adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Aprel 2019 18:11
15444
ƏDƏBİYYAT
A- A+

Ümummilli lider Heydər Əliyev irsində islam dəyərləri və tolerantlıq

1. Heydər Əliyev şəxsiyyəti və Azərbaycan

Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Milli müstəqilliyini əldən vermiş millətlər zaman-zaman başqa xalqların və millətlərin içində assimilyasiyaya uğrayaraq tarixində arxivlərində qalırlar. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri var. Öz xalqlarına milli müstəqillik nemətini daddıra bilən həmin dahilər heç zaman unudulmur. Dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə nəsib oldu. Bəli, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyasının Heydər Əliyev fenomeninə qismət olması əslində heç də təsadüfü deyildi. Çünki məhz ulu öndərin anadan olduğu illər artıq Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olduqdan sonra süquta uğradığı zamanlar idi. Heydər Əliyev hələ 1940-cı illərdən başlayaraq Sovet Azərbaycanın dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı zamanlarda özünün iti zəkası, güclü məntiqi, tarixi hadisələri düzgün analiz və təhlil etməsi nəticəsində başa düşürdü ki, zor gücü ilə, xalqları və millətləri istismar etməklə, repressiya maşınından keçirtməklə qurulmuş sovet rejiminin çox yaşaması mümkün olmayacaq. Ulu öndər həqiqətən də dərk edirdi ki, Sovet Azərbaycanı müstəqil Azərbaycan dövlətini sarsıdılmaqla qurulmuş bir dövlət idi. Çünki Heydər Əliyev hələ o zamanlar, gənc yaşlarından dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı illərdə artıq bunu hiss etməyə başlamışdı. Sovet rejiminin kölə, qul halında saxladığı respublikalarda, Azərbaycanda milli-intellektual ziyalı elitasının 1930-cu illərdə güllələnərək, uzaq Sibirə sürgün edilərək repressiyalara məruz qaldığını Heydər Əliyev öz gözləri ilə görürdü. Ulu öndər dərk edirdi ki, repressiyalara məruz qalan, sürgün edilərək güllələnənlər Azərbaycanın müstəqillik ideyalarının carçıları, bu məmləkətin istiqlala çıxmasını ürəkdən arzulayan Hüseyn Cavidlər, Mikayıl Müşfiqlər, Abbas Mirzələr, Əhməd Cavadlar, idilər… Heydər Əliyev məhz Sovet İttifaqının belə gərgin bir dövründən başlayaraq artıq Azərbaycanda istiqlaliyyət, müstəqillik, azadlıq ideyalarının baş qaldırdığını hiss etmişdi. 1958-ci ildə Bəxtiyar Vahabzadənin əsas qayəsi milli azadlıq və müstəqillik ideyaları olan "Gülüstan” poeması işıq üzü gördü. Artıq bu əsərə görə Bəxtiyar Vahabzadə həbs edilməli idi. Amma Heydər Əliyev onu nəinki həbs etmədi, hətta xilas etməklə onu qorudu, xalq şairi adı verərək dövlət mükafatı ilə təltif etdi. Ulu öndər artıq 1950-60-cı illərdə Təhlükəsizlik Komitəsindəvəzifə pillələrində qalxdıqca anladı ki, məhz təhlükəsizlik orqanlarında milli azərbaycanlı kadr zabitlərin, əməkdaşların sayı artırılmalıdır. Çünki 30-cu illər repressiyalarında milli müstəqillik, azadlıq, istiqlaliyyət ideyalarının daşıyıcıları olan milli ziyalı elitasını məhz bu orqanlarda çalışan ermənilər məhv etmişdilər. Gələcəkdə Bəxtiyar Vahabzadələri, yeni milli azadlıq və müstəqillik ideya daşlarını zindanlardan qorumaq üçün təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı artırıldı. Bir əsrdə dəfələrlə Azərbaycanlılara qarşı ermənilərin soyqırım törətməsi faktını Heydər Əliyev dərindən dərk edirdi. Elə buna görə də Ulu öndər böyük uzaqgörənlik nümayiş etdirərək gələcəkdə özünün quracağı milli müstəqil dövlətin onurğası hesab olunan ordunun, silahlı qüvvələrin kadr bazasının əsasını sovet dövründə qoydu. 1971-ci ildə ümummilli lider Heydər Əliyev C.Naxçıvanski adına internatlaşdırlmış hərbi məktəbin məhz Azərbaycanda yaradılması haqqında Moskvadan razılıq ala bildi. Məhz həmin dövrlərdə 10 minə yaxın gənc Naxçıvanski hərbi məktəbini bitirərək Sovet İttifaqında ən nüfuzlu hərbi məktəblərə daxil olaraq böyük ordu həyatına vəsiqə aldılar. Qarabağ müharibəsində Naxçıvanski hərbi məktəbinin 1500 nəfərdən çox məzunu erməni işğalçılarına qarşı vuruşlarda əsl qəhrəmanlıq nümunələri göstərdilər. Artıq illər keçdikcə sovetlər dövründə müstəqil Azərbaycan dövlətinin yaradılması istiqamətində Heydər Əliyev əslində yaxın gələcək illər üçün milli müstəqilliyin konsepsiyasını, planını çox dəqiqliklə hazırlayırdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi. Dövlət müstəqilliyinin ilk illərində 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.Azərbaycanda xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi maksimum həddə çatmışdı. Qarabağda döyüşmək üçün ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər belə, həbsdən azad edilərək silahlandırılmışdı. 1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində xalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı baş qaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın kulminasiya həddinə yetişməsi idi. Faktiki olaraq bəzi xarici qüvvələrin də dəstəklədiyi bu silahlı qiyam Azərbaycanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun de-fakto müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktik addımlar atmağa imkan verdi.

2. Heydər Əliyev və tolerantlıq

Məqalədə Heydər Əliyev ideyalarının və ölkəmizdəki multikultural dəyərlərin dünyada tanıdılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycanın tolerant ölkə olduğu, milli mənəvi və dini dəyərlərə ölkəmizdə çox böyük önəm verildiyi, dini mənsubiyyətindən asılı olmayaraq, hər kəsin azad fəaliyyəti üçün dövlət tərəfindən bütün imkanların yaradıldığı bildirilir. Bütün bunların əsasını ulu öndər Heydər Əliyev qoyub.dahi şəxsiyyət Heydər Əliyev tolerantlığı və multikulturalizmi cəmiyyətin monolitliyini, möhkəmliyini şərtləndirən ən vacib amil kimi görürdü.Uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşayan bütün xalqlar Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcud olması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir. Bu gün Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verilir. Ümummilli lider Heydər Əliyevin müdrikliyi nəticəsində multikulturalizm Azərbaycanda dövlət siyasəti elan olunub və bu kurs bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam və inkişaf etdirilir. Məhz Azərbaycanda multikulturalizm tarixən həyat tərzi olub və bu ənənələr bu gün də yaşamaqdadır. Multikulturalizm, eyni zamanda, Azərbaycan cəmiyyətinin dünyaya özünü tanıtdırmaq rəmzidir.Heydər Əliyevin Azərbaycanda bütün sahələrin, o cümlədən mədəni və mənəvi həyatın inkişafında misilsiz xidmətləri olubdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ictimai-siyasi, mədəni-mənəvi və digər sahələrdə xaos yaratmaq istəyən qüvvələrin planlarının qarşısını alaraq ölkəmizi xilas etdiyini, xalqımızı vahid azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirdirib. Azərbaycanda multikulturalizm siyasətinin qədim qaynaqları Alban və digər dövlətlərdə, multikultural və tolerant cəmiyyətdə mövcuddur. Şirvanşahlar dövlətindən, Səfəvi imperiyasından başlayaraq Azərbaycan Respublikasınadək ölkəmizdə qurulan bütün dövlətlərdə tolerant və multikultural dəyərlərin və cəmiyyətin olduğunu, digər dinlərə və millətlərə aid dəyərlərə yüksək hörmət və ehtiramın göstərildiyini görmüşük. Bütün bunlar multikulturalizmin Azərbaycan xalqının yüzilliklər ərzində yaşam tərzi olmasının göstərici kimi dəyərləndirilib. Ulu Öndər özünə qədər olan multikultural və tolerant dəyərləri dövlət siyasətinə çevirdi və bu siyasət bu gün də davam etdirilir. Dünyada multikulturalizm siyasəti ilə bağlı ikiqütblülüyün olduğu dünyada multikulturalizmin dərin böhran içində olduğu bir dövrdə Azərbaycan Prezidentinin bəyanatlarını mühüm çağırış kimi qiymətləndirmək olar. Hazırda Qərb ölkələrinin bədbinliklə multikulturalizm siyasətindən üz çevirdikləri bir dövrdə Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Bölmədə müəllif Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra din sahəsində gərginliyin azaldılması, dini vəziyyətin yaxşılaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirdi. Məqalədə Azərbaycanın tutduğu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu millətin özünü dərindən dərk etməsini tələb edir, milli özünüdərk isə millətin ictimai və dini fikrinə, adət-ənənələrinə müraciət edilməsini labüd edir. Heydər Əliyev və multikulturalizmin Azərbaycan modeli zaman-zaman örnək rolunu oynayacaq.Bilirik ki, Azərbaycanda multikulturalizmin dərin kökləri var və bu sahədə Heydər Əliyevin rolu vurğulanmalıdır.Ekspertlər vurğulayır ki, ölkəmizdə multikulturalizm ənənələrinin formalaşması və bu modelin yaradılmasında Heydər Əliyevin xidmətləri çoxşaxəlidir. Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçib.Öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış Azərbaycan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə qaldırıb: "Ulu öndər hələ 1994-cü ildə İstanbulda keçirilən "Sülh və səbr" adlı beynəlxalq dini konfransdakı çıxışında bu məqamı dəqiq ifadə edib".Azərbaycandakı multikulturalizmlə bağlı Heydər Əliyev deyirdi: "Azərbaycanın vətəndaşları dini, irqi, siyasi, dil mənsubiyyətindən asılı olmayaraq, hamısı eyni hüquqa malikdir və onların hüquqları Azərbaycan tərəfindən qorunur və mühafizə olunur. Siz əminolabilərsiniz ki, biz bu məqsədlərimizə, bu prinsiplərimizə daim sadiq olacağıq və gələcəkdə də Azərbaycan vətəndaşlarının dini mənsubiyyəti, yaxud dil mənsubiyyəti, siyasi mənsubiyyətindən asılı olmayaraq, bir-birilə münaqişəyə girməsinə yol verməyəcəyik". Azərbaycanda dövlətin multikultural ənənələri qorumasında ən vacib məqam milli lider Heydər Əliyevin təşəbbüsü ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən, Konstitusiyada əks olunmasıdır.Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Konstitusiyanın bir sıra maddələrində təsbit edilib.Buna görə də Heydər Əliyevi Azərbaycan multikulturalizminin siyasi banisi hesab etmək olar: "Ulu öndər Heydər Əliyev ilk növbədə bununla Heydər Əliyev siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi.Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür, biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq deyən ulu öndər bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.Milli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqaməti yeni mərhələdə Prezident İlham Əliyev uğurla inkişaf etdirir.Bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verilir.Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu əhəmiyyətli layihələr həyata keçirir.Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi", "Qloballaşma şəraitində mədəniyyətlərin rolu", "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama", "Azərbaycan-tolerantlıq məkanı" layihələrini xüsusi qeyd etmək olar".Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsində, daim diqqət mərkəzində saxlamasında idi.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra dövlət–din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməsi məsələləri təhlil edilir.Milli mənəvi dəyərlər hər bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqımız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan sonra əlindən zorla alınmış milli mənəvi dəyərlərinin, milli özünüdərkin formalaşmasına yeni zəmin yarandı.Ulu öndərin İslam dəyərlərini xalqımızın milli sərvəti kimi dəyərləndirməsi, ölkəmizdə tolerantlıq mühitinin yaranması istiqamətində xidmətləri tədqiq və təhlilə cəlb olunmuşdur.Qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Ulu öndərin milli mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi "Milli mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir” bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının münasibəti idi. "Biz öz milli mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik” deyən Ümummilli Liderin işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.Ümummilli liderin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev milli mənəvi dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edirdi: dil, din və adət-ənənə.Məqalədə həmçinin ulu öndərin ölkəmizdə tolerantlıq mühitinin yaranmasında xidmətləri də nəzərdən keçirilmişdir. Məlum olduğu kimi, Sovet dövlətinin ideologiyasında sosialist şüarlarla yanaşı ateist təbliğat da xüsusi yer tuturdu və bu ideologiya əsas gücünü islamla mübarizəyə sərf edirdi. Heydər Əliyev həmin təbliğatın mahiyyət və hədəflərini yaxından izləyən və anlayan, onun psixoloji ağırlığını öz içində yaşadan canlı bir şahiddir. Heydər Əliyev 1997-ci ildə Mədinə şəhərindəki Peyğəmbər məscidinin şərəf kitabına yazdığı ürək sözlərində öz duyğularını belə ifadə etmişdi: "Allaha şükür olsun ki, uzun illər qəlbimdə yaşayan arzuma, niyyətimə nail oldum. Bu tarixi hadisə qəlbimdə böyük həyəcan və rahatlıq hissi yaratdı, Allahın böyüklüyünü dərk etdim!”. Qurani-Kərimin əl-Bəqərə surəsinin 284-cü ayəsində deyilir: "Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. Allah istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah, hər şeyə qadirdir!”.

Heydər Əliyev 2–ci dəfəsiyasi hakimiyyətə qayıdarkən yenicə müstəqilliyini elan edən ölkəmiz öz tarixinin mürəkkəb, çətin və ağır illərini yaşayırdı. Qafqazın əsas ölkəsi sayılan, öz zəngin enerji qaynaqları, coğrafi-siyasi mövqeyi və insan potensialı ilə seçilən bu gənc respublika aşağıdakı ciddi böhranlarla üzləşmişdi: xarici təcavüz, Qarabağ münaqişəsi, köhnə siyasi-ideoloji sistemin dağılması ilə ölkə daxilində hakimiyyət boşluğu, hərc-mərclik meylləri, cəmiyyətin psixoloji durumunda müşahidə edilən ümidsizlik, inamsızlıq və çaşqınlıq, əxlaqi-mənəvi mühitdə baş verən qeyri-müəyyənlik, insanlarda, cəmiyyətdə özünəgüvənmə hisslərinin zəifləməsi və s. Belə bir məqamda, öz siyasi təcrübəsi və intellekti ilə xarici amillərin təsirini zəiflətməyə və neytrallaşdırmağa qadir olan, ölkədaxili ixtilafları və hərc-mərcliyi cilovlaya bilən qüdrətli dövlət xadimi, cəmiyyətin inamını özünə qaytarmağı, burada milli-mənəvi birlik mühiti yaratmağı bacaran müdrik el ağsaqqalına ehtiyac vardı. Heydər Əliyev, məhz ağır böhran şəraitində bütün lazımi siyasi, ictimai və mənəvi keyfiyyətləri özündə birləşdirən bütöv bir şəxsiyyət kimi Azərbaycan xalqının harayına çıxaraq bütün sahələr üzrə məntiqi ardıcıllıqla düşünülmüş gərgin fəaliyyətə başladı. Yeni dünya düzənindəki vəziyyəti nəzərə alaraq, həm Qərb və Avropa ilə, həm də Rusiya, Yaxın Şərq və Asiya ölkələri ilə əlaqələr yaradaraq ölkənin İslam dünyasının bir parçası olmasına xüsusi önəm verirdi. Uzun müddət Sovet sistemində fəaliyyət göstərən Heydər Əliyev Şərq mentalitetini və Şərq dəyərlərini yaşadan, milli-mənəvi keyfiyyətlərə böyük əhəmiyyət verən, eyni zamanda müasir dünyada baş verən proseslərin nəbzini tutmaqla praqmatiq gerçəkliyi dərindən dərk edən bir şəxsiyyət idi. O, Azərbaycanı düçar olduğu ağır böhrandan çıxarmaq üçün balanslaşdırılmış siyasi gedişlər etməklə yanaşı, sovetlərdən sonra cəmiyyətin öz milli-mənəvi köklərinə qayıdışı üçün mühüm addımlar atdı. Ölkədə dini-mənəvi dəyərlərə və İslama münasibətin nəzəri əsaslarını irəli sürməklə yanaşı, onların təşəkkülü və inkişafı üçün əməli işlər görməyə başladı. Digər bir tərəfdən, Azərbaycan ilə Şərq ölkələri, xüsusilə ərəb və İslam dünyası arasında çoxsahəli əlaqələrin qurulması, genişlənməsi və möhkəmlənməsi üçün ictimai-siyasi, elmi-mədəni və mənəvi zəmin hazırladı.Ümumiyyətlə, yeni tarixi şəraitində Azərbaycanın qarşılaşdığı böhranlardan çıxaraq özünə güvənməsi üçün ümummilli dirçəliş konsepsiyasına böyük ehtiyac var idi. Bu ideologiya, həm milli adət-ənənələrə və dini-mənəvi dəyərlərə söykənməli, həm də Azərbaycanın çağdaş dünyaya qovuşmasını təmin etməli idi. Deməli, yenicə müstəqilliyə qədəm qoyan ölkə dünyada gedən demokratiya, inkişaf və qloballaşma prosesindən geridə qalmamalı, həm milli mədəniyyətini və simasını, mənəvi özəlliyini yaşatmalı, həm d əbaşqa mədəniyyət və dinlərdə dözümlülük şəraitində münasibət qurmalı idi. Bu olduqca çətin və həssas məsələnin düzgün həlli üçün düşünülmüş və ölçülüb-biçilmiş addımlar atılması tarixi zərurət kimi qarşıya qoyulmuşdu. Sovet ideologiyasının sürətlə çökməsindən sonra, Azərbaycan xalqının yenidən öz milli mənəvi dəyərlərinə qayıdışı təbii bir prosesə çevrildi və burada İslam xüsusi bir yer tutdu. Ona görə Azərbaycanın rəhbəri ölkənin islamla münasibətini düzgün və sağlam müstəvidə həll etməyə girişdi. Bununla bağlı bir neçə məqamı ümumiləşdirmək olar:

1. İslam Azərbaycan xalqının dini etiqadı olmaqla milli mədəniyyətinin tərkib hissəsidir.

2. Din cəmiyyətin milli, əxlaqi və mənəvi bütövlüyünün önəmli amili kimi çıxış edir.

3. Müasir dövrdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsinə ehtiyac duyulur.

4. Dinlər və xalqlar arasında anlaşma və dialoq yeni beynəlxalq şəraitin əsas tələblərindən biridir.

Ümumiyyətlə, islam Azərbaycan xalqının çox önəmli, zəngin milli-mənəvi atributu sayılırdı. Ölkənin beynəlxalq aləmdə gerçək siyasi, iqtisadi müstəqilliyini qoruması, öz milli simasını, varlığını saxlaması üçün həmin zəngin xəzinəyə müraciət etməsi lazım gəlirdi. Heydər Əliyev bütün işlərdə olduğu kimi, burada da, həm məsələnin nəzəri cəhətlərini bilən, onu düzgün həyatı məcraya istiqamətləndirən rəhbər, həm də onun icra mexanizmini tənzimləyən praktik bir dövlət xadimi kimi fəaliyyət göstərdi. Prezident dəfələrlə din xadimləri və ruhanilərlə görüşdü, məscid və ziyarətgahlara baş çəkdi, bütün dini mərasim və bayramlar da xalqa müraciət etdi, bir sıra mərasimlərdə özü iştirak etməklə camaatla və möminlərlə ünsiyyətdə oldu. O, dini məsələlərə özünəxas bir maraqla, həssaslıqla yanaşırdı, hadisələrin seyricisi yox, fəal iştirakçı olaraq onun əsas itiqamətlərini müəyyənləşdirirdi. O, dinin, daha doğrusu, İslamın müasir Azərbaycan cəmiyyətində tutduğu yeri açıb göstərmək, məqsəd və məramını lüzumsuz yad ideoloji cərəyanların, qeyri-ənənəvi dini firqələrin missioner təşkilatların pozucu fəaliyyəti və təxribatlarının qarşısını almaq üçün ölkədə dini işləri tənzimləmək, dövlət-din münasibətlərini sağlam bir müstəvidə qurmaq üçün addımlar atırdı.İslam mənəvi cəhətdən sağlam insanların və sağlam cəmiyyətin qaynağıdır.Sağlam cəmiyyət isə güclü və sarsılmaz dövlətçiliyin əsas sütunudur.Sağlam cəmiyyəti və güclü dövləti olan xalq bütün problemləri həll etməyə, öz işıqlı gələcəyini qurmağa, müasir dünyanın inkişaf və tərəqqi karvanına qoşulmağa qadirdir.Dinə münasibətin aydın təzahürü, dini dəyərlərin əhəmiyyətinin dəyərindən anlaşılması dövrə,zamana həmin konseptual siyasi baxışın çox mühüm tərkib hissəsi kimi diqqəti çəkir.Bu bağlılıq, bu vəhdət-bütövlükdə konsepsiyanın dəyərliliyini və uğurunu təmin edəcək dərəcə önəmlidir.

Müstəqilliyə qovuşandan sonra Azərbaycanda da dinə kütləvi qayıdış müşahidə edilir, hər cür yasaqlar, məhdudiyyətlər aradan qalxır, çoxlu məscidlər tikilir, dini mərasimlər geniş qeyd edilir, dini təhsilə meyl sürətlə artır.Bütün bunlar çox yaxşıdır, lakin həmin proses müəyyən çətinliklər, problemlər də doğururdu. İnam ruhi ehtiyacdan doğmalıdır. Buna görə də, dinə qayıdış dərin, əsaslı olduğu kimi həm də səmimi olmalı, düzgün təməl üzərində qurulmalıdır. Əsas məqsəd budur və Ümummilli lider Heydər Əliyevin dinlə bağlı qayğı və düşüncələrinin də elə məzmununu bu amil müəyyənləşdirirdi.Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin ölkədəki prosesləri həmişə həssaslıqla izlədiyini, ən müxtəlif dini məsələlərin həllinə diqqətlə yanaşdığını görürük. Təsadüfi deyil ki, onun istər əməli fəaliyyətində, istərsədə elmi nəzəri irsində dinlə bağlı tədbirlər, mülahizələr mühüm yer tutur. Ölkə başcısı mütəfəkkir siyasətçi kimi həm tarixi, həm də müasir aspektdə dindən ardıcıl sürətdə söhbət açmışdır. Onun dinlə bağlı həyata keçirdiyi mühüm əməli işlər və söylədiyi dərin fikirlər bir–biri ilə daxilən bağlanır. Sözü ilə işi bir–birini tamamlayan böyük dövlət xadiminin fəaliyyətinin, düşüncələrinin mühüm bir sahəsini dolğun şəkildə göz önündə canlandırır.

Dindarlarla mütəmadi görüşlərdən tutmuş elmi müşavirələrəcən ən müxtəlif tədbirlərdəki söhbətlərində, çıxışlarında ulu öndər Heydər Əliyev dönə-dönə ən yaxın tarixi dövrün neqativ təcrübəsinə müraciət edir, sovet dövlətinin dinə münasibətinin acı həqiqətlərini yada salırdı. Bunda məqsəd həmin yanlış siyasətin mahiyyətini açıb göstərmək, onun ibrətamizliyi üzərində bizi düşündürməkdir.

Məlumdur ki, sovet ideologiyasında ateizm təbliğatı xüsusi yer tutur, elmi texniki tərəqqinin yaratdığı geniş imkalardan bəhrələnərək təkidlə Allaha etiqadsızlıq təlqin edilirdi. Lakin nə 70 il hökümranlıq edən ideologiya, nə də ateist dünyagörüşü Sovet dövlətini dağıtmaqdan xilas edə bildi. Bunun səbəbləri haqqında dünyanın bir çox siyasətçiləri və mütəxəsisləri müxtəlif fikirlər söyləmişlər. Dərinləşən iqtisadi böhran və bunu müşayiət edən siyasi hərc-mərclik həmin süqutun əsas amilləri kimi irəli sürülmüşdür. Maraqlıdır ki, Heydər Əliyevin şərhlərində həmin amillərlə yanaşı, ideoloji sahələr də vurğulanır. Belə nəticəyə gəlmək ola ki, zahirən çox qüvvətli, möhtəşəm görünən sovet ideologiyası, əslində, saxta, çürük təmələ söykənirdi. Buna görə həmin ideologiyanında, onun insanlara haqq yolundan uzaqlaşdıran təbliğatının məğlubiyyəti qaçılmaz idi və dünyanın altı da bir hissəsinə hökmranlıq edən dövlətin bir göz qırpımındaca çöküşünü Allahın cəzası kimi anlamaq mümkündür.

Ulu öndər Heydər Əliyev hələ ölkə prezidenti seçilməzdən əvvəl 5 sentyabr 1993-cü ildə "Təzəpir” məscidində Peyğəmbər əleyhissəlamın mövludu münasibəti ilə keçirilən mərasimdəki çıxışında Azərbaycan xalqının bir müddət öz dinindən uzaq düşməsi səbəbləri, bunun acınacaqlı nətcələri üzrərində dayanır və məsələyə, həm də qeyd etdiyimiz aspektdən yanaşırdı. Əlbətdə, Azərbaycan xalqının da keçmiş SSRİ-nin tərkibində yaşayan digər müsəlman xalqlarınında öz dinindən təcrid olunmasının birbaşa səbəbkarı sovet siyasi-ideoloji sistemi idi və bu mülahizə Heydər Əliyevin təhlilində həmişə ön plana çəkilirdi. Lakin həmin hadisəni, ehtimal şəklində olsa da, eyni zamanda, Allahın sınağı kimi mənalandırmaqla daha geniş dini-fəlsəfi düşüncələr müstəvisinə çıxardaraq deyirdi: "Azərbaycan xalqı uzun müddət öz dinindən məhrum olmuşdur. Bu, əlbətdə, bizim üçün acınacaqlı bir haldır. Ancaq bu nə sizdən, nə də məndən asılı idi. Ola bilər ki, bu Allahın işidir. Və bu da bir imtahandır ki, görsünlər insan öz dinindən məhrum olandan sonra nə bəlalara düşür və öz dininə qayıdandan sonra nə qədər xoşbəxtlik əldə edir”.

Məsələnin bu şəkildə qoyuluşu dini baxımdan da əsaslı görünür. Məlumdur ki, Qurani-Kərim Allahın öz bəndələrini müxtəlif vasitələlə imtahana çəkdiyini dəfələrlə bizə bildirir. Məsələn, "əl-Bəqərə sürəsi 155-157-ci ayələrdə müsibətlə üzləşən Allah bəndələri səbrə dəvət edilir, belə olduqda onların Rəbbi tərəfindən bağışlanması və rəhmət gözləməsidir. Düşünmək olar ki, Azərbaycan müsəlmanları da keçmiş SSRİ-nin tərkibində (digər müsəlmanlar kimi) belə bir sınağa məruz qalmış, lakin Allahın rəğbəti yenidən onları öz dininə qayıtmasına fürsət vermişdir. Müxtəlif səbəblər üzündən öz dinindən uzaq düşənlər, adətən, böyük müsibət və məhrumiyyətlərlə üzləşir, lakin yenidən haqq yolunu tapıb Allaha doğru qayıdarkən onlar həqiqi xoşbəxtlik anlarını yaşayırlar.

Bunu Azərbaycanın timsalında da aydın görmək mümkündür. Müstəqillik dövründə yenidən öz dininə qovuşmaq imkanı əldə etməsi Azərbaycan müsəlmanlarında ruh yüksəkliyi, sevinc hissi doğurur. Buna görə də sovet ideologiyasının anti din, xüsusilə anti islam təbliğatından danışarkən ulu öndər Heydər Əliyev, mahiyyətinə dərindən bələd olduğu bu tarixçənin adətən dini-mənəvi dəyərlərə qayıdışın zəruriliyini və əhəmiyyətini vurğulamaqla tamamlayır. Müdrik və uzaqgörən siyasətçi kimi həmin prosesin indiki tarixi dönəmdə Azərbaycan cəmiyyətinin sağlam əsaslarla yenidən təşəkkülü və inkişafı, milli-mənəvi bütövlüyü və ondan özünəgüvənc psixologiyasının bərpası üçün önəmini müəyyənləşdirir.

Azərbaycan rəhbəri məruzə və çıxışlarında öz xalqının doğma dinindən zorla uzaq salınarkən keçirdiyi iztirabları daima yada salır. Bunda məqsəd, heç də, insanların təsirləndirmək və sarsıtmaq deyildi. Hərçənd ibrətamiz nəticələr üçün emisional-psixoloji yaşantıların da əhəmiyyəti az deyil. Ancaq məqsəd daha böyükdür: yaxın keçmişi acı həqiqətlərini xatırlanması, bunların bir daha təkrar olunmamasının mümkünsüzlüyünü açıqlamaq və şüurlara təlqin etmək naminə idi. Yəqin buna görə də 1998-ci ilin oktyabrnda Bakıda keçirilən "Müasirlik və dini-mənəvi dəyərər” adlı Beynəlxalq konfransındakı geniş çıxışında Heydər Əliyev sovet hakimiyyəti dövründə dinə qarşı aparılmış total və fasiləsiz mübarizənin üzərində ətraflı dayanmağı lazım bilir. Həmin mübarizənin təkcə bir ölkəyə qarşı yox, nəticə etibarilə bütünlükdə bəşəriyyətə qarşı yönəldiyini bəyan edir: "Məlumdur ki, biz 70 il komminist ideologiyası ilə tərbiyələnərək dinimizdən və dinin bizə bəxş etdiyi mənəvi dəyərlərdən məhrum olmuşuq. Kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il ərzində dinə qarşı aparılmış təbliğat, xüsusən dinin qadağan olunması və təhrif edilməsi olmuşdur”. Sovet hakimiyyətinin dinlə amansız və aramsız mücadiləsi, heç şübhəsiz, sosializmin ictimai-ideoloji mahiyyətindən doğurdu. Lakin həmin təcrübə belə düşünməyə əsas verir ki, sovet ideologiyası dini nüfuzdan salmaqla öz rəhbərlərini bütləşdirmək üçün yol açmağa çalışırdı. Yəqin, elə buna görə də, sovet hakimiyyəti bu yolda ona mane olacaq ən başlıca qüvvəyə-ilahi dinlərə, xüsusilə, İslama qarşı amansız olmuşdur. Çünki, İslam dini, Qurani-Kərim yalnız bir Qadir Allaha tapınmağı önə çəkməklə, hər cür bütpərəstlik meyllərini rədd etmişdir. İslamda insan Allahın bəndəsi olaraq təkcə ona ibadət edir və ondan yardım diləyir.

Sovet ideologiyası bir tərəfdən dini qadağan edirsə, başqa bir tərəfdən onu bütün vasitələrlə təhrif etməklə ictimaiyyətin gözündən salmağa çalışırdı. Heydər Əliyev bu məsələni də nəzərdən qaçırmır, sovet ateist təbliğatının acizliyini həm də bu amillə izah edirdi. O, beynəlxalq konfransda sözünə davam edərək bütün səylərinə baxmayaraq, sovet sisteminin dini hisslər, islam həqiqətlərinin ucalığı qarşısında duruş gətirə bilmədiyini qeyd edir, həmin sistemin sürətlə çökməsini buna canlı misal çəkir: "Ancaq, eyni zamanda, bu tarix onu da göstərir ki, din və o cümlədən bizim mənsub olduğumuz islam dini o qədər qüdrətə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət və heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərir ki, bunu bacara bilməzdi”. Qurani-Kərim haqq olan İslama bütün kafirlərin, müşriklərin və münafiqlərin həmişə çalışdıqlarını, lakin onların uğursuzluğa düçar olacaqlarını ilahi xəbərdarlıqla bütün bədxahlara bildirir. Allahın dininə qarşı olanlar bu nuru söndürməyə çalışsalar da bacarmazlar. "Ət-tövbə” surəsinin 32-ci ayəsində deyilir: "Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) batil sözləri ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər”.

Azərbaycan liderin 9-11 dekabr 1998-ci ildə Bakıda keçirilən başqa bir toplantıda, "İslam sivilizasiyası Qafqazda” adlı Beynəlxalq konfransdakı çıxışında öz konkret müşahidələri və qənaətləri əsasında sovet siyasi-ideoloji sisteminin dinə qarşı yönəlmiş siyasətinin görünən və görünməyən tərəflərindən söhbət açır, bir daha həmin mübarizənin məğlubiyyətlə nəticələnməsinin qanunauyğunluğuna diqqəti cəlb edir, bu məğlubiyyəti dini hisslərin xalqın həyatına, mənəviyyatına atdığı rişələrin güclü və dərin olması ilə izah edir: "Sovetlər İttifaqının mövcud olduğu 70 il ərzində onun ərazisində din yasaq, qadağan edilmiş, ateizm təbliğatı aparılmışdır. Dinə qarşı çox kəskin mübarizə aparılmış, allahsızlıq, dini inkar etmək o illərdə kommunist ideologiyasının əsasını təşkil etmişdir. Biz bu dövrü yaşamışıq və indi, Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra tarixi nöqteyi-nəzərdən qısa bir zamanda dinin, o cümlədən İslam dininin nə qədər dərin kökləri olduğunu daha da çox dərk etmiş oluruq”

Ulu öndər Heydər Əliyev yaxın keçmişin tarixi təcrübəsinin obyektiv mənzərəsini rəsm edir, buna görə də onun təhlil və qiymətləri sərrast və inandırıcı səslənir. Ümumiyyətlə, bu mühakimələr fakta əsaslanması və məntiqi ardıcıllığı ilə seçilir. Daha sonra Heydər Əliyev deyir: "Qısa bir zamanda məlum oldu ki, əgər Azərbaycanda kommunist ideologi yaşı 70 il yox, 170 il də hökm sürmüş olsaydı, insanları İslam dinindən ayırmaq mümkün olmayacaqdı. Bu artıq faktdır. Eyni zamanda, bu, İslam dininin nə qədər böyük gücə malik olduğunu sübut edir”.

Ümummilli lider Heydər Əliyev Naxçıvanda tikilən məscidin açılışında söylədiyi geniş nitqində bu incə məsələyə toxunaraq bildirirdi ki, o, Sovetlər İttifaqında yüksək vəzifə tutmuşdu və bu sayaq vəzifəli şəxslər dindən uzaq olmalı idilər. Kommunist Partiyasında və siyasi hakimiyyətdə yüksək yer tutmasına baxmayaraq, Allah daim onun qəlbində olmuş, amma şəraitə görə bunu biruzə verə bilməmişdir. Bütün bunlar şəxsiyyətin daxilində iztirablar doğururdu. Azərbaycan rəhbəri tarixi həqiqəti etiraf etməklə, həm də həmin mənəvi-psixoloji yaşantıları hiss etdirirdi. Bu yolla İslama qarşı aparılan qərəzli təbliğatın cəmiyyətə vurduğu mənəvi ziyana diqqəti yönəldirdi. "İslam sivilizasiyası Qafqazda” adlı Beynəlxalq konfransda söylədiyi fikrilər olduqca maraqlıdır: "Sovet hakimiyyəti dövründə dünyaya gəlmiş, yaşamış nəsillər, bəlkə də, o vaxtkı güclü təbliğat nəticəsində dinin, bizim üçün isə, ələlxüsus, islam dininin bu qədər zəngin mənəvi dəyərlərə, bu qədər dərin köklərə malik olduğunu anlaya bilmirdilər. Biz özümüz də bunu anlaya bilmirdik. Mən bunu etiraf edirəm”

Azərbaycan rəhbərinin dedikləri bir neçə mühüm məsələni dövrün tarixi həqiqətləri səviyyəsində açıqlayır və ümumiləşdirir: birincisi, sovet ideoloji siyasi sistemi müsəlmanları öz dinindən, dinin zəngin mənəvi dəyərlərindən, islam maarifindən uzaq saxlayırdı, çünki bu dəyərlərin gücünü bildiyinə görə yəqin edirdi ki, cəmiyyətdə sovet ideologiyasının təsiri azalır, İslama meyl rəsmi ideologiyanı üstələyir. Başqa bir tərəfdən, bolşeviklər dinə və xüsusilə, İslama qarşı mübarizədə həm ideloji-siyasi təbliğat vasitələrindən istifadə etməklə gerçək dini maarifin qarşısını alır və islam dəyərlərini təhrif edir, həm də zorakılıq yolu ilə təsisatları və məscidləri, müqəddəs ziyarət yerlərini məhv edir, onların yerinə anbar və bu tipli binalar tikirdilər. Hətta məscid və ziyarətgahları partladıb darmadağın etməkdən belə çəkinmirdilər. Bunda məqsəd isə dini atributları ictimaiyyətin və xüsusilə yeni nəslin şüurundan silmək olub. Azərbaycanın əksər bölgələrində məscidlər, minarələr sökülmüş, ümumi bina isə təsərrüfat işləri üçün istifadə edilmişdir. Yeni nəsil bunlardan xəbərsiz idi. Digər bir tərəfdən ruhanilər və dini şəxslər təqib edilirdi, hətta dindən uzaqlaşanlara allahsızlıq kitabçası kimi vəsiqə verilirdi. Təkcə Quran və islam maarifinə aid dini kitablar deyil, ərəb əlifbası ilə yazılmış çoxlu elmi, fəlsəfi, mühüm əhəmiyyət kəsb edən tarixi və ədəbi sərvətlər də məhv edilirdi. Əslində xalqın tarixi yaddaşının üstündən qələm çəkmək siyasəti yeridilirdi.

Ulu öndər Heydər Əliyev çıxışlarında bu barədə acı təəssüf hissi ilə dönə-dönə danışır. "Bibiheybət” məscidini 1994-cü ildə ziyarət edərkən bu müqəddəs ocağını necə vəhşiliklə dağıdılmasını yada salır. Burada yeni bir məscidin tikilməsi barədə qərar verir. Bu məscid kompleksi 1998-ci ilin may ayında tikilib başa çatdı və Prezident həmin açılışda çıxış edərək bir daha göstərdi ki, nə fiziki zor və məhvetmə, nə də siyasi-ideloji təbliğat maşını insanların etiqadını sındıra bilmişdir.

Ümummilli lider Heydər Əliyev 1-2 oktyabr 1998-ci ildə Bakıda Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının keçirdiyi "Müasirlik və dini-mənəvi dəyərlər” adlı Beynəlxalq konfransda bu barədə bəhs edərək belə söyləmişdir: "Təsəvvür edin, o yer müqəddəs yerdir. Orada VIII əsrdə həzrəti Hökumənin qəbri olmuşdur. İmam Rzanın bacısı həzrəti Hökumənin qəbri üzərində vaxtilə insanlar məscid qurmuşdular və ora ziyarətgaha çevrilmişdi. Ancaq o müqədəs yer, müsəlmanların, tək Azərbaycandan yox, dünyanın bir çox yerlərindən gələn müsəlmanların ziyarət etdiyi müqəddəs ocaq 1933-cü ildə partladılmışdır, dağıdılmışdır. Məscidi partladıblar, dağıdıblar, yerlə yeksan ediblər, amma insanlar ayağını o yerdən çəkə bilməyiblər. Həmişə "Bibiheybət” piri bizdə ona pir deyirlər – müsəlmanların ziyarət yeri olubdur, müsəlmanlar gedib orada, o yerə öz ehtiramını bildiriblər, Allah yolunda nəzirlərini veriblər və o yeri yaşadıblar”

Ulu öndər Heydər Əliyev həmin konfransda bu tipli başqa faktları da yada salır. Belə ki, Sovetlər zamanı İslama qarşı aparılan mübarizə nəticəsində yüzlərlə məscid və ziyarətgah məhv edilmişdi. Azərbaycan müstəqillik əldə edərkən ölkədə cəmi 18 məscid fəaliyyət göstərirdi. Lakin qısa bir vaxtda, yəni 7 il ərzində 1000-dən artıq məscid tikilmişdir. O, bu barədə sözlərini belə yekunlaşdırır: "İndi Azərbaycanda 1000-dən artıq məscid var. Demək, insanların hamısının qəlbində məscid intizarı, məscid arzusu (məscid Allah evidir) o qədər yaşayıb ki, qısa bir zamanda hökumətin, dövlətin heç bir köməyi vəsaiti olmadan məscidlər tikilibdir. Bu mənim dediklərimə əyani sübutdur”[İsgəndərov, 2008,s.52].

Nəticə:Görkəmli dövlət xadimi Heydər Əliyev İslam dəyərlərini xalqımızın milli sərvəti kimi dəyərləndirdiyi barədə fikirlərini açıqlayaraq belə demişdir: «Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, İslam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri hamısı birlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıb. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar».Heydər Əliyevdən gətirdiyimiz kəlamlar onun xalqımızın ümumi və bəşəri dəyərlərə yiyələnməsində İslamın rolunu yüksək qiymətləndirdiyini göstərir. Məqalədə Ulu öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin qanunçuluq bazasının yaradılmasında, normativ hüquqi sənədlərin ardıcıllıqla həyata keçirirlməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında misilsiz xidmətlər göstərdiyini nümayiş etdirməsi əks olunubdur. Möhtərəm prezidentimiz Cənab İlham Əliyev bugün də, dövlət-din münasibətlərində yaranmış ənənəni uğurla davam etdirir.

Cəmil QULİYEV

Tarix üzrə fəlsəfə doktoru