adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
23 Aprel 2019 17:22
26617
ƏDƏBİYYAT
A- A+

İSMAYIL İMANZADƏ: DÜNYADI DA...

Dünya bir köhnə fırfıra,

Həyat qarışıq yuxudur.

Heç kimdən yan keçmir ölüm,

Hamını bir-bir "oxudur”.

Biri girləyir başını,

Öləndə qınında ölür.

Adam var, artıb-törəmir,

Çiçəyi burnunda ölür.

Kimisi söykənib vara,

Dünyadan "beşəlli” tutur.

Kasıbın qolundan ancaq

Quruca "təsəlli” tutur.

Dəyişir eşqin "avazı”,

Sevgi "gül açır” daldada.

İllər başımızı qatıb

Keçir,aldada-aldada...

Qalxırıq ömrün yoxuşun,

Əldən-ayaqdan qan çıxır.

Bəxtin üzü dönən kimi

Sivişib ortadan çıxır.

Əcəlfərq qoymur heç kimə,

İtir hər şeyin dadı da.

Gedənin dalınca baxıb,

Deyirik, ehh, dünyadı da...

26.03. 2019


GECƏNİN BU VAXTI

Bu yaz da əritmədi

Həsrətimin buzunu.

Bilirəm nə boydadır

Dərdin "eni-uzunu”.

Bir qaranlıq nöqtədə

Fikrim ilişib qalıb.

Ciliklənən ümidim

Hardasa düşüb qalıb.

Arxasınca qaçıram

Ötüb keçən anların.

Qar yağır gözlərimdən

Üstünə gümanların.

Əl atıb yapışmışam

Bəxtimin yaxasından.

Sızlasam da oyanmır

Gecə div yuxusundan.


GÖZLƏ, ŞƏKLİNİ ÇƏKİM

Səslə, yaxına gəlim,

Boşa çıxmasın əlim.

Dönsün fırçaya dilim –

Sözlə şəklini çəkim.

Hərdən sus, hərdən danış,

Eşqin odunda alış.

Geriyə qayıt tanış –

İzlə, şəklini çəkim.

Bir az başımı tovla,

Sonra qəlbimi ovla.

Qızınım od-alovla –

Közlə şəklini çəkim.

Həyat bir zülmət kaha,

Ümid varmı sabaha?

Qəfil qaçıb getmə ha –

Gözlə, şəklini çəkim.

02.12.2018


YALANDANMI DEYİM...

Məndən uzaq düşdü köçün,

Bilinmədi "tezin”, "gecin”.

Hey sızladım için-için,

Heç doyunca gülmədim ha!

Ürək nə daşdı, nə dəmir,

Yaşadım batdı səs-səmir.

Sənsiz gəlib keçdi ömür,

Sevinc nədir bilmədim ha!

Nalə çəkdi yerim-göyüm,

Dönük bəxti necə öyüm?

Yalandanmı durub deyim,

Həsrətindən ölmədim ha!..

14.12.2018


VAXT

Yalan bir anlıq tufandı,

Üzülən ürəkdi-candı.

İşin də tərsi-avandı –

Yükün də əyən vaxtı var.

Kölgəsi nə gəzir külün,

"Xəncəri” itidir dilin.

Möhlət bitəndə əcəlin –

Qapını döyən vaxtı var.

Rəngi dəyişəndə səsin,

Qar yağır üstə həvəsin.

Bələkdən sonra hər kəsin –

Kəfəni geyən vaxtı var.

Məqam var ki, susmaq ayıb,

Qorxağı kim ərən sayıb?

Böhtanın qana susayıb –

Kimisə yeyən vaxtı var.

Hər kəlmədə bal olmur ha,

Sevgidə sağ, sol olmur ha...

Vaxt həmişə kal olmur ha –

Vaxtın da dəyən vaxtı var.

10.12.2018


OLMAYIB

Göz açmışam köhnə damda,

Közərti gəzmişəm şamda.

Bəxtimlə "nərd” oynasam da,

Heç udan vaxtım olmayıb.

Bağlananda qapım-bacam,

Üzə durdu ehtiyacım.

Haqdan gəlsə də söz tacım,

Sarayım-taxtım olmayıb.

yanvar, 2019


DEMƏ

Hoppanıb yuxarı çıxanda yaman,

Düz olan kəslərə verməyir aman.

Ən adil hakimdir deyirlər zaman,

Hər şeyin məlhəmi səbirmiş demə!

Damı-dirəyi var əzəldən göyün,

Sirli bir aləmə bənzəyir beyin.

İşlər nəhs gələndə açılmır düyün,

Dərd-bəla nə iki, nə birmiş, demə!

Saflıq zülmətində itib səslərin,

Savaşı bitməyir bəhsə-bəhslərin.

Qəlp çıxıb "qızılı” susan kəslərin,

Sükutun özü də qəbirmiş demə!

fevral, 2019


YOL

Hecəsən, ay köhnə dost,

Mənim canım-gözüm yol.

Tanış gəlirmi sənə

Ağlar qalan izim, yol?

Yadımdadır, hardasa

Eniş-yoxuşlu idin.

Qışda qarlı-şaxtalı,

Yazda yağışlı idin.

Hərdən duman-çən sənin

"Qamətini” bükürdü.

Hərdən də qızmar günəş

Üstünə od tökürdü.

Nağılları "bəzəyən”

Şirin yalan deyildin.

Gəlib-gedəni yorub,

Əldən salan deyildin.

Yadlar çökdü sinənə,

Əzilib tapdalandın.

Qovrulub için-için

Öz varlığını dandın.

Yağmalandı el-obam,

Sızladı bəndin-bərən.

Yoxdur keçib gəlməyə

Açıq "qapın”, "pəncərən”...

Ay bükülən qamətim,

Ay "enim-uzunum” yol.

Axı, mən necə gəlib

Oduna qızınım, yol?..

11.01. 2019


NƏ OLASIYDI

Oğrun-oğrun baxanda

Düymələdin yaxanı.

Köks ötürdüm astaca:

"Eh, məndə o bəxt hanı...”

Gileylənib bir az da,

Söylədim öz-özümə:

"Zalım qızı, "qapını”

Niyə çırpdın üzümə?..”

Baxışımla "içəri”

Girsəm, nə olasıydı?

Xəlvətcə "güllərini”

Dərsəm, nə olasıydı?..

Nə deyim, o vaxt məni

Deyəsən suçlu sandın.

Elə bil yuxudaydın,

Səs eşitcək oyandın...

19.12.2018

Bəstə boylu misralar

Deyirlər ki, adamın-

adamı olsa yaxşıdır.

Qoy kim nə deyir desin,

ancaq bunun əvəzinə

Hər kəsin başının üstə

göy çətiri-

Allaha yaxın

damı olsa yaxşıdır...

* * *

Hər addımın

tozanaq qoparır,

Deyirəm, bəlkə heç

adam balası deyilsən.

Gec-tez onsuz da

axırın-sonun çatacaq-

Axı, Allah olası deyilsən...

* * *

Bəzən xəstəyə

heç kimin canı yanmır-

dərddən-azardan savayı.

Adamın üstünə

ölüm kölgəsi düşəndə

daldalanmağa yer tapılmır-

Bircə qaranlıq

məzardan savayı...

Mingəçevir şəhəri