adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Aprel 2019 09:56
21106
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan günün şeiri: BİR DƏRD




































Çeşidi nə çoxdur dərdlərin, Allah
Az qala hər insan özü bir dərddi...
Tüstünün küləklə oyunu vallah-
Dodağın sürüşən sözü bir dərddi!

Qovuşa bilmirsə gecə-gündüzə
Kim durub yazacaq başdan gün,Bizə?!
Elə baxa-baxa bu günümüzə-
Guya yaşamaq da, düzü, bir dərddi...

Mənim sevgi Tanrım - mənim Qadınım!
Mənası düz gəlmir günlə, adımın...
Mənim doğmam ilə, mənim yadımın-
Astarı bir dərddi, üzü bir dərddi...

Xırmanım sovrulub, əkinim örən...
İçimdə "Əlvida!" adlı bir törən...
Deyən olacaqmı, nə vaxtsa görən-
Küllüyü bir dərddi, közü bir dərddi...

Ölçüyə gəlmir ki, dərdim batmanla...
Sınıb çiliklən Sən, amma qatlanma!
Əbülfət, boyundan hündür atlanma-
Sənim kimilərin yüzü bir dərddi!