adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Aprel 2019 16:12
25961
ƏDƏBİYYAT
A- A+

BÖYÜK OYANIŞ - ƏLİSƏFA AZAYEV yazır

(hekayə)

Əşrəf kişi köhnə təsərrüfat fəallarından idi. Çox da get-gələ, köhnə burokratların oyunbaz hərəkətlərinə dözümü yox idi. Torpaq məsələsindəki mübahisəsi baş alıb gedəndə, sanki yerli işçilərə ultimatum verdi: "Yaxşı, belə oldu, daha məndən inciməyin..." Kişini də qınamağın adı yox idi. Mübahisəli məsələsi rayon məhkəməsində də xeyli müddət idi ki, uzanmaqda idi.

Bu səbəbdən də bir gün arvadına da dedi:

- Gedirəm yuxarı, ya onlara verən Allah, ya mənə...

Qadın onun bu sözlərindən çox narahat olmuş halda, kişini sakitləşdirməyə çalışdı:

- Əşrəf, əzizim... Sakit ol... Sən onlarla çətin bacararsan... Əsil arxalı köpəkdirlər...

- Yox... Daha bəsdir... İndi mən onlara kimin kim olduğunu göstərərəm.

Şəhərdə olanda düzbir hüquq sahəsinə baxan dövlət müşavirinin qəbuluna yazılmışdı... Onun qəbuluna düşsəydi işlərinin yaxşı olacağına qəti əmin idi. Hamı onun çox ədalətli, sözünə əməl edən birisi olduğunu deyirdi. Hətta qəbul şöbəsinin işçisi onun adını, gəlişinin məqsədini kitaba yazanda soruşdu:

- Sən necə bilirsən, oğul, məni qəbul edər, ya yox?

- Niyə qəbul etmir, əmi...

- İşlərim düzələr də...

- Əlbəttə ki...

Belə xoş sözlərdən, münasibətdən sonra onun kefi niyə də kök olmasın. Hətta qapıdan çıxanda həmin güləş oğlan tapşırdı:

- Nahardan sonra... Saat ikidə burada olun.

- Baş üstə...

- Ləngiməyin ha...

- Oldu...

O, həmişə nizam-intizam görmüş bir adam idi. Söz-söhbət düşəndə, həmtaylarına zarayat edər, soruşardı: "Əzəl qanun hansıdı?" "Nə bilək ey..." deyə onlar bu suala cavab tapmayanda, tərəddüd edəndə, könül xoşluğu ilə deyərdi: "Nizam-intizam... Dövlətə, xalqa bağlılıq..."

Prezident Aparatından aşağı tərəfə düşəndə, yol tənzimləyən polis işçisini, onun ritmik hərəkətlərini görəndə lap qəlbi dağa döndü, pıçıldadı:

- Bax belə də... Qoçum mənim, kişi gərək hər işində usta ola... Gərək heç arvad yanında da üzüqara olmayasan...

Sonra da başladı öz-özü ilə danışırmış kimi rəhbərlə söhbətə:

- Vallah- billah, sənə, işlərinə heyranam... Qısa müddət ərzində şəhərdə əsil xaruqələr yaratmısan... Bakı əvvəllər belə deyildi axı... Son illər çox dəyişib... Gözəlləşib...

Sonra da Baksovetin qüllə saatını görcək gözlərini ona dikib qaldı. Bu saatı, onun olduğu yeri gənclik illərindən tanıyırdı. Buradakı çayxanada çay içə-içə o qədər gözlərini ona zilləyib, vaxt-vədəni bilmək istəmişdi ki... Stulda oturanda bir rahatlıq tapmış kimi yayxandı, çayçını səslədi:

- Oğul, mənə də bir çaynik çay...

Sonra da çay gələndə yanındakı orta yaşlı adamı söhbətə tutmuş kimi dedi:

- Stəkanını bəri elə...

- Mən içmişəm...

- Çaydı da, birini də iç..

Danışmağa mövzu axtarırmış kimi arada yenidən qüllə saatı barədə söhbət saldı:

- Bu bolşeviklərin yaxşı işləri də olub da...

- ...

- Elə biri bu qüllə saatı...

- Hə...

- Özü də üç tərəflidi ey bu... Hansı tərəfdən istəyirsən bax da... Tələbə vaxtı elə çox vaxt burada əyləşər, onunla vaxtı nizamlayar, dərsə tələsərdim...

- Saatın əvəzi yoxdur, çox gözəl şeydir.

- Allah onu icad edənə qəni-qəni, min rəhmət eləsin.

- Əvvəl günəş... Qum saatı olub da... Sonradan bu mexaniki saat icad olunub.

- İndi də elektron saatı...

- Bunların əvəzini heç nə verməz.

- Əlbəttə ki...

- Hə...

Kişi kefi kök adam kimi öz-özünə gülümsədi, arada bir mahnı da zümzümə elədi. Sanki ömrünün ən xoşbəxt günlərini yaşayırdı. Bu gün dövlət müşavirinin qəbuluna düşəcək, işləri düzələcəkdi. Gör nə vaxtdan bəri bu torpaq mübahisəsi səbəbindən bir rahatlığı yox idi. Ölçü -biçidə səhvə yol verilmişdi. Torpaq Komitəsində də onu yaxşı dinləməmiş, eşitməmişdilər. Arada öz-özünə mızıldandı:

- Kəfkirli saat... Bundan biri bizdə var idi. Elə dəqiq işləyirdi ki... Uşaq vaxtları günlərimizin çoxu ona baxa-baxa keçərdi...

- Əla... Maraqlı adamsınız...

- Stəkanını bəri ver... Çay için...

- Bəsdi də...

- Yox, birini də...

Sonra çayçını səsləyib şirniyyat gətizdirdi. Yeyə -yeyə stol yoldaşına da təhkid etməkdə idi:

- Buyur, götür...

- Mən toxam...

- Ə, elə biz də... Nolsun ki, bir-iki tikə götür də...

- Təhkid edirsən, yeyim də...

Təzə tanışı şirin adama oxşayırdı. Soruşdu:

- Adınız nə oldu?

- Musa...

- Mənim də adım Əşrəfdir...

- Çox şadam, kişi...

- Elə mən də...

Müsahibi ilə beləcə danışıb gülsə də, arada gözü elə hey saatda idi... Axı ona saat iki tamamda burada olmağı tapşırmışdılar. Ləngiyə bilməzdi. Heç olmasa yarım saat tez orada olmalı idi... Bir yandan da qəbula gəlməsinin xoşagəlməz tərəfini xatırladı: "Gərək gələndə yerli rəhbərliyə bu barədə bir söz deyərdim... Xüsusilə başçıya..." Ancaq nə fikirləşdisə, öz-özünə pıçıldadı, mızıldandı: " Elə hamısını edən o deyilmi... Bu mübahisə nə vaxtdan bəridi uzanır... Neçə dəfə qəbulunda olmuşam, bir tədbir gördürəydi də..."

Əşrəf kişi bir azdan öz-özünə gileyləndi:

- Ay qardaş, belə iş olmaz axı... Dedim də, mən Prezident Aparatında qəbulda olmalıyam... Saat ikidə... Özü də bir başqasının yox ey... O hüquq məsələlərinə baxan dövlət müşavirinin...

Təzə tanışı dilləndi:

- Hə, çox yaxşı... Problemin nədi ki?..

- Dedim də, torpaq məsələsi...

Kişi birdən saatına baxaraq narahat halda dilləndi:

- Sən saat ikini deyirsən.... İndi isə dördə işləyir...

- Nə?!.- deyə kişi həyəcanlanmış halda yerindən qalxanda, az qaldı ki, stolu çevirsin... Çayçını səslədi: - Ay oğlan, pulunu al, mən tələsirəm!..

- On manat...

- Evin yıxılmasın, bir çaynik bu qədər?!.

- Şirniyyat da vardı da...

- Olsun da...

- Hərənizə beş manat düşür də...

Kişi cəld pulu verib, təzə tanışı ilə tez-tələsik xudafizləşərək, deyinə-deyinə yoluna davam etməyə başladı:

- Allah rəhmət eləsin ölənlərinə Xosrov, kənddə olanda, sənə bir abbası çay pulu verəndə canımız çıxır... İndi on manatı elə tez verdim ki...

Qəbul şöbəsinə əsil mənada qaça-qaça gəlsə də, yenə də ləngidi, qanını qaraltdılar:

- Artıq gecdir... Qəbul çoxdan qurtarıb...

- Belə tez...

- Müşavirin başqa işləri də vardı... Xarici qonaqları qəbul edəcək.

Əşrəf kişi ağrındı, vaysındı, ona yalvardı:

- Ay oğul, rayondan gəlmişəm. Bir kömək elə...

- Dedim də... Bu gün qəbul qurtarıb...

Kişi pis-pis həyətə düşdü. Əlindən nə gəlirdi ki. Dərdini daha kimə desin?!. Əlacı kəsildi, şəhərdə ləngiyəsi oldu. Qüllə saatının yanından keçəndə onun birinin işləmədiyini gördü. Gileyləndi:

- Sən bir işə bax da... Bizə tərəf baxan tərəfdəki işləmirmiş... Mən də arsız-arsız oturub neçə saat onu gözləmişəm...

Onsuz da dilxor idi... Çoxdan da şəhərdə olmurdu. Belə qərara gəldi ki, ləngisin, səhər də Prezident Aparatına qəbul üçün getsin... Belə də etdi...

Vaxtı öldürmək üçün əvvəl bilmədi ki, nə etsin. Bir müddət dəniz sahilində xəyala daldı, şən halda uçuşan qağayıları yemlədi, onlara baxdı... Sonra da səfər gəmisinə minib bir xeyli gəzindi, təmiz hava aldı... Dəniz mənzərələrini, havasını çox sevirdi. Gənclikdən belə işlərin həvəskarı idi...

Arada telefonla evlə danışdı. Nisə xanımı xəbərdar etdi:

- Daha narahat olma, mən səhər gələcəyəm.

- Niyə ki?!.

- Qəbula ləngidim...

- Sənin də bu işin olmaya da...

- Bir gecə tək yatsan dünya dağılacaq?..

- Çox gözüm atır elə səndən ötrü...

Həmin gecə mehmanxanada isə başına oyunlar gəldi ha... İsti örtük istədi. Onun yanına forslu-fasonlu birisi gəldi:

- A kişi, səninki də tərpənir?

- Rəğbəti danış...

- İsti örtük istəməmisən?!.

- Adyal da...

- Biz jivoyunu bilmişik.

- Necə?! Canlısını?..

- Hə də...

- Abrınız olsun... Canlı tablosuz da...

Mehmanxana xərcləri xeyli tutdu... Səhər Prezident Aparatında qanı heç nədən qaraldı. Həmin güləş oğlan ciddi şəkildə dedi:

- Əmi, bura kolxoz bazarı deyil ki... Prezident Aparatıdı... Müşavirin qəbulu da ayda bir dəfə olur...

Kişi ondan ayrılanda hirsindən dəli kimi idi. İxtiyarı olsaydı bu dəqiqə şəhər icra hakimiyyətinin yerləşdiyi binanı, o qüllə saatını topa tutardı... Əlini hirsindən bir daşa da atdı... Xidmətçi qadın soruşdu:

- Nə edirsən, a kişi?!.

- Xəbərin varmı... Bu saatın işləməməsi səbəbindən nə qədər ziyana düşmüşəm...

- Onda uşaq kimi daşla oynamaq niyə lazım?.. Məhkəməyə get də...

- Doğurdan ey...

Kişi o qadına minnətdar halda əvvəl üz tutdu sanballı bir vəkilin yanına... Vəkil deyəndə, İmaməli kişi çoxdanın hüquq işçisi idi. İndi pensiyaya çıxması səbəbindən bu işlə məşğul idi. Özü də dilxor, qanıqara görünür, mürgü döyürdü... Qapını açan yox idi. Öz-özünə mızıldandı: "Canım, belə də iş olar... Müraciət edən yoxdu da... Guya hamının işi qaydasındadı?.. Sözdə hüquqi dövlət qurur, yaradırıq... De ki, camaatın gözünü elə qorxudublar ki, bu tərəfə gəlməyə ehtiyatlanırlar..."

- Salam, qardaş!

- Salam...

- Kişi, vəkilsən?

- Hə də...

- Mənə bir şikayət ərizəsi yaza bilərsənmi?.. Elə iddia fason...

- Niyə yazmıram ki...

- Atan rəhmətlik... - Sonra da Əşrəf kişi başladı dünəndən bəri başına gələnləri ona söhbət etməyə...

Vəkil şəhər icra hakimiyyətindən narazı bir adam kimi qımışdı, onu öydü, təriflədi:

- Haqq edirsən!.. Belələrinə bu da azdır!.. Görmürsən şəhər nə gündə, zir-zibili süpürsən, aparan da yoxdur!..

- Daha bu qədər yox da... Əvvəlki illərdən çox fərqi var...

Vəkil sanki bu sözləri desə də, hələ də gəlir-çıxarını hesablayır, qəlbində kişini öyür, deyirdi: "Şükür Allaha!.. Bu əsil böyük oyanışdı!.. Rayondan gəlib, gör kimləri məhkəməyə verir!.. Haqlıdı da!.. Saat qurmusan... Saatını təmir etdir də..."

Hətta yola düşəndə ona dedi:

- Vəkil kimi də qulluğunda hazıram. Sənin kimilər əsil mənada cəsur əsgərlərdi... Şəhid olsalar da, Vətənə, bu torpağa baş ucalığı gətirirlər...

- Görək də...

- Heç pulun da lazım deyil... Elə orderin xərcini ödəsən bəsdir... Hakimi tanıyıram... Pis adam deyil... Haqq-ədalət tərəfdarıdı, sənin xeyrinə çalışacaq.

Məhkəmə günü isə heç də vəkilin dediyi kimi olmadı. Mızıldandı: "Bunlar belədi də... Ağızlarına bir şey atmasan, çətin..." Fasilə vaxtı vəkilə zəng çaldı, onu yanına çağırtdırdı:

- Sənin ədalət simvolu olan hakimin budu?

- Hə, nolub ki?

- Bunu ki, yuxu basır... Əsil kəsalətli adamdı... Süst, hərəkətsiz...

- Hə... Yorğundu da... İşləri çox olur. Xüsusilə bu pul, kredit məsələlərindən sonra. Banklar lap ağ edirlər də...

- Mən də kredit götürmüşəm... Təsərrüfatı inkişaf etdirmək üçün... Belə işlərə qismət oldu...

Günortadan sonra hakim dirçələn kimi olmuşdu. Sanki mədəsinə bir şey getmiş, yediklərini həzm etmişdi. Kişi onun iri qarnına baxa-baxa gileyləndi:

- Nolar ey hakim olanda... Bu iri qarnından utanmır heç bu?.. Hamilə qadına oxşayır... İnsan gərək özünə nəzarət eləsin... Kişi üçün xüsusilə bağışlanmazdı belə görkəm, köklük...

- Hərəkətsizliyin bəlasıdı da...

Kimsə onu görçək pıçıldadı:

- Danışan qanun gəldi...

- Biz dedik, müstəqilik, ağıllı hakimlərimiz olacaq... Tamaha, pula, tərəfkeşliyə "yox" deyəcəklər.

- Çətin... Əlindəki iri kitaba bax da...

- Susan, lal qanundu da...

Hakim bu dəfə onu dindirəndə xoş üz göstərdi, xeyrinə danışdı. Vəkil qımışdı:

- Sənə dedmi də...

- Cibimə bir şey qoyulanda mənim də kefim kök olur.

Hakim ona xitabən səsləndi:

- Qalxın! Əşrəf kişi sənsən də?..

- Bəli...

- Əsil kişi işi görmüsən... Belələrinin atasını elə yandırmaq lazımdı ki, başqalarına da dərs olsun. Sənin sutuçnunu... Yüz manatını ödəyəndə ağılları başlarına gələr... Saatın xarab olub, düzəltdir də... Kişini niyə pis vəziyyətdə qoymusan...

Kişi bir istədi desin ki, bəs o biri yüz manat... Hələ vəkilə verdiyi… Ancaq vəkil ayıq adam idi. Tez onu sakitləşdirdi, danışmağa imkan vermədi:

- Bu da elə uğur, qələbədi!.. İstədiyinə nail oldun!.. Sevinmək lazımdır!.. Hər şey azdan başlayır da!.. O biri tələbinə də baxarıq!.. Torpaq işinə!... Bunun üçün ancaq gərək öz rayonunuza gedək!.. İstəsən burada da ola bilər!.. Torpaq Komitəsini verərik məhkəməyə!.. Niyə lazımdı ona buna yalvarmaq, qəbula getmək, günlərlə yollarda qalmaq?!.