adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Aprel 2019 13:46
20632
MƏMLƏKƏT
A- A+

Tələbələr icra başçısına məktub yazıb

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin bir qrup tələbəsi Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova açıq məktub yazıb. Həmin məktubu dərc edirik:

Çox hörmətli Şahin müəllim! Biz - Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bir qrup tələbəsi bu günlərdə Ağcabədiyə səfər etdik. Bizim səfərimizin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük ədibimiz Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamından doğmuşdu. Fakültəmizin rəhbərliyi bu Sərəncama bir cavab kimi biri C.Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanımın sizin rayonun Kəhrizli kəndində yerləşən ev-muzeyinə ziyarətə getməyi təklif etdi. Bu təklifin reallaşması üçün Sizin də çox yaxşı tanıdığınız millət vəkili Aqil Abbas, Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı çox fəalllıq göstərdilər və bütün səfərimizə qoşuldular.

Çox hörmətli Şahin müəllim! Həmin gün təxminən saat 11:00-da biz Sizin yanınıza dəvət olunduq. Bizi necə qarşıladınız, tələbələrə öz balalarınıza göstərdiyiniz sevgi ilə necə yanaşdınız, müəllimlərimizi və bizə dəstək olan media nümayəndələrinə necə hörmətlə yanaşdınız - bütün bunları demək bəlkə də artıq olar. Ancaq onu bildiririk ki, Ağcabədidə qonaq olduğumuz iki gün ərzində iki dəfə Sizin, sözün əsl mənasında müəllim mühazirənizi dinlədik. Bu mühazirələrdə Siz Mirzə Cəlil haqqında onun ağcabədili həyat yoldaşı Həmidə xanım haqqında sevgi ilə danışdınız, hörmətli Prezidentimizin Mirzə Cəlil haqqında Sərəncamının qiymətini verdiniz. Prezidentin regionların inkişafına göstərdiyi diqqətin bəhrələrini əyani faktlarla dilə gətirdiniz. Siz təkcə Ağcabədinin timsalında deyil, qonşuluğunuzda yerləşən Ağdamın, Bərdənin, İmişlinin, Saatlının və digər rayonların müasir inkişaf tempindən özünüzə məxsus vətən sevgisi ilə qürurla danışdınız. Sizin xüsusi tapşırığınızla biz Ağcabədinin bayraq muzeyini, Muğam evini, Şahmat sarayını və bir çox yeni məkanlarını ziyarət etdik. Biz Həmidə xanımın Kəhrizlidə yerləşən bizim üçün müqəddəs ev muzeyini, ləyaqətli vətəndaş və Sizin hörmət bəsələdiyiniz Aqil Abbasın Boyat (?) kəndində inşa etdirdiyi kitabxanaya getdik, böyük Füzulinin ruhunu yad etdik. Sonra Aqil Abbas deputat mandatından istifadə edib bizi Ağdamda düşmənlə cəbhə xəttinə apardı. Biz orada ordumuzun gücünü gördük, əsgərlərimizin qələbə əzminin şahidi olduq. Biz Ağdamın Şəhidlər Xiyabanını ziyarət etdik, bu anda biz gənclər olaraq üzümüzü o lövhədəki şəhid adlarına tutub içimizdə olan Vətən sevgisinə and içdik. And içdik ki, torpaqlarımızın bir qarışını da düşməndə qoymayacağıq... Xatırladırıq ki, bütün bu təəssüratlarımızı respublikamızın müxtəlif kütləvi informasiya vasitələrində bölüşmüşük.

Çox hörmətli Şahin müəllim! Biz Sizdən o iki gündə çox şey öyrəndik. Sizin Vətənə, torpağa, dövlətimizə, millətimizə məhəbbətinizin, şəhidlərimizin müqəddəs ruhuna hörmət və minnətdarlığınızı gördük. Prezidentimizin çox böyük inamla etimad göstərdiyi bir icra başçısı kimi həmin o iki gündə bizi narahat edən iki təklifimizi qəbul etməyinizi Sizdən xahiş edirik:

1. Azərbaycan Respublikası Prezidentinin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamından irəli gələn vəzifələrdən biri kimi müqəddəs millət fədaisinin ömür-gün yoldaşı, məsləkdaşı Həmidə xanımın ev-muzeyinə müstəqil muzey statusunun verilməsi;

2. Azərbaycan xalqının folklorunda, milli-mənəvi dəyərlər sistemində xüsusi çəkisi olan, Bayat elini təmsil edən bir kəndin haçansa, kiminsə səhvən "boyat” kimi qeydə aldırmasının kobud bir səhv olduğunu nəzərə alaraq, "Boyat” kəndinin adının "Bayat” olaraq özünə qaytarılması haqqında rayon ictimaiyyəti və o gözəl, müasir kəndin sakinləri adından aidiyyəti təşkilat qarşısında vəsatət qaldırmağınızı xahiş edirik.

Ağcabədiyə və şəxsən Sizə tələbə sevgisi ilə:

1. Kənan Novruzov – III kurs tələbəsi, əslən şuşalı

2. Gülayə Məcid – II kurs tələbəsi, əslən salyanlı

3. Gülçin İsgəndərova – II kurs tələbəsi, əslən goranboylu

4. Vəfa Vəliyeva – I kurs tələbəsi, əslən füzulili

5. Aləmdə Nəsib – II kurs tələbəsi, əslən gədəbəyli

6. Günel Mehdizadə - magistr, əslən bayatlı (!)