adalet.az header logo
  • Bakı 12°C
23 Aprel 2019 10:47
6440
MƏMLƏKƏT
A- A+

Bakının sahibsiz it problemi: çıxış yolu nədədir?

Aprelin 16-da Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu it dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun müalicəsi Klinik Tibbi Mərkəzdə davam edir.

Cəmiyyətin əksər hissəsi məlum hadisədən sonra paytaxtın müxtəlif nöqtələrində sahibsiz itlərin çoxluğundan gileylənir, onların insan həyatı üçün təhlükə yaratdığını bildirir. ONA-nın əldə etdiyi məlumata görə, hazırda Bakıda 500 mindən çox sahibsiz it var. Gələn şikayətlərə əsasən, paytaxt Bakıda, xüsusilə şəhər ətrafı qəsəbələrdə sahibsiz heyvanların, o cümlədən sahibsiz itlərin sayı günbəgün artmaqdadır. Sahibsiz itlər daha çox uşaqlara hücum edir. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Dənizkənarı Milli Parkın ərazisində qida axtaran, ictimai-iaşə obyektlərinin yaxınlığında dolaşan xeyli sayda sahibsiz itlərin görüntüləri yayılıb.

Səhiyyə Nazirliyi: İnsanların quduzluğa yoluxmasında əsas mənbə itlərdir

Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, respublika ərazisində 2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019-cu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxsdə bu cür hal qeydə alınıb. Onların 90 faizini isə it dişləmələri təşkil edib. Nazirliyin məlumatına görə, heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi ağır infeksion xəstəliklə nəticələnə bilər. İnsanların quduzluğa yoluxmasında əsas mənbə itlərdir.
Xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir.
Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşlara ehtiyatlı olmağı, hər hansı heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda, dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir.

Dövlət Baytarlıq Xidməti: Quduzluq xəstəliyinə daha çox itlər, tülkülər və canavarlar həssasdır

Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Xüsusi təhlükəli xəstəliklər üzrə epidemioloji nəzarət və müalicə profilaktika sektorunun müdiri Kliment Əsədov ONA-ya deyib ki, DBX tərəfindən mütəmadi olaraq sahibi olan itlər quduzluğa qarşı peyvənd edilir. Onun sözlərinə görə, il ərzində quduzluq xəstəliyinə qarşı 250 mindən çox it peyvənd olunub: "Quduzluq xəstəliyini aşkar etmək üçün laboratoriya müayinələri aparılıb. Laborator müayinələr zamanı peyvənd edilmiş itlərdə xəstəlik törədicisi aşkar edilməyib. Qeyd edim ki, ölkədə heyvanlar arasında müşahidə olunan quduzluq xəstəliyinin, demək olar, əksəriyyəti birbaşa vəhşi heyvanlar vasitəsilə yayılır. Xəstəliyə daha çox itlər, tülkülər və canavarlar həssasdır. Quduzluq virusunun ehtiyat mənbəyi ətyeyən vəhşi heyvanlardır. Şəhərlərdə infeksiya törədicisinin mənbəyi sahibsiz it və pişiklər, təbiətdə isə vəhşi ətyeyən heyvanlardır. Virus xəstə heyvanların ağız suyu ilə xarici mühitə ifraz edilir. Ona görə də heyvanların yoluxması dişləmə ilə baş verir. Quduzluqdan ölmüş itlərin 90%-ə qədərində ağız suyundan virusun olması müşahidə edilir. İnsanı dişləmiş it 10 gün nəzarət altında saxlanmalı və bu müddət ərzində quduzluğa aid olan əlamətlər müşahidə olunmasa, demək ki, onlar quduz deyil. Orqanizmə daxil olmuş virus sinir toxumaların hüceyrələrində toplanır. Sonra sinir yolu vasitəsilə birbaşa və ya onurğa beyni ilə mərkəzi sinir sisteminə keçir. Mərkəzi sinir sistemində virus çoxaldıqdan sonra buradan periferiyaya doğru yönəlir və ən çox ağız suyu vəzilərini innervasiya edən sinirlərə toplanır. Mərkəzi sinir sistemində virus hüceyrələri parçalayır, sonra hüceyrəarası sahəyə düşüb buradan yeni hüceyrəyə keçir. Sinir hüceyrələrinin belə zədələnmələri ilə əlaqədar olaraq ürək və tənəffüs üzvlərinin iflici, nəhayət, ölüm baş verir”.
K.Əsədov vurğulayıb ki, virusun törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur, yara nə qədər böyük olarsa, yoluxma ehtimalı da o qədər çox olur: "Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya qədər olur. Bəzən 3 gündən 3 ilə qədər də davam edə bilər. İtlərdə xəstəliyin 5 - coşqun, sakit, atipik, abortiv və qayıdan formaları aşkarlanıb. Hər il planlı qaydada itlərin vaksinlə peyvəndi aparılmalıdır. Habelə meşə təsərrüfatlarında və qoruq olan ərazilərdə heyvanlar arasında quduzluq müşahidə etdikdə, təcili olaraq baytarlıq işçilərinə məlumat verilməlidir. Respublikada, o cümlədən Bakı şəhərində sahibsiz heyvanlar saxlanılan sığınacaqlarda baytarlıq xidməti orqanları tərəfindən yalnız müvafiq baytarlıq tədbirləri həyata keçirilir. Sahibsiz itlərin ayrı-ayrı yaşayış sahələrindən kənarlaşdırılması və sığınacaqlarda yerləşdirilməsi isə qanunvericiliyə uyğun olaraq, şəhər-rayon icra hakimiyyətlərinin tabeliyində olan aidiyyəti qurumlar tərəfindən həyata keçirilir”.

Psixoloq: "İtlər durduğu yerdə kiməsə hücum etmir”

Kvant psixoloqu, "Etnoqlobus” Beynəlxalq onlayn analitik mərkəzinin direktoru Gülnarə İnanc ONA-ya açıqlamasında bildirib ki, itləri, pişikləri insanlar əhliləşdirib və buna görə də onlar məsuliyyət daşıyırlar: "Onlar yenidən meşəyə qayıdıb yaşaya bilməz. Təəssüf ki, hələ də rəsmi şəkildə qadağan olunmasına baxmayaraq, sahibsiz heyvanları, xüsusən də itləri güllələmək təcrübəsi davam edir. Martın 1-dən itləri qısırlaşdıraraq daimi məskunlaşdığı ərazilərə qaytarmaq nəzərdə tutulsa da, bu, bu hələlik baş verməyib. İtlər sahibsiz çöllüklərə buraxılır. Bu isə onları susuzluqdan və soyuqdan qorunmaq, yemək tapmaq imkanı olmadan ölümə məhkum etməkdir. Bunun adı qəddarlıqdır”.
Qonşu Gürcüstan və Türkiyədə itlərin qısırlaşdırılaraq məskunlaşdığı yerlərə qaytarmaq təcrübəsinin olduğunu vurğulayan G.İnanc qeyd edib ki, qısırlaşdırılmış itlər aqressiv olmur, onlardan kiməsə ziyan gələ bilməz: "Təbii ki, əgər insan itə qarşı amansızlıq edirsə, o, özünü müdafiə edir, qarşısındakı şəxsi dişləməkdən başqa bir şeyə gücü çatmır. Niyə Türkiyədə və Gürcüstanda şəhər məhəllələrində yaşayan itlər kimisə dişləmir? Niyə bu fobiya Azərbaycanda bu qədər yayılıb? Çünki bu fobiya süni olaraq yayılır. Körpə uşaqları "Ora getmə, it dişləyər səni” kimi travmatik ifadələrlə qorxudurlar. İnsanın eşitdiyi, gördüyü və hiss etdiyi hər bir şey onun şüur altında qalır. Mütəmadi olaraq itlərin uşaqları qapması barədə xəbərlər yayılsa da, bunun nə qədər həqiqətə uyğun olduğunu demək çətindir. Çünki belə olsaydı, o zaman xəsarət alanların sayı daha çox olmalı idi. İtlər durduğu yerdə kiməsə hücum etmir. Bunun bir neçə səbəbi var. Əvvəla, dişi itin balası varsa, o, aqressiv olacaq. Bundan başqa, itin gözü önündə başqa iti öldürüblərsə, xüsusilə balalarını öldürüblərsə, o, insanları sevə bilərmi?
Digər tərəfdən, uşaqlar itlərə daş atır, onları vurur və qıcıqlandırırlar. İtlər uşaqları dişləyəndə isə deyirlər ki, it uşağımı dişlədi. Axı itin dili yoxdur özünü müdafiə edib desin ki, məni vurdular, mən də dişlədim. Uşaqlarda heyvanlara qarşı rəhmsizliyi valideynlər kultivasiya edir. Heyvanların da canı var, onları da ağrıdır. Uşaqlara heyvanlara, təbiətə sevgi tərbiyə etməyincə, mərhəmətsiz bir toplum yetişdirəcəyik. Əgər həqiqətən də itlər hamıya hücum edirsə, o zaman niyə heyvansevərlərə hücum edib, onları dişləmirlər? Heyvanlar maqnit sahəsini, yəni bizim fikir və hisslərimizi də görür və hiss edir. Əgər bizim içimizdə it qorxusu varsa, it bunu hiss edib hürəcək və arxamızca qaçacaq. Amma hürmək də onların danışıq dilidir. Hürmək heç də bizi dişləmək istədiyi anlamına gəlmir”.
Psixoloq uşaqlara kiçik yaşlarından heyvanlarla təmas qurmağı öyrətməyin vacibliyini bildirdi: "Uşaq küçədə tanımadığı itə tərəf qaçarsa, üzünə baxarsa, it bunu döyüşə çağırış kimi qəbul edə və həmin uşağı dişləyə bilər. Xüsusilə də əgər insan tərəfindən zorakılığa məruz qalıbsa. Digər tərəfdən, məsələn, itlərdən qorxmuram, onları sevirəm, amma bir gün nədənsə itlər mənə hücum edir. Çünki mən həmin gün aqressiv olmuşam, kiminləsə dalaşmışam və içimdə güclü nifrət var. Heyvanlar bunu hiss edir və bunu özünə qarşı aqressiya kimi qəbul edir. İtlərin hürüşü, hücumu özünümüdafiə xarakteri daşıyır. İtlərin uşaqları xilas etməsi barədə hadisələri xatırlayaq. Deməli, məsələ itlərdə deyil, insanlardadır. Şüurlu olan insandırsa, məsuliyyəti insan daşıyır. İtlər necə küçəyə düşür? İnsanlar onları evlərində saxlayıb bir oyuncaq kimi çölə atır və beləliklə onların sayları artır. Bu gün insanlara qarşı qəddar olan əvvəlcə heyvanlara qarşı rəhmsiz olub. Heyvanlara qarşı rəhmsiz olanlara laqeydlik göstərməklə cəmiyyətdə qəddarlıq yayılır”.

"Toplan” Mərkəzi: Martın 1-dən etibarən əhalidən 1000-dən çox müraciət daxil olub

Heydər Əliyev Fondunun və BŞİH-in birgə layihəsi əsasında bu yaxınlarda "Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzdən ONA-nın sorğusuna cavab olaraq bildirilib ki, qurumun əsas məqsədi Bakı şəhərində sahibsiz itlərin sayının idarə olunmasından ibarətdir: "Belə ki, fəaliyyətin əsas istiqamətləri Bakı şəhəri ərazisində tutulmuş itlərin qısırlandırılması, peyvəndlənməsi və xəstə itlərin evtanaziyasından ibarətdir. Mərkəz fəaliyyətə cari ilin 1 mart tarixində başlayıb və mərkəzə bu dövrdə əhalidən 1000-dən çox müraciət edilib. Mərkəzdə 3 briqadadan ibarət xüsusi təyinatlı nəqliyyat vasitələri fəaliyyət göstərir və ərazilərdə tutulmuş sahibsiz itlər briqadalar tərəfindən Mərkəzə gətirilir”.
Qanun nə deyir?
Azərbaycanda heyvanların mühafizəsi ilə bağlı bir sıra normativ-hüquqi sənədlər hazırlanıb. Azərbaycan "Ev heyvanlarının mühafizəsi haqqında” 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyasına qoşulub, 2007-ci il 31 may tarixində "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bununla yanaşı, Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 nömrəli qərarı ilə "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” təsdiq edilib. Qaydalara görə, heç bir şəxs ev heyvanı ilə qəddar davranmamalı, onlara ağrı, yaxud zərər verməməli və heyvanları müvafiq orqanlara xəbər vermədən sahibsiz vəziyyətə salmamalıdır. İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, Azərbaycanda heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə 500 manat məbləğində cərimə tətbiq edilir.

Qeyd edək ki, bir çox xarici ölkələrdə sahibsiz itlərlə davranışa dair təqdir olunası təcrübə var. Həmin ölkələrdə küçə itləri müvafiq qurumlar tərəfindən mütəmadi olaraq toplanılır, qısırlaşdırılır, vaksinasiya prosesi keçirilir və yenidən küçələrə, onlar üçün doğma olan yerlərə buraxılır. Belə olduqda həm heyvanların, həm də insanların həyatına heç bir təhlükə yaranmır.