adalet.az header logo
  • Bakı 18°C
30 Aprel 2019 15:41
8031
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: PƏRDƏLƏRLƏ BAĞLI QADAĞALAR ARADAN GÖTÜRÜLÜR

Heç kimə sirr deyil ki, bir çox sürücülər yeri gəldi-gəlmədi "plyonkadan”, qara pərdələrdən, jalüzlərdən istifadə eləyir. Bu adını çəkdiyimiz əşyalar ən çox avtomobillərin salonlarını gün işığından qorumağa yönəldilib. Təbii ki, həmin pərdələr də bu və ya digər dərəcədə sürücülərin və sərnişinlərin günəş şüasından qorunmasına hesablanıb. Təəssüflə qeyd etməliyik ki, ilin payız və qış mövsümündə pərdələrdən, jalüzlərdən istifadə eləyənlər var. Bu isə birmənalı olaraq mövsümə uyğun gəlmir və qanun pozuntusu sayılır. Qeyri-qanuni istifadəyə görə, sürücü 150 manat civarında cərimə edilə bilər.

Aydındır ki, bir çox sürücülər bu məsələləri çox vaxt yaddan çıxarır, unudur, ya da bilərəkdən həmin jalüzlərdən, qara pərdələrdən istifadə etməklə birmənalı olaraq qanun pozuntusuna yol verirlər. Əlbəttə, burda tək sürücülərin deyil, həm də maarifləndirmə işləri aparan qurumların üzərinə yüksək məsuliyyət hissi düşür. Başqa sözlə demiş olsaq, istər qadağan olunan vaxtda, istərsə də istifadə olunan məqamda gərək əlaqədar qurumlar televiziya kanallarında və mətbuatda təbliğat, maarifləndirmə işləri aparsınlar.

Dəfələrlə reydlərdə görmüşük sürücülər yol polisi tərəfindən saxlanılarkən bildiriblər ki, bizim qadağanla bağlı xəbərimiz yoxdur. Yol polisi əməkdaşı da ona izah edib ki, axı bu barədə televiziyalarda əməkdaşlarımızın çıxışları olub. Onlar birmənalı olaraq payız və qış mövsümündə pərdələrin, jalüzlərin qadağan edilməsi ilə bağlı qanunu yada salıblar. Sadəcə olaraq, bəzi məsuliyyətsiz sürücülər yüz bəhanə gətirərək bu barədə xəbərsiz olduqlarını bildirirlər.

Ümumiyyətlə, bu gün bizim sürücülərin çoxu izahat, təbliğat və maarifləndirmə işlərindən nəticə çıxarmırlar. Tək pərdələrlə bağlı yox, digər qanun pozuntuları ilə əlaqədar yüksək səviyyədə təbliğat işləri aparılsa da, bunu əksər sürücülər ya yaddan çıxarır, ya unudur, ya da bilərəkdən qanuna əməl etmirlər.

Məsələn, "Təmiz hava” aylığı ilə bağlı düz bir ay respublika ərazisində atmosferə normadan artıq zəhərli qazlar atan nəqliyyat vasitələri sürücülərinə qarşı reydlər keçirildi. Həmin reydlərdə də yenə bir çox sürücülər saxlanılarkən məlum oldu ki, onların idarə etdikləri avtomobillərdə texniki qüsurlar var. Elə buna görə də belə nəqliyyat vasitələrindən atmosferə normadan artıq dəm qazı atılırdı. Həmin sürücülərin də bəziləri iki ayağını bir başmağa dirəyib deyirdilər ki, "Təmiz hava” aylığından xəbərimiz yoxdur. Ola bilər xəbərləri olmasın. Ancaq bu onlara əsas vermir ki, sükanı arxasında əyləşdikləri avtomobilləri nasaz vəziyyətdə saxlasınlar.


Bəzi sürücülər də var ki, pərdələrə, jalüzlərə icazə veriləndə belə fikirləşirlər ki, onlar "qara plyonka”lardan da istifadə eləyə bilərlər. Əgər sürücü maşının yan tərəflərinə və arxasına bu "plyonka”lardan yapışdırırsa, deməli o, yenə qanunu pozur.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov pərdələrlə bağlı açıqlama verərək bildirdi ki, artıq may ayının 1-dən hər bir sürücü sənaye üsulu ilə istifadə olunmuş pərdələrdən və jalüzlərdən istifadə edə bilər. Ancaq qara "plyonka”lardan istifadə isə birmənalı olaraq qanun pozuntusu deməkdir. Bu barədə bizim televiziya kanallarında və mətbuatda çıxışlarımız olub. Konkret olaraq qanunun tələblərini və istifadə olunan pərdələrin texniki göstəricilərini sürücülərin diqqətinə çatdırmışıq. Ona görə də hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsinə sənaye üsulu ilə istehsal edilmiş pərdələrdən vurmalıdır. Bu cür pərdələr və jalüzlər heç bir qanun pozuntusu yaratmır.

Deməli, hər bir sürücü mayın 1-dən standartlara uyğun qara pərdələrdən, jalüzlərdən istifadə etmək hüququna malikdir. "Plyonka”lar isə birmənalı olaraq qanun pozuntusu deməkdir. Ona görə də sükan arxasında olan hər bir sürücü diqqətli olmalı, qanunun tələb etdiyi standartlara uyğun pərdələrdən istifadə etməlidir.