ALLAHI BU QƏDƏR UCUZLAŞDIRMAYIN

AQİL ABBAS
26484 | 2009-10-08 00:21
Dünən qəzetlərdə, eləcə də "Ədalət" qəzetində bir məlumat dərc olunub. Sensasiya kimi təqdim olunan həmin məlumatda bildirilir ki, Dağıstanda 9 aylıq bir körpənin bədənində (deyəsən qılçında) "Quran" ayələri görünür, həmin ayə də belədi: "Mənim işarələrimi insanlara göstər".
   
   Belə mənasız xəbərlərə, "sensasiyalara" mətbuatda tez-tez rast gəlirik. Gah yumurtanın üstünə "Allah" sözü yazılır, gah hansısa ağacların budaqlarının şəklini çəkəndə "La ilahə illəllah" oxunur, gah hansısa qarpızın üstündə "Quran" ayəsi yazılır. Gah okeanda hansısa balığın üstündə "Quran" ayələri yazılır və sair və ilaxır.
   
   Qardaşlar, Allahı bu qədər ucuzlaşdırmayın. Yəni Allah o qədər acizləşib ki, özünün varlığını hansısa bir yumurtada, hansısa bir balıqda, hansısa bir uşağın qılçında göstərsin?
   
   Yadınıza düşürsə, uzun illər bundan əvvəl Sovet küçəsində bir qapıya guya imamın şəkli düşürdü, Bakıda nə qədər millət vardı yığılmışdı həmin qapının önünə. Neçə gün çəkdi. Allah, sən saxla, XXI əsrdi, insanlar gör hələ hansı ağılla yaşayırlar?
   
   Allah varlığını günəşlə, kainatla, bu Yer kürəsiylə, bizi yaratmaqla, özündən bizə bağışladığı ruhla göstərib.
   
   Allah varlığını göndərdiyi səmavi kitablarla göstərib. Əgər möcüzə axtarırsınızsa, Allahın əyani möcüzələri yuxarıda dediklərimdi, yazılı möcüzələri də "Tövrat"dı, "İncil"di, "Quran"dı. Allah "Quran"dan da böyük möcüzə göstərməlidimi?
   
   Peyğəmbər həzrətlərindən soruşdular:
   
   - Ya Məhəmməd, Allahın ən böyük möcüzəsi nədi?
   
   Dedi:
   
   - Bütün dünyanı, bəşəriyyəti, kainatı iynənin ulduzu boyda olan göz bəbəyinizdə yerləşdirməsi.
   
   Bizdən ən yaxın ulduza neçə milyard kilometrlik bir məsafədi və dünyadakı milyardlarla ulduzlar peyğəmbər həzrətlərinin buyurduğu kimi iynənin ulduzu boyda olan göz bəbəyimizdə yerləşib. Bundan böyük möcüzə axtarırsınız?
   
   Yox bir, uşağın qılçına "Quran" ayələri yazılıb!
   
   Qaçqınlar üçün yeni qəsəbələr salınanda Ağcabədinin kəndlərinin birində yaşayan bir qaçqın nə illah eləyirlər köçmək istəmir. Deyirlər, ay qardaş, gül kimi ev-eşik, həyət...
   
   Qaçqın həyətdəki yekə bir qara daşı göstərib deyir:
   
   - Mən bu qara daşı Qarqardan bura zorla belimdə gətirib çıxarmışam. Hamıya da demişəm ki, bu daş göydən düşüb. Hamı gəlib bu daşı öpür, altına da pul qoyub gedir. Mənim qaçqın qəsəbəsində nə işim?
   
   Və çox təəssüf ki, bizim din xadimləri və dini qurumlar Allahı və dini ucuzlaşdıran belə mənasız məlumatlara, xəbərlərə münasibət bildirmirlər. Əksinə, hətta bəzən görürsən şərh edirlər.
   
   Onu şərh edən din xadimiylə həmin o qara daşı öpənlərin nə fərqi? Elə buna görədi də bir belə təriqətlər yaranır, müxtəlif dini cərəyanlar at oynadır.
   
   Sonda. Çingiz xan Səmərqəndə varid olarkən at ilə birbaşa girir məscidə.
   
   Üləmalar onu qınayırlar ki, xan, sən atla Allahın evinə girdin.
   
   Çingiz xan təəccüblə çiyinlərini çəkərək deyib:
   
   - Mən inanmazdım ki, Allahın evi belə balaca olarmış!
   
   İndi maraqlısı din xadimlərimizin bu uşağın qılçını şərh eləməsi olacaq.
   
   Yeri gəlmişkən, dünən qəzetdə oxudum ki, Kornel Universitetinin Ann Martin adlı bir əməkdaşı qədim Mayya mənbələrinə istinad edərək deyib ki, 2012-ci il dekabrın 21-də dünya dağılacaq.
   
   Allah bu dünyanı o Ann Martinlə və ya Mayyalılarla birgə yaratmışdı ki, onlara da nə vaxt dağılacağını söyləyəydi?
   
   Ağlınıza dua yazın.
   
   Bəşəriyyət Allah yolundan çıxdığına görə (Məmməd Araz yazır: "Ya Rəbbim, bu dünya sən quran deyil") Rəbbimiz bizdən küsüb. İndi görür göndərdiyi bütün səmavi kitabları bir kənara atmışıq, Onun buyurduğu yolla getmirik, bizə öz varlığını verdiyi cəzalarla göstərir: qasırğalar, tufanlar Amerikanı dağıdır, Avropanı, İstanbulu, Türkiyəni sel-su aparır, sunamilər və zəlzələlər İndoneziyanı, Yaponiyanı, Tailandı, Hindistanı yerlə bir edir və sair və ilaxır.
   
   Atatürk deyir: "Ey türk, kendinə gəl, sən kendinə gələndə böyük olursan!" İndi Allahı toyuq yumurtasında, qarpız üstündə, uşaq qılçında axtarmayın, kendinizdə axtarın. Sizi kendinizdə tapacaq Allah xilas edəcək.
   
   Əgər tapa bilsəniz.

TƏQVİM / ARXİV