adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Aprel 2019 18:10
28178
ƏDƏBİYYAT
A- A+

Qulu Ağsəs: Qorxuram qalasan - məhəbbət ölə...


Görsən üşüyürsən... yandır özünü...

Görsən ki, qaranlıq çökür aləmə,

Görsən ki, axşamdı...fikir eləmə.

Bir uçuq yuxudu gecənin boyu

Nə qədər imkan var rahatlan, uyu...

Qəflətən bir çağa salar hay-həşir

Səhər - körpəsidi doğan Günəşin.

Onu ovutmağa tələsər hamı,

Beləcə, salarlar yenə axşamı.

Təzədən qaramat basar dünyanı,

Hanı doğan Günəş?körpəsi hanı?

... Görsən hər tərəfdən əlin üzülür,

Görsən üşüyürsən...yandır özünü...

***

Özün dağ başına qoyan şəhərin

ayağın xan kəndi yuyurdu

kürəyinin təri

cıdırda soyuyurdu.

Girməzdi

dumanına gün işığı,

havasına çay qaşığı.

Qayaları sərxoş idi,

adamları tay-tuş idi,

küçələri tay-keş idi.

Qəbirüstü yazıları

nəğmə kimi oxunurdu,

kolda-kosda tələf olan

qurd-quşu gül qoxuyurdu.

Kim idi qalxan o boyda dağı? -

yağışdan sallanıb enirdi qonağı.

... Dağın dizləri əsdi bir may səhəri

gözünün yaşı

ayağının suyuna qarışdı şəhərin...

***

Canım-gözüm,şükür de ki,

Ölsən də başın üstdəki -

Pəmbə buluddu, daş deyil...

Sevməyi var, sancmağı var

Baxma hərdən uçmağı var -

Ürək yuvadı, quş deyil...

Neynəyərəm görən sənsiz?!

Ha istədim öləm sənsiz -

Baxdım ki, mənlik iş deyil...

Bu da mənim baxtımdandı,

Gözüm Tanrı taxtındadı -

Onun da yeri boş deyil...


MÜHARİBƏ ƏLİLİ

Üzdü ayaqlarımı Vətən yolu

qayıtdım üzüqoylu...

qayıtdım

qurşağımın yuxarı qatıyla,

qayıtdım

əlil arabasının atıyla...

İki balam gözüyaşlı

arvadım başıdaşlı...

Yazıq hər əmrə müntəzir:

həm məni gəzdirir,

həm ... özü gəzir...

Süfrəmdə haram var -

dinmirəm,

İki ac balam var -

dinmirəm.

Dinmirəm

gül ağzı açılanda heyrətin:

"Vətəni qorudun, bəs öz qeyrətin?!"

... Üzdü ayaqlarımı Vətən yolu

bu da mənə "sağ ol"u...

***

Qələt eləyərəm desəm:

Hamı qələt eləyir...

Allah bizi xəlq eyləyib,

Yoxsa lənət eləyib?!

Qaç bu xain yuvasından

Əri, yox ol havada.

Qorx ki, yenə yerdən çıxa

Buluddan dama adam...

Baş açmazsan:

yaşdı, ya da daş?! -

Damarında qan durar.

Gözündən düşən nədisə,

Ayağını sındırar...

Bu da axır...

bu da xilas...

Son gecə...

səhər ertə...

Qoşulub göyün quşuna

Üstündən saat ötər...

***

Yastıq qoyub başımıza

əcəb yatırdın bizi.

Aç gözünü, qaranlığın

Qırıb batırdı bizi.

Milyon illərdi yeyirik

Süfrənin qırağından.

Çörək bizi tutar deyin,

Dinmirik qabağından.

Nə boydasan görən heylə?

Bir ölçüyə gəlmirsən?

Baş çəkmirsən qullarına

Bizə niyə gəlmirsən?

...Özünü görməsək də,

Xofun yamandı, Allah!

Bizi qırıb qurtarmamış,

Ölmə, amandı, Allah!..

***

Kimsən, nəçisən, ay Allah -

Heç səndən baş tapammadıq.

Özün qurduğun dünyada

Sənə bir iş tapammadıq.

Günün necə keçir barı,

Can verib can almağınan?..

Səni nəynən bəndə salaq,

Tutaq hansı qarmağnan?!

Görsək, heç nə eləmərik,

Bir üzünü göstər bizə!

Yaxşı günün əgər busa,

Yaman günü göstər bizə!..

Neyləsən, sevirəm səni,

Qulunam, gəl min boynuma!..

Bu şeiri də sən yazmısan,

Babalı mənim boynuma...

***

Barmaqlarım yaman şeydi,

Hara gəldi uzanır.

Çıxarmağa göz axtarır,

Mənə düşmən qazanır.

Bir ucu hey tətikdədi,

Hədəf elə özüməm.

Bu barmağın şıltağına

Vallah mənəm ki, dözürəm.

Üstündə say döydürmüşəm,

Sıfırdan doqquzacan.

Tutanda qız əllərindən,

Buraxmır doqqazacan...

***

Nə olar, bir səhər durub görəsən,

Divarlar üstünə Allah yazdırıb.

Qış günü soyuqdan ölən ağacın

Yasına mart ayı yarpaq yazdırıb...

Başını yelləsən, odu közərir,

İşıq vermir, amma işıq söz verir.

Bircə eybi var ki, dünya gözəlin

Məni qucağına qonaq yazdırıb...

Şükür o göydəki ismin halına,

Şükür yağışına, şükür qarına.

Şükür adımızı öz jurnalına

Əcəl adqoydudan qabaq yazdırıb...

***

Başının uğultusu

alnında şırı

m açan

kotandandı...

Səni

qoluna girməyə çağıran

Vətən-dəmdi...

Narı sümürürsənsə,

süddən yanıqsan...

Gözünlə qaşının arasındakı

qapı açılan gün...

o yanlıqsan...

Meşələr

qışda Günəşə

odun atmaq üçündü...

Yaydan çıxan oxlar

payıza çatmaq üçündü...

***

Bunu ancaq sənə danışıram-

Bircə balama

Kasıb evində bağlanmış

Turşu bankasıdı atan.

Ağzı hərdən açılır-

bayramdan bayrama.

Sənin dünyaya gəlişin də

Bayramdı deyə

Bir -iki sözüm olacaq

Allah eləsin oxşamasın

sağlığa,

nəsihətə,

öyüdə,

gileyə.ətin gündə, bərk ayaqda.

Quş quşla ötmür balası,

Şair şairlə dilləşmir.

Quş budaqda oxuyur,

şair varaqda.

Qadına yalan danışmazlar,

Həqiqət kişidi, səhv eləmirəmsə.

Əlbəttə, kişi lazımdı qadına.

Kişiyə gerçəyi deməzlər,

yalan qadına oxşar na görə

hər kişinin ürəyindən

baxmaq keçər yalanın dadına.

Bir də unutma,

Mən kimsəsizliyimdən bənzərsiz oldum,

Sən deyəsən atana oxşayacaqsan.

...Bu qədər, balası.

Gecdir ,uyu.

Gör göy üzü nə qədər qayğıkeşdir,

gecənin kürəyinə

ulduzdan piltə qoyur.

***

İşdi-qəzadı

səndən əvvəl ölsəm,

məni son mənzilə aparırlar görsən,

vəsiyyətimə əməl elə:

Arxamca su at,

uğur dilə.

Saçını yolma,

köksünü ötürmə.

Allahın yanına gedirəm

ürəyinə ayrı şey gətirmə,

Borclunun qapısın döyərlər:

Yeganə borclu qaldığım

əvəzini vermədən aldığım

son nəfəsdən özgə

kimsəni qapıma yaxın qoyma.

Bir də

ta uşaq deyilsən

burnunun suyunu

gözündən axıdan

bu faniyə uyma...

***

Dağa bax...sən allah

nə gündədi

Ayağı ayağına dolaşan

beş-altı ağacdı

qozbel torpağı

balatası qaçmış kündədi...

Dili yoxdu

ildırım vuranda çığıra

pulu yoxdu

özünə lift çəkdirə,

dərəni qonaq çağıra...

***

Rəngsizdi, tamsızdı,

ətsiz-qansızdı,

Allahsız, imansızdı,

Mən çəkən dərdlər.

Nəfsi bıçaqdan iti,

içimi dağıdır, didir,

vecinə deyiləm qəti

Mən çəkən dərdlərin.

Nə ət deyil,

nə siqaret

Deyəsən çəkildi, qurtardı.

...Dünya, Tale, Tanrı deyilən

nə var hamısı günahkardı

Mən çəkən dərdlərə.

Dərdi nə çəkiləsidi,

nə qaçılacaq,

Mən çəkən dərdlərin.

...Bir gün "sərgisi" açılacaq,

Mən çəkən dərdlərin.

***

Yazırsan: "Ölürəm..." Min şükür, alqış!

Nə yaxşı, sevgidən ölən hələ var.

Demə, kişidən də mələk olarmış,

Əzrayıl olanda axı nə olar...

Bilmirəm dünyanın xoşbəxti deyim,

Bilmirəm dünyanın bədbəxti sənə.

Düzü, istəmirəm xətrinə dəyim,

Cavab axtarıram nə vaxtdı sənə...

Kimsə ayağını qoymaz içəri -

Könlümün keşiyin balam çəkirsə.

Sevgi ötən gündür məndən ötəri,

Sən məni səvməklə dala çəkirsən.

Cavab məktubumda sözlər baş-ayaq,

Bir ucdan yazilir, pozulur elə.

Qorxuram öləsən sevgin yaşaya,

Qorxuram qalasan - məhəbbət ölə...