adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Aprel 2019 17:30
21829
ƏDƏBİYYAT
A- A+

Klassikləri bəyənməyənlər

Biz Nizami, Füzuli, Nəsimi kimi dahi şairlərimız, Mİrzə Cəlil, Yusif Vəzir Çəmənli, Cəfər Cabbarlı kimi böyük yazarlarımızla həmişə fəxr etmişik. Anarın, Elçinin, İsa Muğannanın, Səməd Vurğunun, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin əsərlərini oxuya-oxuya ədəbiyyatı sevmişik. Bu gün az-çox qazandığımız bilik və savadın kökündə müəllimlərimizin mühazirəsindən də çox bu yazarların payı var.

Lakin çox təəssüf ki, son vaxtlar adını yazar qoyan bir neçə şəxs ağına-bozuna baxmadan klassiklərimizi daşlayır, onların əsərlərinin guya redaktəyə ehtiyacı olması ilə bağlı cəmiyyətdə cəfəng fikirlər yaymağa çalışırlar. Su axar, çuxurunu tapar. Belələri reklam olunmaq üçün ucuz bazar kimi reytinq arxasınca qaçan televiziya kanallarından da məharətlə istifadə edirlər. Özünüzü yormayın, cənablar! Onsuz da sizin çıxışlarınız qartala daş atan qarğa misalıdır. Axı yel qayadan nə apara bilər?

Sual oluna bilər. Onda niyə narahat olursunuz? Bizii narahat edən bu zərərli tendensiyanın yeniyetmə və gənclərə mənfi təsir edəcəyi kimi bir təhlükədir. Kim deyə bilər ki, televiziyadan Füzulini aşağılayan, onun qəhrəmanlarını "iki xəstə ərəb" adlandıran yazıçını dinləyən məktəbli bundan sonra klassiklərimizi oxumağa həvəs göstərəcək. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin cild-cild əsərlərini oxumağı özünə izafi vaxt itkisi sayan və bunu təşəxxüslə cəmiyyətə bəyan edən cavan oğlana bu haqqı kim verib?

Yeniyetmə vaxtlarımda az qala travma aldığım bir hadisəni yadıma saldım. Erməni millətindən olan əmək müəllimimiz mənim dərs vaxtı (onsuz da o dərsdə demək olar ki, boş yerə otururduq) yazıçı Anarın "Macal" povestini oxuduğumu görüb kitabı parça-parça eləmiş və mən adı müəllim olan birisinin kitaba belə vəhşi münasibətini görəndə ağlaya-ağlaya sinif otağından çıxmışdım.

Ermənilərin xalqımıza qarşı düşmən münasibətini biləndə o hadisənin baş verməsinə artıq təccüblənmədim. Bakıda Anarın kitabını cıran və bu hərəkətinə görə cəzasız qalan ermənilər sonralar Qarabağda görkəmli şəxsiyyətlərimizin heykəllərinə əl uzatdılar.

Cəbiş müəllimin sözü kimi olmasın, biz gecə-gündüz çalışıb-vuruşuruq, əlimizdən gələni edirik ki, gənc nəsil ədəbiyyatı sevsin, kitab oxusun.

Bir kitabxana işçisi kimi klassiklərimizdən üzübəri çağdaş yazarlarımızın yaradıcılığını təbliğ edir, kitab sərgiləri, yazıçılarla görüş, təqdimetmə mərasimləri , şifahi söhbətlər, bir çox üsul və metodlarla ədəbiyyatımızı gənc nəslə tanıdırıq. Milli kitabxananın əməkdaşı Bəybala Ələsgərov neçə illərdir ki, ədəbiyyatımızın təbliği istiqamətində yorulmadan fəaliyyət göstərir. Müəllifi olduğu iyirmidən artıq kitab məhz yazarlarımızın yaradıcılığını işıqlandırmağa həsr olununb.

Nə qədər işləsək də, zəhmət çəksək də biz böyük ədiiblərin borcundan çıxa bilmərik. Çünki onların əsərləri xalqımızın milli sərvətidir.

Amma əks qütbdə əlinə qılınc alıb köklərimizi kəsmək istəyən və bununla düşmən dəyirmanına su tökən zərərli meylləri görürük.

Atalar məsəlidir, bir dəli bir quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi. Bunlar da daşı atır və bu daşın bumeranq kimi özlərinə qayıdacaqlarını bilirlər. Bilməsələr, təndidlə təhqirin yerini səhv salmazlar. Xalqımızın gözəl ziyalılarının qədrini bilmək, onları sevmək bu qədərmi çətindir? Sevin ki, szi də sevsinlər. Daş atmaqla deyil ki... Sizin atdığınız daşlar Sizif əməyinə bənzəyir.

Fikriniz nədir, özünüzdən qat-qat istedadlı klassikləri və çağdaş yazarlarımızı hədəfə almaqla əlinizə nə keçəcək? Sizin "Daş yuxular"ın müəllifindən bir fərqiniz varmı? Axı inkarı inkar kim bir qanun da var. Klassikləri bəyənmirsiniz, amma gündəmə gəlmək üçün onların adından istifadə edirsiniz. Klassikləri bəyənmirsiniz, amma küçədə kitabınızı satmaqla özünüzü guya Məhəmməd Hadiyə bənzədirsiniz. Klassikləri bəyənmirsiniz, amma onların ibarələrini, danışıq tərzini işlədirsiniz.Ürəyiniz bununla da soyumur, ağsaqqal yazarlarımızı üz-üzə qoyub qalmaqal yaratmaq istəyirsiniz.Vallah, ayıbdır. Az qalıb ədəbiyyatımızı şou-biznesə çevirəsiniz. Siz bu mövqeyi sərgiləməklə özünüzün Novruzəli simasını ortaya qoyursunuz və bu da bir daha redaktə etmək istədiyiniz Mirzə Cəlil kimi böyük ədibimizin uzaqgörənliyini, dahiliyini, əbədiyaşarlığını sübut edir.

Allah sənə rəhmət eləsin, böyük Sabir! Sən hamımızdan gözəl demisən:

Niyə bəs böylə qaraldırsan, a qare, gözünü,

Yoxsa bu ayinədə əyri görürsən özünü?

Hə, siz axı daş atmaqda pərgarsınız. Acığınızı aynaya daş atmaqla çıxarmayın, özünüzü düzəldin, paxıllıqdan uzaq olun, klassiklərimiz kimi gözəl əsərlər yazın və biz də təbliğ edək. Unutmayın, klassiklər bizim keçmişimizdir, keçmişinə güllə atanı isə gələcək topa tutar.

P.S. Ən dəhşətlisi yaxından tanıdığım bir ali məktəb müəlliməsinin "Vaveyla, din əldən getdi, küfrdür" deyb, yeniyetmə oğluna Almas İldırımın "Sənsiz neynim Allahı mən, dini mən" misrasını əzbərləməyə icazə verməməsi idi ki, bu da bir ayrı ağrılı problemin mövzusudur.

Bəybala Ələsgərov,

Tarix elmləri doktoru.

Tərlanə Əliyeva,

Milli Kitabxananın əməkdaşı