adalet.az header logo
  • Bakı 17°C
29 Aprel 2019 09:08
15122
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: ÖZÜNÜXİLAS...



















Yığ gücünü, yum gözünü və üfür...
Sönsün bu od... kül sovrulsun, iz itsin...
Olanlara hədiyyə et bir küfür!-
Hamı sussun...bununla da söz bitsin...

Çırp ürəyi ya Araza, ya Kürə
Tökülənlər axıb getsin sularda...
Eh... neyləyim, biz yaşayan Yer kürə!-
Ola bilər ... dönüb gəlsin bunlar da...

Fikrin çəkmə olmuşların, olacaq -
Qaçılmazdı, biz təsadüf desək də!
Göz yaşıyla nə suvarsan solacaq -
Sevinc əkib, lap kədəri yesək də!..

Dözümünü ibadətə çevirib
Əllərini çıxar daha qoynundan...
Bir sevgini ürəyindən sivirib -
Atan zaman, sən asmısan boynundan...

...İstəyirəm pıçıltıyla deyim ki,
Haqdan gəlib, Haqqa dönür sevgilər!
Sənin, mənim istəyimlə deyil ki -
Üz çevirsə Tanrı - sönür ... sevgilər!