adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Aprel 2019 17:22
32000
MARAQLI
A- A+

ODRİ HEPBERN

Ötən əsrin 60-ci illərindən bu günə kimi sevilən amerikalı kinoulduz Odri Hepbern XX əsrdə dünyanın 10 ən gözəl aktrisası sırasında yer alıb. Təəccüblü görünsə də, post sovet məkanının kinosevərləri onun yaradıcılığı ilə xronoloji baxımdan gec tanış olublar. Odri (əsl adı və soyadı Edda van Xemstra Hepbern) 1929-cu il mayın 4-də Brüsseldə anadan olub. Sonra valideynləri ilə birlikdə Londona köçüb. Özünü teatra həsr etmək arzusu ilə yaşayan gənc Odri balet məktəbində təhsil alıb. Xepbernin kinofilmə ilk çəkilişi 1950-ci ildə Londonda «Cənnətdə gülüş» filmində olub. Londonun teatr səhnəsində çıxış edən gənc balerinanı rejissor Mario Dzampo kino üçün kəşf edir və onu adıçəkilən filmdə epizodik rola çəkir. Bu film yalnız 1963-cü ildə keçmiş Sovet İttifaqında nümayiş olunub.


Balerina olmağı arzulayan qız kinoulduz oldu

"Cənnətdə gülüş” filmində ofisiant qızın rolunu oynayan gülərüzlü, incəbədənli Odri daha sonra bir-birinin ardınca dörd filmdə yalnız epizodik rollara çəkilir. Belə olan halda, o, Nyu Yorka getməyi qərara alır və Brodveydəki musiqili teatrlarda çıxış edir. Odrinin oyununu izləyən kinorejissor Uilyam Uayler onu "Roma tətilləri” filmində baş rola çəkilməyə dəvət edir. Filmdə sadəlövh şahzadə rolunu oynayan Odri Hepbern obrazının çox uğurlu traktovkasını tapa bilmişdi. "Roma tətilləri” ekranlara çıxandan sonra Hepbern populyar aktrisa kimi şöhrət qazanır. O zaman amerikalı kinotənqidçilər yazırdılar ki, Odrinin yumor dolu məharətli ifası olmasaydı, «Roma tətilləri» filmi orta səviyyəli, uzun və sentimental kinolent olacaq. Həqiqətən, film çox bayağı və tipik Hollivudsayağı süjetdən ibarət idi. Filmin süjeti «Min bir gecə» motivinin əksini xatırladırdı. Amma burda Bağdad əvəzinə müasir Roma, xəlifə əvəzinə isə şahzadə təsvirə gəlir. Bütün hadisələr ənənəvi xeyrxah sonluqla bitir: gözəlliyi və cazibədarlığı ilə jurnalist və fotoqrafçının ürəyini və ağlını ovsunlayan şahzadə - Odri Hepbern onun haqqında reportaj hazırlayanları bu işdən vaz keçməyə məcbur edir. Bəs necə olur ki, hər hansı bir kinoteatr və ya klubda yüksək dərəcəsi olmayan «Roma tətilləri» filmi nümayiş olunarkən, tamaşaçı qiymətli vaxtını sərf edərək, dönə-dönə ona baxır? Bunun müvəffəqiyyəti daha çox Odri Xepbernin aktyorluq məharəti və məftunedici ifası ilə bağlıdır. Bir də ki, filmin baxımlı olmasında Odrinin tərəf-müqabili məşhur aktyor Qreqori Pekin də ustalıqla oynadığı jurnalist rolunu qeyd etmək vacibdir.

Bir fransız jurnalisti amerikalı aktrisa barədə belə yazmışdı: «Hepbern bir diapazona malik aktrisadır. O, yalnız özünün şəxsi, fərdi simasını göstərməyə qadirdir. Bir sözlə, Odri başqa şəklə düşmək, yeni formada olmaq istedadına malik deyil». Lakin bir diapazonda olmaq, heç də bir-birinə bənzər rollar oynamaq demək deyil. «Roma tətilləri»ndə gənc şahzadənin surətini ifa edən aktrisa, «Hərb və sülh»dəki Nataşa Rostovada tamam fərqli, orijinal obraz yaratmışdı. Şahzadə qızın obrazında bolluca yumor, səmimilik, insan qəlbini duyğulandıran hərəkətlər, təəccüblü jestlər, gizli bir xeyrxahlıq və ürək saflığı var. Əgər ardıcıl olaraq şahzadə - (Odri) - Nataşa Rostovaya baxsaq, onlarda heç bir oxşarlıq görə bilmərik. Əksinə, bir-birindən fərqli, olduqca canlı və poetik versiyada oynanılmış həyat tipajlarını görərək. Məhz «Roma tətilləri»ndəki gözəl ifaya görə Odri Hepbern 1953-cü ildə Amerika Kino Akademiyasının «Oskar» mükafatına layiq görülmüşdü. Hepbernin sonrakı filmlərdə də maraqlı və yaddaqalan rollara çəkilməsi aktrisanın yüksək mükafata layiq olduğunu bir daha sübut etdi. O, 1954-cü ildə rejissor Bill Uaydlerin «Sabrina» komediyasında baş rola çəkilir. Ardınca «Günortadan sonra məhəbbət» (1957), «Tiffaninin evində səhər yeməyi» (1961), «Bilməcə» (1963) detektivində, «Məzəli qəşəng uşaq» (1957) və «Mənim gözəl ledim» (1964) müzikllərində müxtəlif səpkili rollar oynayıb.

Odri Hepbernin dramatik imkanları L.N.Tolstoyun «Hərb və sülh» romanının ekran variantında (1956, rej. K.Vidor) oynadığı Nataşa Rostova rolunda özünü parlaq şəkildə biruzə verib. Bundan əlavə amerikalı kinoulduz «Rahibənin həyatı ilə bağlı əhvalat» (film 1958-ci ildə San-Sabastyan beynəlxalq kinofestivalında mükafat alıb), «Uşaq saatı» (1962), «Qaranlığa kimi gözlə» (1967) filmlərə də çəkilib.

Odri Hepbernin ifasındakı Nataşa Rostova haqqında geniş yazmaq olar. Lakin aktrisanın oyunundakı bəzi məqamları qısaca xatırlamaq lazımdır. İlk dəfə rəqs etmək üçün bala gələn Nataşa həsrətlə öz partyorunu gözləyir. Onun titrək baxışlarında həyəcan, qorxu, və kədər hiss olunur. Aktrisanın sifət cizgilərində faciə görsənir. Tamaşaçı hətta onun ürək çırpıntılarını, qəlbinin dərnliyində bəslədiyi ümidləri hiss edir. Gənc qız üçün birinci bal sanki dünyanın bütün fəlakəti və sevincidir...

Nataşa Rostova rolunun digər ifaçıları da olub, yəqin bundan sonra da olacaq. Ancaq cəsarətlə, demək olar ki, Odri Hepbernin oynadığı arıq və gözəl qız daha çox seviləcək və yadda qalacaq.

Dünya şöhrəti qazanmış aktrisanın yaradıcılığında müəyyən müddət fasilə yarandıqdan sonra o, İngiltərəyə qayıdır və orada bir filmə çəkilir. Ardınca «Robin Qudun qayıtması» (1976), «Onlar hamı gülürdü» (1981), «Lavener - Hilldən olan banda» (1982) və «Milyonu necə oğurlamaq» (1983) adlı ekran əsərlərində də müxtəlif rollar oynayıb.

Məharətli ifası ilə milyonların sevgi və məhəbbətini qazanan Odri Hepbern kino ulduzu olmaqla bərabər, həm də nəcib insan və xeyirxah əməllər sahibi olub. O, ağır xəstə ikən vəsiyyət etmişdi ki, ölümündən sonra bütün əmlakını və ona məxsus olan nə varsa, hamısını auksionda satıb, əldə olunan vəsaiti xərçəng xəstəliyindən əziyyət çəkənlərin müalicə fonduna keçirsinlər.

O.Hepbern 1993-cü ildə 64 yaşında ağır xəstəlikdən sonra dünyadan köçdü.


Həsən Tağıyev