adalet.az header logo
  • Bakı 13°C
25 Aprel 2019 14:53
17582
İDMAN
A- A+

ANATOLI BANİŞEVSKININ VİDA MATÇI

Dünya futbolunun bu əfsanəsi yaşıl meydanda sonuncu dəfə dəri topla bizim Şabran şəhər stadionunda toxundu...

...Onda 1996-cı ilin güllü-çiçəkli bir yaz günü, may ayının əvvəlləri idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli liderimiz Heydər Əliyevin gərgin səyi, qüvvəsi ilə respublikamızın müstəqilliyinin, dövlətçiliyimizin möhkəmlən­diril­məsində mühüm addımlar atılırdı. Müdrik rəhbərin göstərişi ilə xalqda, vətəndaşlarımızda sabaha inamın, ümidin yaranması naminə bölgələrdə müxtəlif mədəni-kütləvi tədbirlərin təşkil edilməsinə xüsusi önəm verilirdi. Elə bu tədbirlərdən biri kimi Şabranda (keçmiş Dəvəçi) da, şəhər stadionunda mahnı və idman bayramı keçirilirdi. O zaman mən ölkədə yeganə televiziya kanalının - AzTV-nin nüfuzlu "Xəbərlər” proqramının xüsusi müxbiri idim və təbii ki, belə bir möhtəşəm tədbiri tamaşaçılara çatdırmalıydıq.

O tədbirə Bakıdan çox mötəbər, tanınmış, adlı-sanlı qonaqlar dəvət olunmuşdu. Ancaq qətiyyətlə deyərdim ki, bu bayramın ən yadda qalan epizodlarından biri bizim Şabran rayonunun veteran futbolçuları ilə "Neftçi”nin veteranları arasında keçirilən futbol matçı oldu.

O zaman Şabranda rayon prokuroru işləyən və respublika mini futbol federasiyasına başçılıq edən Habil Qurbanovun, bir zaman SSRİ çempionatlarında iştirak edən komandaların heyətində oynamış Adil Ağayevin (milli komandamızın qapıçısı Kamran Ağayevin atası), Əsgər Talıbovun və digər yerli futbolçuların Şabranın şərəfini qoruduğu komandanın rəqibi "Neftçi”nin heyətində isə bəs kimlər yaşıl meydana çıxmamışdı?..

Futbolun canlı əfsanələri – Ələkbər Məmmədov, Sergey Kromarenko, Vasili Bruxti, Vyaçeslav Semiqlazov, Adil və Yaşar Babayev qardaşları, Əli Rəhmanov... və... Anatoli Banişevski...

Yaşıl meydanda Banişevskini görən tamaşaçıların – azarkeşlərin alqışlarından qulaq tutulurdu və o alqışlar altında futbolçular beynəlxalq dərəcəli hakimin oyuna başlamaq üçün verdiyi fitin səsini, əlbəttə, eşidə bilməzdilər.

Bəlkə də o gün stadiondakı yaşlı nəsildən olanlar gözlərinə inana bilmirdilər ki, bir vaxt "Marakana”, "Uembli” kimi dünyanın məşhur futbol meydançalarında top qovan sevimli "Tolya” indi onların gözləri qarşısında əyalət stadionunda yaşıl meydana çıxıb.

Tamaşaçıların göz yaşları içində topa ilk zərbə ilə toxunan Anatoli Banişevskini "Neftçi”nin məşqçiləri tez əvəz etdilər. Tamaçaşılar artıq başlanan oyuna yox, əvəzlənib meydançanı tərk edən öz sevimli futbolçularına ayrılığın nisgili ilə baxır, sürəkli alqışlarla yola salırdılar. Bu oyundan sonra Anatoli bir daha yaşıl meydanlarda görünmədi. Bir il sonra, 1997-ci ilin dekabrında dünyasını dəyişdi.

Banişevskilər iki-üç əsr bundan qabaq Polşadan Ukraynaya, oradan isə bir parça çörək ardınca neft Bakısına gəlmişdilər. Anatoli Bakıda doğulub boya-başa çatmışdı.

Tarifdən məlum olduğu kimi, hələ Cümhuriyyətimizdən bəri polyak tatarları sədaqətlə Azərbaycana xidmət ediblər. Heç bir araşdırma aparmadan deyirəm ki, bizim Tolya da elə polyak tatarlarından idi.

Yaxşı xatırlayıram, dəli-dolu vaxtlarım, ötən əsrin 70-ci illərinin ortaları idi. O vaxt "Neftçi” güclülər dəstəsini tərk etmişdi. Gennadi Bondarenko komandanın yeni baş məşqçisi, Anatoli Banişevski isə oynayan-məşqçi idi. Birinci dövrənin başa çatmasının axırına iki tur qalırdı və "Neftçi” də 1-ci dəstədə lider idi. "Neftçi” Şimali Osetiyanın paytaxtında, Vladiqafqazda yerli "Spartak”la oynayırdı. Orasını da qeyd edim ki, "Spartak”ın baş məşqçisi "Neftçi”nin sabiq hücumçusu Kazbek Tuayev idi. "Neftçi” o matça qədər hələ ki, məğlub olmamışdı. Və o vaxt doğma komandanın sadiq azarkeşləri kimi yaxın bir şəhərdə keçirilən oyunda doğma komandamızı dəstəkləməyə getmişdik. 20-25 nəfər olardıq.

İş belə gətirdi ki, "Neftçi”nin ehtiyat heyətinin, məşqçilər korpusunun yaşıl meydanın qırağındakı yerləşdiyi yerə yaxın bir tribunada oturası olduq.

Birinci hissədə hesab açılmadı, ikinci hissədə meydan sahibləri təzyiqi artırıb "Neftçi”ni sıxışdıranda biz azarkeşlər qeyri-ixtiyari ayağa qalxıb "Tolya,Tolya” deyə qışqıraraq baş məşqçidən Anatoli Banişevskini meydana buraxmasını az qala tələb etdik. Tolya ayağa qalxıb üzünü biz həmyerlilərinə tərəf çevirib baş əyərək təşəkkür etdi.

Yerli komandanın güclənən təzyiqini görən, Azərbaycandan gələn azarkeşlərin hələ də "Tolya, Tolya” hayqırtısını eşidən baş məşqçi yanında əyləşən Banişevskiyə nəsə dedi və Banişevski də elə məşqçilər korpusunda ayağa qalxıb, üst geyimini çıxartdı. Bəli, baş məşqçi Tolyanı meydana buraxırdı. Və kiçik bir sektorda əyləşən biz qonaq azarkeşlərin - yerli azarkeşlər bizim qonaq olduğumuzu artıq bilirdilər – ayağa durub "Tolya, Tolya” deyə vəcdlə səs-səsə verdiyini görən "Spartak”ın azarkeşləri də qeyri-ixtiyari ayağa durub əfsanəvi futbolçunu – rəqib komandanın meydana daxil olan oyunçusunu alqışlamağa başladılar.

Və həmin il "Neftçi” güclülər dəstəsinə qayıtdı.

Anatoli Banişevskinin rəqib komandanın qapısından keçirtdiyi qolların çoxu hələ də az qala gözlərim qarşısındadır. Onların bəzilərini arabir köhnə kino-xronikalarda da nümayiş etdirirlər. Ancaq o qollardan birini elə bil bizim Tolya sanki "Neftçi”nin dünən oynadığı bir matçda vurmuş kimi yadımdadır və o qol sevincini mən hələ də yaşayıram.

...Səhv etmirəmsə, ötən əsrin 60-cı illərinin axırları idi. "Neftçi” öz əzəli rəqibi "Ararat”la İrəvanda görüşürdü. Hakimin fitindən sonra meydanın mərkəzində topa ilk toxunuşdan sonra bizimkilər topu ələ keçirib irəli atıldılar, hücuma necə keçdisə, erməni müdafiəçilər məcbur olub öz cərimə meydançalarında topu qapı xəttindən kənara çıxartdılar. Küncdən zərbə! Və sevimli Tolyanın dəqiq baş zərbəsi ilə top rəqib komandanın qapısının torunu titrətdi. Qol! Oyunun ikinci dəqiqəsi... Stadionda yerlərində donub qalmış "Ararat”ın məyus, həm də qəzəbli azarkeşləri...

Tolyanın rəqib qapılara vurduğu hər qoldan sonra uzun qollarını şəstlə yelləyə-yelləyə qalib bir əsgər kimi meydanın mərkəzinə gəlməsinin özü də elə bir tamaşa idi.

Qeyrətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində Xankəndində dünyanın bu əfsanəvi futbolçusunun xatirəsinə həsr olunmuş futbol turniri keçirərik, inşallah! Tolyanın da ruhu şad olar. Bəlkə onda havasını udub suyunu içdiyi, çörəyini yediyi torpağa, "Neftçi”yə etibarsız çıxmış Eduard Markarovun, Mirzoyan qardaşlarının, Vitali Şevçenkonun, Yuri Romanskinin yatmış vicdanları diksinər.