adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
24 Aprel 2019 11:43
5789
GÜNDƏM
A- A+

Elina ilə bağlı istintaqın gedişindən nə xəbər var? - Rəsmi AÇIQLAMA

Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın intiharı ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cavab olaraq bildirib.

E.Sultanov qeyd edib ki, faktla bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri Bakı Şəhər Prokurorluğunda davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Baş Prokurorluğun məlumatına görə, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məktəbin direktoru Sevinc Abbasova 15 aprel 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bakı şəhəri Səbail rayon məhkəməsinin 16 aprel 2019-cu il tarixli qərarı ilə S.Abbasova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Təhsil Nazirliyi S.Abbasovanı direktor vəzifəsindən azad edib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Elina Hacıyevanın anası Sevinc Hüseynovanın hüquqlarının müdafiə olunması üçün vəkillər-Sevinc Əliyeva, Azər Nağıyev, Emin İsayevtərəfindən təmənnasız hüquqi yardım verilməsini təmin edib.(modern.az)