adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Aprel 2019 14:53
11385
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: BU İLAN Kİ, VAR?!

Birindən soruşanda deyirlər ki, ilanın ağına da lənət, qarasına da! Və onu da deyirlər ki, ilan vuran ala çatıdan qorxar! Sizi bilmirəm, mən şirdən, pələngdən, ayıdan, canavardan... qorxmuram! Amma ilandan elə qorxuram ki. Çünki ilan adama heç vaxt hücum etmir. Amma ilan onu tapdalayanda, ayağının altında qoyanda səni çala bilər və daha doğrusu, çalır.

Orta məktəbdə oxuyanda hər il pambıq mövsümündə məktəb bağlanar, biz ən azı iki-üç ay pambıq yığardıq. Heç məktəb bağlanmayanda da elə canımız sahələrdə pambıq alağı eləməkdən çıxardı. Günün altında çox isti havada pambıq alağı eləyərdik. Kətmənlə cığırı əlimizə alıb, alaq otlarını təmizləyərdik. Və həmişə də çalışardıq ki, gün çıxmamışdan pambıq sahəsinə gedək və gün çıxana qədər bir az pambıq alağı edək.

O vaxt bizim yerimiz Bəhmənlinin lap kənarında idi. Briqadir Camığın sahəsinə getmək üçün rəhmətlik qardaşımla ata minib gedərdik. O qabaqda əyləşərdi, mən də atın tərkində. Kolluqların, ağaclıqların yanından keçib gedəndə qardaşımdan soruşurdum ki, bu qalınlıqda şipyon olar, yoxsa olmaz? Qardaşım da məndən 4 yaş böyük idi. Deyirdi ki, bu kolluqda, bu yulğunluqda şipyon olduğunu deyə bilmərəm, amma ilan çoxdur. Mən ilan sözünü eşidəndə qardaşımdan bərk-bərk yapışardım və elə bilərdim ki, atın ayaqlarının altından ilan bu dəqiqə çıxacaq və tullanıb məni çalacaq. Bir-iki dəfə yolda ilana rast gəlmişdik, at onu hiss eləmişdi və səmtini dəyişmişdi.

Bir dəfə pambıq yığanda yerə tökülmüş çoxlu pambığı gördüm. Əlimi ehmalca aşağıdan pambığa yaxınlaşdırdım və götürdüyüm pambığı torbaya atmaq istədim. Bu vaxt əlimə yumuşaq bir şey dəydi, bərk qorxdum! Sən demə, pambığın arasında bir gürzə qıvrılıb yatıbmış. Necə qorxdumsa, pambıq qarışıq onu tulladım. Xoşbəxtlikdən ilan ayağımın altında qalmamışdı. Mən pambığın arasında onu götürmüşdüm. Məni soyuq tər basdı və bir müddət özümə gələ bilmədim.

Sinif yoldaşlarımdan Tubunun oğlu Yavər ilandan qorxmurdu. O düşdü ilanın dalına, daşla, ağacla onu vurub öldürdü. İlanın uzunluğu 2 metrdən çox idi. Üstü də qara xallı. Tanıyanlar dedi ki, anan namaz üstündəymiş. Nə yaxşı ilanı bastalamamısan. Bu gürzə ilanı səni vursaydı, çətin ki, sağalaydın. Tay o vaxtdan sonra bir də pambıq yığmağa getmədim.

Havalar yenicə qızmağa başlayıb. Havalar da qızanda bütün canlılar kimi ilanlar da özünü günə verir, kolun, kosun arasında görünməyə başlayır. Bu yaxınlarda Qax rayonundan bir oğlan meşədən heyvanlarını gətirmək istəyəndə yıxılır kolluğa, orda da bir ilan varmış, ilana toxunur, ilan da onu əlindən çalır. Qaça-qaça evlərinə gəlir və onu təcili həkimə çatdırırlar. Həkimlərin operativ müdaxiləsindən sonra, yəni ilan əleyhinə lazımi zərdab vurulandan sonra onun vəziyyəti normallaşır. Həkimlərin dediyinə görə, yeniyetmənin həyatı üçün heç bir təhlükə yoxdur.

Havalar istiləşdikcə ilanlar da əkin-biçin sahələrinə, təsərrüfatlara və hətta həyətlərə gəlib çıxır. Ona görə də əhali bu məsələlərə xüsusi diqqət yetirməlidir. Yəni başqa sözlə demiş olsaq, insanlar maarifləndirilməlidir. İlanlar ən çox aran zonasında – İmişlidə, Salyanda, Neftçalada,Ucarda, Zərdabda, Kürdəmirdə, Yevlaxda, Ağcabədidə, Bərdədə... daha çox olur. Və təsərrüfat işləri ilə məşğul olan adamlar ot çalmağa, tərəvəz becərməyə və digər bostan-tərəvəz işlərinə gedirlərsə, mütləq uzunboğaz çəkmələrdən istifadə etməlidir.

Üstəlik də ilan çalan adama ilk yardım göstərməyi bacarmaq lazımdır. Əgər birini ilan çalıbsa, səndən başqa və ilan vurandan savayı heç kim yoxdursa, ilk növbədə həmin adamı vaxt itirmədən yaxınlıqdakı xəstəxanaya çatdırmaq gərəkdir. İlan çalanın hər hansı nahiyyəsini kəndirlə, iplə bağlayıb sıxmaq olmaz. Ən yaxşı halda həmin yeri təmiz tənziflə silmək, soyuq bir şey qoymaq lazımdır. Eyni zamanda, bayaq dediyimiz kimi, vaxt itirmədən onu həkimə çatdırmaq əsas məsələdir.

Bununla yanaşı, Səhiyyə Nazirliyi hər il bütün mərkəzi rayon xəstəxanalarını ilan zəhəri əleyhinə zərdabla təchiz edir. Ancaq bəzən görürsən ki, xəstəxanaya gedəndə ya o zərdab vaxtında vurulmur, ya da vurulan zərdab keyfiyyətli olmur. Ona görə də bütün rayonların baş həkimləri yaz və yay mövsümü ilə əlaqədar olaraq ilan zəhəri əleyhinə zərdabların gətirilməsini təmin etməlidirlər. Əgər kimsə bunu etmirsə, demək o baş həkim insanların taleyini bir o qədər də dərindən düşünmür. Ona görə də həm Səhiyyə Nazirliyi, həm də rayon xəstəxanaları bu məsələləri bir an da olsun diqqətdən kənarda qoymamalıdır.

Hər il məmləkətimizdə yüzə yaxın insanı ilan çalır. Vaxtında xəstəxanaya çatdırılan və ilan zəhəri əleyhinə zərdab vurulan pasiyentləri xilas etmək mümkün olur. Amma bəzən də görürsən ki, həmin xəstələr xəstəxanaya gec çatdırılır, həkimlər də bir qədər səhlənkarlıq göstərilir və nəticədə pasiyentin səhhəti ağırlaşır. Xüsusən də rayon yerlərində belə hallara tez-tez rast gəlmək mümkündür. Vəziyyəti ağırlaşan xəstələri sonradan Bakıya gətirsələr də, onların həyatını xilas etmək mümkün olmur.

Hər halda, havalar get-gedə daha da istiləşəcək və ilanlar da artacaq. Bu ilanlar həm zəhmlidir, həm də təhlükəli. Ondan xilas olmağın yolları da var: kənd yerlərində əkin-biçin və təsərrüfat işləri görərkən o adamlar daha diqqətli olmalıdılar. Ot çalmağa, tərəvəz becərməyə, tarla işlərini görməyə heç vaxt uzunboğaz çəkmə geyinmədən getmək olmaz. Bəziləri deyəcəklər ki, ay rəhmətliyin oğlu, isti havada uzunboğaz cəkmə geyinmək olar? Düzdür, bu çətindir. Amma bir neçə saatlığa o işi görməklə adam istidən ölməyəcək və dünya da dağılmayacaq.