adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Aprel 2019 18:07
16258
ƏDƏBİYYAT
A- A+

İlham Qəhrəman: SEVGİ

Sevgidən çox deyiblər,-

İçini sərir Günəşə.

Sevgi doyumluq deyil,

Aclıq çəkməkdi həmişə.


MƏRMİYƏCƏN YAŞAMAQ

Şəhidin dilindən

Ömür vəfa etmədi -

qara buluda girən aya döndü,

gizləndi məndən...

Kim düzdü bu ömrü sapa, bilmədim,

ha çırpındım -

ömrümün ardını tapa bilmədim.

Ömürümün sonunda mərmi dayandı...

İyirmiyəcən yaşadım,

Həmin mərmiyəcən yaşadım.

Yıxıldım qaldım torpağınan,

son dəfə sarmaşdıq bayrağınan.

Ömrüm az oldu, amma

vətən sevgimdən tamsındı bir az.

Yağış, günəş, qarıynan sevdim,

Qanım süzülən əsgər paltarıynan

sevdim vətəni.

***

Anamın sevgisi

çardağımızın altı kimiydi,

çardağın altında az oldum,

anam ağlayanda

çardax axtarar məni.

Qonaq-qara olanda

daxaldan məclisə

gətirərdim bardağı...

qonaq gələndə

bardax axtarar məni.

Hər axşam

çöl qapının çırağını

mən yandırardım.

Axşam düşəndə

çırax axtarar məni.

***

Atam toya gedəndə

çəkmələrini silərdim,

toya hazırlaşanda

atamın yadına düşərəm.

Başımda iki burux vardı, -

"iki arvad alacaq" deyirdilər

ikiburuxlu baş qırxanda

ustamın yadına düşərəm.

...Sevgimi bildirməyə

ömür vəfa etmədi...

(...başımda iki burux varıdı)

Ürəyim boş deyil, -

bir mərmi,

bir nakam sevgi dadı,

bir də o qızın adı...

Nə o qızı soruşun,

nə də bir sual edin,

apardıqlarımı halal edin!


TƏKCƏ O QADININ ŞAİRİYƏM MƏN

Nə üzün görmüşəm, nə yerin billəm,

Yazdı... Yazdıqları kövrəltdi məni.

Don vurmuş hissləri laxlatdı bir-bir,

Bir qadın nə yaman tərpətdi məni.

Söz saldı təklikdən, sərt taleyindən,

Oxuyan gözlərdən su əskilirdi...

Məndə mizin üstə salfet var idi,

Görən o gözlərin nəyə silirdi?!

O başdan bir sınıq ürək yazırdı,

Bu başda bir yaşlı göz oxuyurdu.

Üç nöqtə qoyurdu sözün yerinə

İlk dəfə nöqtədən söz oxuyurdum.

Yazdıqca bir sarı simə çıxartdı -

Könlümü qəm üstdə köklədi qadın.

Canımın qaçmağa yeri qalmadı,

Məni öz dərdiylə təklədi qadın.

"Şairim" yazırdı yeri gəldikcə,

Bir köhnə xırmanam, söz yeriyəm mən, -

Bəlkə də dünyada bir şair kimi

Təkcə o qadının şairiyəm mən.

Görməzə-bilməzə yazıldı şeir,

İşığa çıxacaq - qorxuram, Allah!

İsanın çarmıxa hopdu ağrısı,

Mən də bu qadına çarmıxam, Allah!


AŞIQSAYAĞI

Aşıq deyər qəribliyə salmayın,-

Sevən ürək yara tərəf təpir hey.

Yardan qalma yaraları göynəyir,

Gah üfürür, gah da sudan səpir hey.

Ağac idi, yerində bir çəkil var,

Elə yanıb, nə kömür var, nə kül var.

Döş cibində saralmış bir şəkil var -

Gizlin-gizlin oxşayır hey, öpür hey.

İlham demir bu tək nədi, cüt nədi?

Vaxt əlində tək də, cüt də heç nədi.

Çox yer gəzdi, ya Rəbb, əlac etmədi.

Nə loğman hey, nə ocaq hey, nə pir hey.


YAĞIŞ

Dəhnə görmür, arx görmür

göydən yerə axan yağış.

İstilərə "Vağzalı"dı

avqust sonu yağan yağış.


XATİRİMDƏKİ UŞAQ

Bir uşaq var yaddaşımda,

mənlə əl-ələ yol gedir.

Onun olduğu yerlərə

indi ancaq xəyal gedir.

Qılıncı qında durmazdı,

oyur-oyur oynayardı.

Sevərdi anasını, di gəl,

buyruğundan yayınardı.

Gecələri ayağında

tikan yeri gizildərdi.

Sol əlini quma salıb

sağ əliylə döyə-döyə

özünə "ev" düzəldərdi.

Tezdən örüşə mal sürər,

yolda yuxusu gələrdi.

Birdən yağış yaxalardı,

evə cılxa su gələrdi.

Şəhər uşaqları təkləyərdi

çıxıb gələndə dərsdən.

Yorğanı şərikliydi -

altında özü yatardı,

üstündə məstan.

Qəribə uşağıydı -

nə oyuncağı, nə topu varıdı.

Quşəppəyidən "top" bükər,

çilədi vurardı.

Evdə itən daraqlar

tapılardı cibindən.

Yaş tökərdi - atası

telin qırxanda dibdən.

Çoxlu şəkli itdi,

oğurlandı aynada.

Xətaya çorru idi -

tez-tez ya başı yarılar,

burnu qanayardı ya da.

Mırığ arvadlar öpəndə

tez yana çönüb silərdi

üzündəki diş yerini.

Gündə yüz yol açardı

komodun gözünü -

yoluxardı "iş yerini".

Nə üçdə alacağı varıydı,

nə də beşdə verəcəyi.

...Sən demə irəlidəymiş

"bəxtəvər"in görəcəyi.

Gördüyündən, çəkdiyindən

qəlbinə səksəkə düşdü.

Kimə söyləsəm inanmaz, -

o uşaq nə kökə düşdü?!

SƏNİN ŞEİRİN

Məni özündən uzaq tut,

Qoy elə uzaq yaşayaq.

Sevsək də görüş əvəzi -

Bir şeir yazaq yaşayaq.

Tanrı məni dərəsində,

Səni ucasında görsün!

İşıqlığa çəksin səni,

Məni gecəsində görsün!

Səni görmək müşkül olar,

Budaqda gizlənmiş barsan.

Bir ona şükürlər olsun, -

Yaxşı ki, dünyada varsan!


HƏYAT

Həyat, telli balam,

ağlı-qaralı naxışdadı;

Onun bir adı da

sevdiyi şirədə

qərq olan qarışqadı.


QARLI ŞEİR

Qar yağır...

öz göyündən

öz çölünə yağır,

Tanış qardı -

sığınmağa küncü,

qızınmağa odu olmayanların

belinə yağır.

Qar yağır -

Çətirsiz qızların

kəkilinə yağır…

Anam rəhmətliyin

daşda şəklinə yağır.