adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 May 2019 09:17
31525
DÜNYA
A- A+

Yaponiyanın yeni İmperatoru ilk dəfə xalqa müraciət edib

Mayın 1-də Yaponiyanın yeni İmperatoru Naruhito ictimaiyyətin nümayəndələri ilə görüşündə ilk dəfə xalqa müraciət edib.

Adalet.az AZƏRTAC-a istinaddən xəbər verir ki, hakimiyyət rəmzlərinin yeni İmperatora təqdim edilməsindən sonra təşkil edilən mərasimdə İmperator Naruhito konstitusiyaya tam ciddiliyi ilə əməl edəcəyini, sülh işinə töhfələr verəcəyini və dövlətin və xalqın birliyinin rəmzi olaraq öz vəzifələrinin icrası üçün çalışacağını bildirib.

İmperator Naruhitonun monarx kimi xalqa ilk müraciəti milli telekanallar vasitəsilə birbaşa yayımlanıb.

Tədbirdə İmperator ailəsinin üzvləri, Baş nazir Şinzo Abe, parlamentin hər iki palatasının sədrləri, Ali Məhkəmənin sədri və yerli hakimiyyət orqanlarının rəhbərləri iştirak ediblər.

Taxta çıxdıqdan sonra ilk dəfə xalqa müraciət edən İmperator Naruhito deyib: "Yaponiya konstitusiyasına və İmperator Evinin xüsusi tədbirlər qanununa uyğun olaraq bu gün mən taxta çıxıram. Mən tam ciddiliyi ilə bu vəzifənin məsuliyyətini başa düşürəm.

Geriyə baxarkən, Əlahəzrət İmperatorun taxta çıxdıqdan sonra hər bir vəzifəsini tam ciddiliyi ilə həyta keçirərək, 30 il ərzində bütün dünyada sülhün mövcud olması və insanların xoşbəxtliyi üçün dualar etdiyini xatırlayıram. Əlahəzrət İmperatora dövlətin və xalqın birliyinin rəmzi olaraq göstərdiyi xidmətlərə görə səmimi ehtiramımı ifadə etmək istəyirəm. Taxta çıxarkən and içirəm ki, Əlahəzrət İmperatorun keçdiyi yol barədə dərindən düşünəcək, keçmiş imperatorların keçdiyi yolu xatırlyaraq, özümü kamilləşdirməyə çalışacağam. And içirəm ki, konstitusiyaya uyğun olaraq, həmişə öz fikirlərimi xalqa yönəldərək və onu dəstəkləyərək, dövlətin və xalqın birliyinin rəmzi kimi öz vəzifələrimin öhdəsindən gəlməyə çalışcağam. Xalqımızın xoşbəxtliyi və gələcək inkişafı üçün, həmçinin bütün dünyada sülhün mövcudluğu üçün səmimi dualar edirəm”.

Tədbirdə çıxış edən Baş nazir Şinzo Abe deyib: "Biz Əlahəzrətə dövlətin və xalqın birliyinin rəmzi kimi hörmətlə yanaşırıq. Radikal şəkildə dəyişən qlobal dünyada biz sülh, ümidlər ölkəsi kimi qürur duyduğumuz Yaponiyanın gələcəyini təmin etmək üçün qətiyyətliyik. Biz, həmçinin insanların qəlblərini birləşdirərək mədəniyyətlərini inkişaf etdiridiyi bir dövr qurmaq yolundayıq. Biz səmimi olaraq ümid edirik ki, Reiva dövrü sülh, əmin-amanlıq dövrü olacaq və İmperator ailəsi çiçəklənməkdə davam edəcək”.

Qeyd edək ki, İmperator Naruhitonun 59 yaşı var. O, İkinci Dünya müharibəsindən sonra anadan olan ilk monarxdır.

Eyni zamnda, bu, son 200 ildə ilk dəfə İmperatorun sağlığında taxtın yeni İmperatora təhvil verilməsidir. Müasir Yaponiya tarixində isə, ilk dəfə həm hakim, həm də taxtdan imtina etmiş İmperatorun mövcud olduğu dövrdür.