adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Aprel 2019 12:16
9792
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: RƏİS, SƏN ALLAH, CƏRİMƏ YAZMA!

Təmiz havanın çirkləndirilməsinin qarşısının alınması üçün düz bir ay müddətində respublika ərazisində böyük tədbir keçirilib. Keçirilən "Təmiz hava” aylığı bir daha göstərdi ki, istər istehsalat sahələrindən, istərsə də müxtəlif markalı nəqliyyat vasitələrindən atmosferə normadan artıq zəhərli qazlar atılır.

Bu qanun pozuntularının qarşısını almaq üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə böyük bir tədbiri gerçəkləşdirməyi bacardı. Bir daha aydın oldu ki, atmosferin çirklənməsinin qarşısının alınmasında bu iki qurumun əvəzsiz xidmətləri var.

Onu da qeyd etmək lazımdır ki, bu vəzifələrin icra edilməsində Baş Dövlət Yol Polisi İdarəsinin ekoloji bölüyünün çox böyük rolu vardı. Belə ki, ekoloji bölük bütün ilboyu mütəmadi olaraq atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün reydlər və yoxlamalar keçirir. "Təmiz hava” aylığında ekoloji bölüyün əməkdaşları atmosferi çirkləndirən 1095 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati protokol tərtib edib.


"Təmiz hava” aylığının axırıncı günündə, yəni aprelin 28-də ekoloji bölükdə reydlər davam edib. Ekoloji bölüyün əməkdaşı, polis serjantı Qulu Ağayev "Tofaş” markalı 10 ML 419 nömrəli maşını saxlatdırır. Lazımi cihazla maşının texniki sazlığı yoxlanılır. Məlum olur ki, atmosferə atılan dəm qazının norması 2,5-3 faiz olsa da, bu avtomobildən havaya 9 faiz həcmində zəhərli qaz atılır. Sürücü Elşən Namiq oğlu Kərimov polis serjantını şirin dillə "yola gətirmək” istəyir:

- Rəis, sən Allah, cərimə yazma, burax gedim!


Polis serjantı Qulu Ağayev ona hər şeyi izah edir. Deyir ki, mütləq protokol tərtib edilməlidir. Və o da protokolu tərtib edir. Belə ki, sürücü bu qanun qozuntusuna görə, 50 manat məbləğində cərimə olunur.

Polis serjantı Qulu Ağayev 9 ildir ki, yol polisində çalışır. Həmişə də reydlərdə öz iş əmsalı və peşəkarlığı ilə seçilir. Onu da qeyd edək ki, bu gənc polis əməkdaşı sürücülərlə səmimi davranır və onlara qanuna əməl etməyi xatırladır. Belə mədəni münasibətlər polisin nüfuzunu artırır.

Polis baş serjantə Vüqar Cəbrayılov "VAZ-2107” 50 BX 187 nömrəli maşına da stasonar postda "dayan!” əmri verir. Sürücü Anar Rəhman oğlu Quliyev maşını saxlayır. Həmin avtomobil də texniki müayinədən keçir. Nəticə qanqaraldıcıdır. Yəni atmosferə atılan dəm qazı 3,5 faiz olmaq əvəzinə, 6,69 faizə çatır. Sürücü özü də buna təəccüblənir və deyir:

- Protokol yazmayın, günü bu gün maşındakı nasazlığı qaydasına qoyacağam.

Polis baş serjantı Vüqar Cəbrayılovsa öz vəzifəsini məsuliyyətlə icra edir və inzibati protokol tərtib olunur. Deyəsən, sürücü bundan razı qalmır. Ancaq razı qalsa da, qalmasa da yol polisi əməkdaşı öz vəzifəsini lazımi vaxtda yerinə yetirir.

"Mersedes” markalı 90 OA 605 nömrəli maşını da polis baş serjantı Vüqar Cəbrayılov texniki müayinədən keçirir. Məlum olur ki, həmin avtomobildən atmosferə atılan dəm qazı normaya uyğundur.

Polis serjantı Qulu Ağayev isə "Fort” tranzit markalı yük maşınının sürücüsünü də lazımi qurğuya yaxınlaşmağı bildirir. Sürücü maşını qurğuya yaxınlaşdırır, müayinədən keçirir və burda da dəm qazının havaya atılması normaya uyğundur. Polis serjantı Qulu Ağayev deyir ki, apardığımız təbliğat və maarifləndirmə işləri öz müsbət nəticəsini verib. Bəzi sürücülər tövsiyəmizdən konkret nəticə çıxarıblar və texniki qüsuru aradan qaldırıblar. Deməli, keçirdiyimiz reydlər yetərlidir.

"Təmiz hava” aylığı ilə yanaşı, ekoloji bölüyün əməkdaşları xidmət apardıqları avtomobil yolunda piyadaların da maarifləndirilməsi və qanunlara əməl etmələrini diqqət mərkəzində saxlayırlar. Belə ki, bir ay müddətində yolun təyin olunmamış hissəsindən keçən 684 piyada barəsində imzibati protokol tərtib edilib və onlar 20 manat civarında cərimə olunublar.


Ekoloji bölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov "Təmiz hava” aylığının yekunu ilə bağlı bildirdi ki, həmişə olduğu kimi, bu dəfə də əməkdaşlarımız öz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetiriblər. Rəhbərliyi və bizi bir məsələ xüsusilə narahat edir. Belə ki, hərəkətin intensiv olduğu avtomobil yolunda əksər piyadalar təyin olunmamış yerdən keçirlər. O da bəzən onların vurulması ilə nəticələnir. Biz həmin piyadalarla söhbətlər aparmışıq, onları maarifləndirmişik. Amma sonra yenə görürsən ki, piyada öz bildiyni eləyir, yolun təyin olunmamış yerindən keçir. Buna görə də bu işdə bizə mətbuatın böyük köməyi lazımdır. "Ədalət”i çox sağ olsun, bizə həmişə arxadır. Amma yaxşı olardı ki, piyadaların maarifləndirilməsində digər KİV-lər də yaxından kömək göstərəydilər.

Reyddə ekoloji bölüyün əməkdaşlarından polis leytenantı Rəşad Bayramov, polis serjantları Qulu Ağayev, Vüqar Cəbrayılov, Taleh Camalov yaxından iştirak eləyirdilər. Bir daha əmin olduq ki, yol polisi hər vaxt, hər zaman hərəkətin təhlükəsizliyini təmin edir. Ancaq gərək hərəkət iştirakçıları, sürücülər və piyadalar da yol polisinin tövsiyələrinə vaxtında əməl eləsinlər.