adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Aprel 2019 18:43
47363
MƏDƏNİYYƏT
A- A+

BÖYÜK TARZƏN RAMİZ QULİYEV HAQQINDA EPOPEYA

(əvvəli ötən sayımızda)

Musiqi haqqında bu dahiyanə deyimlərdən sonra yazıçı Ramiz Quliyevi geniş diapazonlu, nadir, ecazkar ifaçılıq qabiliyyətinə, yüksək səhnə mədəniyyətinə, özünəməxsus füsunkar, əlvan ifaçılıq çalarlarına, koloritli, yüksək bədiiliyi, bəşəri duyğularla aşılanmış melodiyalara malik bir fenomen kimi təqdim edir.Buna əlavə olaraq səhnə mədəniyyətinin böyük şərtlərindən olan yüksək zövqlə, təmiz geyimi ilə, səhnədə duruşu,oturuşu, biləklərini çirmələməsi, tarı sinəsində həmişə vüqarla tutması bu fenomeni tamamlayır.

Və bütün bunlardan sonra Ramiz Quliyev Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan böyük sənətkar, Tanrı vergisi olan dünya şöhrətli ifaçı, təkrarolunmaz səhnə ustalığı, unikal musiqi duyumuna malik tarzən, planetimizin ən yaxşı simfonik orkestrləri ilə misilsiz uğurla çıxış edən musiqiçi kimi təqdim olunur.

Yazıçı Şəhrizadın ikinci nağılı ilə, daha doğrusu əsərin ikinci fəslində Ramiz Quliyevin soy kökünə işıq salır. Böyük Məmməd Arazın dili ilə desək, "Bu insan adlanan insan" elə bir varlıqdır ki, o, öz soy kökündən heç vaxt ayrılmır. "Ot kökü üstündə bitər" deyib babalar. Dünya alimlərinin kəşfi belədir ki, insana məxsus genlər min illər keçsə də itmir, nəsildən-nəsilə bu genlərin müsbət və ya mənfi nümunələri keçicidir və tale elə gətirib ki, Ramiz Quliyev öz soy köklərindən ən yaxşılarını əxz edə bilib".

Mənim də tanıdığım Ramiz Quliyev öz insani keyfiyyətləri ilə heç də sənətkarlıq keyfiyyətlərindən kənarda qalmır. Onun üzündə həmişə insanlara xoş təsiri ilə görünən bir təbəssüm cilalanır. Bu yerdə babalardan qalma bir məsəl də yada düşür: "Alim olmaq asandır, adam olmaq çətin".


İnsanın gözəlliyi həm də onun dünyaya gəldiyi, boya-başa çatdığı diyardan yan keçmir. Və yazıçı elə bunu da yaddan çıxarmayıb. Onun göz açıb boya-başa çatdığı Ağdamın gözəlliklərindən bəhs edən yazıçıya üz tutub demək istəyirəm ki, hörmətli Rafiq Hacıyev yəqin ki, siz onun ən böyük gözəlliyini ağdamlı olduğunuza görə mənim kimi görə bilməmisiniz. Bu ancaq ağdamlılara məxsus fədakarlıqlardır və bundan yuxarıda mən qısaca da olsa qeyd etdim.

Elə Ramiz Quliyevə də dünya şöhrəti gətirən bütün keyfiyyətlərinin əsasında deyərdim ki, ilk növbədə onun fədakarlığıdır. Bu fədakarlıq olmasaydı o, nail olduğu zirvələrə yüksələ bilməzdi.

Ramiz Quliyev epopeyasının üçüncü fəsli onun gözəlliklər diyarı olan Ağdamdan vəcdə gəlib musiqiyə, onun şah damarlarından olan muğama, tara necə bağlandığından bəhs olunur. "Segah" onun iqtidarını əlindən alır, onun ürəyinə elə bir qətiyyətlə işləyirdi ki, gənc oğlan sarsıdıcı, coşğun bir hissin sel kimi axıb gələn qəlbinə dolduğunu və bir anda damarlarına dolub onu titrədir.

Bu fəsildə yazıçının muğama, onun zirvəsində dayanan "Segah"a verdiyi təsvir də diqqətəlayiq bir musiqişünas alimin verdiyi dəyərdir.

Əsərin dördüncü fəsli (və ya Şəhrizadın Ramiz Quliyev barədə danışdığı dördüncü nağıl) sənətkarın Ağdam torpağında cilalanmasından, onun ilk müəllimlərindən, ilk uğurlarından bəhs edir.1962-ci ildə hələ 15 yaşlı Ramiz Quliyevin Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində çıxış edib qızıl medala layiq görülməsi artıq onun böyük gələcəyindən xəbər verirdi. Əsərin dördüncü fəsli elə bu böyük gələcəyin başlanğıcına çevrilir, onun respublikanın paytaxtı Bakıya gəlib korifey sənətkarların əhatəsinə düşməsindən, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilə başlamasından, musiqi nəzəriyyəsinin daha sirli-sehrli dərinliklərinə baş vurmasından bəhs edir.

Ramiz Quliyev istedadlı pedaqoq Adil Gərayın sinfində oxusa da, Mirzə Sadıq Əsəd oğlunun tar məktəbini məharətlə davam etdirsə də, Qurban Pirimov, Əhmədxan Bakıxanov, Bəhram Mənsurov, Hacı Məmmədov, Əhsən Dadaşıv kimi ustad sənətkarlardan öyrənsə də, onların təsirinə düşmür, öz orijinallığı ilə seçilən xüsusi bir məktəb yaradır.

Yazıçı bu məktəbi yaratmaqda qəhrəmanına məxsus xarakter cizgiləri, onun təbiətindəki qızğınlığı və həssaslığı, qayda-qanuna, vaxtın dəyərinə yüksək qiymət verə bilmək bacarığından, insanın ən böyük düşməni olan tənbəlliyə nifrətindən bəhs edir. Onun təbiətindəki qeyri-adi ciddilik onun yüksəlməsinin əsaslarından biri idi.

Bu fəsil Ramiz Quliyevin Azərbaycan Dövlət Konservatoriyasını qırmızı diplomla - fərqlənmə diplomu ilə bitirməsilə başa çatır.

Epopeyanın beşınci fəsli Ramiz Quliyevin artıq yetgin bir sənətkar kimi o zamankı SSRİ adlanan nəhəng bir məkanın böyük şəhərlərindən, onun paytaxtında keçirilən əzəmətli tədbirlərdə görünməsindən və hər birindən böyük uğurla qayıtmağından bəhs edir. Moskva Dövlət Estrada Teatrının ağzınacan dolu tamaşa salonunda, 75 nəfər musiqiçinin, dirijorun, musiqişünasın, rejissorun və ölkənin neçə-neçə adlı-sanlı sənətkarlarının daxil olduğu münsiflər heyətinin qərarı ilə ona ümumittifaq müsabiqəsinin laureatı diplomunun verilməsi artıq əzəmətli gələcəyin başlanğıcı olur.

Artıq böyük sənətkar kimi ona müxtəlif adlar - əməkdar artist, xalq artisti adları verilir.

Əsərin növbəti fəsli çox əsrarəngiz həyəcan doğuran bir epizodla başlayır. Türkiyəyə qastrol səfərində Cahangir Cahangirovun "Ana" mahnısını ifa edərkən ağbirçək bir ana zaldan səhnəyə çıxaraq Ramiz Quliyevin mizrab tutan barmaqlarını öpmək istəyir. Ramiz buna imkan vermir və gurultulu alqışlar altında həmin ağbirçək ananın şərəfinə mahnını təkrar çalarkən bütün zal ayağa qalxıb onu alqışlayır.

Necə böyük bir xoşbəxtlik!

Fəsildə daha sonra Ramiz Quliyevin tarının səsi Səmərqənddə keçirilən III Beynəlxalq musiqi simpoziumundan, buradakı çıxışlarına görə dünyanın ən müxtəlif ölkələrinin böyük sənətkarlarının onun haqqında söylədikləri çox dəyərli fikirlərdən, daha sonra Amerikada Folklor Musiqisi Cəmiyyətinin 100 illiyinə həsr olunmuş Beynəlxalq festivaldan, Yaponiyada keçirilən Böyük İpək Yolu festivalından, Almaniya, İraq, İran, Misir, Suriya, Afrika respublikaları, İngiltərə, Fransa, Pakistan, Əfqanıstan, Hindistan, Banqladeş, Hollandiya, İsveç, Belçika, Türkiyə, Orta Asiya respublikalarında və dünyanın neçə-neçə şəhərlərində keçirilən qastrol tamaşalarından gəlir.

Əsərin yeddinci fəslində muğamatın inkişafında tarın rolu, Ramiz Quliyevin bu sahədə fəaliyyətindən bəhs edilir. Yazıçının tarın incəlikləri barədə yazdıqları, müxtəlif muğam növlərinə verilən izahatlar və bunların hər birinin Ramiz Quliyev yaradılıcığına köklənməsi müəllifin çox böyül musiqiçi qüdrətinə dəlalət edir.

Əsərin növbəti səkkizinci fəslində tarzənin muğamın hər bir növünə necə ustalıqla , özünəməxsus yaradıcılıqla yanaşmasından bəhs olunur. Ramiz Quliyevin ifasında "Segah", "Xaric segah", "Orta segah", "Mirzə Hüseyn segahı" və eləcə də muğamın digər növlərində onun özünəməxsus ifa üslublarından bəhs olunur. Bu üslublar isə tarzənin barmaqlarının pərdələr üzərində hərəkətləri, müxtəlif keçidləri ilə əlaqədardır. Böyük musiqi xadimləri Ramiz Quliyevin bu sahədəki priyomlarına xüsusi təhlil və qiymət verirlər.

Əsərin doqquzuncu fəslində tarın ecazkar musiqi aləti olması ilə yanaşı, tarzənin əlində onun necə perspektivlər aça bildiyindən, böyük tarzənə yeni dövlət mükafatları verilməsindən söhbət gedir. Bu yerdə müəllifin "Vətəni oğullar tanıdar" ifadəsi də çox böyük dəyərə malikdir. "İnsan" adlanan bu möcüzəli varlıq elədir ki, o, öz Vətəni, doğulduğu şəhəri, kəndi, hətta obası ilə və ən başlıcası da xalqı ilə və onun iftixarı olan oğul-qızları ilə fərəhlənməlidir. Əgər onda bu fərəh yoxsa ondan vətənpərvər dediyimiz oğul, qız da gözləmək olmaz.

Ramiz Quliyev məhz bütün xalqımızın iftixarıdır.

Əsərin son fəslində müəllif çox vacib bir məqama da baş vurur. İnsanın ən böyük, ən bəşəri vəzifələrindən biri də vətəninə, xalqına yaxşı övladlar verməkdən, yetişdirməkdən ibarətdir. Kitabın son fəslində müəllif bu sahədə də Ramiz Quliyev fenomeninə çox yüksək dəyər verir, onun özü ilə bərabər xalqına bəxş etdiyi övladları da özü qədər dəyərlidir.

Yuxarıda Ramiz Quliyevin soy kökü ilə əlaqədar bir el misalını yada salmışdım. Bu yerdə isə mənim mənsub olduğum zonada - Şəki-Zaqatala zonasında işlənilən bir məsəli yada salıram: "Qoz ağacında şabalıd bitməz".

Bu yerdə Qarabağın böyük iftixarı olan Əhməd bəy Ağayevin adını (Türkiyədə Ağaoğlu adı ilə məşhurdur) çəkməmək olmaz. Onun haqqında Türkiyədə dərc olunmuş kitabda yazılır: "Əhməd Ağaoğlunun türk xalqı qarşısındakı xidmətlərini saymaqla qurtarmaz (bunu əlavə edim ki, Böyük Mustafa Kamal Atatürkün baş müşaviri, 5 dünya universititetinin fəxri professoru olmuşdur). Lakin onun ən böyük xidməti Türk xalqına 5 gözəl övlad bəxş etməsidir. Oğlu Səməd Ağaoğlu Böyük Türk Milli Məclisinin deputatı olmuşdur. Qızı Sürəyya Ağaoğlu Beynəlxalq Qadın Vəkillər assosiyasının ilk prezidenti olmuşdur. Son zamanlara qədər yaşayan Sürəyya Ağaoğlu bir neçə il əvvəl dünyasını dəyişmiş, onun ölümü haqqında kütləvi informasiya vasitələrində qısa bir məlumat verilmişdir.

Ramiz Quliyevin yetirməsi olan oğlu Əyyub Quliyevin də şöhrəti Azərbaycan sərhədlərini keçmiş, adı gənc istedadların "Qızıl kitabına" yazılmış, Azərbaycan Dövlət Opera və Balet teatrının baş dirijoru və musiqi rəhbəri, Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist, Beynəlxalq müsabiqələr və "Humay" Milli Mükafat laureatı adına layiq görülmüşdür.

Ailəsinin hər bir üzvü də iftixar olunacaq səviyyədədirlər.

Ramiz Quliyevə ən böyük arzumuz doğma yurduna, Ağdama qayıtmaq arzusu, bir də ki, möhkəm can sağlığı ilə uzun ömür yaşamasıdır.

Rafiq Hacıyevə isə çox əzəmətli bir yaradıcılıq, tədqiqat işinə görə dərin minnətdarlığımı bildirirəm.