adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Aprel 2019 18:13
38891
MƏDƏNİYYƏT
A- A+

BÖYÜK TARZƏN RAMİZ QULİYEV HAQQINDA EPOPEYA

Yazıçı-jurnalist, Cəfər Cabbarlı və Rəsul Rza Ədəbi Mükafatlar laureatı Rafiq Hacıyevin bu fundamental əsərini böyük acgözlüklə oxudum və əsərin qəhrəmanı Ramiz Quliyev haqqında yazdıqlarına təəssüratımı bildirməkdən əvvəl elə müəllif haqqında bir neçə kəlmə demək istədim.

Deyirlər dağların əzəməti kənardan baxdıqda daha yaxşı görünür. Mən bu böyük sənətkarı keçən əsrin 80-ci illərindən tanıyıram. Rəhbərlik etdiyim Ağdama tez-tez gələr, mənimlə nadir hallarda görüşər, müxtəlif xahişlər eşitməyə adətkarda olduğumdan heç bir xahiş etməz, çox təvazökarlıqla görüşüb ayrılardı. Onun sənətkarlığı barədə eşidirdim, görürdüm, lakin təəssüflə deməliyəm ki, musiqi aləmində duyumum çox da yüksək olmadığından onun böyüklüyünü, əzəmətini bu əsəri oxuyana qədər lazımi qədər dərk etməmişdim. Ramiz Quliyev əzəmətini əks etdirən çoxsaylı faktları oxuduqca onunla yanaşı müəllifin də əzəmətinə heyran oldum.

Müəllif elə bir tədqiqat əsəri yazıb ki, imkanım olsaydı onu sənətşünaslıq doktoru adına təqdim edərdim. Mən mütailəni çox sevən bir adamam, xüsusilə böyük sənətkarlara dair yazılanları hər zaman oxuyuram. Etiraf edim ki, belə zəngin tədqiqat işinə çox az-az hallarda təsadüf etmişəm.

Əvvəla müəllifin çox maraqlı bir üslubu tapması, şərqin böyük dastanı "Min bir gecə "nağılına əsaslanıb söhbətə başlaması məni valeh etdi. Bunu da deyim ki, elə nağıllar aləmindən söz açılan təki yaddaşımda Ramiz Quliyevin həmyerlisi, böyük yazıçı dramaturq Süleyman Sani Axundovu, onun hekayələrini, xüsusilə bu janrda yazılan bütün əsərlərin zirvəsində dayanan "Qaraca qız"ı xatırladım. Mən 1980-cı ildə Ağdama rəhbərliyə gələrkən ilk sevindiyim fakt doğma yurdu olan Seyidli kəndində onun abidəsini görməyim olmuşdu. Və deməliyəm ki, ilk kədərləndiyim də xan qızı Natəvanın Ağdamın İmarət adlanan müqəddəs məkanında (Qarabağ xanlarının, o cümlədən Natəvanın məzarları buradadır) unudulmuş məzarı oldu və ilk tədbirlərimdən birisi onun məzarını abadlaşdırmaqla ona layiq gözəl bir abidə ucaltmaq, elə bununla əlaqədar sonralar ənənəyə çevrilmiş Natəvan qızlar bayramı adlanan çox əzəmətli bir tədbirin keçirilməsi oldu. Bunun əzəməti onda idi ki, respublikanın bütün şəhər və rayonlarından minlərlə qız-qadın bu tədbirə gəlib qoşulmuşdu.


Yeri gəlmişkən mən çapdan çıxan bir neçə əsərimdə ağdamlılar haqqında yazmışam və burada yenə də qeyd etməkdən qala bilmirəm. Rəhbərlik etdiyim rayonların heç birində (indiki bölgü ilə 9 rayona rəhbərlik etmişəm) ağdamlılar qədər fədakar camaat görməmişəm və ona görə də Ağdama gəldikdən bir neçə ay sonra möhkəm qənaətə gəldim ki, bunlarla dağı-dağ üstünə qoymaq olar. Elə bu qənaətlə də o zamanın plandan kənara çıxmaq düsturunu pozaraq bir çox plansız yeniliklərə baş vurdum. Bu sırada biri-birinin ardınca tikilib istifadəyə verilən sanatoriya - istirahət obyektləri (Abdal-Gülablı, Şelli, Şahbulaq, Dəlidağ, Əhmədağalı, Ergi qəsəbəsi, uçulub dağılmış Pənahxan qalasının bərpası, respublikada ilk ticarət mərkəzi, Şərqdə ilk muğam-musiqi məktəbi və s. bu sıradandır. Ağdamın böyük vurğunu yazıçı jurnalist, Respublika Milli Məclisinin deputatı Aqil Abbasın bu yaxınlarda "525-ci" qəzetdə yazdıqlarını böyük minnətdarlıqla qeyd edirəm: "Qarabağda sanatoriyalar vardı, buralarda hələ indi otellər tikilir".

Yenə yeri gəlmişkən mən hər yay Kəlbəcər yaylaqlarına çobanlara baş çəkməyə gedirdim. Bir gedişimdə Azərbaycanın çox dəyərli ziyalıları Xudu Məmmədovu, Bəxtiyar Vahabzadəni, Nurəddin Rzayevi də (hər üçünə Allahın rəhmətini diləyirəm) özümlə aparmışdım. Onların çobanlarla görüşünü təşkil etdim, 500-ə qədər çoban toplaşmışdı. Elə təzəcə onları yığıncağa təqdim etmişdim ki, dəhşətli yağış başladı. Görüş baş tutmadı və biz ayrılıb yola düşməli idik. Bu sanki Allahın möcüzəsi idi. Mən elə yoldaca qərara gəldim ki, Kəlbəcərin Ağdam çobanlarının daha çox olduğu Dəlidağ yaylağında bir mədəni mərkəzi tikdirəm. Xudu Məmmədov təkidlə xahiş etdi ki, icazə ver onun prorabı (iş icraçısı) mən olum. Rəhmətlik yenicə infarkt xəstəliyindən sağalıb Ağdama gəlmişdi və səfərimizə də böyük dostu professor Nurəddin Rzayevin qəti etirazına baxmayaraq qoşulmuşdu.

Mənim də, Nurəddin Rzayev və Bəxtiyar Vahabzadənin də xahişinə baxmayaraq o, əl çəkmədi. Mən onları gecə saat 12-də Xudu müəllimin Mərzili kəndindəki evinə qoyub şəhərə qayıtdım. Ertəsi günü səhər saat 6-da (adətən işə getmə saatım idi, bir neçə təsərrüfatı dolaşıb şəhərə qayıdırdım) evimə bitişik qonaq evinin həyətində Xudu müəllimi əlində tutduğu bir şeylə gördüm. Demə o, bütün gecə işləyib mədəni mərkəzin maketini hazırlamış və Dəlidağa göndərilməsini bir daha xahiş edir. Mənim yalvarışlarım göydən asılı qaldı. Qonaqlarını yola salıb həmin günücə geri qayıtdı ki, mən hazıram. Ertəsi günü maşın karvanı ilə (Kəlbəcər yaylaqlarında qoyunları olan bütün kolxoz və sovxozların tikinti briqadaları olmaqla) onları yola saldım və ardınca tikinti materialları ilə ikinci maşın karvanı yola düşdü. O zaman indiki mobil telefonlar yox idi. Hava telefonu adlanan bir şəbəkə var idi ki, Ağdamın 20-30 km-də çətin eşidilirdi. Lakin 190 km məsafədə olan Dəlidağla elə sərbəst danışmaq olurdu ki, sanki yanımızdakı adamla danışırsan. Xudu müəllim hər gün material sifariş verir və mən də elə həmin günücə əməl edirdim. Nəticədə 14 gün ərzində mədəni mərkəzin tikintisi başa çatdı. Bu müddətdə oraya 170 maşın material göndərilmişdi. Bax bu, yuxarıda dediyim kimi ağdamlıların fədakarlığından irəli gələn bir fakt idi.

Digər bir faktı da elə bilirəm desəm yerinə düşər. Ağdamın Ergi qışlaqlarına yol yox idi. Həmin qışlaqların sahəsi 12 min hektardır və indi Ağdamın ermənilər tərəfindən işğal olunmamış sahəsidir. Həm də suya həsrət olan bu zəngin torpaq sahələrindən səmərəli istifadə olunmur, bəzən qış ağır gələndə xeyli qoyun-quzu tələfatı olurdu. Biz mərkəzdən 60-70 km məsafədə olan Ergiyə asfalt yol çəkdik, həm də bütün rayonu təmin edəcək qədər yem istehsalı üçün çoxsaylı artezian quyuları qazıldı. Buna da qane olmayıb Araz çayından Mil düzlərinə gələn kanaldan su xətti gətirildi. SSRİ-də yenicə 26-cı qurultay şərəfinə buraxılan 26 süni yağış qurğularının yarıya qədəri buraya gətirildi. İki ay ərzində hazırda 4 min qaçqının yaşadığı Ergi qəsəbəsi tikilib istifadəyə verildi. Yeri gəlmişkən bir neçə il əvvə Ergiyə dostum çoban Əli Abbasovun görüşünə getmişdim, həmin qəsəbədən 5-6 ağsaqqal gəlib mənə minnətdarlıq etdi ki, siz bu qəsəbəni tikdirməsəydiz, indi biz də qaçqın həyatı yaşayardıq.

Mən Ramiz Quliyev epopeyasından ricətə çıxıb bunları ona görə qeyd etdim ki, yazıçının əsərində Ağdam haqqında deyilənlərə kiçik bir əlavə - ağdamlıların fədakarlıqlarına dair nümunələr olsun.

İndi isə keçirəm əsərin məziyyətlərinə. Yazıçının əsəri böyük iman sahibi kimi Ulu Yaradanın adı ilə başlaması çox gözəldir, təqdirəlayiqdir. Əsər "Min bir gecə"nin baş qəhrəmanı Şəhrizadın 10 nağılından ibarətdir. Əsərin "gözəllik" adlanan ilahi varlıqla başlaması çox orijinaldır. Burda böyük Nizaminin bir beyti yada düşür:

"Gözəllik də bu dünyadan əzəldir,

Gözəldən hər nə görsən yenə gözəldir".

Yeri gəlmişkən Nizaminin gözəlliyin bu dünyadan əzəl olması fikrinə böyük filosoflar, ədəbiyyatşünaslar uzun illər, əsrlər boyu birmənalı cavab tapa bilməyiblər. Mən buna münasib bir cavabı böyük türk mütəfəkkiri İbrahim Haqqının 4 cildlik "Mərifətnamə" əsərində tapdım.

Orada deyilir ki, Allah dünyanı yaratmaqdan əvvəl bir cövhər yaradıb. Bu cövhər elə gözəl idi ki, Allahın özü də ona vurulmuş, cövhər utandığından köpüklənmiş və bu köpük yayılaraq ondan yer kürəsi əmələ gəlmişdi. Əfsanəvi olsa da tapıntı kimi məqbul sayıla bilər.

Yazıçının şah sarayının və Şəhrizadın gözəlliyi barədə yazdıqları ürəkləri riqqətə gətirməyə bilməz. Gözəlliyi duymaq, onu qələmə almağı bacarmağın özü də gözəldir.

Daha sonra yazıçı Şəhrizadın 10 nağılı ilə Ramiz Quliyev epopeyasını canlandırır. Yazıçının Şəhrizadın nağılları silsiləsilə əsərini 10 fəsildə formalaşdırması da çox maraqlıdır, orijinaldır, məntiqidir.

Birinci nağılı musiqinin dünyəvi dəyərləri ilə başlayır və buna bəşəriyyətin yaratdığı dahilərin dedikləri ilə rəng verməsi gələcək fəsillərə hazırlaşmaq baxımından çox gözəldir. Bu yerdə həmin deyimləri təkrar etmək elə bilirəm vacibdir.

Böyük alman yazıçısı və musiqişünası Veber Karl Mariya: "Musiqi əsl ümumbəşəri dildir".

Digər nəhəng müsiqişünas bəstəkar Bax Vilhelm Firideman: "Musiqinin məqsədi qəlbləri riqqətə gətirməkdir".

Böyük rus yazıçısı Feodor Dostoyevski: "Modalar dəyişir, əsl musiqi isə əbədi yaşayır".

Martin Lüter: "Musiqi ən gözəl möcüzələrlə dolu ilahi nemətdir".

K.Silvestr: Musiqi insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir".

Tomas Karleyin: "Musiqi sözsüz, bəzən də çox dərin mənaları ifadə edən nitqdir".

Dahi yunan filosofu Platon: "Musiqi əxlaqi qanundur, o, bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədərə və şadlığa səbəb olur".

Böyük alman şairi Henrix Heyne: "Ölüm həyatın son sözü olduğu kimi, musiqi də incəsənətin son sözüdür".

(ardı növbəti sayımızda)