adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

TüRKiYƏNiN TüRK OLMAYAN TELEViZiYA KANALLARI

AQİL ABBAS
31805 | 2009-10-23 00:03
Türkiyə demokratik bir dövlətdir. Hətta o qədər demokratikdir ki, onun dövlətini parçalamaq istəyən, 25 mindən çox dinc əhalisini və Mehmetciyini şəhid edən PKK terrorçularını əfv eləyir, toy-bayramla qarşılayır, cocuq qatili Sərkisyanın ayağına xəli döşəyir, Atatürkün tarix səhnəsindən silinməsinə razılıq verir. Və bu demokratiyanı qəbul etmək istəməyən türk qaymaqlarını həbsxanalara doldurur.
   
   Əziz Nesinin sözləri ilə desək "demokratiyanın bu parlaq nümayişi gözləri yaşardır".
   
   Türkiyənin daxili işinə qarışmağada heç bir başqa dövlətin ixtiyarı yoxdur. Türkiyə özü bilər kimnən dost olar, kimnən düşmən olar, kimi tutar, kimi buraxar, kimi asar, kimi çiyninə alar. Ermənistanla sərhəddini açması da yenə Türkiyənin daxili işidi. Və biz bu sərhəd açılmasına (şəxsən mən) etiraz edəndə heç də Qarabağı fikirləşməmişəm və fikirləşmirəm də. Dünyada böyük siyasi oyunlar getdiyini, bu siyasi oyunların Türkiyənin başında necə çatlayacağını, sərhəd açılandan sonra Türkiyənin PKK sorunundan da dəhşətli bir sorunla üz-üzə qalacağını görürük və görürəm. Və mən Azərbaycan qədər sevdiyim Türkiyənin məhv olmasını istəmirəm. Eləcə də bütün Azərbaycan türkü bunu istəmir. Çünki bugünkü bu namərd dünyada, bu Tanrısız dünyada bizim Türkiyədən, Türkiyənin isə bizdən başqa heç kimi yoxdur. Hətta Tanrısı da! Bir sözü sevə-sevə çox işlədirik: "Tanrı Türkü qorusun!". Amma bu ifadə köhnəlib. Türk türkü qorumursa Tanrı əlindəki milyardlarla işi buraxıb türkü qorumalı deyil ki?! Və
   
   bir də Tanrı təkcə türklərin deyil ki, hamınındı, bütün millətlərindi.
   
   Və Türkiyə ilə bağlı sərt yazılarımıza da kimlərsə başqa don geyindirməsin. Həmişə yazmışam, yenə də yazıram, iqtidarlar gəldi gedərdi, millət və dövlət əbədidir. Və iqtidarların yapdığı yanlışlıqları da həmişə millət düzəldib.
   
   Gələk mətləbə. Səməd Seyidovu MM-də dediyi bir fikrə görə qəzetlərimiz az qala topa tutalar. Sağdan da döşüyürlər, soldan da. Səməd Seydiov nə deyib: "Ən güclü erməni lobbisi Türkiyənin içərisində, Türkiyə mediasındadır".
   
   Əvvəla bu fikir Səməd Seyidovun öz fikri deyildir. Bu son zamanlar Türkiyənin Türk olan televiziya kanallarında və Türkiyənin Türk olan qəzetlərində, mətbuat vasitələrində qardaş ölkənin ünlü adamlarının ən çox işlətdikləri bir ifadədir.
   
   Və burda çox böyük bir həqiqət var.
   
   Bayaq dedik, Türkiyə demokratik ölkədir. Bu ölkədə 150- 200 televiziya kanalı var. Təbii ki, bunların 85-90 faizi bulvar qəzetləri olduğu kimi bulvar televiziyalarıdı. Çox az miqdarda aparıcı televiziya kanalları var. Və bu kanalların da barmaqla sayılacaq 5-6-sı türklərin əlindədi (məsələn: "Avrasiya TV", "Bengütürk", "Səs TV", "Skay", "Ulusal kanal", "Kanal B" - deyəsən bitdi), qalanları isə başqa dövlətlərə, SOROS-a, başqa millətlərə qulluq edir. Sadəcə olaraq bir az ağıllı qulluq edirlər. Türklərin əllərində olan kanallar isə çox fakırdılar, hətta bağlanmaq təhlükəsi ilə üz-üzədilər, tapşırıq hardan gəldi, heç onları reklam edən də yoxdu.
   
   Türkiyənin Türk olmayan televiziya kanalları da ağalarının tapşırığı ilə Türkiyəni bölmək, dağıtmaq, Türkiyənin öz qardaşları ilə arasını vurmaq üçün əllərindən gələni əsirgəmirlər.
   
   "Habertürk" kanalı var. Və bir Fateh Altaylıları var. Elə onun verilişlərinə baxmaq kifayətdi ki, bu kanalın nəyə xidmət elədiyini görəsən. Ya olsun "Kanal-D"si, ya "Star"ı, ya "Show", ya "ATV"si... Və Türkiyədə də ölkənin aparıcı kanalları bunlardılar. Söz sahibi olan kanal bunlardılar. Türkiyənin siyasətini yönləndirən kanal bunlardılar. Və bütün dünyada bu kanallar yayımlanır. Bu kanallara baxanda adam az qalır Türkiyəyə nifrət eləsin. Bu kanallar Türkiyəni dünyaya az qala vəhşi bir ölkə kimi təqdim edirlər.
   
   İkicə fakt söyləyəcəm.
   
   Türkiyədə Qrant Dink adlı bir erməni jurnalisti öldürdülər. Bir cocuqdu, qanımı coşdu, axmaqlıq elədi və yaxud hansısa xarici dövlətlərin təxribatıydımı, əlindən bir xəta çıxdı. Türkiyədə hər gün adam öldürülür , bünün içində ziyalısı da, alimi də var, jurnalisti də var. Adi bir olay kimi xəbər verilir, belə vəssəlam.
   
   Amma adlarını çəkdiyim televiziya kanalları Turkiyəyə həqarət eləyən, Atatürkə həqarət edən bir erməniyə hələ də yas tutur. İlahi bu adam haqqında nə qədər veriliş vermək olar, bu adama nə qədər proqram həsr eləmək olar. Bu adamın cırıq ayaqqabısını nə qədər millətin gözünə soxmaq olar. "Hepimiz erməniyiz, hepimiz Qrantız". Bir sürü səfehin təşkil elədikləri mitnqləri nə qədər canlı yayımlamaq olar?! Neç Roma papası öləndə Xristian dünyası belə bir yas saxlamadı ki, bu Qranta Türkiyənin Türk olmayan televiziya kanalları hələ də yas saxlayır. Yenə gündəmdədi. İki gündən bir arvadı, vəkili canlı yayımlardadı və s. və ilaxır. Nə qədər türk oğlu da bu cinayətlə bağlı xəbəri var, yox, yığırlar həbsxanaya.
   
   Heç Abdı İpəkçiyə, Sivasda yandırılan 40-dan çox türk aydınınına, ASALA terror təşkilatını darmadağın eləyən Abdulla Çatlıya yas saxlamadılar.
   
   Sonuncu olay. PKK-çıların Türkiyəyə gəlişini Türkiyənin Türk olmayan televiziya kanalları canlı yayımladılar, böyük bir şövqlə və hələ də yayımlayırlar, yəqin hələ bir-iki ay da yayımlayacaqlar. Türk xalqının onuru ilə, qürur ilə oynayırlar. 25 mindən artıq şəhid analarının övladlarını yenidən öldürürlər, yaralarının qaysağını qoparırlar və s. və ilaxır.
   
   Buna az-çox etiraz eləyən ziyalıların tribunası isə yuxarıda adlarını çəkdiyim Türkiyənin Türk olan televiziya kanallarıdı ki, onların durumunu dedik. Və bir də bu kanallara nə Türkiyədə, nə də Azərbaycanda baxan yoxdur. Çünki bu kanallarda "Kurtlar vadisi", "Aşqa sürgün", "Yapraq tökümü", "Yabancı damad" və s. və ilaxır bu kimi səfeh teleseriallar göstərmirlər. Bu kanallar maarifçi kanallardı, millətçi kanallardı, Atatürkçü kanallardı. Bu kanallar hansısa dövlətlərdən pul alıb kefi kök yaşamağı deyil, ac qalıb Türk dövlətinə və Türk millətinə qulluq etməyi üstün tuturlar.
   
   Və Səməd Seyidov bu fikri söyləyəndə də Türkiyənin həmin mediasını nəzərdə tutur.
   
   Və bir daha təkrar eləyirəm. Bu fikir Səməd Seyidovun öz şəxsi fikri deyil, Türkiyənin damarında türk qanı axan aydınlarının fikridi.

TƏQVİM / ARXİV