adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 May 2019 15:17
16482
GÜNDƏM
A- A+

Sonuncu təntənə - Kərim Kərimli yazır

Kişilər bir olmur,
atam balası,
Qorxağı var, igidi var…
Amma hər kişinin
öləndən sonra
Qəbrinin üstündə ağlayanı
Bir qara paltarlı qadına ümidi var.

(Ramiz Rövşən)


…Və bəlkə də tamamilə başqa ovqatdan yoğrulmuş bu şeir parçası Onun ölümündən sonra alın yazısı kimi yazıldı uğrunda can verdiyi şəhərin də taleyinə.
…Nə Onun məzarı üstə qara geyib, düz-əməlli ağlaya bildi qadınlarımız (Onun "yeddisi” çıxan gün Şuşa da xəyanətin qurbanı oldu, Ramiz kimi…), nə də düz-əməlli şəhərimizin dərdini çəkə bildik. Yanan da biz idik, yaman da… "Sağsansa – günahkarsan” ittihamı uzun müddət qara kabus kimi gəzdi başımız üstə. Yerli-yersiz bu ittihamla üzləşdik. Hər addımda, hər gün. Şuşanı satanlar, şəhərə, dövlətə, millətə və vətənə xəyanət edənlər vəzifələrə təyin olundular, yüksək rütbələrə sahib oldular, günahsız fədakar adamlar ədalətsiz və əsassız qınağa tuş gəldi, məhrumiyyətlərə düçar edildi.

…Biz Onu çox tez sevdik. Çox təəssüf ki, tez də unutmağa başladıq. Onun ölümündən sonra Şuşanı da əldən verdik. Yolunda, uğrunda Onun baş qoyduğu, can verdiyi Şuşanı. Onun ardınca elə Şuşanı da unutmağa başladıq. Işğalın hər növbəti ildönümndə, "yubileydən” "yubileyə” xatırladıq. Indi də iyirminci "yubiley”ə hazırlaşırıq… Hə, bir də ermənilər nəsə dinc durmayanda xatırladıq, xatırlayırıq. Məsələn, Şuşada yeni erməni ailələrini məskunlaşdıranda, qazıntı işləri, guya arxeoloji "tədqiqatlar” aparanda, yaxud baş planını hazırlayanda, Yuxarı Gövhər ağa məscidini "bərpa” etməyə girişəndə… Qəribədir, ermənilər indiyədək başa düşmək istəmirlər ki, Bakı boyda paytaxtının baş planının olub-olmaması məlum olmayan bir ölkənin Şuşa kimi şəhərinin baş planı heç dünəndən lazım deyil. Anlamaq istəmirlər ki, "baş planı”, "daş planı”, "yaş planı”, "göz-qaş” planı hazırladıqlarını, Yuxarı Gövhər ağa məscidini "Iran-fars” məscidi adlandıraraq onun bərpasına Irandan mütəxəssis dəvət etmək fikrində olduqlarını tez-tez bəyan etməklə bizim çoxdan yatmış Vətən duyğularımızı dirçəldə, ölmüş patriotizm hisslərimizi oyada, buruqlar səltənətinin qazma baltalarının belə kəsə bilməyəcəyi pul pərdəsi ilə yumulmuş gözlərimizi, tutulmuş qulaqlarımızı aça bilməzlər.

…Heyhat! Şuşanı itirdik! Onu da işğal olunmuş Şuşada qoyub gəldik. Onun son döyüşündən sonra elimizdə, yurdumuzda çox şey dəyişdi, çox qanlar axdı, çox bədbəxtliklər oldu. Başımıza çox hadisələr gəldi. …
Yurdumuz yağmalandı. Alınmaz, məğlubedilməz sayılan Şuşa qalasını düşmənə təslim etmək üçün qalanın darvazalarını xəyanətlə düşmənin üzünə açan xainlər başa keçdi, Şuşasız ötən 17 ildə milyonlara sahib oldu…
"Şuşa” və "xainlərin milyonlara sahib olması” ifadələrini yanaşı işlətməklə hər hansı bir müqəddəsliklə yanaşı, hər hansı bir naqislik barədə danışmaq kimi addım atıb özümün də "xırdaçılığa”, "bəsitliyə” yol verdiyimi canımla hiss etməmiş deyiləm, əlbəttə. Lakin bizim bu mənada ən böyük bədbəxtliyimiz də məhz elə budur. Böyük-böyük adamlar hətta ötən 17 il ərzində belə Şuşanın nə demək olduğunu hələ də bilmirlər, nəyi itirdiyimizin hələ də fərqində deyillər. …Və təəssüf ki, bu gün hətta Şuşadan belə söhbət düşəndə birinci növbədə "onun neçəyə olduğu, ola biləcəyi” barədə düşünürlər. Təəssüf ki, "zabit şərəfi”, "vətəndaş şərəfi”, "milli ləyaqət”, "kişilik qüruru”, "yurd təəssübü”, "Vətən qeyrəti” kimi anlayışların daxil olduğu frazelogiya lüğəti yoxdur onların masalarının üstündə…

…Cəmi 30 il yaşadı Ramiz Qənbərov. Hətta 30 yaşı da tamam olmadı. Bir zaman parçası kimi çox kiçik olan bu ömür ərzində yalnız ailə qura bilmədi Ramiz. Lakin öz ailəsini Xalq, Millət kimi, villasını Vətən kimi başa düşənlərdən fərqli olaraq, Vətəni, Xalqı, Milləti yolunda Ən Ali Namus uğrunda kimi çalışdı.
Oğul-uşaq sahibi ola bilmədi Ramiz. Lakin bu kiçik ömür parçası ərzində bütöv bir xalqın oğlu, Vətənin övladı ola bildi…
1988-ci ilin fevralından, erməni təcavüzünə qarşı mübarizəyə başladığı ilk gündən son anlarınadək – 1988-ci ilin əvvəlindən o vaxtkı SSRI rəhbərliyinə mövcud vəziyyəti izah etmək, əsil həqiqəti çatdırmaq ümidi ilə Şuşadan Moskvaya gedən nümayəndə heyətinin tərkibində olanda da, mitinqlərdə alovlu çıxışlar edəndə də, zirzəmilərdə gizli keçirilən yığıncaqlara gedəndə də, Vətən səngərlərində qanlı və amansız döyüşlərə atılanda da Ramizin qəlbinə yalnız və yalnız bircə fikir hakim kəsilmişdi: Millət! Vətən! Torpaq! Azadlıq! Müstəqillik! Dövlətçilik!
Ata-anasından aldığı adı ilə Bakıda Ramiz Qənbərov küçəsini, müvəqqəti olaraq Bakıda yerləşən Ramiz Qənbərov adına Şuşa şəhər orta məktəbini şərəfləndirən, neçə-neçə şeirin, nəğmənin, kitabın, dastanın qəhrəmanına çevrilən ŞUŞALI Ramiz Qənbərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü və Azərbaycan xalqının tarixində ən şərəfli səhifələrdən birinin məzmununa çevrildi.
Ölməzlik də elə budur, əziz dost!
Əbədi Şuşada uyuyan dost!
Əbədi Şuşanı qoruyan dost!


…Məzar üstündə bayram eşitmisinizmi? Onu biz edəcəyik… Şuşada… Şuşanın Cıdır düzündəki Şəhidlər məzarlığında Ramizin məzarı başında.


Biri dost söyləyib adımı andı,
Biri düşmən bilib haqqımı dandı.
Mənim imkanımdan arzum utandı,
Süründüm "yox” ilə "kəm” arasında.

…Nə zamansa bu misraların sahibi əslində təvazökarlıq eləmişdi. Zaman ötdükcə reallığa daha çox yaxınlaşdı.
Ramizin hesabına milyonlar qazananlar, milyonlarını qoruyub saxlayanlar və indi milyardlara çevirməkdə olanlar, Ramizin sayəsində özlərinin və qohum-əqrəbalarının canlarını, həyatlarını xilas edənlər indi Şuşanın ən layiqli və ən şərəfli Milli Qəhrəmanının xatirəsinin əbədiləşdirilməsi, heykəli, büstü, xatirə lövhəsi, haqqında kitab yazılması və s. bu istiqamətdə bircə kibrit çöpünə belə qıymırlar. Onlar qorxaqdırlar, qorxaq olduqları üçün xəsisdirlər. Qorxaq və xəsis olduqları üçün də xeyrə-şərə yaramırlar.
…Bir vaxtlar ofislərində Ramizin portretini asıb, "uçastkovı”dan tutmuş vergi müfəttişlərinə qədər hər gələnə şəhadət barmağını o potretə tuşlayıb "mən onun batalyonunda vuruşmuşam”, yaxud "mən onun dostu olmuşam” deyə barınanlar indi Ramizi heç xatırlamırlar da…
…Bir vaxtlar…
…Nə isə…

Indi gərək hər bir şuşalının stolunun üstündə onun, bir daha çəkinmədən təkrar edirəm ən layiqli, ən şərəfli Milli Qəhrəmanından bəhs edən ayrıca gözəl bir kitab olaydı. Heyhat! 17 ildə bu mümkün olmayıb!
Biz bu barədə düşünmüşükmü?
Ramizin həyatı, fəaliyyəti, Vətən uğrunda apardığı mübarizə yeni nəsil üçün örnək deyilmi?
Ramiz Qənbərov Şuşada dəfn olunub. Şuşadan ayrıla bilməyib. Şuşanın ən vəfalı, ən etibarlı sakinlərindən biridir. Amma Bakıda da, müqəddəs Şəhidlər Xiyabanında onun rəmzi məzarı var.

Şuşamıza qayıdanadək, anasının, doğmalarının, onu hələ unutmayan, uğrunda can verdiyi ideallara hələ sadiq olan dostlarının ziyarətgahıdır o rəmzi məzar.
Sağlıq olsun. Gün gələr Şuşamızda Ramiz bəyin məzarı başında Azadlığımızı və Qələbəmizi bayram edəndə indiki kimi özümüzü xəcalətli hiss etməyəcəyik. Məzar üstündə bayram etmək isə sizə təəccüblü, qəribə görünməsin.
Biz bayram edəcəyik.
Ramiz bəylə sevincimizi bölüşəcəyik.
Biz ona hesabat verəcəyik.
Biz ondan üzr istəyib, əfv olunmağımızı xahiş edəcəyik…
Biz…

Bu gün isə "günahımız” odur ki, arzumuz imkanımızla üst-üstə düşmür.
…Mənim imkanımdan arzum utandı…
…1992-ci ilin 29 aprel günü Şuşa üçün faciə gətirdi. Həmin gün Ramiz Qənbərov ağır yaralandı və sabahı gün gözlərini əbədi yumdu.

…Ramizin cərrahiyyə əməliyyatından sonra yanına heç kəsi buraxmırdılar. Ürəyim sinəmin altında özünü bağlı otaqda pəncərə şüşələrinə çırpıb qanadları qırılan, qəfəsdə dəmir barmaqlıqlara özünü döyüb öldürən quş kimi çırpınırdı. Mənə elə gəlirdi ki, gicgahlarım partlayacaq. Içəri, RAMIZIN YANINA keçməli idim.
…Gözləri yumulu idi. Sifəti avazımışdı. Ağır-ağır nəfəs alırdı. Gültəkin onun baş tərəfində kətilin üstə büzüşüb oturmuşdu (Söhbət Ramiz Qənbərovun batalyonunda xidmət edən tibb bacısı, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovadan gedir). Incə, nazik, uzun barmaqları Ramizin sıx qara saçlarını geriyə darayır, göz yaşları yağış kimi tökülürdü. Amma SƏSI ÇIXMIRDI…
Hönkürmürdü, hıçqırmırdı, qışqırmırdı, SƏSSIZ ağlayırdı Gültəkin. Çiyninə saldığı kamuflyaj buşlatın içində, əyninə geydiyi hərbi paltarda getdikcə büzüşür, balacalaşır, yanıb-yaxılır, zülüm-zülüm ağlayır, sellənən göz yaşlarının əlində acizləşirdi. Möhkəm sarsılmışdı Gültəkin. Lakin göz yaşlarının acizinə cevrilsə də, özünü, iradəsini itirməmişdi. Indiyədək Şuşada çox ölüm, yaralı görmüşdü "Gültəkin həkim”. Lakin, o, başa düşürdü ki, bu – artıq başqa məsələdir…
Başını qaldırdı. Məni görcək yanaqlarından süzülüb tökülən göz yaşlarını incə barmağının arxası ilə silib, çox böyük və sonsuz hüzn, lakin asta da olsa, qətiyyətlə: "Təcili Bakıya xəbər elə, vertolyot göndərsinlər, Ramizi xilas etmək lazımdır!” – dedi.
Qayıdıb çıxdım. Xəstəxananın həyətindəki "UAZ” markalı maşınla təcili poçta qalxdım. Orada Bakı ilə əvvəlcədən sifariş vermədən, birbaşa əlaqə yaratmaq üçün iki nömrə var idi.

…Yeri gəlmişkən, belə yerdə deyirlər ki, içim özümü yandırır, çölüm özgəni. Dərdimizə baxın, ölkənin bir parasında qanlı müharibə gedir, hər qarış torpaq uğrunda "imkanı arzusundan utanan” bir dəstə cavan canı, qanı, dişi dırnağı ilə dişinə və dırnağınacan silahlanmış, təlim görmüş düşmən ordusu ilə ölüm-dürüm çarpışmasındadır, ölkənin o biri başındakı paytaxtda əyləşib, öz keyfində olan, sözün bütün mənalarında başı eyş-işrətə qarışan dövlət rəhbərlərinə, siyasi, ictimai xadimlərinə, güc strukturlarına, deputatlarına, nəhayət "boynu qıldan nazik, üzü qara” mətbuatına təcili bir xəbər vermək üçün hələ əvvəlcədən bu barədə sifariş verməli və sonra da oturub vaxtını gözləməli idin. Müharibə başlayan kimi dərhal ölkənin siyasi və hərbi paytaxtını Şuşaya, Xankəndinə, Xocalıya, Kərkicahana köçürməli olan dövlət rəhbərlərinin özləri, yavərləri isə heç "ayda bir yol, həftədə bir yol” da maraqlanmırdılar…

…Bakıya zəng etdim. Əbülfəz Elçibəy, Isa Qəmbər, Tamerlan Qarayev, Rəhim Qazıyev, Leyla Yunusova, Isgəndər Həmidov, Etibar Məmmədov və başqaları ilə bir-bir danışdım. Vəziyyəti ətraflı söylədim. Ramizi Bakıya çatdırmaq üçün təcili vertolyot lazım olduğunu bildirdim. Əlbəttə, Ramiz yaralanan kimi mən dərhal zəng edərək, Bakıya, o cümlədən də mətbuata xəbər vermişdim. Indi isə cərrahiyyə əməliyyatından sonrakı vəziyyəti ilə bağlı məlumat verdim.
Bakı ilə telefonla danışdıqdan sonra geriyə, xəstəxanaya qayıtdım. Yuxarı çıxanda gördüm ki. Ramizi əməliyyat edən cərrah telefonla danışır. Məlum oldu ki, Isgəndər Həmidov Bakıdan zəng edib. Cərrah Nazim Allahverdiyev ona Ramizin vəziyyəti və cərrahiyyə əməliyyatı barədə həkim məlumatı verdikdən sonra dedi ki, indi vertolyota ehtiyac yoxdur. Ramizin vəziyyəti çox ağırdır. Indi onu tərpətsək, vertolyota mindirsək dərhal keçinər. Üç gün gözləmək lazımdır. Üç gün yaşasa, özümüz Bakıya çatdıracağıq…

Heyhat! Ramizi xilas etmək mümkün olmadı. Aprelin 30-da o, bu dünyaya gözlərini əbədi yumaraq, çox-çox, canından da artıq sevdiyi Şuşa torpağına qovuşdu.
…Ramizin cənazəsini xəstəxanadan evə gətirən insan seli dəstə-dəstə, dalğa-dalğa? Burum-burum onun evinə yaxınlaşırdı.
Şəhərin aşağı hissəsində, ən ucqarda, qaya başında yerləşən Kərim bəy Mehmandarov adına Şuşa rayon Mərkəzi Xəstəxanasından başlanğıcını götürən bu "sel”in qabaq tərəfindən çevrilib geri baxanda adama elə gəlirdi ki, üzüyuxarı, şəhərin mərkəzinə doğru nəhəng bir çay axır – Ramizgilin evi şəhərin mərkəzində, Mamayı məhləsinin ayağında, Örtülü bazarın üstündə idi.
Onu ikinci mərtəbəyə qaldırıb otağa qoydular. Hamı qayıdıb çölə çıxdı. Yuxarı qalxdım. Yenə də içəri, RAMIZIN YANINA keçdim. Bu, son iki gündə artıq üçüncü dəfə idi ki, təkrar olunurdu. On iki dəfə edilən təkidli zənglərdən sonra kiçik bir dəstə ilə döyüşə, ön mövqedəkilərə köməyə getməmişdən əvvəlki axşam onun batalyonu, bizim batalyonumuz yerləşən Uşaq sanatoriyasındakı otağında bir yerdə xeyli, bəlkə də bir neçə saat söhbət etmişdik. Mən RAMIZIN YANINA onun tabeliyində olan döyüşçü kimi deyil, onun əqidə dostu kimi girmişdim və danışdığımız uzun müddət ərzində ondan bir neçə məsələni xahiş və dost kimi tələb etmişdim. Ikinci dəfə xəstəxanada, üçüncü dəfə isə son mənzilə yola salmaq üçün evlərinə gətiriləndə onun otağına daxil olurdum. Və o zaman heç ağlıma da gəlməzdi ki, aradan IYIRMI IL keçəndən sonra mən yenə də RAMIZIN YANINA getmək istəyəcək, RAMIZIN YANI adlı bir məzar yeri arzulayacam:

…Işıqtək şığıyıb, uçdu xəyalım,
Ağdamdan, Şuşadan keçdi xəyalım.
Bir məzar yerini seçdi xəyalım, –
RAMIZIN, Pərvizin, Kamilin YANI…
Şuşalılar unutdumu Şuşanı?!

Azərbaycan unutdumu Şuşanı?”

…Ayların yuxusuz gecələrinin əzabı sifətlərindən-gözlərindən oxunan kişilər həyətdə burum-burum burulsa da RAMIZIN YANINDAN ağlaşma, ağı, "şaxsey” sədaları gəlmirdi, eşidilmirdi. Qadın yox idi… Qayıdıb otaqdan çıxdım. Pilləkənlə aşağı endim. Həyətdə pilləkənlərin ayağında başlarına qara yaylıq örtmüş, QARA PALTARLI iki qadınla rastlaşdım. Biri Şuşada hamının tanıdığı hörmətli Süsən xala idi. O birini təəssüf ki, unutmuşam. Onların arxasınca təzədən pillələrlə ikinci mərtəbəyə Ramizin otağına, RAMIZIN YANINA qalxdım. Süsən xala ilə yanındakı qadın hərəsi bir tərəfdən Ramizin yanında diz üstə çöküb ağlamağa başladılar.

Heyhat! Ramizin burada da "bəxti gətirməmişdi”. Ağlayan QARA PALTARLI QADINların ikisi də zülüm-zülüm, yana-yana ağlasalar da heç birinin səsi çıxmırdı. Şuşada hamı bilirdi ki, Süsən xalanın boğazında dərdi var və səsi çıxmır. Danışanda da zəif, xırıltı ilə danışır, boğazında… Ikinci, cavan qadın isə "ağlamaq bilmirdi”. Göz yaşları nar dənəsi kimi yumrulanıb dağılsa da, səsi eşidilmirdi. Ramizin "üstündə” "dünya dağılmırdı”. Aşağıda, həyətin müxtəlif tərəflərindən arada bir kişi hönkürtüsü eşidilib, tez də kəsilirdi…
Ramizin özünün də, qəbrinin də üstündə ağlayacaq bir QARA PALTARLI QADINA OLAN ÜMIDI DƏ özü ilə bir ölürdü. Cəmi yeddicə gündən sonra isə məzarının, ümumiyyətlə, azərbaycanlının ziyarət edəcəyi ümidi də puç oldu. Canını qurban verdiyi doğma şəhəri, əvəzsiz Şuşası da düşmənə təslim edildi. Xaincəsinə… Ramizi düşmən gülləsinin önündə hədəfə çevirənlər onun şəhərini də yağıya hədiyyə etdilər.
Ərməğan kimi….

Ramizin yeddisi çıxan gün Şuşa da çıxdı…
Daha doğrusu Ramizin yeddisini verən şuşalılar elə həmin gün də Şuşadan çıxdılar…
…Səhəri gün, mayın 1-də Şuşada ilk dəfə hərbi paradla, yaylım atəşi ilə dəfn mərasimi oldu. Bu mərasimi idarə etmək üstündə də dava düşdü.
…Rayon icra hakimiyyətini yenicə ələ keçirmiş icra başçısı Nizami Bəhmənov hara getmişdisə, Şuşada yox idi, gözə dəymirdi. Rayon rəhbərliyindən binada təkcə o zaman hələ ümumi şöbənin müdiri işləyən, 1993-cü ilin ikinci yarısından müavin olan, bir neçə il bundan əvvəl isə pensiyaya göndərilən Elxan Ələkbərov idi. Biz bir neçə nəfər onun yanında toplaşıb dəfn mərasiminin necə keçirilməsini müzakirə edirdik. Orada olanlardan özümdən başqa (necə deyərlər), Elxan Ələkbərovun və Şuşanın işğalından sonra, Bakıda icra başçısının müavini təyin edilən və bu vəzifədə bir il çalışan Akif Əliyevin adları yadımda qalıb. Qalanlarını unutmuşam. Biz matəm mitinqinin və təntənəli dəfn mərasiminin necə keçirilməsi, tədbiri kimin aparacağı, kimin idarə edəcəyi barədə danışırdıq. Bu zaman kabinetin qapıları taybatay açıldı və bir dəstə silahlı adam içəri daxil oldu. Gələnlər Elxan Ələkbərova (bir daha qeyd edirəm ki, Elxan müəllim IH aparatında şöbə müdiri idi və ondan başqa rayon rəhbərliyindən binada heç kim yox idi) müraciətlə "çəkilin bir kənara, tədbiri biz özümüz təşkil edəcəyik, mitinqi biz aparacaq, təntənəli dəfn mərasimini də biz həyata keçirəcəyik. Bütün bu işlərə də özümüz rəhbərlik edəcəyik! Siz qarışmayacaqsınız!” – deyərək tələblər irəli sürməyə başladılar. Elxan Ələkbərov deyəsən etiraz etmək istədi: "Elə şey olar? Ramiz şuşalıdır. Necə ola bilər ki, biz bu işə qarışmayaq?”. Cavab çox ağır və çox sərt, kəskin idi: "Əhd eləmişdiniz? Niyyət eləmişdiniz? Ramizi öldürmüsünüz, indi də dəfninə rəhbərlik eləmək istəyirsiniz? Görməyəcəksiniz!”. Bayaqdan ayaq üstə dayananlardan bir neçəsi avtomatını çiynindən endirib sürgüsünü-çaxmağını çəkdi. Yan-yana dayanan yaraqlıların avtomatlarının şaqqıldamaq üçün himə bənd olduqları göz qabağında, çaxmaqlar çəkilmiş, barmaqlar tətikdə idi. Cəmi beş ay əvvəl bu kabinetdə avtomat şaqqıldamış və rayon icra hakimiyyətinin başçısı, Şuşanı qoruyan əsas qüvvələrin rəhbəri olan Mikayıl Gözəlov kimi bir sanballı kişinin sinəsini parçalamışdı…
Elxan Ələkbərov köməksiz baxışlarla bizi süzdü, çiyinlərini çəkdi. Heç kim dinmirdi. Bir anlıq sükut çox uzun çəkdi. Ayağa durdum. Gələnlərə üz tutub: "Sizin məntiqiniz aydın deyil, – dedim, – Siz burda silah işlətmək istəyirsiniz? Bu avtomatlardan indi şəhərdə qalan adamların az qala hamısında var. Erməni gəlib dirənib Şuşanın boğazına, siz silahı bizə çevirirsiniz… Bu nə deməkdir, bunu necə başa düşək? Mitinq eləmək, mitinqi idarə etmək, çıxış eləmək, Ramizin dəfnini özünüz eləmək istəyirsiniz, eləyin. Bundan ötrü danışığa dəstə ilə, avtomatla gəlmək lazımdır? Siz elə bilirsiniz burada bir güllə atsanız salamat çıxa bilərsiniz? Bütün şəhər qan gölünə çevrilər. Düşmənə də bu lazımdır. Ondansa, sakitcə erməniləri çağıraq və Şuşanı sağ-salamat onlara təhvil verək… Mitinq eləmək istəyirsiniz, gedin eləyin, gedin işinizi görün. Ramiz Qənbərovu indi onun ortada olan tabutu üzərində kimin və necə nitq söyləyəcəyi maraqlandırmır. Onu bu dünyada maraqlandıran bircə amalı, təkcə Şuşa idi, onun da yolunda canından keçdi. Gedin nə istəyirsiniz eləyin…”. "Qonaqlar” getdilər. Üzümü Elxan Ələkbərova çevirdim: "Ölüsünü ortalıqda qoyub qaçan, yoxa çıxan başçı – başçı deyil, … (ardı yazılmalı deyil)” – deyib çıxdım.

…Matəm mitinqini Avtomobil alayının (belə adlanırdı) komandiri Məmməd Muradzadə idarə etdi. Mitinqin gedişində də ikinci dəfə son dərəcə gərgin vəziyyət yarandı. Mitinqin aparıcısı sona yaxın "…gün gələcək Qarabağ torpaqlarından mənfur erməniləri qovub…” ifadəsini deyərkən çaşaraq "…gün gələcək mənfur Qarabağ torpaqlarından…” kimi işlətdi. Meydana toplanmış yüzlərlə adam eyni vaxtda ona tərəf bağırmağa başladı: "Mənfur sənin…”. Nəzərə almaq lazımdır ki, adamların xeyli hissəsi silahlı idi. Həm Muradzadəyə söyənlərin, həm də onun ətrafında olanların. Qeyd edim ki, Muradzadəgilin dəstəsinin "mitinqi biz aparacağıq” tələbi barədə xəbər sürətlə yayılmışdı və camaatın bir hissəsi acıqlı idi. Bu təhlükəni də sovuşdura bildik. Eyni zamanda Məmməd kişinin dönə-dönə üzr istəməsi, karıxdığını təkrar-təkrar qeyd etməsi də gərginliyi bir qədər azaltı. Onu da deyim ki, adicə bir söz səhvindən, əvvəlcədən düşünülməmiş, qəsdən deyilməmiş kiçik söz xətasından sonra natiqdə və onun ətrafındakılarda yaranmış çaşqınlığa görə bayaqkı ötkəmlikdən əsər-əlamət qalmamışdı. M.Muradzadə səmimiyyətlə üzr istəyirdi.
Mitinq başa çatandan sonra Bazar başı meydanından Cıdır düzünədək uzanan yolda insanlar sakit-sakit addımladıqca Ramiz sanki həm doğma şəhəri və həm də çox sevdiyi həmyerliləri ilə vidalaşırdı. Və sanki bu qüssəli, fikirli, dərdli matəm karvanına baxdıqca ona agah olurdu ki, cəmi 7-cə gündən sonra bu şəhərin sakinləri onu indi tapşırmaqda olduqları torpağın qoynundaca qoyub, onu da Şuşanı da tərk edib, harasa gedəcəklər. Hər yerə gedəcəklər, hər yerə dağılışacaqlar, səpələnəcəklər…

Fəqət! O, susurdu. Son dörd ildə şəhərimizin ən çılğın adamlarından biri, mitinqlərdə, yığıncaqlarda, könüllülər qarşısında, çayxanalarda, evlərdə, küçələrdə, hətta, bəzən səhərə qədər danışan, bu şəhərdə hamıdan çox və hamıdan odlu-alovlu danışan bu cavan oğlan indi susurdu. Çünki o, indi hamıdan çox bilirdi. O artıq duymuşdu ki, biz onu torpağın qoynuna verib, baş götürüb, can götürüb, harasa getməyi qənimət biləcəyik. Cəmi bir həftədən sonra…
…Və deyəsən Ramiz artıq anlamışdı ki, elə buna görə də, bütün bunların olması, baş tutması üçün də əvvəlcə o ölməli imiş…
…Və deyəsən Ramiz həm də onu anlamışdı ki, Şuşanı erməniyə vermədən əvvəl, onu tərk edib getmədən əvvəl sonuncu təxirəsalınmaz iş kimi onu torpağa verməli, Ramizin sərkərdələrə layiq təntənəli dəfn mərasimini həyata keçirməli imişlər. Bu SONUNCU TƏNTƏNƏ idi.

ŞUŞANIN SONUNCU TƏNTƏNƏSI…
…Sənsizliyin artıq 17 yaşı tamam oldu, Ramiz bəy!
…Və cəmi 7 gündən sonra Şuşasızlığın da 17 yaşı tamam olur, Ramiz bəy!

...Və bu gün Şuşanın işğalı da, ŞUŞASIZLIQ da daha "həddi buluğa çatır”, Ramiz bəy!

...Qorxuram, Ramiz bəy, çox qorxuram...

...Qorxuram ki, "həddi buluq”dan sonra bu biabırçılığın "gənclik dövrü” gələ...

...Və...

...Aman Allah!!!
…Şuşamız səndən sonra cəmi 7 gün yaşadı, Ramiz bəy! Sənin "yeddin” çıxan günü Şuşa da çıxdı. Daha doğrusu Şuşadan çıxdıq.
…Təkcə Şuşa çıxmadı, təkcə Şuşadan çıxmadıq, Ramiz! Canımız da çıxdı. Düzdür, "çiçəyi çırtdıyan”, "bəxti açılan”, "zəri şeş duran” da oldu. Ancaq, elələri həyatın tör-töküntüləridirlər və sənin kimi oğulların baş qoyduğu, can verdiyi ideya və ideallar onlara yaddır. Onlar "yal olsun, yalaq olsun” "fəlsəfəsi” ilə yaşayanlardır və burada sənin gözəl xatirənlə yanaşı onları da yada salmaq bu tipləri doğrudan da şərəfləndirməkdir. Yəqin buna görə mən hətta üzr istəməliyəm də, səndən də, bir çox başqa şərəfli adamlardan da…
…Səndən sonra (bunu necə söyləyə bildik, Ramiz?!) nələr olmadı?! Hər şey oldu. Başımıza hər fəlakət gəldi. Şuşamız əldən getdi… Sən bunları bildinmi, duydunmu, Ramiz? Sən bütün bunlara dözdünmü, susdunmu, Ramiz?
…17 ildir sən yoxsan. 17 ildir Şuşa da yoxdur. 17 ildir sənsizik. 17 ildir Şuşasızıq. 17 ildir biz dözürük. Sənsizliyə də, Şuşasızlığa da. Sən də dözərdinmi, Ramiz? Amma axı sən Şuşasız deyilsən. 17 ildir sən əvvəlki kimi varsan, Şuşa da var. Siz bir yerdəsiniz. Biz yoxuq. 17 ildir sən əvvəlkitək ŞUŞALISAN, biz ŞUŞASIZ.
Yadıma bilirsənmi nə düşdü? Kamil yadındamı, Kamil Bəşirov. Qəhrəman Kamil. Səndən bir gün qabaq qəhrəmancasına şəhid olan Kamil. Siz onların köməyinə tələsmişdiniz. Sən yaralanandan bir az sonra igid Nəriman da, cəsur Elton da, qorxmaz Pənah da şəhid oldular. Kamili bildin, o birilərindən xəbərin olmadı.

Hə, bu günlərdə Kamil Bəşirov – qəhrəman Kamil haqqında təzə kitabımda yazmaq üçün hazırda onun Pirşağıda "Lokomotiv” adlanan bir düşərgədə məskunlaşmış bacısı Şüşəxanım müəllimə ilə də görüşdüm. Bilirsənmi nə dedi Şüşəxanım müəllimə? Deyir, "bir igidin ömrü deyirlər ha, bax bizim Şuşasızlığımızın ömrü o qədərdi indi. Bu il 17 oldu, gələn il 18, sonra 19, 20, 21 olacaq. Mənim qardaşım Kamil də 21 yaşında şəhid oldu. Şuşasız qalmağımız Kamil yaşına da çatacaqmı…”.
Şuşasızlıq həm də sənsizliyin yaşıdıdı, Ramiz!
"…Bəy, ”neujeli” sən görmürsən ki, bunlar siyasi oyunlar oynayırlar, siyasi alver edirlər?” – sən bunu kimə demişdin, Ramiz, niyə demişdin? Sən "bunlar” deyəndə kimi nəzərdə tuturdun?
"…Şuşanın başına bir iş gəlsə, səni şəxsən özüm güllələyəcəyəm!” – bəs bunu kimə demişdin, niyə demişdin, Ramiz?
Şuşanın başında siyasi oyun oynadılar, Ramiz, oynadılar. Siyasi alver elədilər. Şəhərimizi, canımızı hərraca qoydular, Ramiz.
…Və bunu anlayan, görən, bilən, başa düşən olmadı. Olanları da başsız qoydular. Olub, başını salamat saxlayanlar isə susdular, Ramiz, qorxu susdurdu hamını. Başbilənlər isə oyunların başında durdular, Ramiz, elə əvvəldən, lap əvvəldən. Evimizi yıxdılar, bizi çöllərə saldılar. Özgələrin tənəli bucağında qocaltılar bizi. Oldu bunların hamısı, qardaş, oldu.
Şuşanın başına bir iş gəlmədi, Ramiz, min iş gəldi. Işğaldan əvvəl də, sonra da… Dağıtdılar yurdumuzu, taladılar ocağımızı. Dünya gözəli, Tanrı və təbiət gözəli şəhərimizi viran edib yandırdılar. Xaraba qoydular, Ramiz. Bülbüllər yurdunu bayquşlara verdilər. Təhqir etdilər, Şuşanın ləyaqətini tapdadılar…
…Amma, bir kimsəni güllələmədilər. Sən "…şəxsən özüm güllələyəcəm!” demişdinmi? Güllələmək nədir, heç kiməsə "gözün üstə qaşın var” deyən də olmadı.
…Şuşamızın sahibi yoxmuş…
…Səndən də, Şuşadan da sonra çox sular axdı, Ramiz, çox küləklər əsdi. Şəhər və kəndlərimiz, iri-iri rayonlarımız işğal edildi. Sənə qədər kəndlərimizlə bərabər bir Xocalı dərdimiz var idi. Ağır dərddir, dəhşətli facədir, amma onunla qurtarsa, nəymiş ki?
Səndən sonra Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan.., – görürsənmi, Ramiz, saymaqla qurtarmır, – faciələrini də yaşadıq. Torpaq itkimiz artıqca generallarımız və Milli qəhrəmanlarımız da çoxaldı. Indi işğal olunmuş hər kəndə bir general düşür. Bir vaxtlar al bayraqlar, qızıl ordenlər ölkəsi olan ölkəmiz indi Milli Qəhrəmanlar və qaçqınlar ölkəsi adlanır. Şəhər və kəndlərimiz əldən getdikcə generallarımız çoxaldı, Ramiz. Generallar çoxaldıqca qaçqınlarımız da çoxaldı. Qaçqınlar ordusu böyüdükcə Milli Qəhrəmanlarımızın da sayı artdı. Beləcə indi biz Milli Qəhrəmanlar və qaçqınlar ölkəsiyik. Sən şəhid olanda ölkədə heç Milli Qəhrəman yox idi. Heç bu ad da təsis edilməmişdi.
Onda igidlər ad uğrunda deyil, yurd uğrunda mübarizə aparırdılar.

Ad dedim! Ramiz, sənin adınla bir gənc böyüyüb ailənizdə. Gənc Ramiz bəy! Gənc Ramiz Qənbərov. Eyvazın oğludur. Səndən sonra dünyaya gəldi. Bakıda. Elə bil adını yaşatmaq üçün verdi onu Tanrı. Indi 17 yaşının tamamına az qalıb. Demək olar ki, o da Şuşasızlığın və sənsizliyin yaşıdıdır.
Neynək, Tanrının payı çox olsun. Tanrı gənc Ramizi, bütün gənc Ramizlərimizi qorusun!
Tanrı onu da, onları da, bizi də tezliklə Şuşamıza yetirsin!
…Və Tanrı gənc Ramizimizə həqiqi uğur versin. Beş il bundan əvvəl ona həqiqi general olmağı arzulamışdım. "Qoy yeni əsrdə Şuşamızın ən gənc generalı olsun!” demişdim. Ancaq gənc Ramiz o yolu seçməyib. Amma, insan istənilən sevdiyi işin generalı ola bilər…
Qoy sənin şərəfinə Ramiz adlandırılan qardaşın oğlu da, bu adla şərəfləndirilən başqa Ramizlər də, ölkəmizin yüz minlərlə digər gənc Ramizləri də bu ölkənin hər sahədə şərəfli gənc generallarına çevrilsinlər, çevrilə bilsinlər…
Onda sənin adını və əməllərini döyüşkən və qalib bir ordunun məğrur generalları da yaşadacaq, Ramiz bəy!

Birinci növbədə torpağımızı elliklə işğaldan azad etməklə.
Ona və onlara bu yaraşır, Ramiz bəy!
Eşq olsun şəninə şərəf yaraşanlara!
Eşq olsun o günə!
Şuşamızda qarşılayaq…

TƏNTƏNƏMIZ SONUNCU OLMASIN!!!