adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Aprel 2019 18:10
46773
LAYİHƏ
A- A+

Azərbaycan Respublikasında demokratiyanın yaranması və inkişafı problemləri

(əvvəli ötən sayımızda)

Dövlət, qarşısında duran siyasi, sosial, iqtisadi inkişafı təmin etmək vəzifəsini yalnız xalqın marağını təmin etmək prinsipləri əsasında yerinə yetirməklə, dünya ölkələri içərisində layiqli yer tuta bilər. Şübhəsiz ki, milli suveren demokratiyanın ideyası, məzmunu, mahiyyəti, imkanları və istiqaməti Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafına və demokratik cəmiyyətin formalaşmasına xidmət etməlidir. Bütövlükdə Azərbaycan dövlətinin milli suveren demokratiyası Azərbaycan xalqının və dövlətinin humanist aspektdə siyasi sisteminə və eyni zamanda sosial münasibətlərinə, milli mənafeyinə hər bir vətəndaşın hüquq və azadlıqlarının qorunmasına xidmət göstərməlidir və göstərməkdədir.

Eyni zamanda, ölkəmizin milli suveren demokratiya konsepsiyası Azərbaycan xalqının gücünə, ləyaqətinə, xalqın birliyinə, etibarına söykənərək dövlətimizin beynəlxalq aləmdə istənilən müqavimətlərə ləyaqətlə tab gətirib təsir göstərmək imkanına malik olan effektli bir mexanizmə çevrilməlidir.

Azərbaycan Prezidenti tərəfindən son illərdə milli suveren demokratiyaya diqqət yetirilməsi qərbpərəst qüvvələr və onların ideloqları tərəfindən birmənalı qarşılanmır. Bu qüvvələr tərəfindən daim cəh göstərilir ki, Azərbaycanda yalnız Avropa demokratiyası tətbiq olunsun.

Sual olunur: Görəsən bu qüvvələr kimlərin sifarişlərini, arzu və istəklərini yerinə yetirməyə çalışırlar? Nə üçün bu qüvvələr müstəqil və suveren Azərbaycan dövlətinin daxili işlərinə qarışırlar? Nə üçün və hansı səbəblərə görə Avropa demokratiyası, Azərbaycan xalqının mənafeyinə xidmət edən, adət-ənənələrimizi, mentalitetimizi, milli-mənəvi və əxlaqi dəyərlərimizi özündə cəmləşdirən, dövlətin qanuni qurumları tərəfindən müəyyən olunmuş milli suveren demokratiyasından üstün tutulmalıdır? İdeoloji baxımdan Avropa demokratiyasını alternativsiz hesab edənlər də yəqin ki, bu baxımdan kökündən yanılırlar. Azərbaycan dövlətinin milli suveren demokratiya ilə bağlı konsepsiyası təkcə suveren demokratiya ilə məhdudlaşmır.

Bu konsepsiyada əsas prinsiplər öz əksini tapmaqla bərabər, eyni zamanda dövlətin sosial inkişafı üçün vacib olan bütün sosial, ideoloji, iqtisadi sahələri də əhatə olunmuşdur. Ona görə də, Azərbaycan Respublikasının milli suveren demokratiya konsepsiyası təyinatı üzrə elə tətbiq edilməlidir ki, beynəlxalq aləmdə Azərbaycan qloballaşan dünya dövlətləri arasında siyasi-hüquqi və sosial rəqabətə tab gətirməklə layiqli yer tutsun.

Milli suverenitet və demokratiya konstitusion hüquqi kateqoriyalardır. Ona görə milli suveren demokratiyanın konsepsiyasını hazırlayarkən dövlətin və cəmiyyətin perspektiv inkişafına konstitusionalizm nəzəriyyəsi əsasında geniş əhəmiyyətli aspektləri nəzərə almaq şərtilə milli konstitusion-hüquqi doktrina hazırlanmalıdır. Bu səbəbdən də suveren demokratiya hər bir ölkədə aktual olmaqla bərabər, onun konstitusion-hüquqi, siyasi, sosial və ideloji təhlilinin aparılmasına ciddi zərurət vardır.

Təbiidir ki, burada tədqiqatın əsas diqqət mərkəzində Azərbaycanda olan milli suveren demokratiyanın xüsusiyyətlərinin təhlili dayanmalıdır və şübhəsiz ki, bu tədbirlər heç də insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına şərait yaratmamalıdır. Görülən bu tədbirlər bütövlükdə dövlətin cəmiyyət qarşısında məsuliyyətinin artmasına və neqativ halların qarşısının alınmasına gətirib çıxaracaqdır. Milli suverenitet və demokratiyanın qarşılıqlı münasibətlərinin elmi əsaslarla təkmilləşdirilməsi fəlsəfi və siyasi baxımdan da bu sahələr ilə əlaqələndirilməsini şərtləndirir.

Milli suveren demokratiya konsepsiyası hər bir dövlətin konstitusiya ideyalarına əsaslanmalı, suverenitet və demokratiya konstitusion kateqoriyaların səmərəli qarşılıqlı əlaqələri ilə cəmiyyətin, dövlətin və müstəqil hakimiyyətin xüsusiyyətlərini nəzərə alınmaq şərti ilə həyata keçirilməlidir. Bu anlayışdan göründüyü kimi, milli suveren demokratiya göründüyü kimi, milli suveren demokratiya konsepsiyası ölkədəki siyasi hüquqi rejimə və ümumxalq mənafeyinə xidmət etməlidir.

Nəzərə almaq lazımdır ki, suveren demokratiya təkcə nəzəriyyə deyil, bu, eyni zamanda təcrübədir. Beynəlxalq aləmdə bəzi dövlətlərin "demokratiyanı" digər ölkələrin daxili işlərinə qarışmaqla həyata keçirmələri, bütövlükdə dövlətlərin suvürün hüquqlarının pozulması ilə bərabər, eyni zamanda bu ölkələrdə yaşayan çoxmillətli vətəndaşların mənafeləri ilə də ziddiyət təşkil edir. Xüsusilə bu problem müasir şəraitdə daha böyük aktuallığı ilə diqqəti cəlb edir. Azərbaycan dövlətinin çoxmillətli ölkə olması milli suveren demokratiyanın aktuallığını daha da zəruri edir və eyni zamanda onun hüquqi prinsiplərinin müəyyən olunmasını ön plana çəkir. Hesab edirik ki, bu istiqamətdə aşağıda göstərilən müddəalar bu istiqamətdə fəaliyyət prinsipləri kimi qəbul oluna bilər:

- Suveren hüquqların həyata keçirilməsi prosesində ölkə konstitusiyanın aliliyinin qorunması, o cümlədən riayət edilmə imkanlarının diqqətdə saxlanması;

- Suveren hüquqları həyata keçirərkən Azərbaycan xalqının mənafeyinə cavab verən, qanunvericilik sistemində mövcud olan bütün normativ hüquqi aktların dəqiq və düzgün, eyni qaydada tətbiq olunması;

- Suveren hüquqların həyata keçirilməsi zamanı qanunların dönmədən icra olunması və onlara əməl olunması;

- Bu istiqamətdə ədalətli və qanunçuluq tələblərinə uyğun normativ hüquqi aktların inkişafına diqqətin artırılması;

- Dövlətin və cəmiyyətin beynəlxalq aləmdə rəqabətə davamlılığını nəzərə almaqla, milli suveren demokratiyanın həyata keçirilməsi;

Beləliklə, hər bir millətin, azsaylı xalqların, milli mədəniyyəti, milli adət-ənənəsi, mentaliteti, ictimai birgə yaşayış və davranış tərzləri nəzərə alınmaqla "milli suveren demokratiya konsepsiyası" hazırlanmalıdır. Bir məqam da xüsusi qeyd etmək istəyirik ki, ölkədə milli suveren demokratiya konsepsiyasının uğurla həyata keçirilməsi üçün, ilk öncə, dövlətdə və cəmiyyətdə siyasi həmrəyliyin yaradılması vacibdir. Bu siyasi həmrəylik xalqın ümumi mənafeyinə və dövlət institutlarının demokratik fəaliyyətinin təmin olunmasına xidmət etməlidir. Əlbəttə ki, bu həmrəylik antidemokratik addımların atılmasına yönəlməməlidir. Suveren demokratik proseslərin həyata keçirilməsi üçün siyasi partiyaların, ictimai təşkilatların həmrəyliyi ilə yanaşı, siyasi baxımdan fikir müxtəlifliyi olan məqamlarda kompromislərə gedilməsi də vacibdir. Cəmiyyətdə və dövlətdə siyasi həmrəylik siyasi partiyaların, ictimai qurumların, bütövlükdə ictimaiyyətlə qarşılıqlı əlaqələrin və barışığın məhsulu kimi qiymətləndirilməlidir. Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini əbədi etmək üçün, eyni zamanda müstəqilliyimizin təhlükə altında qalmaması, onun qüdrətinin daha da möhkəmlənməsi üçün xalqımızın öz tarixi mentalitetinə, milli əxlaqına, mənəviyyatına, ənənəsinə, mədəniyyətinə istinad edərək "milli suveren demokratik" dəyərlərin inkişaf etdirilməsi zəruri şərtdir. İdeoloji və siyasi baxımdan biz nə qədər güclü olsaq, o halda heç bir zaman bizim milli suveren demokratiyamıza heç bir dövlət müdaxilə edə bilməz.

Cəmil Quliyev

tarix üzrə fəlsəfə doktoru