adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İçəri şəhər, onu deyirdim axı - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
66082 | 2019-04-26 10:04

İçəri şəhər, səndən bir yazı yazacam. İstəyirəm ona kimi, bunu sənə deyim, təsəllin olsun...

Bilmirəm, xəbərin vardımı, bir vaxtlar Bakıda "Bayraq meydanı" deyilən bir meydan və orda dünyanın ən uca Bayrağı vardı. Bilmirəm yadındadırmı, 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr idi..

Qurğunun ümumi kütləsi 220 ton idi. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram idi.

O boyda Ginnes öz rekordlar kitabında 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdi hətta... Nə qədər xoşbəxt idik... Dünyanın ən böyük Bayrağı bizim idi...

İndi bütün bunlar quru rəqəm oldu, İçəri şəhər. Qupquru bir rəqəm. Nə büdcədən ayrılanı, nə əlavə ediləni demirəm ki heç...

Yoxdur, bu gün o Meydan, İçəri şəhər. Yoxdur. Eləcə quru adı var.

O vaxt da ərazinin uyğunsuz olduğunu yazanları, "olmaz, ərazi təhlükəlidir" deyənləri "uğurlu işimizə kölgə salıb özlərini reklam etmək istəyən adamlar" deyə susdurdular, linç etdilər, borclu çıxardılar.


Yekə-yekə saytlar da, televiziyalar da getdilər ərazini çəkdilər, "mütəxəssis" rəyləri ilə səhifələrini, efirlərini bəzədilər. Haqlını haqsız çıxardılar.. Açılışında acıq verən də oldu hələ...

İndi o Meydan çoxdan tarix olub, İçəri şəhər. Sən bəlkə də bunu bilirsən, bəlkə də bilmirsən.

Bu gün də İçəri şəhər adlı tarixi bir ərazimizi böyük bir kababxana-qutabxanaya çevirib xımır-xımır pul qazananlar, meydanı ələ alıblar.


Sözçüləri elə Bayraq meydanı harayı salanlara deyənlərlə eyni şeyi deyirlər. Biri deyir, "səhər yeməyi yeyəndə yadına Qala divarları düşməyənlər indi Qala davası deyib özlərini piyar edirlər", o biri deyir "uğulu işimizə kölgə salıb özlərini ağıllı göstərirlər".

Təsəvvür edirsənmi, İçəri şəhər, sənin dağılmış, sökülmüş, məhv olmuş divarlarının şəkillərinə çox amiranə bir şəkildə "onlar bu gün yoxdur!!! 2012-nin şəkilləridir!!! "-deyib bizi borclu çıxarırlar.

Hesab edirlər ki, millətin ağlı kəsmir ki, 2012-də dağıtdıqlarının yerinə istədiklərini tikib, qazanırlar özləri üçün... Anlamırlar ki, millətin dərdi "niyə qazanırsınız? " dərdi deyil...

Havadarları da qoşulub onlara milləti "qaşınmayan yerdə qan çıxarmaqda" ittiham edirlər, ağızlarına nə gəldi deyirlər. Kimin dediyi xoşlarına gəlməsə, yazdığını silib adını bloka atırlar.


Eynən sənin divarlarını bloka atdıqları kimi.

Başını ağrıtmayım, İçəri şəhər, onu deyirdim axı - o Bayraq meydanı bu gün yoxdur. Səndən də yazırlar, eynən Bayraq meydanından yazdıqları kimi. Xəbərin olsun...

Mən də nəsə yazacam. Qoy toparlanım....


TƏQVİM / ARXİV