ŞAiR XALQIN XALQSIZ ŞAiRLƏRi

AQİL ABBAS
27365 | 2009-10-17 06:12
Hamı qaçıb gizlənəndə
   
   Sınıq pəncərələrə tutulmuş qəzet kimi
   
   Şairlərə gəlir dünyanın soyuğu.
   
   
   
   Vaqif Bayatlı Odər
   
   
   
   Dəqiq bilmirəm, kim demiş və nə zaman demiş: "Azərbaycan xalqı şair xalqdı!" Bu düşmənçiliyi bizə kim eləmiş? Bəzi mülahizələrə görə bu fikri ilk dəfə rus yazıçısı Nikolay Tixonov Bakıda Səməd Vurğunla bağlı tədbirdə söyləyib. Belə çıxır ki, bu millətin evini Tixonov yıxıb.
   
   Hər bir millət ağlı ilə, zəkası ilə, elmi ilə döyüşkənliyi ilə seçilməyə, fəxr etməyə çalışır. Bundan ötrü dəridən-qabıqdan çıxır, özünü oda yaxır. Amma biz heç bir millətdən ağlımıza, zəkamıza, igidliyimizə görə geri qalmasaq da, bunlarla yox, bir səfeh rus yazıçısının bir səfeh sözünə görə forslanırıq, öyünürük: "Biz şair xalqıq!".
   
   Canım, gözüm, qardaşım, get kitab oxu, elmlə məşğul ol, texnika ilə məşğul ol, atom bombası yarat, mühərrik yarat, göyə peyk uçurt. Barı, heç olmasa braziliyalılar və ya ispanlar kimi demirəm, Tanrının Lüksemburqu kimi ala-babat bir futbol oyna. Yox, nə danışırsan?! 2179 adama 1 kitab (möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə nəşr olunan kitabları bura daxil etmirəm), 200 adama 1 qəzet düşən ölkədə, orta məktəbi bitirən gənclərin 25 faizi attestat ala bilməyən bir ölkədə kim mühərrik düzəldəcək?! Kim Yusif Məmmədəliyev olacaq?!
   
   
   
   Təzədən velosiped icad
   
   etmək nəyimizə lazım?!
   
   
   
   Bəs Tanrı bu almanları, amerikalıları, fransızları, rusları nədən ötrü və kimdən ötrü yaradıb? Təbii ki, bizdən ötrü, bizim xətrimizə! Qoy canları çıxsın avtomobili almanlar, peyki ruslarla amerikalılar yapsın. Niyə əziyyət çəkib gəmi tikirik, onda bu hollandlar, bu ingilislər nəyə lazımdı?! Pal-paltarı varlılar üçün Fransadan, kasıblar üçün Türkiyədən, ayaqqabını varlılar üçün İtaliyadan kasıblar üçün Türkiyədən, avtobusları Koreyadan ala bilmirik ki? Özü də od qiymətinə. Allaha şükür, pulumuz var, Afrikada nə qədər zənci var yığıb gətirək, əvəzimizə futbol oynasın. Əvvəllər ağlımız olmayıb çay əkmişik, odur ey ingilislərin "kraskalı" çayı tökülüb qalıb ortalıqda.
   
   Səyavuş Novruzov Milli Məclisdə məsələ qaldırdı ki, xaricilər Naxçıvanda (təkcə Naxçıvanda deyil, elə bütün Azərbaycanda -A.A.) gül-çiçək , ot-ələf qoymadılar. Daşıyıb aparıb dərman, ilac düzəldib milyonlara özümüzə satırlar. Hər il xaricdən dərman preparatları almaq üçün on milyonlarla pul ayırırıq. Ola bilməzmi ki, o milyonlara elə Naxçıvanda bir dərman preparatları hazırlayan əczaçılıq fabriki tikək, özümüzü də təmin edək, hələ xaricə də satıb pul qazanaq.
   
   Söz elə Milli Məclisdə də qaldı. Ola bilməz! Çünki istəmərik ki, Almaniyadakı, ABŞ-dakı, day nə bilim hansı xarabadakı əczaxzana fabriklərində çalışanlar işsiz qalsınlar, ziyana düşsünlər. Həm də bizim dərman alverçilərimiz inciyər. İnciyər nədi, qardaşım, vallah, o fabriklərə od vurub yandırarlar.
   
   
   
   ... Xalq Cəbhəsi
   
   dönəmində
   
   
   
   Elmlər Akademiyasını ləğv etmək istəyirdilər. Aləm bir-birinə dəymişdi. Buna qarşı çıxanlardan, iqtidarı topa tutanlardan biri də mən idim. Təəssüf! Bu bəlkə də Xalq Cəbhəsinin şair xalqımıza ən böyük yaxşılığı olardı.
   
   Son 30 ildə Azərbaycan Elmlər Akademiyası (indi Milli Elmlər Akademiyası) nə kəşf eləyib, nə icad eləyib? Dünya elminə demirəm, xalqımıza texnika, kimya, iqtisadiyyat, kənd təsərrüfatı, sənaye və sair və ilaxır sahələrdə hansı töhfələr verib? Sizi inandırıram ki, Akademiyanın aparatının, rəhbərliyin saxlanmasına ayrılan milyonları elmi laboratoriyalara versək, atom bombası da yaparıq, göyə peyk də uçurarıq. Tusilər, ibnsinalar, yusifməmmədəliyevlər, xuduməmmədovlar, azadmirzəcanzadələr yetişdirmiş bu xalqın suyu (soyu da oxuya bilərsiz) kəsilməyib ha!
   
   
   
   Milyonlar ayrılan
   
   Akademiya...
   
   
   
    Ekologiya Nazirliyi Tanrının su təmizləyən qurğusunu xaricdən alır. İlin 300 günü günəşli olan ölkədə hələ də günəş enerjisindən, küləklər məkanı Abşeronda külək enerjisindən istifadə edə bilmiriksə, nədən danışaq? Ən münbit torpaqlara malikik, hektardan 14-15 sentner taxıl götürürüksə... 70-80-ci illərdə hektardan 45-50 sentner taxıl götürən, 30-35 sentner pambıq götürən seleksiyaçılarımız necə oldu? Şeirmi yazırlar?!
   
   70-80-ci illərdə bir fizika-riyaziyyat elmləri doktoru, akademik, ölkənin ən böyük elm, təhsil ocağının rektoru (rəhmətə gedib deyin adını yazmaq günahdı, Tanrı rəhmət eləsin) şair Vaqif Bayatlı Odəri kabinetinə çağırıb qapını bağlayır və deyir ki, mən şeir yazıram. Düz iki saat şeir oxuyur. Sonra şeirləri mətbuatda da dərc olundu, hətta televiziyada bir tamaşası da qoyuldu. Yəni elm sahəsində bu xalqa daha çox nə isə verə biləcək bir alim elmi bir kənara tullayıb, şeir yazırsa...
   
   
   
   Əgər Nizami Süleymanovun
   
   
   
   çox önəmli laboratoriyalarını dağıdıb (kosmosu fəth etdik deyəsən, Kosmik Tədqiqatlar İnstitutunu da sökdük) yerində göydələnlər tikiriksə... nə elm, nə laboratoriya, nə Yusif Məmmədəliyev?! Əgər Nizami Süleymanov kimi bir alim elmi arxa plana keçirib partiya yaradır, siyasətlə məşğul olursa... Qoy canları çıxsın bu işlərlə başqa millətlər uğraşsın. Biz şair xalqıq.
   
   Və şair xalq olduğumuza görə də hamımız yazırıq, oxumuruq! "Çukça ne çitatel, çukça pisatel".
   
   
   
   ... Mənfur Sovet dönəmində
   
   
   
   şair xalqımızın sayı 7 milyon nəfər idi, qəzetlərin gündəlik tirajı 3 milyonu keçirdi. Kitablar 20 min, 30 min, bəzən 50 min itrajla, hətta bəzən 80 min tirajla çap olunurdu. Dəniz qırağında bir kitab mağazası vardı, burda adətən elmi kitablar satılardı. Amma abunə yolu ilə. Abunə yazılmaq üçün 20 kiloqram da maklatura verməli idin. Növbəyə duranların sonu Qız qalasında bitirdi. İndi bilmirəm, orda deyəsən ya eynək satırlar, ya da aptekdi. İndi əhalimizin sayı 9 milyona çatıb, gündəlik qəzet tirajı 100 mini keçmir. Kitablar isə 500 tirajla (1000 tirajla nadir hallarda) çap olunur. Mən yenə də bura prezidentin sərəncamı ilə nəşr olunan yüksək tirajlı kitabları qatmıram və kitablar da əsasən kitabxanalara gedir. Allah eləməmiş, çukça olmasaq da "mı toje ne çitateli, mı pisateli!" Şair xalq yazar də, oxumaz ki!
   
   ... Şəyirdi Usta Zeynaldan soruşur:
   
   - Usta, bu ermənilər bilir ki, qoyun əti donuz ətindən yeməlidi, bəs niyə donuz əti yeyirlər?
   
   - Bir yükdü boyunlarına düşüb...
   
   Bəli, iraq olsun, bir yükdü boynumuza düşüb - şair xalqıq!
   
   Ürəyimi deşən bir söz var, onu da yazım, sonra qayıdarıq yavaş-yavaş mətləbə, əslində elə bu da mətləbə aiddi.
   
   
   
   ... Şah İsmayıl şeir yazırdı
   
   
   
   Məmməd Araz:
   
   
   
   Qalaça küncünə sıxılan şahın,
   
   Xalqı palçıq kimi tapdalanıbdı.
   
   
   
   Bir şah ki yağı düşmən qarşısında qılıncını yerə qoyub (daha dəqiq desək, Sultan Səlim o qılıncı onun əlindən tutub alıb, aparıb qoyub Topqapı sarayına) şeir yazmağa başladı...
   
   ... Sözgəlişi. Sultan Səlim də şeir yazarmış, "Divan"ı da var. Ümumiyyətlə, şahların çoxu şeir yazardı. Bunun iki səbəbi ola bilərdi. Birincisi, şöhrət, bu sirr deyil ki, şairlər həmişə şahlardan şöhrətli olub. İkincisi də yəqin fikirləşirmişlər ki, şah kimi tarixdə qala bilməyəcəklər, barı heç olmasa şair kimi tarixdə qalsınlar. Brejnev də qocalanda yazıçılığa başladı...
   
   Rəşad Məcidin Şah İsmayıla həsr etdiyi şeirdən bir parça:
   
   
   
   Qılıncın
   
   ölümündən 14 il əvvəl
   
   düşüb qalıb Çaldıranda
   
   və səndən sonra
   
   doğulan qələmin,
   
   ölən qələmin
   
   qılıncını
   
   yerdən qaldıra bilmir!
   
   
   
   ... Bəli, bir şah ki qılıncını yağı düşmən qarşısında yerə atıb şeir yazmağa başladı, xalqı palçıq kimi tapdanar, onun neçə milyon kvadrat kilometrlik məmləkəti doğrana-doğrana gəlib 86,6 kvadrat kilometrə düşər, onun da 20 faizi erməni tapdağı altında qalar.
   
   Həmin dövrdə Füzuli kimi bir dahisi olan millətə şair Xətai lazım idi, yoxsa Şah İsmayıl?! Və bu millət Şah İsmayılı sərkərdə Şah İsmayıldan daha çox şair Xətai kimi tanıyır. Və Xətaini Azərbaycan ədəbiyyatından götürüb bir kənara qoysaq, ədəbiyyatımız heç nə itirməz...
   
   
   
   Biz şair xalqıq!
   
   
   
   Səməd Vurğun:
   
   
   
   Bizdə şeir də var, sənət də vardır,
   
   Şairə, şeirə hörmət də vardır!
   
   
   
   Bizdə şeir, sənət həqiqətən var, amma gəlin görək şairə, sənətkara doğrudanmı "hörmət də vardır"?
   
   Var! Amma şairə, sənətkara onda hörmət var ki, həmin şairə, sənətkara hökumət hörmət eləsin. Onu şah hörmətli tutsun. Qapısını şah döyməyən şairin qapısını Füzulinin qapısı kimi badi-səbadan özgə kimsə döyməz. Mənə etiraz edəcəksiz - yox, nə danışıram, belə-filan, bəşməkan. Biz demokratik ölkədə yaşayırıq. Bunu demək mənim hüququmdu, etiraz eləmək də sizin.
   
   XX əsrdə Azərbaycanın elmdə, mədəniyyətdə, ədəbiyyatda, siyasətdə dahi şəxsiyyətləri olub ki, çox böyük xalqlar həmin şəxsiyyətlərə görə bizə qibtə edə bilər. Özü də bütün zamanlarda belə şəxsiyyətlərimiz olub. Tanrı hələ bütün türklərə demirəm, təkcə biz azərbaycanlılara onlarla peyğəmbər göndərib ki, bunun da ən çoxu XX əsrə düşür. Görünür, XX əsrdə bizi daha çox və daha böyük bəlalar gözləyirmiş, ona görə.
   
   Təkcə XX əsrin əvvəllərindəki dahilərə baxın. Bu millətə XX əsrin əvvəllərində görün kimlər dərs keçib? Üzeyir Hacıbəyov, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Hüseyn Cavid, Şahtaxtinski, Məhəmməd Hadi, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Bəhruz Kəngərli, Firudin bəy Köçərli, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Nəriman Nərimanov, Ceyhun Hacıbəyov...
   
    Amma həmin dahilər bu milləti 5-ci sinifə keçirə bilməyib, bu millət sinifdə qalıb.
   
   Yenə ustazeynallar, məşədi ibadlar, qəzetçi rzalar, xudayarbəylər, qurbanəlibəylər, məmmədhəsənəmilər, novruzəlilər, qoçu əsgərlər, şeyx nəsrullahlar, kefli isgəndərlər, afşinlər...
   
   İndi müsyöjordanlar tək-tək deyil, sürüylə gəlirlər, özü də boyunlarında şah fərmanı olan pişiklər kimi. İndi xudayarbəylər təkcə məmmədhəsənəmilərin eşşəyini əllərindən almırlar, bütün var-dövlətlərini əlindən alırlar...
   
   
   
   Harda qalmışdıq?!
   
   
   
    Hə, şairə, sənətkara hörmət məsələsində. XX əsrdə üç şəxsiyyət hələ sağlıqlarında Azərbaycanda mifə çevrilmişdi: Üzeyir Hacıbəyov, Səməd Vurğun və Bülbül. Təbii ki, onların mifə çevrilməsi təkcə qeyri-adi istedadlarından, Tanrı elçisi olmalarından irəli gəlmirdi. Onların mifə çevrilməsində hökumətin xüsusi rolu vardı. Bu xalqdan və onlardan daha çox hökumətə, daha dəqiq desək, Sovet ideologiyasına lazım idi.
   
   Hara gedirdilər ayaqları altında qurbanlar kəsilirdi, minlərlə insan gül-çiçəklə qarşılayırdı. Bəli, xalq öz dahi övladlarını sevirdi, çiyinlərində gəzdirirdi. Deyəcəksiz, bəlkə elə deyildi?! Səbr edin.
   
   Bu yaxınlarda televiziya kanallarının birində Səməd Vurğun haqqında bir veriliş göstərilirdi.
   
   Bir gün xalqın ayağının altında qurbanlar kəsdiyi çiynində gəzdirdiyi Səməd Vurğun Mircəfər Bağırovun (oxu: hökumətin) gözündən düşür...
   
   ... Hökumət xalqın qaymaqlarını tuturdu, asırdı, kəsirdi, Sibirə göndərirdi. Tuta, asıb-kəsə, Sibirə göndərə bilmədiklərini isə Vaqif Bayatlı Odərin yazdığı kimi:
   
   
   
   Çərx başına gəlməyəni
   
   Çərlədib,
   
   Çərlədib öldürün.
   
   
   
   Vaqif Bayatlının başqa bir şeirindən:
   
   
   
   Şairlər ölürlər yaz yağışından,
   
   Arvad qarğışından, qız baxışından
   
   Dünyanın tələsik yır-yığışından
   
   Günahlı-günahsız şairlər ölür.
   
   
   
   Hökumətin gözündən düşən Səməd Vurğuna hər tərəfdən basqı gəlir, əsəbləri tarıma çəkilir. Şair bir az boşalmaq, özünü toparlamaq, yazarları çarmıxa çəkdirdən,
   
   
   
   yaradıcı adamların Ali Məhkəməsi "Natəvan"
   
   
   
   klubundan qaçmaq üçün üz tutur ayaqları altında qurbanlar kəsən, onu çiynində gəzdirən şair xalqının içinə. Qatardan düşür: nə qurban kəsən var, nə gül-çiçək, heç salam verən də yoxdu. Çünki şair xalq artıq bilir ki, Səməd Vurğun Bağırovun gözündən düşüb.
   
   
   
   Məmməd Araz:
   
   
   
   İstəsən şairi əyəsən, onun
   
   Əlindən nə yazı, nə qışını al!
   
   İstəsən şairi əyəsən, onun
   
   Əlindən xalqının alqışını al!
   
   
   
   Bəli, Bağırov (oxu: hökumət) Səməd Vurğunu əymək, sındırmaq üçün xalqının alqışını əlindən almışdı.
   
   ... Zaman gələcəkdi Məmməd Araz da bu taleyi yaşayacaqdı, xalqının alqışı əlindən alınacaqdı...
   
   Səməd Vurğunu gözdən salmaq üçün KQB-nin uydurduğu şayiələri, böhtanları şair xalqımız elə yeyib-danışırdı ki! Hələ indi də elə şeylər danışan sarsaqlar var.
   
   Sonra Bağırov gördü şairi nə sındıra bildi, nə əyə bildi xalqının alqışını qaytardı özünə (gün gələcəkdi xalqının alqışı Məmməd Araza da qaytarılacaqdı): yenə qurbanlar, yenə qarşılanmalar, yenə gül-çiçəklər...
   
   Görən sonralar Səməd Vurğun canından çox sevdiyi, dərdindən xəstə düşüb 50 yaşında ayrıldığı şair xalqını bağışladımı? Bağışlamış olar! Çünki Səməd Vurğun Tanrının sevdiyi bir bəndə idi. Tanrı da bağışlayanları sevir.
   
   
   
   1972-ci ildə
   
   
   
   şair xalqını çox sevməsi Məmməd Araza da baha başa gəldi. İşdən çıxartdılar, partiyadan xaric etmək istədilər. Arvad qarğışından, qız baxışından, dünyanın tələsik yır-yığışından belə ürəyi partlaya biləcək zərif şair ürəyinin üstündən tank sürdülər. Haqsızlıqlara dözmədi, gücü çatmadı, 39 yaşında düşdü yorğan-döşəyə. Şahbuz dağları kimi əzəmətli, yumruqları ilə qoz sındıra biləcək cavan bir oğlan dünyada hələ də müalicəsi mümkün olmayan parkinson adlı bir xəstəliyə düçar oldu. Kitabları plandan çıxarıldı, plandan-plana keçirildi...
   
   Sovet dönəmində hətta hökumətin ən çox sevdiyi, bəstələdiyi, hörmətə mindirdiyi şair və yazıçıların da kitabları iki ildən bir çıxa bilirdi, başqalarınkı isə iki-üç ildən, üç-dörd ildən bir. Bu da bir həqiqətdir ki, həmin dönəmdə yaradıcı insanlar öz beyinlərinin məhsulu hesabına babat, bəziləri isə hətta məmurlardan yaxşı dolana bilirdilər. Məmməd Araz da vurulana, hökumətin gözündən düşənə qədər kitabları normal nəşr edilən, xalqının alqışını qazanmış şairlərdən idi. Şair xalq onu da bağrına basırdı. Amma elə ki vuruldu, şair xalq şair oğlunu unutdu...
   
   Aldığı qonorarlar dərmanlarına belə yetmədi...
   
   
   
   Füzuli:
   
   
   
   Kimsə döyməz qapımı badi-səbadan qeyri...
   
   
   
   Şair xalq bir dəfə də döymədi şair oğlunun qapısını: ölmüsən, qalmısan, acsan, susuzsan...
   
   (Ardını izləyin)

TƏQVİM / ARXİV