adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Aprel 2019 15:52
15670
ƏDƏBİYYAT
A- A+

Abbas Abdullanın “üçlüyü”

Tanınmış şairimiz, xeyirxah bir insan olan qocaman dostum Abbas Abdulla ilə məni hələ ötən əsrin 70-сi illərində unudulmaz Ələkbər Salahzadə tanış etmişdi. Abbas bəy Ələkbər müəllimlə tələbəlik illərində ADU-nun filologiya fakültəsində qrup yoldaşı olmuşdular. Və Ələkbər müəllim o zamanlar indi öz haqq dünyalarına qovuşmuş İsa İsmayılzadə, Camal Yusifzadə ilə birgə Abbas müəllimlə görüşlərinə məni də dəvət edərdi.

Sonra iş elə gətirdi ki, mən indiki Bakı Slavyan Universitetinin yuxarı kurslarında oxuyanda Abbas Abdulla bizə Azərbaycan ədəbiyyatından seminar məşğələləri aparası oldu. О zaman Abbas müəllim "Ədəbiyyat və incəsənət" qəzetində çalışırdı. Abbas müəllimin о seminar məşğələsi cədvəl üzrə həftənin bazar ertəsi, ilk dərs saatına düşürdü. Abbas müəllim qoşa saatın birinci yarısı başa çatan kimi mənə bir qovluq verib redaksiyaya getməyi, redaksiyada kimə olursa olsun qovluğu çatdırmağı tapşırardı. Yəqin ki, bu qovluqda onun bazar günü evdə hazırlıdığı materiallar idi. Hə, Abbas müəllim qovluğu mənə verəndən sonra əlini cibinə atıb şax bir üçlük çıxarar, nəm-nün edib geri qaytarmaq istəsəm də:

- Taksi ilə get-qayıt, - deyərdi, - növbəti dərsə gecikmə!

İnstitumuzun qabağından keçən, bilet pulu qəpik olan trolleybus o vaxt dəniz qırağında yerləşən redaksiyaya on-on beş dəqiqəyə çatırdı. Bəzən redaksiyaya piyada gedib qayıdardım. Abbas müəllimin "üçlüyü" cibimdə qalardı. О zaman aylıq tələbə təqaüdümüz 28 manat idi, hər həftə üç, ay ərzində isə 12 manat pul. Əlbəttə, Abbas müəllimin о üçlüyünün hesabına dostlarla oturub məclisdə sağlıq deyəndə səxavətli Abbas müəllimin şərəfinə də badə qaldırardıq. Sonralar "Ulduz” jurnalında məsul katib olanda (nəsr şöbəsinin müdürü Mövlud Süleymanlı) mənim "Buğa əhvalatı" adlı hekayəmi qlavlitdən keçirmişdi, hərçənd ki, о hekayə sonralar ədəbi tənqidin atəşinə tutulmuşdu.


Aradan illər keçəndən sonra Abbas Abdulla 80-ci illərdə "Ulduz”a baş redaktorluq edəndə jurnalın bir sayında şəkilim və haqqımda məlumatla birgə birdən-birə üç hekayəkmi dərc etmişdi. Deyim ki, jurnalda о zaman nəsr şöbəsinin müdiri Seyran Səxavət idi. Cavan bir müəllifin birdən-birə üç hekayəsinin dərci o illərdə heç də adi iş deyildi.

Respublikamız öz suverenliyini əldə etdikdən sonra Azərbaycanın Türk Cümhuriyyətində, İstanbulda Abbas bəy baş konsul olarkən köhnə dostları İstanbula dəvət də etmişdi.

Abbas müəllimin dəvətinə əməl etmək qismətim olmasa da, sonralar mən onu bizim Şabrana oğlumun toy məclisinə dəvət etdim və Abbas müəllim də dəvətimi məmuniyyətlə qəbul edib köhnə dostlarla o toy məclisində iştirak etdi. Məclisin tamadası, respublikamızın xalq artisti Əjdər Həmidov Abbas Abdullanı rəqsə dəvət edib hörmət və ehtiram əlaməti olaraq rəqs havalarının adlarını bir-bir sadalayaraq hansı havaya oynayacağını xəbər alanda Abbas müəllim qətiyyətlə:

- Saxla, saxla, - dedi, - mən həmişə bir havaya oynamışam. Mənim bir havam olub!..