adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Aprel 2019 17:27
23348
ƏDƏBİYYAT
A- A+

ÖZGƏ QAPISI - Müzahim İSMAYILZADƏ yazır

(povest)

– Bağışlayın, sizinlə tanış olmaq olarmı?

Gənc və gözəl xanımın ərkyana, heç kimdən çəkinməyərək stulda oturub kitablarına avtoqraf yazdığı və başı adamlarla dolu olan şairə dediyi sözlər beşaçılan gülləsi kimi partladı, sanatoriyanın inzibati binasına, sonra qarşı dağlara dəyərək əks-səda verdi, şairin yanında oturub ona köməklik göstərən aparıcı, rayon mədəniyyət şöbəsinin əməkdaşı Laləzar Coşqun qeyri-ixtiyari gözlərini xanımın gözəl boy-buxununa, geyim-keçiminə, boynuna və barmaqlarına, qulaqlarına taxdığı zinət əşyalarına zillədi, dönə-dönə baxdı, ağzının suyunu yığıb içəri ötürdü, yarı həsəd, yarı paxıllıqla heç nə demədi, şairə yaxınlığı, onunla yanaşı oturduğunu, hələ tədbir zamanı onun neçə şeirini tamaşaçılara çatdırdığını nümayiş etdirib, özünü ondan üstün tutmağa çalışdı. Rayonun məsul işçiləri də burada idilər, tədbirin qurtarmasını gözləyirdilər, daha doğrusu, tədbir artıq sona çatmışdı, sadəcə şairin pərəstişkarları onun başına yığışıb suallar verir, kitabına avtoqraf yazdırırdılar. Nəzərdə tutulmuşdu ki, görüşdən sonra şairə "Turşsu” restoranında böyük bir qonaqlıq verilsin. Rayonun məsul işçiləri, sanatoriyada dincələn və müalicə alan tanınmış insanlar siyahıya alınmış, az qala əlli nəfərlik stol sifariş edilmişdi.
Şair Məmməd Dağlaroğlunun rayondakı sanatoriyaya müalicəyə gəlməsi əvvəlcədən bilinirdi, şair özü rayon rəhbərinə zəng edib demişdi və rayon partiya komitəsinin birinci katibi Muxtar Dadaşzadə yaxın ətrafı ilə söhbətində onlara bu barədə məlumat vermiş, tapşırmışdı ki, sanatoriyanın baş həkimi ən yaxşı otaqlardan birini onun üçün ayırsın, rayon mədəniyyət şöbəsi isə şairlə görüş üçün hazırlaşsınlar. Xalq teatrının rejissoru Ləyaqət Həkəri bu işlə məşğul olmağa başladı. Şairin sözlərinə yazılmış mahnılar ssenariyə salındı və müğənnilər ansamblla məşqlərə başladılar. Düzdü, katib özü şəxsən məşqlərə baxmağa vaxt tapmadı, ancaq bu işə məsul olan raykomun üçüncü katibi Nisə Osmanova ona vaxtaşırı məlumat verirdi. Muxtar müəllim şairi özü qarşıladı, qonaq otağında görüş təşkil etdi, yaxşı süfrə açdı, onu baş həkimlə sanatoriyaya göndərdi. Elə oldu ki, görüş günü onu mərkəzə vacib dövlət iclasına çağırdılar. İndiki hesabla o rayona qayıtmalı idi və "görüşün bədii hissəsində” iştirak edəcəkdi.
Şair yaşıl üzlü, qalın cildli, üstünə adı ilə yanaşı durna dəstəsinin şəkli çəkilmiş kitabın iç vərəqinə ürək sözlərini yazıb imzaladı, yazdığını gözdən keçirib qatladı və oxucusuna uzatdı. Başını qaldırıb üzbəüzündə dayanan xanıma baxdı. İlahi baxışlarla onu süzən, az qala gözləri ilə yeyən bu qızı görüş zalında görmüşdü, deyəsən qabaqdan dördüncü sıranın ortalarında. Dağ rayonunun camaatından o dəqiqə seçilirdi – həm geyim-keçimində, həm də xarici görkəmində. O an hansı şeiri oxuyurdu? "Bu qızın gözündən məhəbbət yağır” şeirini. Zalda qəribə bir sükut vardı. Şairin bu şeiri çox sevilirdi, ən çox da gənclər bu şeiri xatirə dəftərlərinə, sevgi məktublarına yazırdılar, onlara çox doğma olan bu şeiri müəllif elə oxumalı idi ki, xoşagəlimli olsun və o şeiri əzbərdən bilənlər məhz şairin ifa tərzinə heyrətlənsinlər. Şeir də bu deyilmi? Oxucunu bir anlığa öz aləmindən qoparıb yalanlar, xəyallar, röyalar, aləmində pərvazlandırmaq. Aldatmaq! Bədii vasitələrlə yalanları həqiqətə çevirmək və oxucunu inandırmaq! O, heç bu şeiri oxumaq fikrində deyildi, başqa yazdığı və görüşə gəlməmişdən əvvəl otağında kitablarını vərəqləyib seçdiyi şeirlərin səhifələrini qatlayıb hazır qoymuşdu. Həm də şəraitə uyğun dünya, yaşamaq haqqında şeirlər müalicəyə gələn, sağlamlığını bərpa etmək istəyən insanlar üçün daha yaxşı, məqsədəuyğun olmazdımı? Elə ki, rayonun "Həkəri” ansamblının solisti Bahar Niftəliyeva "Gözlərimin işığı sənsən” mahnısını ifa etdi, alqış sədaları zalı bürüdü. Müğənni neçə dəfə əyilib qalxdı, sonra əlini ansamblın üzvlərinə sarı uzatdı. Onlar da ayaq üstə qalxıb təzim etdilər. Ancaq alqış sədaları daha da qulaqbatıran oldu. Aparıcı səhnəyə çıxıb müğənni ilə yanaşı dayandı. Alqışlar isə kəsmək bilmir, getdikcə gurlaşırdı. Hamı məəttəl qalmışdı. Görəsən, alqışlar nə istəyir?
Məmməd Dağlaroğlunun ayağa qalxması tamaşaçıları da ayaq üstə qaldırdı və ayaq üstə alqışlar daha da möhtəşəm oldu.
– Bahar xanım çox gənc və istedadlı müğənnidi, mənim sözlərimə bəstələnmiş bu mahnını da gözəl ifa etdi. Bəlkə təkrar oxusun?
Mahnı təkrar ifa ilə davam etdi, aparıcı Məmməd müəllimin bir şeirini də söyləyib sözü yerli şair, orta məktəb müəllimi Famil Bəhmənoğluna verdi. Müəllim özünün dağlar şeirini oxudu, şairə xoşgəldin elədi və xahiş etdi ki, müəllif özü o şeiri oxusun.
Şair doğrudan da o şeiri gözəl ifa etdi, gözlərini zaldan çəkib tavana zillədi, neçə dəfələrlə oxuduğu şeiri özünəməxsusluqla, özünü unudaraq söylədi və alqış səslərindən bildi ki, tamaşaçılar narazı qalmayıblar...
Şair tutulan kimi oldu, onunla keçirilən görüş xoş ovqat yaratmışdı, xeyli sayda oxucularının olduğunu duydu, onlarla ünsiyyət yaratdı, avtoqraflar yazdı. İndi ətrafında xeyli insan toplaşıb, açığı ucqar dağ rayonunun insanlarının saflığı, təmizliyi, təbiiliyi onda xoş əhval-ruhiyyə yaradırdı, həm də bu dağlarda bilirsənmi nə qədər söz ustaları var? Bu rayonun camaatı hər şairi bəyənmir, çünki hamısının mayası söznən yoğrulub. Hamısını dindirirsən, şeirnən danışır. Bir az aralıda dayanan rayon rəhbərləri, ətrafındakı söz xiridarları, yanındakı aparıcı Laləzar Coşqun yadından çıxdı, əlini cibinə aparıb papiros çıxartdı, ancaq yandırmadı.
– Niyə olmur? Sizin kimi bir xanımla tanış olmağın özü elə xoşbəxtlikdi. Sevinirəm ki, sizin kimi oxucum var və məni qəlbən sevir!
Əslində birinci cümlədən sonra deyilənlər artıq idi, ancaq şair könül oxşayan sözlərini oxucusundan əsirgəmədi və o da bu fürsəti boşa vermədi.
– Kitabınızı tapa bilmədim, mərkəzdəki kitab mağazasında da dedilər ki, hamısı satılıb qurtarıb.
Şair ayağa durub papirosuna od vurdu, raykom işçisinin çağırışına o qədər də əhəmiyyət vermədi, katib Nisə Osmanova onlara tərəf yaxınlaşdı, ancaq şairin oxucularla söhbətinin hələ bitmədiyini görüb yanındakılara ucadan səsləndi.
– Deyirəm, baş həkimin çayını içməmişik, bəlkə onun otağına qalxaq?
Müxtəlif rəylər bir-birini əvəzlədi, belə qərara alındı ki, yox, çayı da "Turşsu”da içərlər.
– Mən sizə kitab verərəm. Narahat olmayın. Otaqda olmalıdı.
– Nə vaxt? – Qız özünü şairin lap yanına verdi.
– Nə vaxt? Bu gün, sabah. Hökmən çatdıraram.
– Mən burda – əli ilə hündürmərtəbəli binanı göstərdi. – oluram. Gözləyəcəm. Hələlik!
Nisə Osmanovanın təklifi Laləzar Coşqunun ürəyindən olmadı.
– Məmməd müəllim, bəlkə bu gözəl xanım da bizimlə tədbirdə iştirak etsin?
– Etiraz etmirəm. İstəsə, yaxşı olar.
– Sağ olun – dedi və gözəlliyini o qarışıqlıqdan çəkib apardı. Bilə-bilə, nazlana-nazlana, acıq verə-verə... Doğrudan da. Bunu dağlar qoynundakı mədə-ciyər sanatoriyasının böyük zalından tanınmış nəğməkar şair, bir sıra Dövlət mükafatlarının laureatı Məmməd Dağlaroğlu ilə görüşdən çıxıb "Turşsu” restoranına getməkdə olan rayonun rəhbərləri, raykomun üçüncü katibi Nisə Osmanova, baş həkim Nurəddin Qəmərli, verilişinin aparıcısı Laləzar Coşqun... hiss etdilər. O, gözdən yox olana kimi arxasınca kölgəsinə baxdılar. Ən çox da şair Məmməd Dağlaroğlu. Dağlaroğlu o gözəlliyin addım-addım uzaqlaşmasını, uzaqlaşdıqca gözəlləşdiyini və parlaqlığını gözlərində saxladı, dönə-dönə kino lenti kimi fırladıb təzədən baxdı, baxdıqca ürəyində bir ocağın külü üfürülüb yox oldu, təzə odun parçaları çalın-çarpaz düzəlib üstünə neft töküldü, çaxmaqla alovlanıb çataçatla yanmağa başladı. Şairin neçə müddətdi soyumuş könlünü isitdi. Özü də necə? Elə bil qurumuş odun parçaları, çır-çırpı bir isti nəfəsə möhtac imiş, yanmaq, alovlanmaq, isinmək, isitmək həsrəti ilə gözləyirmişlər: küllənməkdə olan ocağın orta və alt qatlarında öləziməkdə olan ocağın közərən qırıntıları hələ qalıbmış və kimsə bir azca aşağı əyilib üfürməyə başlayır. Bir, iki, üç... Kül ətrafa səpələnir, hələ üfürənin üst-başına daranır, üzünü-gözünü doldurur, ancaq bir də baxıb görürsən ki, yavaş-yavaş çırpıdan tüstü çıxır, köz onların nazik və zəif gövdələrini közərdir. Bu közərti qalın odun parçalarına da üz tutur. Yox, hələ kifayət etmədi. Ocağı belə tezliklə alışdırmaq, tüstülətmək olmaz, yenə də nəfəs gərəkdi – isti nəfəs. Üfürmək lazımdı, üst-başını, üz-gözünü his bulamalı, gözlərini yaşartmalıdı.
O, içindəki soyuqluğu neçə aylar idi ki, hiss etmişdi və bu soyuqluq gün-gündən onu dəyişdirir, özgələşdirirdi. Daha çox fikir edir, xəyallara dalır, papirosu papirosa calayır, bəzən həddindən çox spirtli içki qəbul edir, ağır tərpənirdi. Misraları əvvəlki kimi alt-alta düzməkdə çətinlik çəkirdi. Düzdü, şeirləri qəzet və jurnallarda çap olunur, kitabları çıxır, başqa dillərə tərcümə edilir. Ancaq o, özlüyündə hiss edirdi ki, əvvəlki əsərləri ilə indikinin arasında xeyli fərq var. O, zəifləyib və bu zəifliyi gec-tez kənardan hiss edəcəkdilər. Əslində isə, tərsinə olmalı idi. Şair əlli üç yaşının içindəydi, kamillik zirvəsinə tərəf getdiyi yolda o, elə əsərlər yaratmalıydı ki, hər yana səs salsın, necə ki, indiyəcən eləydi. Onun şeirləri dillər əzbəri olmuşdu. O, sevilmişdi! Onu sevir, tez-tez görüşlərə çağırır, şeirlərini ifa edir, özündən təzə əsərlərini oxumağı xahiş edirdilər. Görüş zalları ağzınacan dolu olurdu, alqış sədaları divarları, pəncərələri silkələyirdi. Sözlərinə mahnılar bəstələnirdi. Bəzən heç özünün xəbəri olmurdu, zəng edirdilər ki, Məmməd müəllim, filan kitablarınızdakı filan şeirinizə mahnı bəstələmişəm, artıq şuraya təqdim də olunub. Xalq artisti ifa edəcək. Buna kim sevinməz, şad olmazdı? Bu onu daha da ilhamlandırır, ruhunu təzələyir, yeni-yeni əsərlər yazmağa sövq edirdi. Telefon zəngləri ara vermirdi, şair dostları, alimlər, gənclər ona zəng çalır, təbrik edir, söhbətləşirdilər. Ancaq onun sevinci təkcə özü üçün imiş. Həyat yoldaşı, qızı ondan tamam kənarda qalır, şairə şərik olmur, xoş bir söz demirdilər. Kəvanəni başa düşmək olardı, uşaq idi. Orta məktəb şagirdi idi, buraxılış və qəbul imtahanlarına hazırlaşır, dərsdən gələndən sonra otağından nadir hallarda çıxırdı. Anası yemək-içməyini otağına aparır, kömək olurdu. Tibb Universitetinə hazırlaşırdı və imtahanların ağırlığını başa düşmək olardı. Rəvanənin çalışqanlığı xoşuna gəlirdi, ancaq başa düşürdü ki, qızı dəqiq elmləri o qədər də dərindən bilmir. Ondan gözəl filoloq, tarixçi ola bilərdi, ancaq keçən ildən anası qızın beynini yedi ki, müəllim nədi, alim nədi, sən həkim olmalısan. Mübahisələr olurdu, arvadı o saat qonum-qonşudan, qohum-əqrəbadan canlı misallar çəkməyə başlayırdı.
– Bax, elə biri Kifayət xalan. Dost-doğmaca. Heç uzağa getməyə ehtiyac yoxdu. Müdafiə eləyib, elmlər namizədidi, Akademiyada işləyir. Bu gün-sabah doktorluq da eləyəcək, professor olacaq. Nə olsun? Neynirəm quru adı? Aldığı nədi? Yüz səksən manat! Nə puldu o? Axır məcbur olub orta məktəbdə də dərs götürüb. Neynəsin? Bir ayağı məktəbdə, bir ayağı da akademiyada. Qonşu blokda Cəmilə doxdur var ey ha, hələ uşaq həkimidi, qəbuluna düşmək olmur. Xalanın bir aylıq pulunu bircə gündə çıxardır. Evi yağ-rəng. Ərinə təzə maşın alıb. Deyirlər Novxanıda bir bağ evi tikdirib, iki göz istəyir dursun tamaşasına.
Dayandırmaq olmurdu ha, elə qırıq radio kimi ötürdü. Deyiləni də eşitmir, qulaqardına vururdu.
– Rəvanə dəqiq elmləri çətin qavrayır, ancaq humanitar elmlərə bircə dəfə gözucu baxsa, kifayət edir. Uşaq məcbur olub əzbərləyir. Əzbərləməklə də iş keçmir, axı riyaziyyatda, fizikada, kimyada o qədər düsturlar, birləşmələr var ki, onları əzbərləmək kifayət etmir.
– Etmir etməsin! Orda oxuyanların guya hamısı hər şeyi bilir? Medinstitutu bilmirik? Tanımırıq? Kimin adamı var, pulu var, onlar oxuyur də orda? Bəlkəm elə deyil? Mən kimdən əksiyəm?
Burda o, əsəblərini cilovlamaq üçün ya eyvana, ya da çölə papiros çəkməyə çıxırdı. Nə deyəcəklərini bilirdi. Deyəcəkdi ki, düz söz deyəndə niyə xətrinə dəyir? Şairsən də! Artıq deyilsən ki? Dağdan-daşdan, çaydan-dənizdən, yarpaqdan, ağacdan... qafiyələndirib yazırsan. Hamı yaza bilir də! Yazıb nə qazanırsan? Puldan danışıram ey? Qonorar alırsan? On-on beş manatnan ailə saxlamaq olar? Hə, kitab çıxanda, o başqa. O da ildə bir, ya iki dəfə olur...
Arvadının özünə güvənməyini, onu saymayıb mən deməsi şairə tanış misralar idi, bir yandan bacısına arxalanır, onu gözünə soxmağa çalışır, o biri tərəfdən qızına misal çəkib onun yolu ilə getməyi məsləhət görmürdü. Burda məsələ bir balaca qəliz idi. Arvadı bacısına arxalanmaqdan çox, onun ərinə bel bağlayır, lakin onun adını çəkmirdi. Əslində isə işləri düzüb qoşan Əmənulla müəllim idi. O da professor idi, ancaq iqtisadi sahədə. Narxoz adlanan Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda dekan idi. Əli çox uzun idi, əlçatmaz budaqları silkələyə bilirdi. Çox səbirli, təmkinli, tülküdən bic və hiyləgər, pambıqla başkəsən adam idi. Elə bu cəhətlərinə görə rüşvətin tuğyan etdiyi institutda baş çıxarırdı. Bir-birlərini beş barmaqları kimi tanıyır, məclislərdə zarafatlaşırdılar. Bu zarafatlar çox vaxt yarıciddi, yarızarafat olurdu.
– Belə da, şair, – o, bir dəfə də olsun bacanağına adı ilə müraciət etmir, şair sözünü kinayəli formada tələffüz edirdi – yazırsan, ey, sözüm yox, pis deyil, ancaq maa elə gəlir ki, səndə nəsə çatışmır. Bax, o nəsəni deyə bilmirəm.
– Bilmirsən, onda niyə danışırsan?
– Yox, bilirəm ey, ancaq çatışmayan odu ki, məsələn köhnə aşıqlarda məna, fəlsəfə çox dərindi, ona görə aşıqlar onlardan oxuyanda adama ləzzət eləyir. Səndə olarda olan yoxdu, çatışmır. Hələ nə yaşın var, öyrənib sən də onlar kimi yazacaqsan.
Nə deyəydi? Hər halda qohum idilər, tez-tez üz-üzə gəlir, ailələri görüşür, səfərlərə çıxırdılar, əgər o, bacanağı ilə sözün əsl mənasında mübahisə eləsəydi, çox güman ki, söhbətlərinin sonu əlbəyaxa döyüşlə sona çatacaqdı və söz-söhbət o yerə çatacaqdı ki, günahkar o olacaqdı. Baldızı Kifayət ağzına zurna alıb çalacaqdı ki, Məmməd paxıllığından yerə-göyə sığmır, nə bilim, bizi gözü götürmür. Ancaq o, hər şeyi rentgen şüası kimi analiz edərək aydınlaşdırmışdı ki, Əmənulla qədər xain, paxıl, lovğa, özündən razı adam yer üzündə tək-təkdi, arvadı da özündən heç geridə qalan deyil. Elə Kifayət evdə hökmranlıq edir, onun sözü son kimi qəbul edilir və Əmənulla o deyənlə oturub-durur. Onu da özlüyündə saf-çürük etmişdi ki, iki bacının ailəsi arasında səmimi münasibət çox da uzun sürməyəcək. Adi bir söz, ya nə isə əldə bəhanə tutulacaq və əlvida!
Kifayət bilirsən nəydi? Dava dağarcığı, siyasət dağarcığı. Hər sözdən, hərəkətdən min məna çıxardan! Hələ ali təhsilli, Akademiya kimi mötəbər bir elm ocağında işləyən, elmlər namizədi, bu gün-sabah Allah qoymasa doktorluq müdafiə edəcək... O qədər pulagir idi ki, Əmənullanın kisələrlə daşıdığı pullar ona bəs eləmirdi, maaşının azlığından gileylənib orta məktəbdə də dərs deyirdi. Məktəbin direktoru onun dostu idi. Çox alicənab bir qadın idi, onunla məktəbdə görüş keçirəndə qısaca söhbətləri oldu.
– Məmməd müəllim, siz Allah bağışlayın, bəlkə də heç yeri deyil, ancaq deməyə bilmirəm. Kifayət müəllimə bizdən dərs götürəndə elə bildim ki, alimdi, savadlıdı, razı oldum, ancaq hardan biləydim ki, bu mələk donunda ifritədi. Valideynlərini boğaza yığıb. Eləcə pul istəyir. Ad günümdü, filan bayramdı, filan kitabı gətirəcəm... Xəbər yollamışam, əhəmiyyət vermir. Bu tədris ilini başa vuraq, daha onunla bizimki tutmaz. Bizim məktəbdə elə şeylər yoxdu. Qarşısını almasam, kollektiv elə biləcək ki, mən şərait yaradıram. Hörmətim itir...
Nə desin? Camaat çörəyi qulağının dibinə yemir ki? Səni çox istəyirəm, özümü səndən də çox istəyirəm. Nəyə görə artıq söz götürməlidi? Bax ha, Əmənulla Maarif Nazirliyində işləyən dostundan məktəbə zəng vurdurub, arvadını işə götürdüb, o da belə. Bunlardan nə desən gözləmək olar, təki öz işləri düz getsin. Elə başa düşürlər ki, hamının bunlara borcu var.
...O gün isə... Axşam naharını təzəcə etmişdilər ki, qapı döyüldü. Şair qapını özü açdı və Əmənulla ilə Kifayətin gəlişinə təəccübləndi. Xəbərsiz-ətərsiz, qanı qara. İçəri dəvət edib elə qapının ağzında da soruşdu ki, salamatlıqdımı? Ağız-burunlarını əyə-əyə içəri keçdilər. Səfayət onları qonaq otağına ötürdü.
– Nə yaxşı oldu gəldiniz, elə mən sizinlə bir məsləhət edəcəkdim, oturun, mətbəxə dəyib gəlirəm.
Oturdular, araya çökən sükutu yenə o, pozdu.
– Nə var, nə yox, ay bacanaq?
– Sağlığın. Şükür! – Əmənulla dilucu cavab verdi və iri gözlərini arvadının üzünə yönəltdi.
– Sən nə təhərsən, a yeznə?
Kifayətin sualı ona qəribə gəlmədi, ancaq bu neçə illərdə hələ bir dəfə də olsun ona "yeznə” deməmişdi. – Sözü ağzında uddu, elə Əmənullafason ona cavab qaytardı.
– Yeznə, bu nə oyundu çıxarırsan? Sualı o qədər ucadan və qəzəblə dedi ki, mətbəxdən Səfayət çay dəstgahını hazırlamağı yarımçıq qoyub özünü içəri saldı. Üzünü ərinə tutdu, onun cavabını gözlədi.
– Nə oyun, a Kifayət?
– Xəbərin yoxdu? Yoxsa bizi avam yerinə qoyursan?
Bir şey anlamayıb başını buladı. Fikrə daldı ki, görəsən nə məsələdi ki, bunları belə narahat edib.
– A Kifayət, mıs-mıs eləmə, de görüm nə məsələdi sizi belə həyəcanlandırıb?
– Nə olub, ay bacı? – Səfayət də nə baş verdiyinin marağında olduğunu açıq-aşkar gizlətmirdi. Ona elə gəlirdi ki, əri ilə bağlı bir hadisənin şahidi olacaq.
– Əmənullaya Mərkəzi Komitədən zəng ediblər ki, bəs bacanağın özünü Dövlət Mükafatına təqdim edib.
Hamının intizarına son qoyuldu, Səfayət sakitcə mətbəxə keçdi, şair yerində rahatlandı.
– Elə bu?
– Bu azdı ki? Doğrudan belədir? – Kifayət əsəbindən üzünə dağılan saçını geri itələdi.
– Elə bir şey var. Niyə narahat olursunuz ki?
– Narahat olmuruq, – Əmənulla sözə başladı, – prostu ki, raz belə məsələ var, niyə gizli-gizli iş görürsünüz? Bəyəm biz istəmirik? Niyə bizə informasiya başqa yerdən, yad adamdan gəlməlidi?
– Hə də! Sən bir başa düş, Mərkəzi Komitənin məsul işçisi Əmənullaya zəng edib soruşur ki, bacanağın belə bir iş görür, Əmənulla da ondan xəbərsiz-ətərsizdi. İndi noolsun ki, məsul şəxs Əmənulla ilə dostdu, bir qrupda oxuyublar, tonlarnan duz-çörək kəsiblər, o boyda adam anlaya bilməyəcək ki, deməli biz bacıların arasında nəsə olub, soyuqluq var ki, xəbərdən xəbərimiz yoxdu.
– Özümü o yerə qoymadım – Əmənulla acı-acı gülümsədi – dedim, şair tayfasıdı, onlar belə bir cür olurlar, hərdəmxəyal, fikirli-zikirli. Onlara çox fikir vermək lazım deyil. Hə, onunla bir xeyli söhbətimiz oldu. Kimlərin namizəd olduqlarını da dedi. Sən onları bilirsənmi?
– Bilirəm. Burda gizli heç nə yoxdu. Bir ay təqdim olunan əsərlərin müzakirəsi aparılacaq, onun əsasında da komissiya yekun rəy verəcək.
– Hə, səndən başqa üç nəfər də var. Biri xalq şairidi, bir nazir var, onun qudasıdı, biri də... Onun adamı da Mərkəzi Komitədədi. Belə çıxır ki, sən onların arasında ən zəifsən. O dostum da dedi ki, belədi də, elə şairlər var ki, prostu özlərini təqdim edirlər ki, nə var, nə var, mən də varam...
Kifayət ərinin sözünü kəsdi:
– Hə dana, özlərini təbliğ edib gözə soxmaq üçün bir vasitədi. Mamed, o mükafat neçə manatdı?
– Alanda biləcəm. Elə-belə bilmirəm. – Elə gülümsəyib gərginliyi aradan götürmək istədi.
– Alanda? Almaq fikrin də var? – Kifayətin yanaqları pörtmüşdü. Şair elə inamla alacam dedi ki, Əmənulla yerində qurcalandı, az qaldı stuldan yıxılsın. – Ayə, Mamed, konkurentlərin elə adamlardı ki, sən onların yanında qarışqa boydasan. Xalq şairini sən elə-belə bilmə, axşama kimi televizorda, dövlət tədbirlərində hökumət adamlarıynan bir yerdədi.
Əmənulla nə danışırdı, eşitmir, beynində ağır bir yükün onu narahat etdiyini düşünür, bu iki vəhşini evdən söyə-söyə qovmaq fikrindən özünü güclə saxlayırdı. Heç mətləbə dəxli var? Üzünə nurlu bir insanın – uşaqlıq və orta məktəb dostunun təbəssümlü sifəti qondu, onda şair qatarla anasını görmək üçün rayona gedirdi. Neçə illərdi üzünü görmədiyi dostunu qatarda gördü, qollarını açıb onu qucaqladı, dostu da eynən onu bağrına basdı, qatarda gecəni diri gözlə səhərə çıxartdılar, xatirələr bir-birini əvəzlədi... Onda şair yüksək vəzifəyə təyin olunmuş nüfuzlu dostunun məsləhəti ilə bu addımı atdı və özünə inamı vardı ki, sonu onun istədiyi kimi olacaq.
Səfayət çay dəstgahı açdı, gördü ki, soyuqluq aradan götürülməyib.
– Vallah, nə yazır, nə pozur, mənciyəzin heç nədən xəbəri yoxdu. Siz eşitdiyinizdən də, tövbə bir kəlmə bilmirəm. Yaxın oturun, çayları soyutmayın, boş şeylərdi.
Özü də yanını stula qoyub əvvəlcə bacısına, sonra Əmənullaya qıyqacı göz yetirdi, qaşığı mürəbbə qabında gəzdirdi. Belə gərgin vəziyyətdə danışmaq onun üçün çətin idi elə bil.
– Sən nəsə demək istəyirdin, ay Səfa? – Kifayət bacısının köməyinə gəlmək istəsə də, sözlərində kinayə vardı, buna isə səbəb əri idi. Şair arvadının nə deyəcəyini bilmirdi, ancaq Rəvanənin qəbul imtahanı haqqında indi söz açacağına inanmırdı.
– Heç.
– Nə heç, az? Sözünü denən da! Sən də ərindən öyrənibsən gizli işlər görməyi. Saa düşmən ha deyiləm? Həmişə əlimiz üstünüzdə olub. İndi keçi tərs doğub?
– Nə gizli işim olacaq? – Səfayət özünü ərindən ayırdı. – Rəvanənin imtahanlarını deyirəm. Gecə-gündüz oxuyur, ancaq medinstitutu bilmirsinizmi? Əsas adamdı. Oxumağa kimdi baxan?
Əmənulla istədi o saat nəsə desin, Kifayətin barmağının tıqqıltısı onu dayandırdı.
– Oxumaq lazımdı, ancaq ora təkcə adamnan deyil, həm də pulunnandı. Siyahılar da Novruz bayramından sonra tutulur. Hələ tələsmə. Ona kimi Əmənulla orda bəzi adamlarnan söhbət eləyər, baxar görər ki, nə var, nə yox, sonra elə çətinlik yoxdu.
Şair mürəbbəni kənara itələyib qənd parçasını ağzına aldı.
– Nə qədər pul lazım olur? – Səfayət bacısına üz tutdu.
– Keçən il on min manat idi. Bu il hələ bilinmir. Ola bilsin ki, bir az artsın, ola da bilər ki, elə yerində qalsın.
– Elə də böyük məbləğ deyil. – Əmənulla axır ki, bu işin təşkilatçısı və icraçısı kimi sözə başladı. – Düzdü, on min az da pul deyil, ancaq sən uşağının gələcəyi üçün ona ömürlük sənət verirsən, elə bir sənət ki, özünüz görürsünüz də. Həkimlik belədi ki, həmişə əli pulnan oynayır, day aylıq maaşa baxıb gözlərinin kökünü saraltmır. Mamed elə bilər ki, bir il kitabı çıxmayıb.
– Həlbət ki... – Şair arvadının sözünü ağzında kəsdi.
– Sağ ol, bacanaq hörmətin və məsləhətin artıq olsun.
– Uşağın təhsilinə xərclənən pul itmir, Mamed. Bilirəm, indi moizə oxuyacaqsan ki, bizdə təhsil pulsuzdur, rüşvət-filan yoxdu, uşaq özü oxuyub imtahan verməlidi...
– Elədi, düz fikirləşmisən. Lazım olsa, mən özüm qızımın işinə qarışaram. Bu söhbətə nöqtə qoyun.
– Nə nöqtə? Camaat qapı-qapı düşüb əlində pul adam axtarır?
– Çay süz... Sən qarışma!
Səfayət çay süzəsi olmadı, Əmənulla ilə Kifayət sağollaşmadan qapının ağzına tələsdilər...

***

– Bağışlayın, siz kimsiniz?
Şair gözünü güclə açdı, ancaq ona elə gəldi ki, ətrafda nələr olduğunu görmür, onun tanımadığı yad bir yerdə, yad bir otaqda, yad bir çarpayıda uzanıb və yerindən qalxsa hara gedəcəyini, nə iş tutacağını bilmir. Paltarı yanındakı stulun üstündə görünmürdü, otaq səliqə-sahmanlı idi. Televizor açılmamışdı və qara daş kimi dayanmışdı. Stolun üstündə "İstisu” şüşəsi və stəkan vardı. Şüşənin yarımçıq olmasından hiss etdi ki, gecə qalxıb su içib. İndi də həm başı daş televizor kimi ağır idi, dodaqları çat-çat olmuşdu. Su içmək istəyirdi.
Ancaq heç nəyi xatırlamırdı. Dünən gecə "Turşsu” restoranındakı qonaqlıqdan sanatoriyaya necə gəlmişdi, otağına liftlə necə qalxmışdı, qapını açarla necə açıb yerinə uzanmışdı – bunlar ona möcüzə kimi gəlirdi və inana bilmirdi ki, bütün bunları o özü tək eləyib. Çox güman ki, iki, bəlkə də üç nəfər onun qoluna girib hamının gözü qarşısında səndirləyə-səndirləyə katibin maşınına oturdub. Biabırçılıq! Əməlli-başlı biabır olub. O cür tədbir keçirilsin, ona həsəd aparılsın, sonda bütün hörmət və izzətini bir şüşə zoğal arağı yuyub aparsın. Hər şey qaydasında idi, məclis də, ona münasibət də! Şair özünü xoşbəxt sayırdı. Çıxış edib sağlıq deyənlər şəninə elə sözlər deyirdilər ki! Görüşdəki ansambl da burada idi və onun sözlərinə bəstələnmiş mahnılar ifa edilirdi. Laləzar Coşqun və başqaları onun şeirlərini söyləyirdilər. Ona elə gəlirdi ki, bu təkrar görüşdə iştirak etməyən birinci katib üçün göstərilir. Muxtar Dadaşzadə onun üçün xoş təsir bağışlayırdı. Yanaşı oturmuşdular və birinci katib ona xüsusi qayğı göstərir, hətta qulluq edirdi. Ən iri və yağlı tikələri Muxtar müəllim çəngələ keçirib onun boşqabına qoyur, quzu ətinin xüsusiyyətləri haqqında izahlar verir, araq içəndən sonra bulaq suyunu məsləhət görürdü, çünki bu bulaqların suyunun tərkibində hansı kimyəvi maddələr aşkar olunubmuş ki, bu həm orqanizmin müqavimətini artırır, həm də arağın təsir gücünü azaldırmış. Katib bir neçə şorabanın da adını çəkdi – onlar şairin indi yaddaşında qalmamışdı – bunlar rayon ərazisində bitən bitkilərdən tutulmuş və çox dadlıymış. Doğrudan! Şairin öz doğma rayonunda da bu bitkilərdən var idi, ondan da şoraba hazırlayırdılar, bircə fərq ondaydı ki, adlar ayrı cür idi...
Yorğanı üstündən qırağa itələyib ayağa qalxmaq istədi, başı gicəlləndi, az qala ağzı üstə yerə yıxılacaqdı, birtəhər çarpayının dəmirindən yapışıb özünü saxladı, yerində oturub bir də otağı süzdü. Günəşli yay günü idi. Divardan asılmış taxta saatın gümüşü əqrəbləri 11 tamamı göstərirdi. İndiyə müalicələri başa çatmalı idi, ancaq həm vaxt ötmüşdü, həm də onda hal yox idi.
Bir də özünü toparlayıb stuldan, sonra stoldan yapışdı, şüşənin qapağını kənara atıb başına çəkdi və son damlasına qədər içdi. Suyun soyuqluğunu və ağırlığını mədəsində hiss etdi. Ürəyi bulandı. Papiros həvəsi ilə stuldan çəlik kimi yapışıb şkafa sürütlədi. Kostyumu səliqə ilə köynəyinin, qalstukunun üstündən asılmışdı. Bu, onun işi deyildi ki, sərxoş halda paltarını soyunub asılqana keçirsin. Bəlkə də! Ola bilər ki, adam sərxoş olanda özü də bilmədən gözəl işlər tutsun.
Əlini pencəyinin cibinə atıb "Marlboro” qutusunu və alışqanı götürdü, deyəsən daha özünü nizamlaya bilirdi, eyvanın qapısını açıb çölə çıxdı, papirosunu yandırdı. Ancaq heç iki-üç qullab almamış ağzında zəhər hiss etdi. Bədənində titrətmə vardı. Axşamkı yemək boğazında dayanmışdı. Qaytarmaq istəyirdi, odur ki, papirosu yarımçıq külqabıya basıb hamama tələsdi.
...Hər şey Muxtar müəllimin ikinci dəfə mikrofonu Laləzardan alıb etdiyi çıxışdan sonra başladı. Heç gözləmədiyi halda – onda şair bir az əvvəl onunla tanış olmaq istəyən qadının gözəlliyi haqqında düşünürdü və o gözəllik "Turşsu” restoranında oturanları, nəğmə və şeirləri süpürüb dağ çayına atmış, kölgə kimi bu başdan o başacan hər yanı tutmuşdu – bacanağı Əmənullanın sağlığına badə qaldırdı. Bu badə tərs bir zərbə kimi hər iki üzünə dəydi və sifətini qıpqırmızı elədi. Elə bil araq stəkanına limonun yox, yekə bir ilanın zəhərini sıxıb tökmüşdün. Niyəsini heç özü də bilmirdi. O an, o gözəlin xəyalını gözləri önündə canlandırdığı, xəyalından xoş anlar keçirdiyi vaxtlarda, həm də içkili anında görünür bu yerinə düşməyibmiş. İstədi ki, onun sözünü kəssin, sağlığın axarını başqa istiqamətə, lap elə sevgi, məhəbbətə yönəltsin, ancaq özünü saxladı, çünki gördü ki, Muxtar müəllim Əmənulla ilə lap yaxından tanışdı, onu köklü-köməcli tanıyır. Çox güman ki, onun institutda oxuyan oğlunu və qızını on min manatların müqabilində o instituta düzəldib, indi də arxa, dayaq durur, – birinci katib onun sözünü yerə salardı, həm də bütün məclis iştirakçılarının ağızlarına su alıb rayonun ağsaqqalına səssiz-səmirsiz qulaq asdıqları zaman bu yaxşı əks-səda verməzdi. Aralarındakı soyuqluğu paxıllıq kimi dəyərləndirərdilər. Eybi yox, qoy Muxtar müəllim nə qədər istəyir danışsın, o da səbrini basıb qohumunun şəninə yağdırılan tərifləri başı ilə də olsa təsdiqləsin, hələ məcbur olub onun sağlığına ayaq üstündə içsin. Elə ayaq üstündə şair hiss etdi ki, bu dünyada qurd kimi tülüngü, tülkü kimi bic olmaq lazımmış. Təmənnasız heç nə olmalı deyilmiş. Hər şeyin qiyməti varmış! Əvəzsiz heç nə yox imiş! Sən nə danışırsan? Katibin oğlunu instituta düzəlt, sonra da denən ki, heç nə lazım deyil? Ömründə! Haqqı-hesabı, məzəndəsi nədi, onu yiyəsinə çatdırırlar. Soğan olsun, nağd olsun! Yoxsa Əmənulla, ya onun bir tayı orda-burda ağzını avara qoyub danışacaq ki, filankəsin oğlunu, ya qızını pulsuz-parasız instituta düzəltmisən. Əvvəla inanmayacaqlar! Filankəs yəni o qədər əli aşağıdır ki, uşağını instituta qoymağa pul tapmır? Sonrası da, o filankəs heç vaxt minnət götürüb özünü sözə salmaz. Səhərisi gün də Əmənulla, ya onun bir tayı filan vəzifə sahibindən xahiş edəcək ki, bəs o filankəs yaxşı oğlandı, bizim adamdı, ona bir iş ver. İşin də qiyməti var! Beləcə çərxi-fələk dövran edir. Burda sirli nə var? Uzağa niyə gedir? Elə həmən Əmənulla evlərində pul söhbətini eləmədimi? Heç bir qram da nə utandı, nə də xəcalət çəkdi. Nolsun ki, baldızının qızıdı. Rəvanə sarıdan şair narahat deyildi. Tibb institutunun rektoru ilə şəxsən görüşüb xahiş edəcəkdi. Xarici ölkə səfərində bir olmuşdu və aralarında cəmimi münasibət vardı. Xətrini istəyirdi. Şairi narahat edən Pərvanənin səhərisi gün həkim işləyə bilib-bilməməsi idi. Qızımın bu sənətə həvəsi vardımı? Ötəri idi, yoxsa anasının hay-küyünə gedirdi?
...Qapı qəfildən döyüldü, o, az da olsa özünə gələ bilmişdi, daha stuldan çəlik əvəzi istifadə etmirdi, ancaq başının ağrısı kəsmir, ürəyi bulanırdı. Fikirləşdi ki, hansısa rəhbər işçilərdəndi, Muxtar müəllimin tapşırığı ilə ona baş çəkməyə gəlirlər. Ancaq istəməzdi ki, onu bu vəziyyətdə görsünlər. Bəlkə də dünən özünü bilməyib, hansısa bir xətaya yol verib? Xəcalətdən bədəninin, ən çox da alnının tərlədiyini hiss etdi.
– Mən nə qələt eləyib dünən çox içdim! – Boğazını arıtlayıb gələnin kim olduğunu soruşdu, mərtəbənin qulluqçusu olduğunu biləndən sonra rahatlandı. Qapını açıb kök qadının sifətinə ötəri baxdı, əlində yarım kiloluq bankada ağartı gördü, heç nə anlaya bilmədi.
– Nə lazımdı? – soruşdu.
– Bunu üst mərtəbədəki cavan xanım göndərdi. Qatıqdı. Camış qatığı.
Onu götürməyə ürək eləmədi, heyi yox idi, salıb sındıra bilərdi, odur ki, kənara çəkilib ona yol verdi, xahiş etdi ki, stolun üstünə qoysun.
– Nə qatıqdı?
– Mən bilmirəm. Çağırıb dedi ki, bu otağa verim, həm də dedi ki, bunun yarısını yesin, yarısını atlama eləsin. Ayran dana!
Süpürgəçi boş vedrəsini və süpürgəsini götürüb asta addımlarla gözdən itdi. Şair bir müddət yerində donub qaldı, qapını örtməyə tərəddüd etdi, istədi ki, qadını çağırıb nəsə soruşsun, onun uzaqlaşdığını görüb dayandı, sonra divardakı güzgünün qarşısına gəldi, saçlarının səliqə ilə darandığına baxdı. Ayaqqabıları yan-yana qoyulmuşdu, üstündə də corabları. Sifəti saralsa da, üzünün dərisindəki qırmızı rənglər yoxa çıxmışdı. Otaqda sanki kiminsə kölgəsi fırlanırdı. O yadına düşdü ki, elə bu gün – lap dəqiqi səhər-səhər o bu kölgəni görmüşdü, özü də kölgə canlı idi, ona çox məlhəm idi. Çarpayıda yanında oturub üzünü-gözünü sığallayırdı. Gözlərinin qapaqlarını qaldırmağa gücü çatmırdı, həm də o qədər meyxoş olmuşdu ki, gözlərini açmaq istəmir, elə gözüyumulu olsa da o xoş ətri və səmimiyyəti uzatmaq istəyirdi. Onda o varlığın kim olduğunu soruşmuşdu. Cavab almadığından ayılanda xəbər tutmuşdu və elə bilmişdi ki, şirin yuxu görürmüş! Hər şey yuxu imiş!


...Onun qadın nəvazişinə, nəfəsinə ehtiyacı çox idi. Hələ cavanlığından. Orta məktəbi bitirib təkbaşına şəhərə imtahana qatarla gəlirdi. Kupe yoldaşı da imtahana gedirdi. Məlum oldu ki, ikisi də eyni universitetə, eyni fakültəyə sənəd verəcəklər. Yayın istisində sərnişinlərin az olduğu vaqonda o, Şəhla ilə yaxından tanış oldu, səhəri diri gözlə, uzun söhbətlə açdılar.
O, ömründə ilk dəfə idi ki, kəndindən çox uzaqda, tanımadığı yad, ancaq çox gözəl bir qızla üzbəüz oturub söhbət edirdi. Səmimi və romantik görüş elə səhərisi gündən davam etdi, onlar görüşüb birlikdə universitetə sənəd verdilər. İş nömrələri ardıcıl idi, odur ki, imtahanların dördündə də yanaşı oturdular. Onun Şəhlaya çox böyük köməklikləri dəydi və iki il imtahanlardan kəsilən Şəhla onunla birlikdə tələbə adını qazandı. Artıq Şəhlanın nəfəsini duymuşdu, imtahanlararası vaxtlarda Şəhla Yasamaldakı yataqxananın qarşısında dayanıb onu gözləyir, 5 nömrəli trolleybusla Dağüstü parka gedir, dərslərə hazırlaşırdılar. Bu müddətdə o gecə oxuduqlarını qıza danışır, sualların necə düşəcəyini, hansı cavabları verəcəyini öyrədirdi.
– Başa düşdünmü? – Onun bu sualını Şəhla təbəssümlə qarşılayır, ehtiraslı baxışları ilə onun könlünü alovlandırırdı. Özünü unudur, ətrafdan keçənlərə məhəl qoymadan qızı sinəsinə sıxır, nəfəsi kəsilincə oxşayırdı. Dodaqları gömgöy göyərir, boğazı, sinəsi qıpqırmızı olurdu.
– Boyy, məndə sifət qoymamısan ki!
Sumkasından balaca, dairəvi güzgüsünü çıxarıb baxır, əli ilə saçlarını qaydaya salır, dodaqlarını rəngləyir, boğazını sığallayırdı. – Bacım məni öldürəcək!
Bacısı ilə Yasamalda, 39 nömrəli avtobusun sonuncu dayanacağında, ATS-in yanında kirayədə qalırdılar. O, Volodarski adın fabrikdə işləyir, Politexnik institutunda axşam şöbəsində təhsil alırdı.
Qəbul kağızını almağı gözləyirdilər. Yenə görüşdən qayıdıb Şəhlanı ötürəndə dedi ki, səhər saat 12.00-da bizə gəl, bacım sənnən tanış olmaq istəyir. Razı olmadı. Ona elə gəldi ki, bacısı onu cinayətkar kimi imtahan edəcək, danlayacaq, deyəcək ki, siz hələ uşaqsınız, kənddən orta məktəbi bitirib təzəcə gəlmişsiniz, bu nə tələskənlik, görməmişlikdi. Hələ beş il oxumağınız var, oxuyun, institutu başa vurun, diplom alın, işləyin, sonra hə...
– Qorxdun? – Şəhla elə bil onun ürəyindən keçənləri duyurdu.
– Yox. Niyə qorxmalıyam ki?
– Ay sağ ol! Onda sabah gəl. Bacım işləyir, onun vaxtı az olur.
Səhərisi gün bir dəstə qərənfillə Şəhlagilin kirayə evinə yollandı. Çox utanır və həyəcan keçirirdi. Qapıları açıq idi. Buna baxmayaraq, dayandı, bir neçə dəfə qapını barmağı ilə taqqıldatdı. Şəhla onu gülərüzlə qarşıladı, içəri dəvət etdi. Ayaqqabılarını çıxarıb çölə qoydu, mətbəxin iyini udub otağa keçdi. Çarpayını qaydaya salan Şəhlanı tək gördü.
– Kirayə eviniz budu?
– Hə.
– Bəs bacın hanı?
– Onu işə çağırdılar. Bir rəfiqəsinin yerinə. İndi yaydı axı, çoxları məzuniyyətdədi.
Bir az ürəyi yerinə gəldi, ancaq nəsə qəribə bir narahatçılıq hiss edirdi. Pəncərələrin pərdələrinin örtülməsi, qapının bağlanması nəfəs almağını çətinləşdirir, tez-tez dərindən köks ötürürdü. Üstəlik Şəhlanın ev paltarında olması, əyninə geyindiyi çit xalatın üst düymələrinin ikisinin açıqlığı və qızın hələ yığılmamış çarpayıya uzanıb onu çağırması beynində şimşək kimi çaxdı. Bulvarda taxta skamyalarda gələnə-gedənə fikir vermədən öpüşmələri gözləri önündə canlandı. İndi onlara heç kim mane olmurdu – gözdən-könüldən uzaq bağlı bir otaq, çarpayı, divan, o və gözəl bir qız. Qız da intizarla onu gözləyir. İki addım məsafə və... Şəhla onu aldadıbmış, yalandan deyib ki, bacısı onunla tanış olmaq istəyir, halbuki onun işdə olacağını əla bilirmiş. Stuldan qalxıb onun əllərindən tutdu, ayağa qaldırdı, üzbəüz oturtdu və dedi ki, o, hələ evlənmək haqqında düşünmür, oxuyacaq, aspiranturaya girəcək, tənha anasının qayğısına qalacaq.
– Gəl kinoya gedək! – Onun bozarmış sifətindəki kədəri uzaqlaşdırmaq, könlünü almaq üçün belə dedi, qız istəmədi... Sağollaşmadan otaqdan çıxdı. Elə o çıxmaqla Şəhla dastanı da bitdi. Dərs ilinin ilk günü üz-üzə gəldilər, sanki bir-birlərini tanımırlarmış kimi yan keçdilər. İkinci kursda onu universitetdən xaric etdilər. Fasiləsiz olaraq dərslərdə iştirak etmədiyinə görə... Ondan yadigar bir şeiri qaldı. "Nə yaxşı vaxtında ayrılmışıq biz” şeiri. Bunu ona ithaf etmişdi. Təkcə bunumu? Yox! O, elə birinci kursdan Sabir adına kitabxanada təşkil olunan "Çeşmə” ədəbi dərnəyinin üzvü oldu, şeirlər yazmağa başladı. İlhamı coşub-daşdıqca dərnəkdə sevgiyə, dağlara, Vətənə həsr olunmuş şeirləri ilə dərnək üzvlərinin fəalına çevrildi. Dərnək rəhbəri, tanınmış şair, Respublika Lenin Komsomolu mükafatı laureatı Həsən Mədətin "Uğurlu yol”u ilə "Azərbaycan gəncləri” qəzetində iki şeiri dərc olundu. "Ulduz” jurnalı şəkli ilə şeirini çap elədi. Fakültədə "şair” ləqəbi qazandı. Ən fərəhli günü isə professor, xalq şairi Aslan Yusifzadənin təqdimatı ilə "Azərbaycan” jurnalında şeirləri çap olunanda oldu. Bütün bunlara görə o, həmişə Şəhlaya minnətdar idi! Çox qısa müddətdə tanışlıqları və ayrılığı onun ruhuna qol-qanad vermişdi. Onun alışıb yanan gözləri, baxışları, təbəssümü, qəhqəhələri, pərvanə kimi özünü oda atmaqdan qorxmamağı, nələri... nələri... etiraf edir ki, onun ən gözəl misraları axtarıb tapmağında əvəzsiz rol oynayırdı.


Heç bilmirdi ki, sanatoriyadakı otaqda qab-qaşıq olurmu, su qabını və stəkanları görmüşdü, elə göz qabağında – stolun üstündəydi. Soyuducunu, rəfləri axtardı, heç nə tapmadı, məcbur olub qatıq şüşəsini başına çəkdi. Camış qatığı yağlı və möhkəm idi, qaşıq əvəzinə barmaqlarını işə salmalı oldu. Demək olar ki, hamısını yedi, sonra şüşəyə su töküb çalxaladı, ancaq içmədi. Qatıq onu sakitləşdirmiş, içinə bir sərinlik hopdurmuşdu. Elə oturduğu yerdə papiros yandırdı. Günorta yeməyinə hələ bir az vaxt qalırdı, o qadını harda olsa tapacaq, əməlli-başlı söhbət edəcəkdi. Əməlli başlı! Utancaqlığın daşını atacaqdı. Bir şey deyilmiş. Elə ona görə də oğlu olmadı. Bir qızdan sonra... Nə yaxşı Rəvanə varmış! Bir Rəvanə də olsa, pismi olardı? Səfayətin şıltaqlıqlarının qarşısında aciz qaldı. Gecələr sol üzü üstə uzanıb arxasını ona çevirir, müxtəlif bəhanələr gətirirdi. Guya yorğundu, xəstədi, özünü yaxşı hiss etmir, təzyiqi var... Ya da axşamdan xoş əhval-ruhiyyənin içinə bir acı soğan soyub suyunu sıxırdı. Boş-boş söhbətlərdən hay-küy yaradır, işdən niyə gec gəldiyini, filankəsə niyə bu sözü dediyini dava-dalaşa gətirib çıxarır, bir həftə küsülü qalırdı. Günah özündə idi – ya qadını ilə düzgün münasibət qura bilmirdi, ya da arvadı psixi xəstəliyə tutulmuşdusa, vaxtında əncamını çəkməli, papirosu papirosa calayıb canına qəsd etməli deyildi.
Qatığı yeyəndən az sonra ayranı da başına çəkdi, duzsuz olsa da, sona kimi içdi və özündə bir az güc tapdı. O saat da özünü qınadı ki, "Turşsu” restoranında niyə çox içdi! Niyə? Bütün camaat onun adına məclisə toplaşıb, onun hər addımına, ağzından çıxan sözə fikir verir, o isə sağlıqlara zoğal arağını sonacan içir. Filankəsin sağlığına! Filankəs görüm heç sağ olmasın! Lap sağ olsun! Qədəhi əlinə götür, hamıya görk eləmək üçün ağzına apar, dodağına toxundur və qaytar yerinə qoy. Kimdi səndən hesabat istəyən? Görürsənmi, indi sağlığına içdiklərinin biri də yanında yoxdu, öz işində-gücündədi, sən isə əziyyət çəkirsən. Əmənullanın acığına qədəhi birbaşa hörtüldədirsən, heç onun xəbəri var? Çax-çuxunda, Kifayətin qulluğundadı.
Yenə alnına tər gəldi, yenə başında ağrı hiss etdi və ürək bulantısı artdı. Qatıq belədi də, dağıdıb məhv edir. İndi qusmaq olar! Qussa, rahat olar, canının ağrısı azalar. Durub hamama keçdi, ağzını tualetin dairəvi boşluğuna tutub öyüdü, bir damcı göy qatı su dodaqlarına yapışdı. Tüpürüb iki barmağını ağzına saldı, axır ki, çeynənmiş ət tikələri, göy-göyərti qırıntıları, ağ su qarışıq unitazın suyuna töküldü. Mədəsi boşalana kimi xeyli əziyyət çəkdi və özlüyündə bir də içməyəcəyinə söz verdi. Soyuq su ilə yuyunub çarpayısında oturdu, daha bahalı siqaret də gözündə çöp qədər qiymətsiz idi...


Günorta naharından otağa əzgin və ümidsiz qayıtdı. Çox da yeməmişdi, təkcə kələm supundan beş-altı qaşıq aldı, bir də yeməyin kotletinin yarısını çörəksiz yedi. Nəlbəkisiz qalın stəkanda çay içmək də ləzzət eləmədi. Stol yoldaşı Mirələm müəllim onun tez duracağını iştahsızlığından hiss etmişdi, ona görə sağollaşan kimi elədi. Həyat yoldaşı və qaynanası ilə müalicəyə gələn müəllim onunla tanışlığından sevinc duyduğunu və onu heç vaxt unutmayacağını bildirdi, şairi öz rayonlarına dəvət elədi.
– Kəndçi olmağımıza baxmayın. Allahın gözünə min şükür, hər şeyimiz var. Gəlsəniz şad olarıq!
Təşəkkürünü bildirdi, onlara şəfa diləyib sadə əmək adamlarını, ziyalıları çox sevdiyini, qürur duyduğunu çatdırdı, onu da dedi ki, onun anası da elə onlar kimi kənd adamıdı, mayası zəhmətnən yoğrulub və o, tez-tez anasına baş çəkməyə gedir.
Maraqlı bir ayrılıq səhnəsi alınmışdı, ancaq bu onun nigarançılığına sərinlik ələmədi. Yeməkxanaya gələndən gözü onu axtarırdı. Yolboyu gələndə də, girəcəkdə əl-üzünü yuyanda da, yemək zalına daxil olanda da, indi stol yoldaşları ilə ayrılanda da.
O, yox idi!
Bəlkə də oralarda, ətrafda idi, şair onu görməsə də, o, şairi görür, kölgə kimi izləyir, onun necə həyəcan keçirdiyinə gülə-gülə tamaşa edirdi? Nə desən olardı? İndi kimə bel bağlamaq olardı, o hakim qalmışdı cavan, gözəl bir xanıma. Özünü düzəldib şax addımlarla sanatoriyaya tərəf addımladı, arada ona salam verənlərin salamını aldı. Otağa qalxıb çarpayısına uzandı. Əzgin idi və yəqin ki, bu bir neçə gün davam edəcəkdi. Bugünkü vannası da qaldı. Ayrı müalicəsi də vardı. Eybi yox, bir günlə heç nə olmaz, xahiş edər bir dəfə vannaları dalbadal qəbul edər.
Qadınla görüşməyin bircə yolu qalırdı ki, o əşyalarının arasında kitablarından birini götürür, əvvəlinə ürək sözlərini yazıb ona verir. Burda qeyri-adi heç nə yoxdur, bircə əmma var ki, üst mərtəbədə onu görənlər nə deyər? Nə deyəcək? Kimin nəyinə gərəkdi? Qoy getsin hərə öz işinnən məşğul olsun. Qadını gözləri önünə gətirib gözəlliyi ilə ürək dolusu köks ötürdü, sonra ona nə yazacağını fikirləşdi. O sözlərdən hər şey asılı olacaqdı. O cümlə, o sözlər onun taleyini həll edəcək, özünü o xanıma sevdirəcək, ya da hər şeyə nöqtə qoyulacaqdı.
O, özünü unutmuşdu, indi o qadından savayı heç nə haqqında düşünmürdü. O qadın onun bəxt ulduzu idi. Tale onu gör harda qismətinə çıxarmışdı? Özü də nə vaxt? Yaş ötüb, ailə sahibidi, arvadı-uşağı var. Özü də sıradan bir adam deyil, respublikada, onun hüdudlarından kənarda tanınır, alimdi, Dövlət mükafatı laureatıdı, şairdi... O, bunların heç birini eyninə almırdı. Həyatda, elə indi onun üçün dünyada yeganə bir adam – adını bilmədiyi o qadın vardı. Özü öz ayağı ilə gəlmişdi? Yox, bu ilahinin töhfəsi, onun gec də olsa qisməti idi. İndi o sadə bir kənd uşağı idi. Yetim! Bircə anası vardı və sevirdi. Bu onun ilk məhəbbəti idi. İlk məhəbbəti! Bəlkə elə yazsın ki, "İlk məhəbbətimə məhəbbət arzuları ilə!”. Xoşuna gəlmədi. Sonra "Dünyanın ən gözəl xanımına” müəllifdən kiçik xatirə cümləsini beynində oyan-bu yana fırlatdı. Pis deyildi, ancaq onun ürəyincə olan sözləri axtarıb tapmaq lazım idi. İndiyəcən şair çoxlu sayda avtoqraflar yazmışdı, elə olmuşdu ki, bir görüşdə – yalan olmasın otuza-qırxa yaxın – hamısını düşünüb eləmədən elə yazmışdı ki, özünün də ürəyincə olmuşdu, ancaq indi heç kimin mane olmadığı otaqda ha fikirləşsə də, sevdiyi insan üçün iki kəlməni arayıb ərsəyə gətirə bilmirdi.
Qapının döyülməsindən səksəndi, heç nə soruşmadan qapını açdı. Xadimə idi, ancaq ona qatıq gətirən deyildi, başqasıydı.
– Ağları dəyişmək istəyirəm.
"– Xadimələr də polislər kimi hamısı kök olurlarmış. Görəsən niyə? Bəlkə hər gün istəməsələr də neçə dəfə əyilib qalxırlar, ona görə? İdman”.
– Hələ çirklənməyib, sonra dəyişərsiniz. Otaq da təmizdir.
– Necə məsləhət bilirsiniz, elə də olsun.
Qapını örtüb eyvanda papirosunu yandırdı, qarşıdakı dağlara, boy-boya verən zirvələrə boylandı. Yollar qayaların sinəsi boyu uzanırdı. Ensiz, dar yollar! Buralarda sən deyən elə çox maşınlar da gözə görünmür. Maraqlı idi: görəsən bu dağ yollarında iki maşın üz-üzə gəlsəydi, axırı necə olardı?
– Sevgilərimlə! – Deyəsən tapdı. Əlavə bir sözə heç ehtiyac qalmırdı, bu sözü yazıb sonuna bir nida işarəsi qoyur, imzalayır, ayın da tarixini qeyd edirəm. Vəssalam! Qorxdu ki, söz yadından çıxar, elə stolun arxasına keçib kitabın ilk vərəqini açıb yazdı, yazdığına bir də baxıb örtdü. Üstündən sanki ağır yük götürüldü.
Həm xətti, həm də söz xoşuna gəldi. İndi getmək zamanı idi. Qapının ağzında dayandı, elə bil kitabdan utanırdı. Onu harda gizlətsin ki, kimsə görməsin. Məcbur olub kostyumunu əyninə keçirdi və kitabı zorla da olsa qoltuq cibinə qoydu, inamsız addımlarla addımladı. Koridordakı divanda iki qadın oturmuşdu, onu görən kimi söhbətlərini kəsdilər və ona diqqətlə baxdılar. Başını yüngülcə tərpətdi.
– Şairdi! – Qadının biri o birinə tanışlıq işarəsi verdi. Pilləkənləri qalxıb dayandı, səs-küyə qulaq kəsildi. Tibb bacısı hansısa dərman şüşəsini və boş iynə şprisini qaçaraq aparırdı. Qız tələsirdi və soruşsa da cavab almayacağını düşündü. Otaqlardan sakinlər də çölə çıxmışdılar.
– O otaqda kök bir qadın var – eynəkli kişi ona baxıb danışırdı – ikinci dəfədi bu vəziyyətə düşür. Pul olmaqla deyil ha! Gərək buraya gələndə həkim rəyi alasan ki, sənə düşür, ya düşmür. Həm təzyiqi var, həm də şəkəri. Yazıq həkimlər neyləsinlər? Düşmür dana sənə bu sanatoriya. Məcbur deyil ha!
– Vəziyyəti pisdir?
Eynəkli kişi şairi tanıyan, özü də çoxbilmiş idi deyəsən.
– Pis də sözdür? Baş həkim, o biriləri də burdadı. Əri deyəsən böyük adamdı. Bura onsuz da yüksəklikdi. Müalicə də ağır. Mən bir dəfə Naftalana getmişdim, elə birinci gün həkimlər dedilər ki, sənə bu vannalar pis təsir edəcək. Sakitcənə veş-vüşümü yığıb qayıtdım. Hələ keçən dəfə həkimə dedim ki, bunu evə qaytarın, sizə çox əziyyət verəcək.
Qarışıqlıq idi, kitabın yeri deyildi, pillələri düşüb həyətə çıxdı, dördkünc daşların döşəndiyi, taxta oturacaqlı istirahət yerini ötüb hay-küylə nərd oynayanlara fikir vermədən meşəliyə üz tutdu. Bura səhərlər, günortaüstü adamla dolu olurdu, həm yüngül qaçış üçün, həm də təmiz meşə havası üçün gözəl yer idi. Hər yan yaşıllıqla əhatə olunmuşdu. Meşə hələ ki, yaşıllığını özündə qoruyub saxlayan dağların başında kəkilə bənzəyirdi. Misralar onun beynində mirvari kimi çapa düzülürdü. İçkinin təsiri hələ bir-iki gün keçməyəcəkdi, ancaq başı açılmışdı, özünü rahat hiss edirdi.
Keçən il Səfayətlə bir gəlmişdi, buranı hər ikisinə yerlisi professor Həsən Qədimov məsləhət görmüşdü. Yaxşı təsirini də hiss etdilər, ancaq Səfayət buraları heç bəyənmirdi, deyirdi ki, çox cansıxıcıdır, hər tərəf dağ-daş, adam darıxır. Zalım qızında bir həvəs, həyat, yaşamaq eşqi yox idi. Eləcə günləri sayırdı ki, vaxtları nə vaxt bitəcək. Elə bil Bakının cırhacır istisində tərləyə-tərləyə, ağcaqanad yeyə-yeyə qalmaq çox yaxşıymış. Bu il də iki putyovka sifariş vermişdi, ancaq gəlmədi. Özü bilər.
Ağacların arasından sanatoriyanın giriş qapısı görünürdü. Təcili yardım maşını, iki dənə "NİVA” maşını hələ də orada idi. Görünür kök xanımın işləri müşküldü, təzyiqi hələ düşməyib. Onu tanımasa da, ürəyindən bir gizilti keçdi.


Yay olsa da, bu yerlərin axşamı sərin olur. Bunu yaxşı bildiyindən özü ilə isti paltarlar gətirmişdi. Axşam yatanda qalın yorğana bürünürdü. Bu sanatoriyada müalicənin yeganə qorxusu vardı: özünü soyuğa verməmək. Gecə də, gündüz də gərək özünü qoruyaydın. İdman formasında stolüstü lampanın işığında işləyirdi. Qapının səsinə eynəyini gözündən çıxardı. Gələn o qadın idi! Bəs qapını necə açmışdı? Yadına sala bilmədi ki, özü açıq qoyubmuş. Bu dəfə fərqli bir dəbdə idi: cins şalvar-kostyum, mavi rəngli, ağa çalan köynək, ağ idman ayaqqabısı ilə qarşısında dayandı. Deyəsən saçlarına da əl gəzdirmişdi.
– Olarmı?
– Niyə olmur? – Təbəssümlə ona yer göstərdi.
– Deyəsən, mane oldum, işləyirdiniz?
– Qətiyyən! İşləməyinə işləyirdim.
– Özünüzü necə hiss edirsiniz?
– Babət. Şükür, indi yaxşıyam. Sizin göndərdiyiniz çox karıma gəldi.
– Bir şey deyil.
– Hardan bildiniz?
– O sirdir.
– Siz necəsiniz? Necə müalicə olursunuz? Açığı, heç adınızı da bilmirəm. Dedim özünüzdən soruşaram.
– Mənə kitab yazmamısınız?
– Elə şeymi olar? Yazıb hazır qoymuşam.
– Bəs adımı nə yazmısınız?
Kitabı götürüb ona uzatdı, qadın qənirsiz gözəlliyi ilə elə bil hansısa qiymətli bəxşeyişi aldı, açdı, oxudu, sevincdən sifəti günəş kimi parladı. Açıb bir də yazıya baxdı, sonra gözləmədiyi halda ona yaxınlaşıb üzünü üzünə söykədi.
– Çox sağ olun! – Bu nəfəs ona tanış gəlirdi, bu qoxunu üz-gözündə hiss edirdi. Qadının qəfil mehribanlığı isə bədənini titrədirdi. Dil-dodağı söz tutmurdu. Qadın bu hərəkəti ilə onun düşüncələrini mat etmişdi.
– Bu oxucu məhəbbətidi. Heç sizi öpən olmayıb?
– Nə bilim. Vallah, bəlkə də! Ən çox gül verirlər.
– Burda gülü hardan tapasan? Gül də pis deyil. İntəhası, gərək gözəl dəstə olsun. Lap gözəl!
– Canlı gül daha yaxşı deyilmi?
Üzünə təbəssüm qondu, sözlər xoşuna gəlmişdi, onunla söhbətdən fərəhlənir və getdikcə sərbəst olurdu.
– Düz deyirlər ki, şairlər gecələr yazırlar?
– Gecələr də yazırlar, gündüzlər də yazırlar, ancaq gecələr tam sakitlik olur deyə bu vaxtı onlar işləməyi üstün tuturlar. Cüzi bir səs onu fikrindən yayındıra bilər. Təbin gəlib yazanda gözlərinə heç nə görünmür, dünyadan təcrid olursan.
– Onda siz gecələr yatmırsınız?
– Niyə yatmırıq? Yatırıq. Hər gün, hər gecə şeir yazmaq olmur ha. Bir də görürsən bir aya cəmi bir şeir yazırsan. Bəzən də elə olur ki, bir günə bir neçəsini yaza bilirsən. Şeir duyğudu, fikirdi, bəzən işdə, yolla gedəndə, yemək yeyəndə, şirin yuxuda beyninə fikirlər gəlir, onları misra-misra, söz-söz düzür – qoşur, şeirin tələblərinə uyğunlaşdırırsan.
– Adama lap qəribə gəlir, amma maraqlıdır, şairin şeirini oxuyursan, ya qulaq asırsan, baxıb görürsən ki, sən də o sözləri bilirsən. Şeir yazmağa nə var ki? Sən də şeir yaza bilərsən. Sizin şeiriniz var ey, "Gözlərimin işığı sənsən”. Mənim nənəm bizə həmişə gözümün işığı deyirdi.
– Şairin böyüklü