adalet.az header logo
  • Bakı 19°C
23 Aprel 2019 16:30
34418
MƏMLƏKƏT
A- A+

İt demə, ol dəxi bizim birimiz - Nicat Novruzoğlu yazır

İt Hüseyini dişlədi. Hüseyinin 4 yaşı var. Hazırda peşəkar tibb işçilərinin nəzarəti altında olan uşağın vəziyyətin səhiyyə nazirliyimiz stabil qiymətləndirir.

Cəmiyyətdə və sosial şəbəkələrdə sahibsiz itlər mövzusu gündəmə gəldi. Hər dəfə uşağı it dişlədiyi kimi. Və yenə də itlərin müdafiəsinə qalxanlar, onun quduzluğunu müdafiə edənlər hay-həşir salmağa başladılar ki, ay aman qoymayın itləri öldürəcəklər.

Virtual aləmdə kiçicik bir axtarış etsəniz görərsiniz ki, nə qədər insanı it dişləyib və nə qədər insan bu sahibsiz itlərin ucbatında dünyasını dəyişiblər. Əgər rəsmi məlumat istəsəniz rəsmi məlumatı səhiyyə nazirliyi yaydı: Respublika ərazisində 2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019 -cu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxsdə bu cür hal qeydə alınıb.

3 aya 5 min rəqəmi bir daha onu göstərir ki, elə bu ildə dişlənilənlərin sayı azı 20 min olacaq. 2018-dəki kimi.

Qoruyun. Kim deyir ki, qorumayın. Amma qorumağında bir sərhəddi olmalıdı. İtlər qorunmasaydı sayı gəlib 500 minə çatardı?

Atalar deyib ki, it insanın sadiq dostudur. Tam da razı. Dostumuzdur. Amma bu o demək deyil ki, dost bizi qırıb qurtarmalıdı biz də onu öpüb əzizləməliyik. Bunu etmək olmaz. Ən azından ona görə ki, bizə iti dost calayan atalar sonra deyib ki, itlə dost ol,çomağı yerə qoyma.

Bu atalar misallarının bir pis işi ondan ibarətdir ki, onların doğulma tarixini bilmək olmu. Yəni dostluq əvvəl təklif olunub yoxsa çomaq?

İndi iti müdafiə edənlər yapışıb iki əlli o dostluq söhbətindən. İtə toxunmaq olmaz. Hərə bir təşkilat yaradıb hay həşir salır. Noolub? Nə yaxşı it belə hörmətli oldu? Daha doğrusu bizdən hörmətli oldu. Ötən il dişlənilən, hücuma məruz qalan o 20 min insanın hüquqlarını kim qoruyacaq? O iyirmi minin çəkdiyi zülümü, iztirabı, əziyyəti kimin adına yazaq? Yoxsa qudurub üstünüzə hücum etməyimizi istəyirsiniz? Bununla gündəmdə olmaq istəyirsiniz?

İti hürə hürə başa düşürlər insanları isə al qanın içində qəbul etmək istəmirlər. Az qalırlar desinlər ki, uşaq başın soxub itin ağzına.

Xəzər rayonunda bu yaxınlarda bir hadisə baş vermişdi. Xəzər Rayon İcra Hakimiyyətin başçısı rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan şəxsi məhkəməyə vermişdi. Orada camaat uşağını məktəbə aparıb gətirə bilmirdi. İy də ki, öz yerində. İtləri müdafiə etməyə nə qədər qeyri hökumət təşkilatlarının nümayəndələri gəlmişdi. Hamısı da bahalı maşında, dəbli geyimdə. Kasıb camaatı topa, tüfəngə tutmuşdular. Az qalırdılar ki, camaatı itlərin saxlandığı yerə soxub itləri isə kəndə "şellənməyə” buraxsınlar.

Heç kim demir ki, it olmamalıdır. İt olmalıdır. Amma it yerində.

İndi biz it olub hürə bilmirik deyə bizim hüququmuzu qoruyan olmayacaq?

İtlər müvafiq qurumlar tərəfindən mütəmadi olaraq toplanılıb, qısırlaşdırılıb, vaksinasiya prosesindən keçirilməli və qeydiyyata alınaraq yenidən küçələrə, buraxılmalıdır. İti görən kimi üzərindəki işarədən bilməliyik ki, o vaksinasiya olunub.

Qeydlərə isə diqqətlə oxuyun. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər. İnsanı dişləmiş it 10 gün nəzarət altında saxlanmalı və bu müddət ərzində quduzluğa aid olan əlamətlər müşahidə olunmasa, demək ki, onlar quduz deyil.

Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik 100% ölümlə nəticələnir. Quduzluğun epidemioloji xüsusiyyətləri aşağıdakılardır:

• insanların yoluxmasında əsas mənbə itlərdir;

• xəstələnənlərin əsas tərkib hissəsi yaş etibarilə fəaliyyətdə olan insanlar və uşaqlar olur;

• xəstə olanlarda zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir: baş, əl və əl barmaqları nahiyəsi;

• insanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir.

• xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir

Və sonda bunu da bilin ki, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, Azərbaycanda heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500 manat məbləğində cərimə tətbiq edilir.