Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “Müharibənin qanlı kölgəsi” - Vaqif Yusifli yazır Adalet.az | “Müharibənin qanlı kölgəsi” - Vaqif Yusifli yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“Müharibənin qanlı kölgəsi” - Vaqif Yusifli yazır

2110    |   2019-04-24 16:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yazıçı-publisist Vahid Məhərrəmov Qarabağ müharibəsindən söz açan ilk romanını oxuculara təqdim edib. Bu da təsadüfi deyil – Vahid Məhərrəmov keçən əsrin 90-cı illərindən - jurnalistik fəaliyyətinə başladığı ilk günlərdən bu mövzuda saysız-hesabsız məqalələr, oçerklər, hekayələr, povestlər qələmə alıb, demək olar ki, əksər mətbuat orqanlarında biz onun Qarabağ harayını eşitmişik. O, müharibəni kənardan, yalnız bir müşahidəçi kimi seyr etməyib, özü ordu sıralarında – döyüşlərdə iştirak edib, sonralar isə hərbi müxbir kimi fəaliyyətini davam etdirib. Üç il əvvəl 2016-cı ildə hərbi xidmərdən təqaüdə çıxsa da, yenə qələmini dincə qoymur, yenə şəxsən gördüyü, şahidi olduğu hadisələrdən; döyüşlərdən, bu döyüşlərdə qəhrəmanlıq-igidlik göstərən yurddaşlarımızdan, şəhid olan əsgərlərimizdən, onların mənəvi dünyasından yazır. Təkcə canlı müharibənin özü deyil, müharibədən sonrakı hadisələri də qələmə alır. Bu müharibə insanların psixologiyasında, yaşayış tərzində necə izlər buraxıb – bunlar da Vahid Məhərrəmovu düşündürən məsələlərdir.

"Müharibənin qanlı kölgəsi” romanını Vahid Məhərrəmovun bu mövzuda yazdığı bütün əsərlərin məntiqi yekunu hesab etmək olar. Roman öz strukturu etibarilə çoxşaxəlidir, xeyli personajlarla qarşılaşırıq, süjet xətti əsərdə təsvir edilən hadisələri, insan obrazlarını bir məhvər ətrafinda toplaya bilir. Təbii ki, müharibədən söz açan hər bir əsərdə dolğun xarakterlər, insan obrazları əsas yer tutur – bu obrazlar real və inandırıcı təsir bağışlamalıdırlar. Onların keçdiyi həyat yolu (həm müharibəyə qədər, həm də müharibə şəraitində) elə təsvir olunmalıdır ki, səni də inandırsın, süni və qurama təsir bağışlamasın. Bu baxımdan gəlin, əsas qəhrəmanların obrazlarına diqqət yetirək. Roman adi bir insanın – Fikrətin isti bir havada – Xəzərin sahilində düşüncələrə dalması ilə başlayır. O, özünü xoşbəxt hesab edir, çünki Moskvaya, kursa göndəriləcək. Amma bu xoşbəxtlik uzun sürmür, məlum olur ki, sənədlərini yığdığı qovluq itib. "Arzularının çiçək açdığı bir vaxtda” hər şey alt-üst olub. Sənədlərinin itməsi ona çox pis təsir etmişdir. Bir az əvvəl xəyalən yaşadığı işıqlı dünyası sanki indi zülmətə qərq olmuşdu, sevincini əlindən almış bu hadisə ilə barışmaq istəmirdi, amma nə etmək, o, yaşamalı, gerçək həyatda öz yerini tapmalıdır. Fikrət kəndçi Qüdrətlə qarşılaşır və Qüdrət ona məsləhət görür ki, işlədiyi neftçıxarma idarəsinə gəlsin, orada fəhlə çatışmır. Beləliklə, Fikrətin həyatında yeni bir dönəm başlanır. Müəllif öz qəhrəmanını həyatın sərt burulğanından keçirir, onu çətinliklərlə üzləşdirir, tezliklə Fikrət bu həyata alışır, müəllif həm də onun xarakterindəki təmizliyi, saflığı, işə peşəsinə məsuliyyət hissini xüsusilə nəzərə çarpdırır. Bu elə bir dövr idi ki, ermənilərin Azərbaycan torpaqlarına iddialara başlanmışdı, radioda, televiziyada, mətbuatda, küçələrdə Qarabağ hadisələrindən çox danışılırdı. Təbii ki, bir azərbaycanlı, öz millətini, xalqını sevən bir insan kimi bu hadisələr Fikrətə təsirsiz qalmazdı. O, Azadlıq meydanındakı mitinqlərdə iştirak edir, xalqın coşub-daşan etirazlarına qoşulur, beləliklə, onun milli şüuru, hadisələrə aydın baxışı formalaşır. Bundan sonra müəllif ikinci bir qəhrəmandan – tibb bacısı Məleykədən söz açır. O, Qərbi Azərbaycanda – Ermənistanda yaşayır, "Debet çayının sahilində yerləşən Axtala qəsəbəsindəki xəstəxanada tibb bacısı işləyirdi. Erməni həkim və tibb bacıları ilə bir yerdə işləmək çətin olsa da, Məleykə onlarla dil tapıb birtəhər yola gedirdi”. Fikrimizcə, müəllif bu obrazı romana daxil etməklə, onu əsas personajlardan biri kimi verməklə, iki əsas məramını ifadə etmişdir. Birincisi, erməniliyin mahiyyətini açmaq, ikincisi, bir ailəni düşdüyü bəlaları, müsübətləri canlandırmaq... Məleykə öz xalqını, millətini sevən bir azərbaycanlıqızıdır, ermənilərin əhatəsində yaşasa da, öz milli mənliyini itirmir, iki qardaşını ermənilər qətlə yetirirlər, "dərdin ağırlığı sinəsini xəncər kimi deşirdi. Həyatın bu qədər amansız və sərt oldiğunu hiss etdikcə dünya gözlərində öz dəyərini itirirdi”.


Amma buna baxmayaraq Məleykə bütün təhlükələrə sinə gərir, yaşayır.Hadisələrin sonrakı inkişafı bu iki insanı Fikrət və Məleykəni bir-birinə qovuşduracaq.

Fikrər getdikcə hadisələrin gur axınına qoşulur, o artıq siyasi cəhətdən yetkin bir insan kimi formalaşır. Mədəndə qocaman kommunist Kamil kişi ilə söhbətlərindən də bu yetkinlik xüsusilə nəzərə çarpır. Kamil kişi hələ də kommunist partiyasına inanır. "Fikrət bala, yaxşısı budur, sən partiyaya şər atma. Kommunist Partiyası dünya var olduqca yaşayacaq” - bu əqidədə olanlar o dövrdə az deyildi, amma sonralar bu "inam” alt-üst oldu.

Vahid Məhərrəmov romanda 80-ci illərin sonları-90-cı illərin əvvəllərində baş verən hadisələri bizə təfərrüatı ilə nəql edir. Olsun ki, bu təsvirlər romanın bədiilik səviyyəsinə xələl gətirir, amma hər halda, yeni nəsl oxucularını məlumatlandırmaq lazımdır.

Ümumiyyətlə, Vahid Məhərrəmov romanda əsas qəhrəmanların hər birinin taleyiniizsiz buraxmır. Doxsanıncı illər çətin, mürəkkəb və ziddiyyətli illər idi. Amma özünə, xalqına inam hissi ilə yaşayanlar bu ağır sınaqlardan çıxa bildilər.

Vahid Məhərrəmov da iki insanın taleyi fonunda bu inam və qətiyyəti ifadə etmişdir.

Fikrər bu inam və qətiyyətin daşıyıcısı olan bir insandır – milli qürur hissi ilə yaşayan əsl azərbaycanlıdır. Məleykə də həmçinin. Romanda epizodik də olsa canlandırılan bir sıra obrazlar da.

Baxın, Fikrətdə olan bu inam və qürur hissi onu Qarabağ döyüşlərinə aparır. O, bu döyüşlərdə bir neçə dəfə ağır yaralanır, amma sağaldıqdan sonra yenə döyüşlərə yollanır, burada igidlik göstərir, təbii ki, itkilərlə də qarşılaşır. Məleykə də həmçinin...

Bu iki insanın bir-birinə sevgi hissləri də təbiidir. Fikrət öz hisslərini gizlətmir, amma əsl sevgi çətin sınaqlardan keçir.

Romanda müharibə hələ bitmir. Nə qədər itkilər olsa belə, Fikrət və döyüşçülərin qəlbinə qələbəyə inam hissi yaşayır... Və romanın belə nikbin notlarla bitməsi də təbiidir.

Vahid Məhərrəmovun bu romanında müharibəni, onun mahiyyətini dərk etməsi onun müharibənin içində olmasıyla bağlıdır.Öz qəhrəmanının dili ilə müəllif deyir ki: "Qarabağ müharibəsindən bəhs edən əsərlər var. Amma çox bəsit yazılıb. Bu kitablarda biz gördüyümüz, iştirak etdiyimiz müharibədən əsər-əlamət yoxdur. Döyüş səhnələri çox süni yazılıb, yalandan-palandan özləri üçün uydurublar. Bəzi səhnələri oxuyanda adam gülməkdən özünü güclə saxlayır”. Amma Vahid Məhərrəmovun romanında belə sünilik, yalan-palan nəzərəçarpmır. Bununla yanaşı, romanla bağlı bir neçə qüsuru da qeyd etməliyəm. Romana ön söz yazan tənqidçi Nərgiz Cabbarlı qeyd edir ki, Fikrət və Məleykə xarakter olaraq o qədər də yadda qala bilmirlər”. Zənnimizcə, bu tənqidçinin həmin obrazları daha canlı, daha dinamik görmək istəyiylə bağlıdır. Çünki romanda – bəzən publisistik söz-söhbət baş alıb gedir.

Müəllif məlum hadisələr zamanı "ev dəyişmə” səhnələrinə də xeyli səhifələr ayırıb. Buna, zənnimcə ehtiyac yox idi.

Hər halda, "Müharibənin qanlı kölgəsi” nəsrimizdə Qarabağ müharibəsi haqqında yazılan, oxucular üçün maraqlı ola biləcək bir əsərdir.




İmza:

YAZARIN ARXİVİ

2019-09-23 : ŞƏRHSİZ...
2019-09-23 : ŞƏRHSİZ...
2019-09-10 : CHP birinci oldu
2019-09-10 : ELTON QULİYEV :
2019-09-10 : Ağdamda son azan
2019-09-03 : ŞƏRHSİZ...
SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK