adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 May 2019 09:05
8395
GÜNDƏM
A- A+

Məqsəd hamını dindar və ya din adamı etmək deyil - SORĞU

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının növbəti tədris ilindən orta və ali məktəblərdə din dərslərinin keçiriləcəyi barədə açıqlaması ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib. Təhsil ocaqlarında dini dərslərin keçirilməsinə yanaşma müxtəlifdir. Fikirlər müxtəlifdir, məsələyə birmənalı münasibət sərgilənmir.

Dini Qurumlarlar İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov orta və ali məktəblərdə dini təhsil olması barədə müzakirələrə qoşularaq bildirib ki, din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən 3 termindən (anlayışdan) istifadə edilir: "1. Dini tərbiyə 2. Dini təhsil. 3. Dinlə bağlı tədris.Dini tərbiyəni yalnız ailə verə bilər, dövlət dini tərbiyə verə bilməz. Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər. Dinlə bağlı tədris isə dinin yox, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nə dünyəviliyə, nə də Konstitusiyaya ziddir. Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağlı zəruri bilikləri verir. Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minimum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə başqaları verəcək, amma dövlətin maraqlarına zidd şəkildə".

G.İsmayılovun sözlərinə görə, artıq prosesə başlanılıb: "Orta məktəbdə Həyat bilgisi fənni tədris edilir. Onun bir məqsədi də dini bilikləri verməkdir. Burda pis nə var ki?! Yaxud burda başa düşülməyəcək nə var ki?!"

Başqa ölkələrdən gəlib burada yanlış təbliğatla məşğul olmasınlar

"Dini təhsil sahəsində əsas məsələ kadrlarla bağlıdır ki, başqa ölkələrdən gəlib burada yanlış təbliğatla məşğul olmasınlar. Ona görə də ötən il prezident İlham Əliyevin göstərişi ilə İlahiyyat İnstitutu yaradıldı”. Bunu sözləri isə "Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təhlili və əhəmiyyəti” adlı konfransda Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov səsləndirib. Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdə yayılan videolar cəmiyyəti narahat edir: "18 yaşında radikal qüvvələrə qoşulan qadın deyir ki, indi 24 yaşı var, amma uşaqlarını da götürüb ölkəyə gələ bilmir. Bu kimi məsələlərdə teologiyanı və psixologiyanı bilən güclü kadrlar lazımdır”.


Müqayisəli məqamlara yol vermək olmaz

Millət vəkili Fazil Mustafa da məsələyə öz münasibətini bildirib. O, multikulturalizm adı ilə dinin tədris edilməsini normal sayıb: "Dinlərarası münasibətlərə aqressiv formada yanaşmamaq, yaxud da, daha humanizm yanaşma üçün dində olan müsbət təzahürlərin uşaqlara öyrədilməsinin heç bir zərəri yoxdur. Sadəcə, bunun ayrıca din dərsi kimi uşaqlara keçirilməsi məqsədəuyğun deyil. Multikultural formada keçirilməsi daha məqsədəuyğundur. Bu yolla başqa dinlərə münasibətdə insanların daha tolerant yanaşmasını təmin etmək olar. Təbii ki, İslam dininin də zəruriliyi göstərilməlidir. Qətiyyən İslam tarixi ilə bağlı müqayisəli məqamlara yol vermək olmaz. Hansısa müzakirələrin aparılmasına imkan yaratmaq doğru deyil. Tarixdə o qədər ziddiyyətlər var ki!. Çalışmalıyıq ki, bunu Azərbaycan əhalisinin müəyyən formatına uyğunlaşdıraq. Hansısa ölkələrin ideologiyasının təbliği məsələsi gündəmdə olmamalıdır. Dini tədrisin ayrıca multikultural ad altında keçirilməsi normaldır”.



Kitablar məzhəblərə uyğun olarsa bizə çox ciddi problemlər yaradacaq

İlahiyyatçı Elşad Miri isə bildirib ki, "Məsələylə bağlı aşıqlanmayan məqamlar var. Əgər açıqlansaydı daha dəqiq cavab vermək olardı. Həmin məsələlərdə ondan ibarətdir ki, bunları kimlər idarə edəcək. Həmin o dərs vəsaiti ictimaiyyətə hələ təqdim olunmayıb. Bilinmir ki, orda nələr var, nələr yox. Bunları bilmədən nəysə demək həqiqətən çətindi. Amma mən fikirləşirəm ki, bu məsələlərə ciddi nəzarət olmalıdır. Çünki bu gün kimsə Tehranın diqtəsi ilə kitabda yazılanların əksinə olaraq öz zəhərli fikirlərini insanlara aşılayacaqsa sabah bu böyük ciddi problem yaradacaq. Və ya Səudiyyədə aldığı təhsili aşılayacaqsa bu da həmçinin. Çünki bu gün iki dost oturub söhbət elədiyi zaman ortaya dinlə bağlı, məzhəblərlə bağlı məsələ gəldikdə düşmən kimi masadan qalxırlar. Bu gün məzhəbpərəstlik bir bəladır. Şeyxində çıxışına fikir verdim o da bildirir ki, məzhəb bu gün reallıqdır. Bu reallığı bir kənara atmaq lazımdır . Mənim kitabımı qadağan elədilər əsas gətirdilər ki, bütün məzhəblərə ziddir. Onda belə çıxır ki, dövlət qurumlarının təqdim etdiyi kitablar məzhəblərə uyğun olacaq. Əgər bu kitablar məzhəblərə uyğun olarsa bizə çox ciddi problemlər yaradacaq”.

Nicat Novruzoğlu