhəmiyyətli işi yüksək professionallıqla yerinə yetirmək bacarığına malik mütəxəssis və gənc alim olduğunu nəzərə alaraq Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin rəhbərliyi onu 1992-ci Hidrogeologiya Ekspedisiyasının rəisi vəzifəsinə təyin etdi, 1993-cü ildə isə ona yeni yaradılmış Hidrogeologiya və Mühəndis Geologiyası İdarəsinin rəisi kimi daha məsul iş tapşırıldı.

Adışırın müəllim 2001-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranandan sonra Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi təyin olundu və 2005-cü ilədək bu vəzifədə işlədi. Bu müddətdə onun iştirakı və bilavasitə rəhbərliyi altında Respublika ərazisinin hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji şəraiti kompleks şəkildə tədqiq olunmuş, yeraltı suların axtarışı və kəşfiyyatı işləri elmi əsaslarla aparılmış, suların rejim və balansı öyrənilmiş və ehtiyatları hesablanılmışdır. Təbii və texnogen fəaliyyət nəticəsində baş verən ekzogen geoloji proseslərin ətraf mühitə təsiri qiymətləndirilmiş və bu proseslərin yaratdığı fövqəladə halların aradan qaldırılması üçün tədbirlər hazırlanmışdır. A.Ələkbərovun əmək fəaliyyətinin 2006-cı ildən sonrakı dövrü "Azərsu” ASC ilə bağlı olmuşdur. 2006-2014-cü illərdə"Azərsu" ASC-də baş mütəxəssis, şöbə rəisi, departament rəisinin müavini vəzifələrində çalışmış, 2014-cü ildənisə "Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır.




A.Ələkbərov 1983-cü ildən Bakı şəhəri və Abşeron yarımadasının hidrogeoloji və geoekoloji şəraitinin intensivləşən gərginləşməsi ilə əlaqədar aramsız meydana çıxan müxtəlif problemlərin ardıcıl həlli ilə məşğul olmuşdur. Bilavasitə iştirakı və rəhbərliyi ilə Bakı - Abşeron aqlomerasiyası ərazisində müxtəlif istiqamətli və fərqli miqyaslı hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji tədqiqatlar aparılmış, yeraltı suların ehtiyatları qiymətləndirilmiş, Xəzər dənizi sahillərində kurort zonası yaradılması ilə əlaqədar yeraltı mineral sular tədqiq edilmiş, çoxsaylı geoloji layihə və hesabatlar, silsilə xəritələr, tövsiyələr hazırlanmışdır. Müxtəlif illərdə təzahür edən ekzogen geoloji proseslərin–Bakı şəhərinin müxtəlif sahələrini, Sumqayıt, Buzovna, Zabrat, Maştağa, Binə və digər sahələri su basması, metronun Koroğlu və Neftçilər stansiyalarına neft sızması, neftlə çirklənmə, Sumqayıt ərazisində yeraltı sularda və süxurlarda civə metalının toplanması, palçıq vulkanlarının təzahürləri, yer səthinin çökməsi, Bayıl, Əhmədli, Zığ, Xırdalan və digər sahələrdə təhlükəli sürüşmə proseslərinin öyrənilməsi və onlara qarşı müdafiə tədbirlərinin hazırlanması və s. tədqiqatlarının əsas istiqamətlərindən olmuşdur. 2000-ci ilin 6-7 mart tarixində Bayıl sahəsində baş vermiş sürüşmə, bir neçə gün öncə proqnozlaşdırılmış, 8 saat öncə isə prosesin qaçılmaz olması haqqında hökumət və şəhər rəhbərliyinə məlumat verilmiş, sürüşməyə qədər gecə ikən əhali məlumatlandırılmış, köçürülmüş, nəticədə dünya praktikasında şəhər ərazilərində analoqu olmayan bir sürüşmə heç bir insan tələfatı olmadan ötüşmüşdür.

A.Ələkbərov Bakı şəhəri ərazisinin gərgin geoekoloji vəziyyəti, şəhərsalmanın mövcud hidrogeoloji və geoekoloji problemləri, şəhər ərazisində tikilən binaların ərazinin mühəndisi-geoloji imkanlarına uyğunluğu, təhlükəli sahələrdə inşaat işlərinin törədə biləcəyi fəsadlarla əlaqədar beynəlxalq konqres və simpoziumlarda, ölkədaxili elmi müşavirələrdə, dövlət və müstəqil televiziyalarda, qəzetlərdə çoxsaylı çıxışlar etmiş, elmi və publisistik məqalələr yazmışdır.

2000-ci ildə Bakı - Abşeron aqlomerasiyasınin hidrogeoloji, mühəndisi-geoloji, geoekoloji şəraitini, mövcud problemləri, onların yaranma səbəblərini və həlli yollarını dolğun əks etdirən "Апшерон: проблемы гидрогеологии и геоэкологии” кitabını nəşr etdirmişdir. Adı çəkilən problemlərin araşdırılması ilə maraqlanan mütəxəssislərin yekdil rəyinə görə bu monoqrafiya fundamental və nadir tədqiqat əsəridir.

2004-cü ildə NATO tərəfindən Bakıda təşkil edilmiş «Management and Sustainable Development of Urban Groudwater Systems » seminarında çıxış etdiyi "Azərbaycanın geoekoloji problemləri” məruzəsində əsas diqqət dünyanın ən gərgin geoekolji şəraitlə səciyyələnən regionlarından olan Bakı- Abşeron aqlomerasiyasının mövcud vəziyyətinə yönəldilmişdir.

2014-cü il 12-15 noyabr tarixində Buxarest şəhərində 12-ci beynəlxalq "EUROPE-INBO 2014” Su Çərçivə Direktivinin tətbiq edilməsinə dair konfransda "Kür-Araz çayı hövzəsində Su Resurslarının İnteqrasiyalı İdarə Olunmasının transsərhəd problemləri” mövzusunda çıxış etmişdir.

"Azərbaycanda su ehtiyatları problemləri: inteqrasiyalı idarəedilmənin elmi-metodik əsasları” mövzusunda apardığı araşdırmaları barədə 2015-ci ildə AMEA Rəyasət Heyətinin iclasında elmi məruzə ilə çıxış etmiş və ölkənin su ehtiyatlarının yaranma qanunauyğunluqlarının müəyyən edilməsi, ehtiyatların qiymətləndirilməsi və dayanıqlı idarə edilməsi, eyni zamanda su təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar son illərdə görülən işlərdən danışmışdır.

O, "Azərbaycan Respublikasının Su Məcəlləsi” layihəsinin əsas tərtibçilərindən idi, su ehtiyatlarından istifadə, ekzogen geoloji proseslərə məruz qalmış ərazilərdən istifadə və digər müvafiq qaydaların tərtibində yaxından iştirak etmişdir.

BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan Kür-Araz hövzəsinin su ehtiyatları layihəsinin Azərbaycanın yeraltı suları və Cənubi Qafqaz regionunun yeraltı suları hesabatlarının müəllifi və eksperti olmuşdur.

Bölgədə ən böyük su təchizatı sistemlərindən biri - Oğuz-Bakı su kəməri mənbəyində yeraltı suların ehtiyatlarının qiymətləndirilməsi, sugötürücünün layihələndirilməsi, tikintisi və istismarının təmin edilməsinin əsas icraçılarındandır.

2004-cü ildə Abşeron aqlomerasiyasının timsalında təbii-texnogen sistemlərdə hidrogeoloji proseslərin qanunauyğunluqları və hidrogeoloji proseslərin proqnozlaşdırılması və idarə olunmasında ilk dəfə olaraq süni intellekt metodunun tətbiqi üzrə geologiya-mineralogiya elmləri doktoru dissertasiyasını müdafiə etmişdir.

Azərbaycan, ABŞ, Rusiya, Türkiyə, Fransa, Polşa, Niderland, Qazaxstan, Ukrayna, Estoniya, Özbəkistan, Gürcüstan, Mərakeş və digər ölkələrdə dərc edilmiş 90-a yaxın elmi məqalənin, 3 monoqrafiyanın, atlasların müəllifidir. Azərbaycanın geoekoloji xəritəsini tərtib etmişdir. "Yeraltı suların kəşfiyyatı və istismar ehtiyatlarının qiymətləndirilməsi”, və "Апшерон: проблемы гидрогеологии и геоэкологии” kimi fundamental kitabların müəllifidir.

UNDP, UNESCO, UNECE və digər beynəlxalq qurumların transsərhəd su obyektlərinin və yeraltı suların idarə olunması ilə əlaqədar bir sıra layihələrinin Cənubi Qafqaz və Azərbaycan üzrə icraçısı və eksperti kimi fəaliyyət göstərmişdir. Hidrogeoloqların Beynəlxalq Assosiasiyasının, Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının, Dünya Su Şurası kimi nüfuzlu təşkilatların, Yer elmləri üzrə ekspert və dissertasiya şuralarının üzvü olmuş, ölkəmizi bu qurumlarda layiqincə təmsil etmişdir.

Dünya Su Forumlarının, Beynəlxalq su sammitlərinin, konqreslərin, konfrans və seminarların aktiv iştirakçısı olmuşdur.

"Azərsu"ASC tərəfindən həyata keçirilən CATEF 2013 və CATEC 2014 Xəzər Beynəlxalq Su Texnologiyaları sərgi və konfransının təşkilində və aparılmasında böyük rolu olmuşdur.

Dünya Su Şurası tərəfindən təşkil olunan beynəlxalq su forumlarında, su forumlarına hazırlıq iclaslarında fəal iştirak etmiş, su sektoru ilə əlaqədar çoxşaxəli problemlərin tənzimlənməsi və həll edilməsi istiqamətində olan müzakirələrə qoşulmuşdur. Həmçinin "Azərsu” ASC-nin Dünya Su Şurasının İdarə Heyətinə üzv seçilməsində əvəzsiz xidmətləri olmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda elmi, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşgul olmuşdur.Azərbaycan Respublikasının su ehtiyatlarının tədqiqi, içməli su mənbələrinin öyrənilməsi və işlənilməsi sahəsində A. Ələkbərovun apardığı araşdırmalar ölkəmizin su təsərrüfatı sektoruna dəyərli töhfələr vermişdir.

Görkəmli alim dünyanın Böyük Britaniya, Fransa, Almaniya, Çin, Niderland, Koreya, Hindistan, Türkiyə, Ukrayna, Rusiya, İran, Ruminiya, Macarıstan, İsveçrə, Latviya, Litviya, Estoniya, Belarusiya, Polşa, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və s. ölkələrində xidməti ezamiyyətlərdə olmuş, əldə etdiyi elmi nailiyyətlərə görə beynəlxalq mükafatlara layiq görülmüşdür.

Azərbaycanda elmin və su təsərrüfatının inkişafında səmərəli fəaliyyəti daim yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2014-cü il tarixli sərəncamı ilə "Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.

Adətən insan haqqında düşünən zaman onun gördüyü işlər və əməllər yada düşür. Adışirin müəllimin gördüyü, ölkəyə, vətənə bu gün və gələcəkdə də gərəkli ola biləcək işlərinin sayı-hesabı yox idi. Bu insanda nadir şəxslərə xas olan vətənpərvərlik, alicənablıq, nəciblik, gözütoxluq, yaxınlara qarşı sevgi, ailəyə və dostlarına sədaqət, sonsuz həyat eşqi kimi bütün ali insani keyfiyyətlər cəmlənmişdi.

Adışirin müəllimin əlindən yalnız yaxşılıq etmık gəlirdi. Onun xeyirxahlığı və qayğıkeşliyi sayəsində neçə-neçə istedadlı gənc həyatda özünə layiq yer tutmuş, kamil mütəxəssis kimi yetişmiş və indi Azərbaycan elminə xidmət etməkdə, su ilə bağlı problemlərimizi həll etməkdədir. Öz Elmi Məktəbini yaratmaqla ölkənin xidmətində durmaq xoşbəxtliyi hər alimə nəsib olmur. Nisbətən qısa ömrü ərzində o bu sevinci, xoşbəxtliyi qazana bildi. O vətənpərvər insan idi, Azərbaycanın tarixini, mədəniyyətini, ədəbiyyatını və incəsənətini, eyni zamanda dövlət dilini gözəl bilirdi. Bəlağətli, olduqca rəvan nitq qabiliyyəti var idi.

Son illərdə Adışıırın müəllim tez-tez xarici ölkələrə işgüzar səfərə, elmi ezamiyyətlərə gedərdi. Əsil ziyalı kimi o getdiyi ölkənin maddi mədəniyyəti, tarixi, bu günü, bir sözlə dünya sivilizasiyasının təşəkkülündə rolu ilə də maraqlanardı. Neçə illər öncə o Fransadan qayıdandan sonra mən ondan dünya şöhrətli Luvr Muzeyi barədə soruşanda o həmçinin Eyfel qülləsi, Zəfər Tağı, Notr Dam Pari Kilsə-Muzeyi və Qarnye Sarayı barədə də həvəslə danışmışdı.

Müqayisəolunmaz dərəcədə işgüzarlığı, dözümlülüyü, bacarığı və istedadı sayəsində əldə etdiyi nailiyyətlər – xidməti ierarxiyada yüksəlişi, tez bir zamanda həm namizədlik, həm də doktorluq dissertasiyaları müdafiə edərək hidrogeologiya və geoekologiya sahəsində ölkədə ən çox sayılan alim və mütəxəssislərdən biri olması, nəhayət dünya şöhrəti qazanması bəzən hətta özünün vaxtı ilə işə cəlb edərək yaxşılıq etdiyi insanlarda həsəd, qibtə hissləri yaradırdı (Deyildiyi kimi Motsart olan yerdə ona zəhər verməyə hazır olan Salyerilər də yetişir).

Bax beləcə - su kimi saf və şəffaf; eyni zamanda müdrik və ləyaqətli insan, əsil Azərbaycan ziyalısı idi Adışirin müəllim! Belə insanlar unudulmurlar!

Düşünürəm ki, Azərbaycanın hər bir guşəsindən birər-birər toplayaraq mütəxəssis kimi yetişdirdiyi istedadlı gənclər onun başladığı, yerinə yetirdiyi möhtəşəm işləri şərəflə davam etdirəcəklər.




Ağamahmud Səmədov


"Yer və insan” jurnalının

redaktoru